• cümə, 29 Mart, 16:06
  • Baku Bakı 14°C

Fransanın 25 yaşlı “hindu”su – Portret

01.06.16 16:21 2161
Fransanın 25 yaşlı “hindu”su – Portret
Futbol üzrə Avropa çempionatının startına təxminən bir neçə həftə qalır. Bunu nəzərə alaraq, biz də oxuculara Avropa çempionatında iştirak edəcək komandalar və lider futbolçular barədə məlumat veririk. Bu dəfə ev sahiblərinin - Fransanın liderlərindən biri - Antuan Qrizmanndan söhbət açacağıq.

16 illik titulsuzluğun bitməsinə hesablanmış addım

Fransa millisi 16 ildir ki, titula həsrətdir. Yığmada Zidan, Anri, Viltord, Trezeqe kimi futbolçuların dövrü başa çatdıqdan sonra başlayan eniş hələ də davam edir. Elə məhz bu vəziyyətdən çıxmaq üçün Fransa Futbol Federasiyası AÇ-2016-ya ev sahibliyi etmək üçün öz namizədliyini verdi.
Fransızların ardıcıl uğursuzluqlardan sonra Avropa çempionatına ev sahibliyi etmək istəmələrinin xüsusi səbəbi var. Axı "xoruzlar" tarixi ərzində titul həsrətinə həmişə məhz evdə keçirilmiş yarışlarda son qoyub. Fransa yığması tarixi ərzində ilk titulunu evdə keçirdiyi AÇ-1984-də qazanıb. Bundan sonra milli uzun müddət yenə titula həsrət qaldı. Ta ki DÇ-1998-ə qədər. Fransada təşkil edilən mundialda "üçrənglilər" 14 illik titul həsrətinə son qoymaqla tarixi ərzində ilk dünya çempionluğunu da qazandı. Bundan iki il sonra isə Zinəddin Zidanın komandası 16 illik fasilənin ardından qitə çempionluğunu qazandı.
Ancaq bundan sonra Fransa millisində eniş dövrü başladı. DÇ-2006-dakı "gümüş" isə Zidan və yoldaşlarının son uğuru oldu. Artıq 10 ildir ki, "xoruzlar" dünya səviyyəli turnirlərdə medal üzünə həsrətdirlər. Onlar bu həsrətə evdə keçiriləcək Avropa çempionatında son qoymaq niyyətindədirlər. Bunun üçün Fransa millisi yaxşı heyətə də malikdir. Belə ki, hazırda "üçrənglilər"in heyətində Avropanın "böyük beşlik" ölkə çempionatlarının "top komanda"larının əsas heyətində oynayan Patris Evra, Bakari Sanya, Pol Poqba, Antuan Qrizmann, Oliver Jiru və s. kimi futbolçular yer alıb. Ancaq fransızlar Avropa çempionatından öncə ciddi itkiylə üzləşdilər. Yox, "üçrənglilər"in üzvlərindən hansısa ciddi zədəylə üzləşmədi. Sadəcə, Fransa millisinin hücumdakı əsas ümidi, "Real"ın forvardı Kərim Benzema xoşagəlməz hadisəyə tuş gəldi. Belə ki, əlcəzair əsilli futbolçunun millidəki komanda yoldaşı Matye Valbuenanı şantaj edən dələduzlarla əlbir olduğu üzə çıxdı. Məhz bu hadisədən sonra, federasiyasının və Fransa futbol ictimaiyyətinin Benzemaya qarşı olan münasibəti kəskin dəyişdi. Komanda yoldaşına qarşı etdiyi hərəkətə görə məhkəmə önünə çıxan Benzema millidən də kənarlaşdırıldı. Bir neçə ay öncə isə millinin baş məşqçisi Didye Deşam Benzemanın adını AÇ-2016 üçün tərtib etdiyi heyətə salmayacağını açıqladı.
Bəs AÇ-2016-da Fransanın "vuran ayağı" kim olacaq? Kim fransızları arxasınca daşıyacaq? Son vaxtlar sərgilədiyi yüksək səviyyəli oyunla Antuan Qrizmannı Benzemanı əvəzləməyə ən layiq oyunçu adlandırmaq olar. Həm yarımmüdafiə xəttində, həm də hücumda oynamaq bacarığı olan Qrizmann bu rola hələ ki, ən uyğun "aktyor" kimi görünür.


Fransızlar istəməsə də...
Antuan Qrizmann 1991-ci il, martın 21-də Fransanın Makon şəhərində dünyaya göz açıb. Qrizmannlar ailəsi Fransada yaşasalar da, alman əsillidirlər. Qrizmannın atası əvvəllər futbolla məşğul olduğundan, Antuan uşaqlıqdan futbolla nəfəs almağa başlayıb. Atası da oğlunun futbolçu olmasını arzulayırdı. O, Antuan hələ çox kiçik ikən onu məşhur klubların akademiyasına yazdırmağı planlaşdırırdı. Ancaq akademiyalar Antuanı qəbul etmədilər. Belə ki, məşhur klublar kiçik Qrizmannın fiziki cəhətdən zəif və xəstəliyə meyilli olduğunu əsas göstərərək, onu akademiyalarına qəbul etməkdən imtina etdilər.
Ata Qrizmann yol yaxınlığını nəzərə alaraq, oğlunu Makondan 70 km məsafədə yerləşən Lion şəhərinin eyniadlı komandasının akademiyasına apardı. Ancaq burda da Antuanı qəbul etmədilər. Belə olan təqdirdə, ata Qrizmann oğlunu özünün çalışdırdığı yerli "Makon" komandasına götürdü. Antuan burda 6 yaşından etibarən atasının rəhbərliyi altında futbolun sirlərinə yiyələnməyə başladı.
14 yaşında Qrizmann "Monpelye"nin heyətində yoxlanışdan keçmək üçün PSJ-yə qarşı yoxlama oyununda meydana çıxdı. Bu zaman "Real Sosyedad"ın skautları da Antuanın oyununu izlədi və onu klubun akademiyasına baxışa dəvət etdilər. Antuanın valideynləri əvvəlcə bunun əleyhinə olsalar da, sonradan oğullarının gələcəyi üçün bu təkliflə razılaşmalı oldular. Beləliklə, Antuan 14 yaşında "Real Sosyedad"ın akademiyasına baxışa yollanır. İki həftəlik məşqlərdən sonra isə basklar Antuanı akademiyada saxlamaq qərarına gəlirlər. Qrizmannın San-Sebastyandakı ilk illəri heç də asan keçməyib. Balaca Antuan yad ölkədəki yeni komanda yoldaşlarına alışmaqla yanaşı, ispan dilini də öyrənməli idi. Özünün dediyinə görə, bu sarıdan ilk vaxtlarda çətinlik çəksə də, sonradan tədricən uyğunlaşmağa başlayır. 18 yaşında isə o, "Real Sosyedad"ın əsas komandasına cəlb edilir. San-Sebastyan klubunun o vaxtkı baş məşqçisi Martin Lasarte Antuanı 2009/10 mövsümünə hazırlıq mərhələsinə cəlb edir.
Qrizmann mövsüm öncəsi hazırlıq zamanı meydana çıxdığı 4 yoxlama oyununda 5 qola imza ataraq, Lasartenin diqqətini cəlb edir. Yayda komandanı bir neçə oyunçu tərk etdiyindən, Qrizmann "Real Sosyedad"ın əsas heyətinə cəlb edilir. O, öncə sol cinah yarımmüdafiəçisi kimi çıxış edirdi. Qrizmannın əsas komandada rəsmi debütü isə 2009-cu ilin sentyabrın 2-nə təsadüf edir. O, İspaniya kubokunda "Rayo Valyekano”ya qarşı oyunun 77-ci dəqiqəsində meydana daxil olaraq, "Real Sosyedad"da rəsmi debüt edir. Cəmi 4 gün sonra isə Sequndada da (o vaxt "Real Sosyedad" Sequndada çıxış edirdi) ilk oyununa çıxır.

