• cümə axşamı, 18 aprel, 19:22
  • Baku Bakı 21°C

Fransanın sabiq baş nazirindən ermənilərə zərbə

17.05.13 08:29 1550
Fransanın sabiq baş nazirindən ermənilərə zərbə
Türkiyədə səfərdə olan Fransanın sabiq baş naziri Dominik de Vilpen Ermənistanın və ermənilərin mövqeyinə zidd olan açıqlamalarla çıxış edib. Fransa hökumətinin keçmiş rəhbəri qondarma soyqırımı spekulyasiyalarına son qoyulmasının vaxtı çatdığını deyib. İstanbulda jurnalistlərə açıqlamasında Vilpen demokratik ölkələrin parlamentlərinə də çağırışlar edib. O, qondarma soyqırımı iddialarına baş vuran parlamentləri bu məsələyə obyektiv qiymət verməyə çağırıb.
“Todeys Zaman” qəzeti yazır ki, Vilpen Türkiyə hökumətinin dəfələrlə səsləndirdiyi fikrin üstündə durub. O, hesab edir ki, Ankaranın bu məsələnin tarixçilərin öhdəsinə buraxılması çağırışı tam mənada obyektivliyi əks etdirir. O, Türkiyə prezidenti Abdulla Gülün Türkiyə ilə Ermənistan arasındakı yaxınlaşma ilə bağlı açıqlamasını xatırladıb. Prezident bildirib ki, dünya dövlətləri qondarma soyqırımla bağlı qərar qəbul edərkən qarşı tərəfin də mövqeyinə nəzər salsalar, yaxşı olar. Abdulla Gül erməni məsələsi ilə bağlı Türkiyənin mövqeyinin ortada olduğunu deyib. Lakin erməni tərəfi buna qarşı çıxaraq Türkiyənin birgə tarix komissiyası yaradılması təklifini rədd edir.
Avropa Birliyinin Türkiyəni hələ də öz sıralarında görmək istəməməsinə toxunan eks-baş nazir bundan daha sox Avropanın uduzacağını dilə gətirib. İslamafobiyanın qitədə böyüyən bir problem olduğunu bildirən Vilpen “AB artıq bir birlik deyil” deyib. İnsanların iqtisadi vəziyyətləri səbəbindən gələcəkləri ilə bağlı qayğı içində olduqlarını diqqətə çatdıran eks-baş nazirə görə bunlar qitəni qaranlıq bir hala gətirir.
Bir çox ekspertlər hesab edir ki, Fransanın keçmiş baş nazirinin belə bir açıqlama ilə çıxış etməsinin arxasında iqtisadi məsələlər durur. Elə Türkiyənin yanacaq və energetika naziri Taner Yıldız da bu qənaətdədir. Bəlli olduğu kimi, Türkiyə öz ərazisində irimiqyaslı layihəyə - Atom Elektrik Stansiyasının inşasına başlayır və bununla bağlı saziş də imzalanıb. Və Fransa şirkətləri də orada iştirak etmək istəyirlər. Nazirin sözlərinə görə, AES-in tikintisinə investisiya qoymağa çalışan ölkələr qondarma erməni soyqırımı məsələsindən çəkinməlidirlər. O, əminliklə bildirib ki, Yaponiya və Fransanın Türkiyədə AES tikintisində iştirakları bir sıra məsələlərə, o cümlədən qondarma erməni soyqırımı məsələsinə təsirsiz ötüşməyəcək. İnvestisiyaların yatırımından sonra bu ölkələr bəyanatlar verərkən diqqətli olacaqlar.
Xatırladaq ki, Türkiyə yaxın 10 il fərzində iki AES tikib istifadəyə verməyi planlaşdırır. Sinopdakı AES-in gücü 5 min meqavatt olacaq. Bunu Yaponiyanın «Mitsubishi» və Fransanın «GDF Suez» konsorsiumu həyata keçirəcək. İnşa işlərinə 2017-ci ildə başlanılacaq və AES 2023-cü ildə istismara veriləcək. Mersində inşa ediləcək ikinci “Akkuyu” AES-in inşasını isə Rusiyanın “Rosatom” kompaniyası həyata keçirəcək. Fransanın “EDF” və “Areva” şirkətləri də buna maraq göstərdiklərini bildiriblər. Kompaniyaların hazırladığı layihədə 4 enerji blokunun inşası nəzərdə tutulub.
Ümumiyyətlə isə, hesab edilir ki, Fransadakı erməni lobbisinin fəaliyyəti son vaxtlar xeyli zəifləyib. Təsadüfi deyil ki, Fransa prezidenti Fransua Ollandın Ermənistana planlaşdırılan səfəri də təxirə salınıb. Qondarma soyqırımının ildönümü ərəfəsində erməni tərəfi Avropa ölkələri rəhbərlərinə, o cümlədən Fransa prezidenti Fransua Ollanda müxtəlif yollarla təsir etmək cəhdlərində bulundu. Lakin bu, nəticəsiz qaldı. Fransa hər il ənənəvi olaraq qaldırdığı qondarma soyqırımı məsələsini bu il heç gündəmə də gətirmədi. Türkiyə baş nazirinin müavini Bülənt Arınc bu qənaətdədir ki, tarixdə olmayan bir soyqırımı məsələsinin gündəmə gətirilməsi cəhdləri faktiki olaraq iki ölkə münasibətlərində növbəti gərginlik yaratmaq niyyətlərinə xidmət edir. Arınc bu müstəvidə də Ollandın may ayının sonları, iyun ayının əvvəllərində Türkiyəyə nəzərdə tutulan səfərindən çox şey gözlədiklərini vurğulayıb. Qeyd edək ki, saxta erməni soyqırımı iddialarını inkar edənlərin cəzalandırılması qanununun irəli sürülməsi Türkiyə-Fransa əməkdaşlığına ciddi zərbə vurub.
Yeri gəlmişkən, Fransanın xarici ticarət naziri Nikol Briqin Türkiyəyə səfərə hazırlaşır. Bu səfər zamanı əvvəllər dondurulmuş iqtisadi və ticarət müqavilələrinin yenidən imzalanması nəzərdə tutulub. Qeyd edək ki, Fransa hökuməti və parlamentinin qondarma soyqırımla bağlı qərarlarına ən çox etiraz edən böyük şirkətlər olub. Məsələn, Türkiyədəki” Groupama” şirkətinin baş direktoru Elizabet Göhringer bildirib ki, bu müddət ərzində fransızlar çox mühüm bir bazardan məhrum olublar. İki ölkə arasında ticarətin həcmi isə ötən il cəmi 13 milyard avro olub. Ümumilikdə 450 biznes qurumunun, xüsusilə “Reno”, “Pejo”, “Sitröen”, “Karefur” kimi iri şirkətlərin Türkiyədə kök saldığını nəzərə alsaq, bu çox kiçik rəqəmdir. Özü də ermənilərin saxta soyqırımı iddialarına qarşı çıxanlar arasında Fransadakı nüfuzlu ermənilər də var. Ermənistanın İsveçrədəki səfiri, müğənni Şarl Aznavur da onlardandır. Ş.Aznavur İsveçrədə nəşr olunan “La Liberte” qəzetinə verdiyi müsahibədə bildirib ki, “soyqırımı” sözünü xoşlamır, çünki müasir dünyada bu sözü siyasi mənada işlətmək yaxşı gələcək vəd etmir. Bu sözlərdən sonra Ermənistan mətbuatı hakimiyyətin göstərişi ilə Ş.Aznavura qarşı hücuma keçdi. Qeyd edək ki, bu, Ş.Aznavurun “erməni soyqırımı”nın təbliği əleyhinə səsləndirdiyi ilk fikri deyil. Üç il əvvəl Fransada nəşr olunan “Nauvelles d Armenie” qəzetinə verdiyi müsahibəsində də qeyd edib ki, bu mənasız təbliğatla Ermənistan heç bir şey əldə edə bilməyəcək. O deyib ki, hazırda bir sıra dövlətlər, o cümlədən Fransa “erməni soyqırımı”nı tanısa da, bu fakt Ermənistanın inkişafına səbəb olmayıb.
Beləliklə, artıq ermənilər Fransa kimi böyük dayaqlarından məhrum olurlar desək, yanılmarıq. Artıq Fransa kimi ermənipərəst mövqeyi ilə daima fərqlənən bir dövlət belə ermənilərin gerçək məramını anlamağa başlayır. Gözləmək olar ki, Fransanın ardınca erməni lobbisinin güclü olduğu digər ölkələr də ermənipərəst siyasətlərini bir kənara qoyub obyektiv mövqe nümayiş etdirməyə başlayacaqlar.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər