AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Fonoqramması olmayan incə sənət – Sadə peşə adamı

Fonoqramması olmayan incə sənət – Sadə peşə adamı

Gənclik qəzeti
09 Dekabr 2014, 10:20 1706
Rəqsin hər şeydən öncə sağlamlıq olduğunu düşünürlər. Onların sözlərinə görə, rəqqas və rəqqasənin bədənlərini formada saxlamaq üçün pəhrizə ehtiyacları yoxdur. Çünki rəqs özü pəhrizdir. Rubrikamızın budəfəki qonaqları rəqqasə Çinarə Məmmədova və “İstedad” rıqs ansamblının bədii rəhbəri, rəqqas Kamal Cavadovdur. Müsahiblərimiz həm də pedaqoq kimi fəaliyyət göstərirlər.

Çörəkli sənət

6 yaşından rəqsə başladığını deyən Kamal musiqiçi ailəsində böyüyüb. Hələ balacalıqdan musiqini eşidəndə özü də bilmədən gözəl hisslər yaşadığını deyir: “Valideynlərim gördü ki, musiqi duyumum yaxşıdır və rəqsə çox marağım var. Məni keçmiş Tofiq İsmayılov adına Mədəniyyət Sarayına apardılar. İmtahan verib qəbul oldum, sonra bizi ansambllara paylaşdırdılar”.
Çinarə isə rəqsə 4 yaşından başlayıb. Balacalıqdan musiqi eşidən kimi sümüklərinin oynadığını deyən müsahibimiz elə kiçik yaşlarından rəqqasə olmaq istədiyini deyirmiş: “Valideynlərim məni Xoreoqrafiya Məktəbinə qoydular. Indi professional, diplomlu rəqqasəyəm Düzdür, orta məktəbdə istiqamətimi dəyişdim, Azərbaycan Dillər Universitetinin fransız dili və ədəbiyyatı fakültəsinə daxil oldum. Amma gördüm ki, mən rəqsdən kənarda qala bilmərəm, bu işin içində olmalıyam. Universiteti bitirəndən sonra rəqs müəlliməsi kimi işə başladım”.
Çinarənin sözlərinə görə, hələ orta mktəbdə oxuyarkən ətrafındakılar ona başqa sənət seçməyi məsləhət görürmüş: “Deyirdilər, rəqsdə çörək yoxdur, başqa sənət seç. Amma məni inandıra bilmirdilər. Son 5-6 ildə insanlar arasında rəqs elə dəbə düşdü ki, 4-5 yaşında uşaqdan tutmuş böyüyə kimi hamı rəqsə gəlmək istəyir. Yəni sənətimiz “çörəkli” sənətdir”.
Kamal da deyir ki, indi toyda normal oynamaq istəyən də rəqsə gəlir. Müsahibimizin fikrincə, bu sənətdə “təmiz” iş gördünsə, yaxşı qazanacaqsan. Amma qeyri-peşəkar iş gördünsə, əvvəl yaxşı qazana bilərsən, amma bu, uzunömürlü olmayacaq.

Rəqslə say üst-üstə düşməlidir

Çinarənin sözlərinə görə, rəqsə gələnlər arasında istedı olanlar da, olmayanlar da var: “Bizim yanımıza musiqi duyumu, bacarığı olmayan uşaqlar da gəlir. Sadəcə, valideyni istədiyi üçün uşağı gətirir. Bu cür uşaqlarla işləmək çətindir. 7-8-ci sinifdə oxuyan uşaqlar gəlirlər, sağ-solu tanımırlar. Bu baxımdan çətinliklər olur. Amma tələbələrimiz arasında istedadlı uşaqlar da var”.
Kamals deyir ki, valideynlər incisə belə, 6 yaşdan aşağı uşaqları professional rəqsə götürmürlər: “Uşaq saymağı bacarmalıdır. Rəqslə say üst-üstə düşməlidir. Saya bilmirsə, o uşağı öyrətməık mümkünsüzdür”.
Öyrətməyin öyrənməkdən daha çətin olduğunu düşünən Kamalın fikrincə, müəllim kənardan ilk öncə rəqsin rəsmini çəkməlidir: “Əsl müəllim rejissor olmalıdır, rəqsə yuxarıdan da, üzbəüz də baxmağı və quruluş verməyi bacarmalıdır. Öncə rəqsin rəsmini öz beynində çəkməli, sonra uşaqlarla işləməlidir”.

Yaxşı rəqqas olmağın sirri

Həmsöhbətlərimiz yaxşı rəqqas və rəqqasə olmağın sirlərindən də danışdılar. Kamalın sözlərinə görə, rəqqas olmaq üçün ilk növbədə musiqi duyumu əsasdır, ritm insanın canında olmalıdır. Mümkünsüzdür ki, musiqiyə aid hissiyatın olmadan yaxşı rəqs edəsən. Musiqi duyumun yoxdursa, hərəkətlərin musiqiylə üst-üstə düşməyə bilər. Musiqi duyumun, canında ritm, varsa, bunun da üzərinə məqsəd və istəyi gəlib yaxşı rəqqas ola bilərsən”.
Kamal rəqsin sağlamlıq, mədəniyyət olduğunu düşünür: “Rəqslə məşğul olan insan həmişə formada olur. Formada qalmaq üçün xüsusi pəhrizə ehtiyac qalmır. Rəqs özü başdan-ayağa pəhrizdir. Həftədə 2 dəfə normal məşq etməyin kifayətdir. Bir də sənətimizin müsbət tərəfi ondadır ki, rəqqas kimi dünyanın ən azı yarısını gəzmək şansı qazanırsan”.

Həmişə ayaqda olmalısan

Sənətin çətin tərəflərindən danışan Çinarə deyir ki, rəqqaslığın fonoqramması yoxdur: “Əgər xəstəsənsə, özünü pis hiss edirsənsə, fonaqramma ilə oxuya bilərsən, amma rəqsin fonoqramı yoxdur. Xəstə olsan belə, həmişə ayaq üstə görünməlisən. Konsertdə çıxış etməlisənsə, xəstələndiyin təqdirdə, öz əvəzinə başqasını göndərə bilməzsən, sən oynamalısan. Bir sözlə, heç bir səs, video səni xilas etmir”.
Kamal və Çinarə müəllimliklə yanaşı, bir çox tədbirlərdə də iştirak etdiklərini bildirirlər. Kamal deyir ki, iştirak etdiyi tədbirlərin sayı-hesabı yoxdur: “Amma indi sırf pedaqoq kimi çalışıram”.
Çinarə isə hazırda da xaricdə keçirilən müxtəlif festivallarda, Gənclər və İdman Nazirliyinin xaricdə təşkil etdiyi tədbirlərdə iştirak edir: “Xaricə səfərlər üçün xüsusi dəvətlər gələndə, onlara gedirəm”.

Səhnə əhvalatları

Müsahiblərimiz iş başında qarşılaşdıqları əhvalatları da bizimlə bölüşdülər. Çinarənin sözlərinə görə, rəqqasənin kollektivdə işləmək bacarığı mütləq olmalıdır: “64, yaxud 100 nəfərlə birlikdə rəqs qurulur, amma baxanda elə bil ki, bir nəfər oynayır. Buna görə də kollektivdə işləmək bacarığı mütləqdir. Elə olur, rəqs zamanı fatan düşür, hansısa hissə yadından çıxır, yıxılırsan, mahnı kəsilir və s. Bu zaman həmkarların səni başa düşməli və səhvini ört-basdır etməlidirlər”.
Çinarə xaricdə təqdim etdikləri konsertlərin birində mahnının yarımçıq kəsildiyini deyir: “Bu zaman özümü itirmədən fırlanıb baş əydim və səhnədən çıxdım. Tamaşaçılar əcnəbilərdən ibarət olduğundan heç bilmədilər ki, mahnı yarımçıq kəsildi. Yaxud elə olub ki, kollektiv rəqsdə sağa getmək əvəznə sola getmişəm, yenidən əl çala-çala əvvəlki vəziyyətimə qayıtmışam. Elə bir rəqqas yoxdur ki, onun başına belə əhvalatlar gəlməsin. Yaxud səhnəyə çıxmağımıza 3-5 dəqiqə qalmış rəqqasələrdən birinin paltarında problem yarandığından səhnəyə çıxa bilməyib. Buna görə 8-8 oynanılan rəqsi 6-6 oynamışıq. Bu zaman o qədər professional olmalı, rəqsi və kollektivlə işləməyi elə bilməlisən ki, tamaşaçı heç nə hiss etməsin”.

“Gərək hər şeyi sıfırdan başlayasan”

Kamal deyir ki, rəqqas səhnədə səhv etsə belə, özünü itirməməli, bunu tamaşaçıya hiss etdirməməlidir: “Bir də həmkarlarla qarşılıqlı münasibət qurmağı bacarmaq vacibdir. Festivalların birində qrup rəqsində iştirak edirdim. Hamımızın kostyumu eyni olmalı idi. Qeyd edim ki, ancaq solo oynayanlarda geyim fərqlənir. Mən də rəqslər arasında kostyumumu dəyişməyi unutmuşam. Səhnəyə çıxanda fərqinə vardım ki, hamıda geyim qara, yalnız məndə tünd qırmızıdır. Vəziyyətdən çıxmaq lazım idi. Solonu oynayan rəqqas səhnəyə çıxmamış mimika ilə digər yoldaşlarımla danışdıq və solonu mən oynadım”.
Kamal sonda rəqsləri qurmaq, müəllimlik etmək üçün şəraitlərinin də, enerjilərinin də olduğunu dedi. Çinarə də onlara şərait yaradılmadığından şikayətlənən gənclərə üzünü tutaraq bildirdi ki, gərək hər şeyi özün sıfırdan başlayasan: “Özün etməsən, o şəraiti sənin üçün heç kəs qurmayacaq”.

İsmayıl MƏMMƏDOVSadə peşə adamı"> Sadə peşə adamı"> Sadə peşə adamı">