• cümə, 19 Aprel, 23:31
  • Baku Bakı 24°C

Forpost ölkə aciz durumda

23.06.20 17:05 803
Forpost ölkə aciz durumda
Paşinyan hakimiyyəti ilk növbədə işğalçı siyasətdən əl çəkməlidir ki...
Bəşəriyyətin bir nömrəli probleminə çevrilən koronavirus pandemiyası nəinki səngiyir, əksinə, daha da güclənməkdə davam edir. Müşahidə olunan bir başqa məsələ də var. Dünyanın bir çox ölkələrində mövcud vəziyyətdən hakimiyyətlər öz daxili problemlərini həll etməyə çalışırlar. İlk baxışda onların bu fəaliyyətinin koronavirus infeksiyasının nəticələri ilə heç bir əlaqəsi olmadığı görünür. Belə dövlətlər sırasına Ermənistan da daxildir. Baş nazir Nikol Paşinyanın da etiraf etdiyi kimi, ölkə çox ağır duruma düşüb – epidemioloji normaların fəlakət doğuracaq səviyyədə dərinləşməsi müşahidə olunur. Statistik göstəricilər, daha dəqiq desək, mayın 20-dən iyunun 20-nə olan rəqəmlər ölkənin COVİD-19 virusundan ən çox zərər ölkələr siyahısına düşmək şansını gücləndirir. Lakin erməni hakimiyyət orqanlarının mövcud vəziyyətə reaksiyasını adekvat adlandırmaq çətindir.
Sosial şəbəkələrə xüsusi məhəbbəti il seçilən Nikol Paşinyan bir tərəfdən karantin rejimini pozanların, məsafə qorumayanların fotolarını dərc edir, digər tərəfdən isə koronavirusun yayılması ilə bağlı əcnəbi xüsusi xidmət orqanları, eləcə də daxili siyasi dairələr arasında dezinformasiya yayanların müəyyən olunması ilə bağlı işçi qrup yaradır. Aydındır ki, əhali arasında Paşinyana qarşı etimad, pisləşən sosial-iqtisadi vəziyyət şəraitində sürətlə aşağı düşür. Opponentlər isə mütəmadi olaraq onu populizmdə və hökuməti idarə edə bilməməkdə, köhnəlmiş siyasi texnologiyalardan istifadə etməkdə, eyni zamanda, ictimaiyyətin diqqətini real problemlərdən yayındıraraq daxili və xarici düşmənlər axtarmaqda ittiham edir. Paşinyanın özünütəcrid barədə verdiyi məlumatı məhz bu kontekstdə nəzərdən keçirmək gərəkdir. Tipik koronavirus simptomları aşkar olunmayan baş nazir, güc strukturları arasında "koronavirus təmizləmələri” həyata keçirir. Ekspertlərin qənaətincə, güc və xüsusi xidmət orqanları rəhbərlərinin istefasına nail olan Paşinyan, xalq dəstəyini saxlamağa çalışır. Göstərmək istəyir ki, əvvəlki kimi qeyri-effektiv məmur aparatı ilə mübarizədə xalqın yanındadır. Dövlət aparatı ilə məhdudlaşmayan Paşinyan, əvvəlki erməni hakimiyyətinin yolu ilə gedərək "Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Çarukyana qarşı təzyiq göstərmək fikrinə düşüb. Bu şəxs özünün siyasi karyerası dövründə dəfələrlə korrupsiya və qeyri-qanuni sahibkarlıq fəaliyyətində ittiham olunub. Hesab edilir ki, bu addım oliqarxlarla mübarizədə növbəti xətdir. Məmurlar və müxalifət dairələri sırasından tez aşkar olunan daxili "düşmənlər”dən fərqli olaraq, xarici düşmən axtarıb tapmaq Paşinyan üçün bir qədər çətindir. Bu, ilk növbədə onunla bağlıdır ki, Ermənistan işğalçı siyasəti üzündən Azərbaycan və Türkiyə ilə sərhədləri bağlayıb, eləcə də digər qonşu ölkələrdən, regional və dünya nəhənglərindən güclü şəkildə asılıdır. İctimai-siyasi dairələrdə geniş şəkildə belə bir fikir yayılıb ki, Ermənistan regional və dünya nəhənglərinin "geosiyasi oyunlarının” obyekti qismində çıxış edir. Qərb düşərgəsinə daxil olan erməni siyasiləri və analitiklərinin bir qismi baş verən bütün bəlalarda Rusiyanı günahkar sayır və Qərbi lazımi dəstək verməməkdə ittiham edirlər. Bir qisim – rusiyayönümlü düşərgə isə əksinə edir. Rusiya, buna baxmayaraq, uzun illərdir ki, Ermənistanın ən əhəmiyyətli və başlıca xarici iqtisadi tərəfdaşı qismində çıxış edib və etməkdədir. Ölkə iqtisadiyyatına investisiya yatırımında əsas rolu oynayan Moskva Ermənistanın əsası qaz tədarükçüsüdür və bu illər ərzində ən aşağı qiymətlərlə ona qaz satıb. Ermənistan Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatının da üzvüdür və ölkə ərazisində Rusiyanın 102-ci hərbi bazası var.
Federal Təhlükəsizlik Xidməti isə erməni sərhədçiləri ilə birlikdə onun sərhədlərini qoruyur. Rusiya-Ermənistan münasibətlərində müəyyən problemlərin olduğunu qeyd edən ekspertlər hesab edirlər ki, ikitərəfli münasibətlərin gələcəyi Ermənistanın yeni rəhbərliyinin atacağı addımlardan və yeridəcəyi kursdan asılı olacaq. Xüsusi qeyd etmək lazımdır ki, vaxtilə Ermənistan hakimiyyətini rusiyapərəst olmaqda ittiham edən Paşinyan onu Avrasiya İqtisadi İttifaqına zorla üzv olmaqda günahlandırırdı. İndi isə özü çətin duruma düşüb. Elə bir addımlar atır ki, hətta Rusiyanın ermənipərəst dairələrində müttəfiqlik münasibətlərinə zərbə vura biləcəyi barədə ciddi şübhələr yaradır. Belə bir qərarlara misal kimi KTMT-nin baş katibi Yuri Xaçaturovun həbsi barədə qərarı göstərmək olar. Bu qərar Rusiyanın ən yüksək dairələrində ciddi narazılıq doğurmuşdu. Eks-prezident Robert Koçaryanın həbsi isə pik oldu. Rusiya rəhbərliyi açıq şəkildə Nikol Paşiyan hakimiyyətini sərt tənqid etməyə başladı. Ardınca da, Nikol Rusiya Dəmir yolları – "Cənub-Qafqaz dəmir yolları”na qarşı cinayət işi qaldırdı. Ən ciddi narazılıq doğuran məsələlərdən biri də Paşinyan hakimiyyətinin faşist əlaltıları olan şəxslərin qəhrəmanlaşdırılması cəhdləri oldu. Söhbət Njde və digər erməni əsilli şəxslərdən gedir. Njdeyə Yerevanın mərkəzində heykəl də ucaldılıb. Rusiyanın "Exo Kafkaza” nəşri yazır ki, Paşinyanın planlarının bir qismi Rusiya ilə münasibətlərə yenidən baxılması, çoxəsrlik komplekslərdən azad edilməsi idi. Lakin bu plandan yaxa qurtarmaq elə də asan olmayacaq. O ki qaldı Paşinyanın imkanlarına, bu, erməni dövlətinin real resursları, coğrafiya və münaqişə formasında tələlər ilə məhdudlaşıb. Bundan çıxış yolu isə ölkədə ağalıq edən millətçi ab-havadan qurtulmaqdan keçir. Davam edən münaqişə erməni dövlətinin xarici siyasi və xarici iqtisadi seçimini ciddi şəkildə məhdudlaşdırıb. Ermənistanın problemini elə onun özündə axtarmaq lazımdır və bu faktı Paşinyan da dərk etməlidir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər