Fransanın vasitəçilik missiyasına ciddi zərbə
Ölkəmizin müstəqilliyinin
bərpasının ilk illərində Azərbaycan və Fransa siyasi münasibətləri gərginliyi
ilə yadda qalıb. Fransanın Ermənistanla yaxın dostluq əlaqələri o dövrdə
Azərbaycanla bu Avropa ölkəsinin yaxınlaşmasına imkan verməyib. Lakin 1993-cü
ildən sonra ölkələrimiz arası münasibətlər yeni müstəviyə qədəm qoyub.
Ümummilli lider Heydər Əliyev ilk rəsmi səfərini Fransaya edib. Dünya şöhrətli
siyasətçi 2003-cü ilə qədər bir neçə dəfə Fransaya rəsmi və qeyri-rəsmi
səfərlər edib. Ulu öndər siyasi kursunun layiqli davamçısı İlham Əliyev də bu
siyasətə sadiq qalıb. Azərbaycan Prezidentinin böyük uzaqgörənliklə həyata
keçirdiyi xarici siyasət nəticəsində Fransa ilə əlaqələrimiz yüksələn xətlə
inkişaf edib. Siyasi, humanitar sahə ilə yanaşı, iqtisadi sahədə də ölkələrimiz
arasında yaxşı münasibətlər var. Misal üçün, Fransanın şirkətləri Azərbaycanda
dövlət sifarişi ilə həyata keçirilən çoxsaylı layihələrdə iştirak edirlər. Bu
layihələrin dəyəri təqribən 2 milyard avroya yaxındır. Bu sırada Suez, Total,
Thales və sair digərlərini qeyd edə bilərik.
Məlumdur ki, Fransa Dağlıq Qarabağ
münaqişəsinin ATƏT-in prinsipləri əsasında, sülh yolu, danışıqlar vasitəsi ilə
həlli üçün yaradılmış Minsk qrupunun tərkibinə daxildir. 1 yanvar1997-ci
ildənFransaMinsk qrupunun həmsədridir. Təbii ki, belə olan halda
rəsmi Parisin üzərinə böyük məsuliyyət düşür. Fransa münaqişə tərəfləri ilə
danışıqlar aparan bir ölkə kimi neytrallığını qorumalı, beynəlxalq hüququn
prinsipləri çərçivəsində hərəkət etməlidir. Lakin əfsuslar olsun ki, bəzi
hallarda bir qrup Fransa rəsmisi bu prinsiplərin fövqündə dayanır, məsuliyyətsiz
davranışlara yol verirlər. Ötən ay ərzində Fransanın bir neçə bələdiyyə başçısı
tərəfindən (25 sentyabr – Alforvil, 10 oktyabr – Valans, 21 oktyabr –
Sent-Etyen, 22 oktyabr - Arnuvil) Azərbaycanın işğal edilmiş ərazilərinə
qanunsuz səfərlərin həyata keçirilməsi də bu qəbildəndir. İlk növbədə qeyd edək
ki, fransalı bələdiyyə başqanlarının bu səfərləri beynəlxalq hüququn norma və
prinsiplərinin, eləcə də Azərbaycanın qanunlarının kobud şəkildə pozulması
halıdır. Eyni zamanda, bu səfərlər Ermənistanın gücdən istifadə etməklə işğal
etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə
xidmət edir. Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən və erməni lobbisinin
təsiri altında olan Fransa Milli Məclisinin sabiq deputatı Fransua Roşbluanın,
habelə Fransada fəaliyyət göstərən qondarma rejimi ilə "dostluq dərnəyi”nin
digər üzvlərinin belə səfərlərə qoşulması onların sifarişli xarakter daşıdığını
açıq-aşkar sübut edir.
Dağlıq Qarabağ
münaqişəsinin ədalətli həllinə məsul olan həmsədr bir dövlətin bələdiyyə
başçılarının qeyd edilən səfərləri qondarma rejimin sui-istifadə etdiyi işğal
və azərbaycanlıların kütləvi etnik təmizləmələri əsasında qurulan status-kvonun
təşviqi üçün nəzərdə tutulmuş təxribat xarakterli addımlardır. Belə ki, Fransadan
olan merlərin işğaldan əvvəl azərbaycanlıların yaşadığı Qarabağın tarixi
mərkəzi Şuşa və Laçın şəhərlərinin hazırkı qondarma yerli hakimiyyətləri ilə
"bəyannamə”lər imzalaması insanlığa qarşı cinayət olan etnik təmizləmə
nəticələri ilə razılıq bildirilməsi deməkdir. Yerli özünüidarəetmə orqanlarının
bu kimi təxribatçı əməlləri Fransa və Azərbaycan arasında imzalanmış sazişlərin
dili və ruhu ilə, eləcə də Fransanın milli qanunları ilə ziddiyyət təşkil edir.
Belə ki, Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili
işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində Yerli özünüidarəetmə
orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimat bu
qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Paris tərəfindən
tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə
müqavilələr bağlamağı, səfərlər həyata keçirməyi və birgə tədbirlər təşkil
etməyi qadağan edir. Fransa Konstitusiyasının 73-cü maddəsi və Yerli
özünüidarəetmə qurumlarının ümumi kodeksinin L.1115-1 maddəsinə uyğun olaraq
qəbul edilmiş və qüvvədə olan bu təlimat məcburi xarakter daşıyır.
Lakin məlum olmayan
səbəblərdən Fransa hökuməti Azərbaycanın suverenliyi və ərazi bütövlüyü
məsələsinə dair bu sənədin müddəalarının dərhal və şərtsiz həyata keçirilməsi
üçün müvafiq addımların atılması istiqamətində qətiyyət göstərmir. Fransa yerli
özünüidarəetmə orqanlarının bu kimi qanunsuz addımları Fransanın ATƏT-in Minsk
Qrupunun həmsədri qismində çıxış etdiyi, Ermənistan-Azərbaycan münaqişəsinin
tezliklə sülh yolu ilə həlli prosesinə yardım etmir və həmçinin Fransanın
vasitəçi qismində nüfuzuna ciddi xələl gətirir. Fransa barəsində etimadın ciddi
şəkildə sarsılmasına xidmət edir.
"Azərbaycan
Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin
Əlaqələndirmə Şurasının sədri, professor Elçin Əhmədov mövzu ilə
bağlı bildirib ki, fransalı merlərin Azərbaycanın işğal olunmuş ərazilərinə
qanunsuz səfərləri və işğal altında olan Şuşa şəhəri ilə dostluq haqqında
qeyri-qanuni bəyanat imzalanması cəmiyyətimizdə kəskin şəkildə pislənməklə
yanaşı, böyük hiddət doğurur.
O, təəssüflə qeyd edib ki, ATƏT-in Minsk qrupunun
həmsədr ölkəsi olmasına baxmayaraq, Fransanın mərkəzi hökuməti tərəfindən bu
kimi qeyri-qanuni əməllərə seyrçi münasibət göstərilir və təsirli addımlar
atılmır: "Bu kimi qeyri-qanuni əməllərə əl atan Fransanın bəzi şəhərlərinin
rəhbərləri, o cümlədən Sent-Etyen şəhərinin meri Ermənistanın Azərbaycana qarşı
hərbi təcavüzü, ərazilərin işğalı və işğal olunmuş ərazilərdə bir milyondan
artıq azərbaycanlıya qarşı törədilmiş qanlı etnik təmizləməni dəstəkləyir və
ona bəraət qazandırır. İşğal altında olan Şuşa şəhəri Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış ərazisinin ayrılmaz bir hissəsi olmaqla bərabər xalqımız üçün
tarixi, mədəni, mənəvi və eləcə də rəmzi əhəmiyyətə malikdir. "Azərbaycan
musiqisinin beşiyi” və "Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin
işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə
vurulub”.
E.Əhmədov bildirib ki, Ermənistanın
Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin
dağıdılması, talan və təhqir edilməsi, mənimsənilməsi kimi məqsədli siyasəti
çərçivəsində yalnız Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası
və 160-dək mədəniyyət və tarixi abidə dağıdılıb, məbədgah və məscidlər təhqir
və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib:
"Unutmaq olmaz ki, insan hüquqları universal və bərabərhüquqlu xarakter
daşıyır. Hazırda sayı 80 min nəfərdən artıq olan Azərbaycanın Dağlıq Qarabağ
bölgəsinin azərbaycanlı icması, o cümlədən sayı 33 mindən artıq olan Şuşa
sakininin Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində fundamental
hüquqlarının kobud şəkildə pozulması şəraitində Dağlıq Qarabağın yalnız erməni
icmasının hüquqlarından danışmaq ədalətsizlik və insan hüquqlarına
hörmətsizlikdir. Fransa hökumətini ATƏT-in Minsk qrupunun həmsədri olaraq,
münaqişənin həllinə xələl gətirən bu qəbildən olan qeyri-qanuni əməllərin
qarşısının alınması üçün təsirli addımlar atmağa, digər həmsədr ölkələrlə
birlikdə münaqişənin həlli istiqamətində səylərini gücləndirməyə çağırırıq”.
Alpər
TURAN