• cümə, 26 Aprel, 00:35
  • Baku Bakı 16°C

Fuad Abbasov yenə də Moskvada çalışacaq

29.04.16 19:07 1558
Fuad Abbasov yenə də Moskvada çalışacaq
Aprelin 29-da Beynəlxalq Mətbuat Mərkəzində Türkiyənin "İhlas” xəbər agentliyin Moskva bürosunun keçmiş əməkdaşı Fuad Abbasovun "Rusiya televiziyalarında informasiya müharibəsi” mövzusundamətbuat konfransı keçirilib. Fuad Abbasov bildirib ki, konfransın keçirilməsində əsas məqsəd Rusiyada Azərbaycana qarşı olan informasiya müharibəsini işıqlandırmaqdır: "Siyasət nəzəriyyəsinin banisi olan Nikkolo Makiavelli deyirdi ki, əsas olan güclü olmaq deyil, güclü görünməkdir. Bu gün həm iqtisadi, həm siyasi, həm hərbi cəhətdən zəif olan Ermənistanın lobbisi Rusiyanın dövlət və özəl media kanallarında özlərini güclü göstərməyə çalışır. Sovetlər İttifaqı dağılandan bu yana Rusiya telekanallarında Azərbaycan qarşı informasiya müharibəsi davam etməkdədir. Lakin indi vəziyyət bir qədər fərqlidir. Bu gün Rusiya özü də Qərb ölkələri və ABŞ tərəfindən başladılan informasiya müharibəsi ilə üz-üzə qalıb. Rusiyanın müdafiə naziri Sergey Şoyqu bir neçə gün öncə çıxışında bunu etiraf etdi. Əgər ölkəyə qarşı aparılan informasiya müharibəsini müdafiə naziri dilə gətirirsə, bu, vəziyyətin nə dərəcədə ciddi olmasından xəbər verir”.
F.Abbasov bildirdi ki, aprel ayının əvvəllərində Rusiya televiziya kanallarında çıxış etmək üçün ona təkliflər gəlsə də, əvvəlcə qarşısına şərt qoyulub ki, Azərbaycanın mövqeyini müdafiə etməsin. Jurnalistin sözlərinə görə, bu şərt onunla əsaslandırılıb ki, Türkiyəni təmsil edən jurnalistin Azərbaycanın mövqeyini müdafiə etməyə haqqı yoxdur. F.Abbasov bildirib ki, Azərbaycanın mövqeyini müdafiə edən nəinki azərbaycanlı, hətta rus politoloqlarının da Rusiyada efirə çıxılmasına imkan verilmir: "Məsələn, rus politoloqlarından Oleq Kuznetsov bizim mövqeyimizi müdafiə etdiyi və həqiqəti açıq şəkildə dediyi üçün kanallar onu müzakirələrinə dəvət etmir. Bu isə bizim informasiya savaşında ciddi itki verməyimizin bariz nümunəsi idi. Ən son qatıldığım və Roman Babayanın aparıcılıq etdiyi proqramda tələb qoydum ki, müzakirədə azərbaycanlı jurnalist olmazsa, proqrama qatılmayacağam. Moskvada fəaliyyət göstərən Aydın Mehdiyev adlı politoloq və Samir Məmmədov mənimlə birgə proqrama qatıldılar. Biz üçümüz birgə Azərbaycanı müdafiə edən bir cəbhə qurduq. Lakin veriliş efirə gedəndə bizim çıxışlarımızın çox hissəsi kəsildi”.
Azərbaycanlı jurnalist Moskvada fəaliyyət göstərən diaspor qurumlarının fəaliyyətini tənqid edərək bildirdi ki, son hadisələr zamanı Azərbaycanın Rusiya mediasında təmsilçiliyinin az olunmasının əsas səbəblərindən biri də lobbi fəaliyyətinin zəif olması olub: "Moskvada azərbaycanlıları birləşdirən bir çox qurumlar var. Amma bu qurumlar təkbaşına və sistemsiz fəaliyyət göstərir. Bəzən bu təşkilatlar arasında münaqişə elə bir səviyyəyə gəlir ki, adam utanır. Rusiyada fəaliyyət göstərən azərbaycanlıların diaspor təşkilatları çox dağınıqdır. Bu dağınıqlığın nəticəsi olaraq biz "4 günlük müharibə”də ermənilərin rus kanallarındakı aktivliyini gördük. Təkcə yerli saytlarda erməniləri tənqid etməklə nəticə əldə etmək olmaz. Bizim səsimizi dünyaya "Reuter”, "Assoşieyted Press” kimi nüfuzlu xəbər agentlikləri çatdırmalıdır”.
Jurnalist öz işindən uzaqlaşdırılmasının səbəbini də açıqladı: "Çalışdığım xəbər agentliyi mənim indiyə qədər bilmədiyim səbəblərdən dolayı işimə son verdi. Agentlik rəsmi səbəb olaraq bizim işlərimizin Moskvada gözlənildiyi kimi getmədiyini bildirsə də, bu səbəbi qeyri-ciddi qəbul edirəm. Çünki işdən kənarlaşdırılmam bir ay əvvəl, yaxud bir ay sonra da ola bilərdi. Məhz rus televiziyalarında Azərbaycanın mövqeyini müdafiə edən zaman işdən azad edilməyimin rusların şikayəti əsasında olduğunu da düşünmürəm. Çünki orada mənə heç bir təzyiq olmayıb. Bizim agentliyin direktoru vaxtilə Rusiyada çalışıb, yaxşı əlaqələri var və hesab edirəm ki, erməni lobbisi mənim Azərbaycanın mövqeyini müdafiə etməyimdən əsəbiləşərək, agentliyin direktorundan işdən kənarlaşdırılmağımı xahiş edib”.
F.Abbasov gələcək fəaliyyətindən bəhs edərək bildirdi ki, yenidən Moskvaya qayıdacaq: "Bura sadəcə, yaxınlarımı görməyə gəlmişəm. Bundan sonra Moskvadakı fəaliyyətimi davam edəcəyəm. Fəaliyyətim başlıca olaraq Azərbaycana qarşı tətbiq olunan informasiya blokadasını yarmaq olacaq. Çalışacağam ki, azərbaycanlı politoloq və jurnalistlərin fəaliyyətinə dəstək göstərim. Bundan sonrakı fəaliyyətimdə dövlətin mənə dəstək olmasını istərdim”.


Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər