• cümə, 26 Aprel, 02:27
  • Baku Bakı 16°C

Formula 1 pilotu: Bakı həqiqətən çox gözəl şəhərdir

30.11.17 12:00 2339
Formula 1 pilotu: Bakı həqiqətən çox gözəl şəhərdir
2017 Formula 1 dünya çempionatı başa çatdıqdan dərhal sonra "Red Bull" komandasının pilotu Daniel Rikkardo dünən Bakıya gəlib.
Çempionatın 5-ci ən güclü pilotu seçilən D.Rikkardo ötən yay Bakı Şəhər Halqasında baş tutmuş möhtəşəm yarışı birinci bitirməklə builki çempionatda qazandığı yeganə qələbənin sevincini təkrar yaşamaq üçün Azərbaycanın paytaxtına səfər edib.
Bakı Şəhər Halqasından Trend-ə verilən məlumata görə, Formula 1 təqvimində yer alan ən yeni şəhər treki olan Bakı Şəhər Halqası bu yay 2017 Formula 1 dünya çempionatının ən həyəcanlı və ən dramatik yarışına ev sahibliyi edib. Avtoidman tarixinin unudulmaz günlərindən biri sayılan bu yarışda məşhur "Red Bull" pilotu möhtəşəm çıxış nümayiş etdirərək podiumun ən yuxarı pilləsinə çıxdı. Sıralanma turunda keçirdiyi qəza nəticəsində yarışa 10-cu yerdə başlayan D.Rikkardo trekdə olan qırıntılara görə bolidin tormoz sisteminin həddindən artıq qızması səbəbindən 5-ci dövrədə pit-stop etmək məcburiyyətində qaldı. Buna baxmayaraq, o, böyük əzm nümayiş etdirərək itirdiyi mövqeləri təkrar qazanaraq yarışı ən öndə başa vurdu. Onun təbəssümlü üzündəki qələbə sevinci heç vaxt Bakıdakı qədər olmamışdı.
Luis Hamiltonla Sebastian Fettelin trekdə toqquşması son illər Qran Pri yarışlarında qeydə alınmış ən yaddaqalan hadisələrdən biri oldu, həmçinin 18 yaşlı Lens Strol məhz bu yarışda Formula 1 tarixində podiuma çıxan ən gənc pilot ünvanını qazandı. Bu məqamlar Azərbaycanın paytaxtı Bakı şəhərinin gözoxşayan mənzərəsi fonunda və Formula 1 təqvimində yer alan ən çətin treklərdən biri olan Bakı Şəhər Halqasında baş tutmuş möhtəşəm yarışı unudulmaz etdi.
D.Rikkardo Bakıya səfərinin ilk günündə möhtəşəm qələbə qazandığı trekdə gəzintiyə çıxdı və trekin ən maraqlı yerlərinə, o cümlədən Formula 1 tarixində ən əlamətdar yerlərdən birinə çevrilmiş 7,6 metrlik ən ensiz hissəyə - İçərişəhər divarlarının yanından keçən 8-11-ci döngələrdəki hissəyə baş çəkdi. Həmçinin o, Bakının tarixi Qız Qalasının yaxınlığında yerləşən 18-ci döngədə və trekin gözəl mənzərəyə sahib Dənizkənarı Bulvara paralel olaraq uzanan "iki istiqamətli” hissəsində də oldu.
Trek gəzintisindən başqa, D.Rikkardo Çempionlar Liqasında mübarizə aparan ilk Azərbaycan komandası olan "Qarabağ" FK-nın heyəti ilə də görüşdü. "Red Bull" pilotunun ziyarəti zamanı komanda gələn həftə "Roma" ilə keçirəcəyi növbəti görüşə hazırlıqlarını davam etdirirdi. Burada "Red Bull" pilotu komandanın təlim-məşq keçirdiyi meydana çıxaraq öz futbol bacarığını nümayiş etdirdi.
Bakıya səfər edən D.Rikkardo yenidən bu şəhərdə olmaqdan böyük məmnunluq duyduğunu bildirib: "Bu gün Bakıda olduğuma görə çox şadam. Bildiyiniz kimi, artıq yarış mövsümü başa çatdı və bu mövsüm ərzində ən xoşbəxt anları yaşadığım yerdə yenidən olmaq həqiqətən də çox möhtəşəmdir. Mən indiyədək belə maraqlı keçən yarışda iştirak etməmişəm. Yarışa 10-cu yerdə başladım, sonra arxa sıralara gerilədim və yarışın sonunda ən önə keçərək qələbə qazandım. Bu, hər bir pilotun arzusunda olduğu möhtəşəm yarış idi. Eyni zamanda, bu yarış çox əyləncəli idi. Bu Qran Pri mənim ən çox sevdiyim yarışlardan birinə çevrilib. Mən şəhər treklərində yarışmağı sevirəm və bu trek olduqca sürətlidir. Burada olduğum hər səfərdə - bu gün də daxil olmaqla – böyük mehribanlıq və qonaqpərvərliklə qarşılanmışam. Bu şəhər həqiqətən çox gözəldir və avtoidmanın yeni azarkeşlərinə burada bizim təqdim edə biləcəyimiz bütün gözəlliklər mövcuddur. Mən apreldə yenidən Bakıya gəlməyi səbrsizliklə gözləyirəm və ümid edirəm ki, burada bu səfər yarışa daha ön sıralarda başlayaraq təkrar qələbə qazanacağam!”
"Red Bull" pilotu D.Rikkardo səfər çərçivəsində trek gəzintisi ilə yanaşı, Bakıda yerli azarkeşlər, media nümayəndələri və BŞH-nin kollektivi ilə silsilə görüşlər keçirəcək.
banner

Oxşar Xəbərlər