• çərşənbə, 17 Aprel, 03:49
  • Baku Bakı 14°C

Fransadan xəbər: Azərbaycana qarşı təxribat iflasa uğradı

24.02.17 17:17 805
Fransadan xəbər: Azərbaycana qarşı təxribat iflasa uğradı
Hələ 2016-cı ildə Fransa Parlamentinin qatı ermənipərəst mövqeyi ilə tanınan üzvü Fransua Roşbluan Azərbaycan – Fransa siyasi-iqtisadi əlaqələrinə yenidən baxılması haqqında Xarici İşlər Komissiyası qarşısında qaldırdığı məsələ Komissiyanın müzakirəsinə çıxarılmış və qəbul olunmamışdı. Buna baxmayaraq, deputat Roşbluanın təkidi ilə Fransa Parlamentinin Xarici İşlər Komissiyası nəzdində Fransa və Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələrə dair Məlumatlandırma Missiyası yaradılmış, Azərbaycanda demokratiya, söz azadlığı, vətəndaş cəmiyyətinin inkişafı haqqqında vəziyyətin öyrənilməsi və bu barədə hesabat məruzəsinin hazırlanıb Xarici işlər Komissiyasına təqdim edilməsi bu Missiyaya həvalə olunmuşdu. Bu günlərdə Missiyanın yekun məruzəsi Xarici İşlər Komissiyasına təqdim olunub və bu barədə redaksiyamıza məlumat verən millət vəkili Cavanşir Feyziyev bildirir ki, Fransa parlamentindəki ermənipərəst qüvvələrin bu yolla Azərbaycana qarşı başlatdığı qarayaxma kampaniyası tam iflasa uğramışdır.
Bir ilə yaxın keçən dövr ərzində F.Roşbluanın təşəbbüsü ilə Məlumatlandırma Missiyasının çoxsaylı iclasları keçirilib. Fransanın siyasi, diplomatic dairələrinin, eləcə də Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafını tədqiq edən qeyri-hökümət təşkilatlarının nümayəndələri, Azərbaycan-Fransa iqtisadi əlaqələri sahəsində çalışan ekspertlər və Azərbaycanda fəaliyyət göstərən Fransa şirkətlərinin təmsilçiləri, Azərbaycanda müxtəlif dinləri təmsil edən icmaların nümayəndələri, iş adamları, səfirlər və diplomatlar Missiyanın toplantılarına dəvət olunmuş və missiya üzvləri tərəfindən sorğu-sual olunmuşlar. Keçən müddət ərzində 35 belə dinləmə keçirilmiş və Missiyanın təşəbbüskarı olan Roşbluanın bu dinləmələrdən Azərbaycan əleyhinə təbliğat aparmaq cəhdləri uğursuzluqla nəticələnib. Belə ki, dəvət olunan mütəxəssislər ölkəmizin regiondakı mövqeyi və Azərbaycan dövləti tərəfindən aparılan hərtərəfli geniş islahatlar barəsində ətraflı məlumatlar vermis, Azərbaycanın Fransa üçün geo-strateji əhəmiyyətini vurğulamış və Roşbluanın gözləntilərinin əksinə olaraq, iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinin zəruri olduğunu vurğulamışlar.

Bu günlərdə Fransa Parlamentinin üzvü, "Azərbaycanın dostları” Assossiasiyasının prezidentii Jan-Fransua Mansel başda olmaqla bir sıra Fransalı deputatlar Məlumatlandırma Missiyasının yekun məruzəsi barədə birgə Bəyanat yaymışlar. Həmin Bəyanatın tərcüməsini oxucularımızın diqqətinə çatdırırıq.

Fransa və Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələr barədə Məlumatlandırma Missiyasının məruzəsi barədə.
Yalnız bir məqsədlə - Azərbaycana qara yaxmaq məramı ilə fəaliyyətə başlamış Fransa və Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələr barədə Parlament nümayəndələrinin Məlumatlandırma Missiyası tam uğursuzluqla nədicələndi.
Azərbaycana qarşı çox yersiz bir araşdırma komissiyası yaratmaq təşəbbüsü Xarici İşlər Komissiyası qarşısında uğursuzluğa düçar olduqdan sonra UDİ-nin (Demokrat və Müstəqillərin İttifaqı partiyası) bir deputatı mənsub olduğu parlament qrupunun adından təkid edərək, Fransa və Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələr barədə Parlament nümayəndələrinin Məlumatlandırma Missiyasının yaradılmasına nail olmuşdu ki, bunun da əsas məramı təqdim olunan qətnamənin motivlərindən də aydın göründüyü kimi, Fransa-Azərbaycan münasibətlərinə kölgə salmaqdan ibarət idi.
35 dinləmədən və bu dinləmələr zamanı uzun sürən müzakirələrdən sonra Missiyanın məruzəçisi nisbətən balanslı bir məruzə ortaya qoydu və bu məruzə Azərbaycana qarşı təzyiq gözləntisində olanların bütün ümidlərini puç edərək onları məyus etdi.
Məruzədə birliklərə, təsisatlara və yaxud jurnalistlərə qarşı insan haqlarının pozulması ilə bağlı bəzi tənqidlər yer alsa da, təkzibolunmaz sübutlar ortaya qoyulmur və hiss olunur ki, bu kimi iradları irəli sürənlər bundan şəxsi mənafeləri üçün yararlanmaq məqsədi daşıyırlar. Burada 70 illik kommunizm dövrünün xatırlanması, beynəlxalq kontekst və regiondakı durum, həmçinin Azərbaycanın təhlükəsizliyinə böyük təhdid olaraq qalan onun ərazilərinin xarici hərbi qüvvə tərəfindən işğalı faktı fonunda bu tənqidlər əriyib gedir. Yeri gəlmişkən, təəssüflə qeyd etmək lazımdır ki, məruzə Dağlıq Qarabağ münaqişəsinə yüngülcə toxunaraq onun üstündən keçir, baxmayaraq ki, bu münaqişə bir milyondan çox insanı yurd-yuvasından didərgin salmış və 25 ildir ki, Azərbaycan fundamental hüquqları pozulmuş bir milyondan çox qaçqın və məcburi köçkünlərin problemləri ilə üz-üzə qalmışdır.
Məruzədə böyük demokratik uğurlar kimi 1918-ci ildə qadınlara səsvermə hüququnun verilməsi, 1998-ci ildə ölüm hökmünün ləğv edilməsi, mənşəyindən, irqindən, dinindən asılı olmayaraq qanun qarşısında bütün vətəndaşların bərabərliyini təmin edən və bununla da şiələrəin, sünnülərin, xristianların və yəhudilərin bir arada sülh içində yaşamasını təmin edən dünyəvilik qeyd olunur. Məruzədə həmçinin bu Qafqaz bölgəsində Azərbaycanın geosiyasi önəmi və burada Fransanın mövcudluğunun gücləndirilməsi zərurəti qeyd olunur. Nəhayət, məruzədə belə nəticəyə gəlinir ki, Azərbaycan hökuməti ilə siyasi dialoqun şərtlərinin qlobal şəkildə təftiş olunmasına ehtiyac yoxdur.
Bütün bunlar bizim çoxdan bildiyimiz həqiqətlərdir. Şübhəsiz ki, Missiyanın öz üzvlərinin bu məsələyə zəif maraq göstərməsi də məhz bununla izah olunur. Biz gələcəkdə də belə qərəzli təşəbbüslərə ehtiyatlı yanaşmağın zəruri olduğu fikrində qalırıq.
Xarici İşlər Komissiyası tam haqlı olaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Minsk Qrupunun həmsədri qismində Fransanın da Azərbaycan və Ermənistan arasında ədalətli və davamlı sülh əldə olunması istiqamətində mühüm rol oynadığını qeyd edir. Biz bu yanaşmanı təqdir edir və dəstəkləyirik. Bir məsələ isə aydındır ki, bu məruzədən Azərbaycana qarşı parlament silahı kimi istifadə etmək istəyənlərin niyyəti baş tutmadı. Beləliklə də qarayaxma niyyəti tam iflasa uğradı!

Jan Fransua Mansel - Məlumatlandırma Missiyasının Vitse - Prezidenti
Deputatlar - Jan Pyer Dor , İv Fulon, Jan Klod Gibal, Sovör Qandolfi-Şeit, Fransua Selye


banner

Oxşar Xəbərlər