• cümə, 19 Aprel, 19:14
  • Baku Bakı 24°C

Firəngiz Mütəllimova: “Elə yerlər olub ki, Yaşar məni qısqanıb“

17.07.13 17:22 4137
Firəngiz Mütəllimova: “Elə yerlər olub ki, Yaşar məni qısqanıb“
Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nurinin “Şərq” qəzetinə verdiyi müsahibədə mərhum ömür-gün yoldaşı ilə bağlı maraqlı etiraflar edib. O, Yaşar Nurinin xalq artisti Firəngiz Mütəllimova ilə sevgili olduğunu, hətta, aktyorun onunla nəfəs aldığını deyib. Firəngiz Mütəllimova Publika.Az-ın suallarını cavablandırıb:
- Yaşar Nurinin həyat yoldaşı ərinin sizi sevdiyini etiraf edib...

- Rəhimə düz deyir. Yaşar məni həmişə görəndə sifəti 5 yaşlı uşağın sifətinə bənzəyirdi. Çünki dəyişirdi, sevinirdi, həyəcanlanırdı. 30 ildən artıq mən onun ailəsi ilə yaxınlıq etmişəm, evinə get-gəlim olub. Amma sağ olsun Rəhiməni, geniş ürəyə malik qadındır. O, mənə inanırdı.
- Qısqanmırdı sizi?

- Yox, çünki mənə inanırdı. Mənim evli kişilərlə işim olmaz. Yaşarı da bir dost kimi çox istəmişəm. Mən heç kimə demədiyim sirrimi Yaşarla bölüşmüşəm.
- Elə Rəhimə də sizin Yaşarı sevmədiyinizi, amma Yaşarın sizi sevdiyinizi deyir. Siz Allah, düzünü deyin, Yaşar Nuri sizi sevdiyini demişdi?

- Vallah, mən onun dilindən “sevirəm” sözünü eşitməmişəm. Lap efirdə açıq-aydın mənim şərəfimə şeirlər də deyib. Hətta elə yerlər olub ki, o, məkanlarda Yaşar məni qısqanıb.
- Məsələn, harada, necə?

- Olub ki, qastrollara getmişik, məclislərdə olmuşam, Yaşar mənə hirslənib ki, “keç bu yana”, “orda oturma-filan”. Biz Rəhimə ilə rəfiqə olmuşuq. Hətta iki qızının birini - Ülviyyəni mənim qızım sayıblar. Yaşar rəhmətə gedəndə bir müddət Ülviyyə məni görmək istəmirdi, çünki məni həmişə atası ilə bir yerdə görməyə alışmışdı.
- Rəhimə xanım heç Yaşarla xoş münasibətinizə görə, azacıq da olsa, qısqanclığını hiss etdirmirdi?

- Mən onlara gedəndə, bir də görürdün deyirdi ki, Yaşar sevgilin gəldi. Amma gülə-gülə deyirdi. Rəhiməyə halal olsun, hər qadın onun kimi ola bilməz. Bir də Yaşar məndən çox Rəhimənin yanında olub, o niyə qısqanır ki (gülür)?
- Yaşar Nurini siz heç sevmirdiniz yəni?

- Mən onu çox istəyirdim. Şuşada yaşayırdıq, Aslan Qaraşarov küçəsində. O vaxt Yaşar tamaşada bu obrazı yaradırdı. Mən ona vurulmuşdum, sevinirdim ki, bizim küçənin adını daşıyan qəhrmanın obrazını yaradıb. Sonralar institutda görüşdük, o, mənə “sən təsadüfən Ofeliya Sənani ilə qohum deyilsən ki“ deyə sual verirdi. Qismət elə gətirdi ki, eyni tamaşada oynamağa başladıq. Aramızda böyük bir dostluq yarandı və o, dünyasını dəyişənə qədər davam etdi.
- Sizcə, o, Rəhimə xanımı sevmirdi?

- Niyə ki? Rəhimə onun uşaq kimi nazını çəkirdi. Bu 35 ildə mən bir dəfə Yaşarı ütüsüz köynəkdə görmədim, çünki Rəhimə onu elə geyindirirdi. Yaşar xəstə olanda Türkiyədə idik. Gördüm çox narahatdır ki, niyə Rəhimə gəlib çıxmır. Rəhiməyə zəng etdim ki, tez gəlsin. O, gələndən sonra Yaşar rahatlandı.
banner

Oxşar Xəbərlər