San-Sebastiyandan Madridə

Antuan "Real Sosyedad"ın əsas heyətindəki elə ilk mövsümündəcə komandanın əvəzedilməz üzvünə çevrilir. Avropanın "top-komanda"larının Antuanı "oğurlamasından" qorxuya düşən San-Sebastiyan klubunun rəhbərliyi mövsümün sonlarına yaxın futbolçuyla müqavilə bağlayır. 2010-cu ilin 8 aprelində Antuan peşəkar futbolçu karyerasında ilk müqaviləsini imzalayır. Müqaviləyə əsasən, Qrizmann qarşıdakı 5 ildə (2015-ci ilə kimi) "Real Sosyedad"a məxsus idi.
Sequndanın 2009/10 mövsümünün nəticələrinə əsasən, "Real Sosyedad" La Liqaya qayıdır. Qrizmann La Liqadakı ilk mövsümündə yaxşı təsir bağışlayır. O, meydana çıxdığı 37 oyunda 7 qola imza atır.
2013/14 mövsümü isə Antuanın karyerasında pik nöqtəsi olur. O, La Liqada "Real Sosyedad"ın heyətində meydana çıxdığı 35 oyunda 16 dəfə fərqlənir. Məhz bu mövsümdən sonra Qrizmanna Avropanın daha sanballı klublarının marağı yaranır. Xüsusilə də "Atletiko" fransalı futbolçunun xidmətində maraqlı idi. Antuan isə heç kimin istəmədiyi bir vaxtda ona qapısını açan "Real Sosyedad"a sadiqlik nümayiş etdirərək komandayla yeni müqavilə imzalayır. Bununla da, ona görə ödəniləcək məbləği bir qədər də artırır. Antuanın "Real Sosyedad"la yeni müqavilə bağlamasının üzərindən heç bir ay keçməmiş, "hindular" rəsmi saytında gənc futbolçuyla anlaşdıqları barədə xəbər yaydı. Madrid klubu Qrizmannın keçidi üçün basklara 30 milyon avro ödəmişdi.
Antuanın "Atletiko" karyerası da uğurlu alındı. O, "hindular"ın heyətində keçirdiyi ilk mövsümdə 53 oyunda 25 qola imza atdı. 2015/16 mövsümünü isə Qrizmannın karyerasında ən uğurlu mövsüm adlandırsaq, yəqin ki, yanılmarıq. Belə ki, Antuan cari mövsümdə meydana çıxdığı 53 oyunda 32 qola imza atıb. "Atletiko" məhz onun vurduğu qolların sayəsində Çempionlar Liqasının finalına vəsiqə qazandı. Qrizmann qitənin ən nüfuzlu klub turnirinin "Bavariya" ilə yarımfinal oyununda fərqlənərək, komandasını finala çıxardı.

İki ciddi sınaq

Antuan Fransanın U-19 millisindən başlayaraq, bütün yığmalarında çıxış edib. Əsas millidəki ilk oyununu isə 2014-cü ilin martın 5-də Hollandiyaya qarşı yoldaşlıq oyununda keçirib. Qrizmann millidəki ilk sınağında 68 dəqiqə meydanda oldu. Həmin oyunda "xoruzlar" 2:0 hesabıyla qalib gəldilər. 2014-cü ilin iyun ayının 1-də isə o, millidəki ilk qolunu vurdu. Antuan Paraqvaya qarşı yoldaşlıq oyununda millidəki qol hesabını açdı.
Evdə keçiriləcək qitə birinciliyində Fransa millisinin baş məşqçisi Didye Deşamın qarşısında ciddi vəzifə dayanıb. O, qitə birinciliyində millinin nüfuzunu qorumalı, yığmanı ən azı finala kimi daşımalıdır. Bunun üçün ona Antuan Qrizmann kimi oyunçuların yardımı gərəkdir.
Bu il Qrizmann üçün unudulmaz ola bilər. Belə ki, mayın 28-də Qrizmann "Atletiko"nun heyətində Çempionlar Liqasının finalında "Real"la qarşılaşacaq. Finaldan təxminən iki həftə sonra isə Antuanın karyerasında ən ciddi sınaqlardan biri olacaq - AÇ-2016 start götürəcək.
25 yaşlı Qrizmann bu sınaqlardan üzüağ çıxmaqla, adını Fransa futbolunun tarixinə qızıl hərflərlə yazdıra bilər.









banner

Oxşar Xəbərlər