• cümə, 29 Mart, 11:45
  • Baku Bakı 5°C

Fransız iş adamından nümunəvi addım

21.11.16 10:46 1625
Fransız iş adamından nümunəvi addım
Fransanın humanistliyi və bəşəri düşüncə və yanaşma tərzi ilə bütün dünyada böyük nüfuz və hörmətə sahib iş adamlarından sənayeçi Pyer Berje yenə hamını özünə heyran qoyub. Zaman-zaman həmtəsisçisi olduğu "Yves Saint Laurent” moda atelyesinin nümayişlərində, bəzən isə çoxşaxəli biznesinin digər sahələrində humanitar layihələr həyata keçirən Berje bu dəfə şəxsi evinin qapılarını incəsənət və ədəbiyyat dünyasına qiymətli bir hədiyə vermək üçün açıb.
Berje son 10 ildir ki, nəhəng kitabxanaların, böyük universitetlərin dəfələrlə satın almaq üçün ən çox müraciət etdikləri 10 ən zəngin və ən böyük kitab kolleksiyalarından birinin sahibi kimi təqdim edilir. İş adamı isə təklif olunan fantastik qiymətlərə məhəl qoymadan hər dəfə kolleksiyasını satmaqdan imtina edib. Hər dəfəsində isə bu kolleksiyanı daha yararlı və daha bəşəri bir iş üçün istifadə edəcəyini açıqlayıb. Nəhayət, Berje bu yöndə ilk addımı atıb. Belə ki, iş adamının nadir kolleksiyasından 376 antik kitab və Balzak, Hüqo, Stendal, Baudelair, Flobert kimi tanınmış yazarların əlyazmaları seçilib, toplanıb və hərraca çıxarılıb. Parisdə təşkil edilən görkəmli hərracda böyük maraqla qarşılanan kolleksiyanın bu xırda hissəsi 5,5 milyon avroya (11 milyon manat – red.) satılıb. Hərracdan gələn pulun hamısı Berjenin məşhur dizayner Yves Laurentlə birgə yaratdığı "QİÇS-lə mübarizə fondu”-na köçürülüb.
Onu da qeyd edək ki, bu Berjenin hərraca çıxardığı ilk kolleksiya deyil. Ötən il isə Berje tamamilə başqa formatlı əsərləri topladığı kitab kolleksiyasını komplekt halda hərraca çıxarmış və hərracdan götürülən 11 milyon avro QİÇS xəstəliyinin araşdırılması üçün lazım olan laboratoriyalar və işlər üçün xərclənmişdi.
Builki hərracdan sonra açıqlama verən Pyer Berje kolleksiyanın növbəti hissəsinin də gələn il eyni məqsədlə satışa çıxarılacağını deyib. Qeyd edək ki, auksionerlər onun kolleksiyasının yerdə qalan hissəsinin 30 milyon avro dəyərində olduğunu bildirir.
banner

Oxşar Xəbərlər