• cümə axşamı, 25 aprel, 14:08
  • Baku Bakı 23°C

Forpost ölkədən rüsvayçı addım

06.09.17 09:00 945
Forpost ölkədən rüsvayçı addım
Forpost ölkə Ermənistanın NATO-nun Gürcüstanda başlatdığı təlimlərə qatılmaqdan imtina etməsi düşmən ölkədə geniş rezonansa səbəb olub. Rəsmi Yerevan təlimlərə bir gün qalmış bəyan edib ki,Ermənistan qonşu Gürcüstanda keçirilən çoxmillətli hərbi təlimlərdə iştirak etməyəcək. "Agile Spirit 2017” (Azad ruh) adı altında keçirilən təlimlərdən imtinanı erməni tərəfi texniki məsələlərlə izah edib. Bu ölkənin müdafiə nazirinin müavini Artak Zakaryan təlimlərə qatılmamaq barədə qərarda sensasiyalı bir məsələ olmadığını dilə gətirib. Nazir müavini əlavə edib ki, bu o demək deyil ki, NATO ilə tərəfdaşlığın səviyyəsi aşağı düşəcək. Erməni hərbçi utanmadan ölkəsinin suveren qərarlar qəbul etdiyini dilə gətirib: "Biz adətən əvvəlcə bu və ya digər tədbirdə iştirakımızı planlaşdırır, lakin iştirak qərarını tədbirə az qalmış elan edirik”. Nazir müavininin sözlərinə görə, Yerevan bu tədbirdə iştirakını heç vaxt təsdiq etməyib və buna görə də onun tədbirdən imtina etdiyini demək olmaz.
Qeyd edək ki, Birləşmiş Ştatlar, Gürcüstan və başqa ölkələrin iştirakı iləAgile Spirit 2017hərbi təlimlərinə sentyabrın 3-də Axaltsixdəki Orpola atəş məşqləri poliqonunda başlanıb. ABŞ, Gürcüstan və başqa regional tərəfdaş ölkələrin ordularının əməliyyat birgəliyi, qarşılıqlı kommunikasiya və texniki prosedurlarının gücləndirilməsi məqsədi güdən bu manevrlər artıq 7-ci dəfədir ki, keçirilir.
Ermənistan bu məşqlərə dəvət edilmişdi və onun manevrlərə gəlməməsi Yerevanın təlimlərə qoşulmaqdan imtina etməsi barədə şayiələrə yol açmışdı. Manevrlərin başlanmasından əvvəl ABŞ hərbçiləri bildirmişdilər ki, bu təlimlərdəABŞ dəniz piyadası korpusunun birlikləri, habelə Gürcüstan, Azərbaycan, Ukrayna və Ermənistanın 1000-dək hərbi xidmətçisi və NATO üzvləri olan Bolqarıstan, Latviya və Rumıniyadanqoşunlar iştirak edəcək.
Lakin Gürcüstan Müdafiə Nazirliyinin rəsmisi Nino Tolordava deyib ki, Ermənistan heç bir əlavə məlumat vermədən bu manevrlərdə iştirak etməyəcəyini bildirib. Ermənistan Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanla yanaşı Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Buna görə də Rusiya Ermənistanın Qərblə, xüsusilə də Birləşmiş Ştatlarla hərbi bağları inkişaf etdirməsinə imkan vermir və buna qısqanclıqla yanaşır.
Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Giorgi Kaçarava da bildirib ki, Ermənistan son anda NATO-nun Gürcüstanda keçirdiyi "Agile Spirit 2017” hərbi təlim məşqlərində iştirak etməkdən imtina edib. Özü də Ermənistanın bu qərarı o qədər gözlənilməz olub ki, bu ölkənin bayrağı hərbi təlimin rəsmi nişanı üzərindən götürülməyib. "Ermənistan Müdafiə Nazirliyi Gürcüstanda keçiriləcək hərbi təlimlərində iştirak edəcəyini bəyan etmişdi. Lakin, təəssüf ki, qonşumuz son anda iştirakdan imtina etdi”, - deyə Kaçarava deyib. O, Ermənistandan təlimlərdə cəmi 3 hərbi həkimin iştirak edəcəyinin nəzərdə tutulduğunu deyib və onların iştirak etməməsinin təlimlərə heç bir təsiri olmayacağını qeyd edib.
Bundan əvvəl Ermənistan 2009-cu ildə son anda NATO-nun "Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində keçirilən təlimlərində iştirak etməkdən imtina etmişdi.
Müşahidəçilərin fikrincə, erməni tərəfinin son anda təlimlərdə iştirak etməmək qərarları Moskvanın təzyiqlərinin nəticəsi ola bilər. "Ermənistan hərbi təlimdə iştirak etməyəcəyini qabaqcadan bəyan etsəydi, bütün tərəflər bu qərara normal yanaşardı. Bu halda isə müxtəlif fikirlər yaranır. Bu, Rusiya tərəfindən təzyiq kimi yozula bilər”, - deyə Lester Universiteti kəşfiyyat, təhlükəsizlik və strateji tədqiqatlar departamentinin elmi işçisi Eduard Abramyan "tert.am” internet nəşrinə müsahibəsində deyib. Eyni zamanda, təhlilçi hesab edir ki, erməni tərəfinin NATO tədbirlərində "həddən böyük” fəallığı Rusiya ilə gərginliyə səbəb ola bilər, çünki, onun sözlərinə görə, Moskva özünü NATO və blokun yaxın müttəfiqləri (Ukrayna və Gürcüstanla) ilə qarşıya qoyur və hətta sırf sülhməramlı və müdafiə xarakterli tədbirlər belə Moskva tərəfindən öz regional maraqlarına təhlükə kimi qəbul olunur.
Xatırladaq ki, "Agile Spirit 2017” hərbi təlimləri Gürcüstanın Axalsixe bölgəsində yerləşən poliqonda başlayıb və sentyabrın 11-dək davam edəcək. Rəsmi açılış mərasimində Gürcüstan prezidenti Qriqori Marqvelaşvili və müdafiə naziri Levan İzoriya iştirak ediblər. "Agile Spirit 2017” hərbi məşqlərinin məqsədi böhranlı və başqa vəziyyətlər zamanı NATO sürətli reaksiya qüvvələrinin birgə iştirakının hazırlıq səviyyəsini qaldırmaqdır. Daha əvvəl kütləvi informasiya vasitələri Axalsixedəki poliqona bir neçə "Abrams” ABŞ tankı və 500-ə yaxın hərbçi gəldiyini bildirmişdilər.
2011-ci ildən bəri Gürcüstanda keçirilən "Agile Spirit” hərbi təlimləri Gürcüstan-NATO tədbirlər paketi çərçivəsində işlənib hazırlanıb.
Beləliklə, bu qərar bir daha Ermənistanın hansı bir durumda olduğunu, onun adi bir qərarı belə müstəqil qəbul etmək iqtidarında olmadığını nümayiş etdirmiş oldu.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər