• cümə, 29 Mart, 00:54
  • Baku Bakı 7°C

Firəngiz Əlizadə yaradıcılığının Nəsimi səhifələri

14.05.20 12:30 1213
Firəngiz Əlizadə yaradıcılığının Nəsimi səhifələri
Və ya zamanın fövqündə duran bir tamaşa - "Nasimi-Passion”
Minlərlə insanın gözü səhnədədir. Səhnədə tarixin böyük bir dövrü yaşanır. Nəsimi dövrü. İmadəddin Nəsiminin həyatı və ölümü. Nəsimi əbədiyyəti. Nəsimi - "Mən ki dərvişəm fəqirəm padşahi-aləməm” deyir. "Məndə sığar iki cahan, mən bu cahana sığmazam” – hayqırır. "Ənəlhəq” - söyləyir Nəsimi.
Səhnədə görkəmli Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin "Nəsimi-Passion” əsəri cərəyan edir. Nəsimi həqiqətlərini və Nəsiminin iztirablarını müasirlərimizə çatdıran bir əsər. Nəsimi obrazını səhnəmizdə yaşadan bir əsər.
Bu əsərin əlamətdar yaranma tarixi vardır və bu tarix hələ çox illər bundan əvvəl başlanmışdır. XIV əsrin böyük şairi, Orta əsrlər Azərbaycan poeziyasının parlaq siması olan İmadəddin Nəsiminin poetik şedevrləri hələ öz dövründə dillər əzbəri idi, muğamlar üstə oxunaraq musiqimizdə yaşayırdı, onun sözü, surəti əlyazmalarda, rəsm əsərlərində həkk olunurdu. Nəsimi irsi Azərbaycanın poeziya çələngini bəzəyirdi.
XX əsrin 70-ci illəri isə Nəsimi poeziyasının intibahı dövrü oldu. Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin səyi ilə Nəsiminin 600 illik yubileyi YUNESKO səviyyəsində qeyd olundu. Nəsimi poeziyası ədəbiyyatımızın və mədəniyyətimizin əbədi mövzusuna çevrildi. Nəsimi obrazı filmlərdə, romanlarda, poemalarda, tablolarda, heykəllərdə, tamaşalarda öz təcəssümünü tapdı. Nəsiminin adı ilə neçə-neçə musiqi əsərləri yarandı, poeziyasına maraq bir çox bəstəkarların yaradıcılığında təzahür etdi. Nəsiminin yaradıcılığı ilə bağlı incəsənət əsərləri, bəlkə də, başqa bir məqalənin mövzusu ola bilər. Biz yalnız Nəsimi poeziyasına marağın hüdudlarını qeyd etmək istədik. Bu maraq bu günə kimi davam edir. Mədəniyyətimizi yeni əsərlərlə zənginləşdirir.
Mədəniyyət tariximizə Nəsiminin adı ilə bağlı daha bir neçə əlamətdar hadisələr daxil olub. 2017-ci ildə Nəsiminin edamının 600 illiyi YUNESKO-da qeyd edildi. 2019-cu il Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sərəncamı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə "Nəsimi ili” elan olundu və dünyanın mədəni ictimaiyyəti tərəfindən bu yubiley geniş surətdə qeyd olundu.
Bu zəngin tarixi-mədəni mənzərədə, biz, Firəngiz Əlizadənin yaradıcılığında Nəsimi mövzusunun yerini və əhəmiyyətini qeyd etmək istərdik.
Azərbaycan Bəstəkarlar İttifaqının Sədri, YUNESKO-nun "Sülh artisti”, Azərbaycanın xalq artisti, professor Firəngiz Əlizadənin yaradıcılığında Nəsimi poeziyasına maraq qırmızı xətlə keçir və bəstəkarın "Dərviş”, "Zikr” vokal-instrumental kompozisiyaları, "Nəsimiyə ithaf” baleti, "Nasimi-Passion” oratoriyası kimi möhtəşəm əsərlərinin meydana gəlməsinə təkan vermişdir. Bu əsərlərin dünya premyeraları beynəlxalq ifaçı tərkiblərinin təqdimatında olmuşdur. "Dərviş” əsəri görkəmli violonçel ifaçısı Yo-Yo Manın rəhbərliyi altında 26 ölkənin musiqiçilərini birləşdirən (Alim Qasımovun iştirakı ilə) "Böyük İpək yolu” transkontinental layihəsində bir neçə dəfə dünyanı dolanmışdır. "Zikr” əsəri "Atlas” ansamblının (azərbaycanlı musiqiçilər, solist Aygün Bayramova daxil olmaqla) ifasında (Amsterdam, 2004) səsləndirilmişdir. "Nəsimiyə ithaf” baleti ilk dəfə YUNESKO səhnəsində Nəsiminin ölümünün 600 illiyi münasibətilə səhnəyə qoyuldu. Daha sonra bir sıra beynəlxalq musiqi festivallarında nümayiş olundu. "Nəsimi-Passion” əsəri isə dünya musiqi mədəniyyətində hadisəyə çevrildi. 2017-ci ildə Hollandiyanın "Amsterdam Royal Consertgebou” təşkilatı tərəfindən həyata keçirilən "Passions” ("İlahilər”) layihəsi çərçivəsində İslam dini ilə bağlı əsərin yazılması Firəngiz Əlizadəyə həvalə olunmuş və onun təşəbbüsü ilə dahi şair və böyük əzabkeş, həyatını humanizm ideyalarının tərənnümünə qurban vermiş Nəsimiyə həsr olunmuş "Nasimi-Passion” solist, xor və orkestr üçün möhtəşəm bir əsər yaranmışdır. "Nasimi-Passion” əsəri bəstəkara böyük mükafat qazandırmışdır. Bütün dünyada məşhur olan Ağa xan Fondunun təsis etdiyi "Aga Khan Music Awards - 2019” mükafatının ilk dəfə olaraq, "creation” (yaradıcılıq) nominasiyası üzrə laureatı azərbaycanlı bəstəkar Firəngiz Əlizadə olmuşdur və o, dünya üzrə bu mükafata layiq görülmüş ilk bəstəkardır. Bu, əlbəttə ki, Azərbaycan musiqi mədəniyyətinin böyük uğurudur.
Firəngiz Əlizadə ictimai xadim kimi də fəaliyyətində Nəsimi poeziyasına diqqət yetirmişdir. Azərbaycan Bəstəkarlar İttifaqında Firəngiz Əlizadənin təşəbbüsü ilə gənc bəstəkarların Nəsimi poeziyası əsasında əsərlər yazılmasına çağırış edilmiş, yaranmış əsərlər dəfələrlə konsertlərdə səsləndirilmişdir. "Nəsimiyə musiqi çələngi” konsert proqramı Azərbaycanda və Almaniyada musiqisevərlərə təqdim olunmuşdur.
Firəngiz Əlizadə bəstəkar və ictimai xadim kimi Nəsimi poeziyasının musiqi vasitəsilə dünyada tanıdılmasında böyük rol oynamışdır. Bütün bunlar Firəngiz Əlizadənin yaradıcılığının Nəsimi səhifələri, Nəsimişünaslığın musiqi sahəsinə verdiyi töhfələrdir.
Məqalənin əvvəlinə qayıdaraq, Firəngiz Əlizadənin "Nasimi-Passion” əsərinin səhnə təcəssümündən danışmaq istərdim. Qeyd edim ki, "Nasimi-Passion” əsəri Azərbaycanda ilk dəfə olaraq, tam şəkildə və yeni təfsirdə səsləndi. Lakin bu, Firəngiz Əlizadənin musiqi əsərlərinin səhnələşdirilməsinin ilk təşəbbüsü deyildir. Firəngiz Əlizadənin musiqisi çox parlaq və təsirli olub, rəqs və plastik hərəkətlərin "dililə” rəvan şəkildə ifadə oluna bilir. Bu səbəbdən onun musiqisi əsasında səhnələşdirilən 10 balet dünyanın müxtəlif səhnələrində - Amerika və Avropada tamaşaya qoyulmuşdur. 1993-1999-cu illərdə Nyu-York şəhərində Brodvey səhnəsində "Song of Azerbaijan” baleti böyük müvəffəqiyyətlə göstərilib (F.Əlizadənin "Muğamsayağı” əsərinin "Kronos” kvartetin ifasında səslənən musiqisi əsasında, baletin xoreoqrafı və əsas ifaçısı Pearl Langdır). Portuqaliyalı xoreoqraf Paulo Ribeyro Lissabonda "Du Don de Sol” ("Günəş haradadır?”) baletini F.Əlizadənin "Abşeron kvinteti”nin musiqisi əsasında səhnələşdirmişdir. İtaliyalı xoreoqraf Huqo Fanari Romada F.Əlizadənin "Zərb alətləri və orkestr üçün Konserti”nin musiqisi əsasında balet tamaşasını səhnəyə qoymuşdur. Bu baletlər Helsinkidə ("One”) və İstanbulda da nümayiş olunur. Firəngiz Əlizadənin "Nəsimiyə ithaf” baleti onun iki vokal-instrumental əsəri – "Dərviş” və "Muğamsayağı” əsasında səhnələşdirilərək, yeni təfsirdə səslənmişdir. "Nasimi-Passion” oratoriyasının vokal-xoreoqrafik tamaşa kimi səhnə versiyasının hazırlanması ideyası da bu əsərin dərin teatrallığa malik olmasından irəli gəlmişdir.
"Nasimi-Passion” tamaşasının xoreoqrafik quruluşu Mədəniyyət Nazirliyinin xüsusi dəvətinə əsasən Sankt-Peterburq Balet Akademiyasının professoru, Rusiya Federasiyasının Xalq artisti Edvald Smirnova məxsusdur. Qeyd edək ki, bu, Edvald Smirnovun Firəngiz Əlizadə ilə ilk işi deyildi. O, hələ bəstəkarın "İntizar” operasının səhnə quruluşunun hazırlanmasında iştirak etmişdi və onun musiqisi ilə yaxından tanış idi. E.Smirnov "Nasimi-Passion” əsərinin musiqisindən ruhlanaraq, ona orijinal xoreoqrafik quruluş vermiş, çox dinamik, hərarətli, təsirli bir tamaşa alınmışdır. Burada bəstəkarla xoreoqrafin yaradıcılıq əlaqəsi böyük rol oynamışdır. E.Smirnovun tövsiyəsi ilə F.Əlizadə instrumental epizodların həcmini genişləndirmişdir ki, bu da əsərin daha hərəkətli olmasına, oratoriyanın vokal-xoreoqrafik tamaşaya çevrilməsinə şərait yaratmışdır.
Tamaşanın uğurunda bütün yaradıcı kollektivin əməyini qeyd etmək lazımdır. Tamaşanın musiqi rəhbəri və dirijoru Xalq artisti Fəxrəddin Kərimovdur. O, səhnədə ifaçı heyətinin idarə edilməsində böyük məharət nümayiş etdirmişdir. Tamaşanın baş xormeysteri Xalq artisti Gülbacı İmanova, baletmeysteri Ceyhun Qubadovdur. Tamaşada Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı (bədii rəhbər Xalq artisti Ağaverdi Paşayev) iştirak edirdilər. Tamaşa boyu Nəsiminin qəzəllərini "Nəsimi poeziyası” bədii qiraət müsabiqəsinin qalibləri Fərid Bağırov, Ağaəli Kərimzadə səsləndirmişlər. Tamaşanın parlaq və baxımlı alınmasında geyim və eskizlər üzrə rəssam Nazim Yunusov, instalyasiya - Cavid İmamverdiyev, işıq üzrə rəssam Zərrabin Əliyevanın böyük əməyi olmuşdur.
"Nasimi-Passion” vokal-xoreoqrafik tamaşasında "Nəsimi” rolunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Taleh Yəhyayev ifa etmişdir. O, səhnədə vokal və artistik xüsusiyyətlərinin vəhdətinə nail olaraq, obrazı bacarıqla aça bilmişdir. Əlbəttə ki, tamaşada solist, xor, orkestr və baletin dərin əlaqəli ifası əsərin mənasını və məzmununu rəngarəng cizgilərlə tamaşaçıya çatdırır. Ümumiyyətlə, tamaşa Nəsimi dövrü, Nəsiminin keşməkeşli həyatı və faciəli ölümü haqqında hekayəni şair Nəsiminin sözləri, bəstəkar Firəngiz Əlizadənin musiqisi vasitəsilə inandırıcı surətdə ifadə edir.
"Nasimi-Passion” 2019-cu ilin son günlərində layiqli surətdə "Nəsimi ili”nə yekun vurdu. Lakin Nəsimi poeziyasına maraq bununla bitəcəkmi? Məncə, yox. Nəsimi dühası və Firəngiz Əlizadənin musiqi təfəkkürü zamanın fövqündə duran bir tamaşanın ərsəyə gəlməsinə təkan verdi. Səhnəmiz yeni bir əsərlə zənginləşdi. Bu əsər hələ uzun illər boyu səhnədə yaşayaraq, neçə-neçə təfsirlərə, yeni əsərlərin yaranmasına yol açacaq.
Cəmilə Həsənova,
Sənətşünaslıq üzrə elmlər doktoru,
professor
banner

Oxşar Xəbərlər