• cümə, 29 Mart, 09:17
  • Baku Bakı 5°C

Fransada Azərbaycan günləri başlayır

08.07.14 08:43 1330
Fransada Azərbaycan günləri başlayır
İyulun 8-də Fransanın Kann şəhərində Azərbaycan günlərinə start veriləcək. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə başlayan tədbirlər proqramı "Azərbaycan ənənələr və gələcək ölkəsi" (Azerbaijan country of traditions and future) şüarı altında keçiriləcək.
Fonddan Trend-ə verilən məlumata görə, artıq Kann şəhəri və ictimai nəqliyyat Azərbaycanın təqdimat banerləri ilə bəzədilib.
İyulun 31-dək davam edəcək Azərbaycan günlərində ölkəmizin tarixi və ənənələrini, eyni zamanda müasir incəsənətini əks etdirən sərgilər, muğam sənəti, klassik və caz musiqisi, milli mətbəximizdən nümunələr təqdim olunacaq.
"Keçmişdən baxış. Fransa azərbaycanlı rəssamların gözü ilə" (Glimpse from the past. France through the eyes of Azerbaijani artists), "Azərbaycan ənənələr və gələcək ölkəsi" (Azerbaijan country of traditions and future), "Nizami Gəncəvi" sərgiləri iyulun 31-dək Fransa sakinlərinə və turistlərə Azərbaycanın tarixi, adət-ənənələri, mədəniyyəti, ədəbiyyatı-bir sözlə, ölkə ilə hərtərəfli tanışlığa imkan verəcək.
Azərbaycan günləri çərçivəsində Heydər Əliyev Fondunun "Müasir dəbdə Azərbaycan cazibəsi" (From tradition to future. Azerbaijan glamour) layihəsi təqdim ediləcək. İtalyan modelyer Renato Balestranın Azərbaycanın milli ornamentləri əsasında bu layihə üçün hazırladığı kolleksiya yerli izləyiciləri ölkəmizin geyim ənənələri və bu ənənələrin müasir dəbdə tətbiqi ilə tanış edəcək.
Kanndakı Azərbaycan günləri zamanı, həmçinin 2015-ci ildə Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarının təqdimatı ilə bağlı tədbir təşkil olunacaq. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin 1-ci Avropa Oyunlarına hazırlığının ölkədən kənarda təqdimatına həsr olunan bu tədbir çərçivəsində Kruazett sahilində qaçış üzrə marafon keçiriləcək.
Xatırladaq ki, Heydər Əliyev Fondu bu günədək Azərbaycanın təbliği istiqamətində İtaliya, Almaniya, Fransa, Yunanıstan, Rusiya və digər ölkələr, eləcə də bu ölkələrin regionlarında bir sıra layihələr həyata keçirib. Bu layihələr tarixi və müasir Azərbaycanın təqdimatına, ölkələr və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlib.
banner

Oxşar Xəbərlər