• cümə axşamı, 28 mart, 22:42
  • Baku Bakı 13°C

Finlandiyanın ən böyük muzeyi – Bələdçi

21.04.16 14:51 3041
Finlandiyanın ən böyük muzeyi – Bələdçi
Tallindən gün ərzində üç dəfə Finlandiyanın paytaxtı Helsinkiyə gəmi yola düşür. Tallin Dəniz Limanından həmçinin digər sərhədyanı ölkələrə - İsveçin paytaxtı Stokholma və Rusiyanın Sankt-Peterburq şəhərlərinə də turistlər və qonşu ölkələrin sakinləri gəmi ilə get-gəl edirlər. Xüsusən Skandinaviya ölkələri Baltikyanı ölkələrin sakinləri üçün sözün həqiqi mənasında su yoluna çevrilib. Şengen vizası olan turistlər də bu ölkələrə asan getmək üçün məhz Tallin limanını seçirlər.
Helsinkiyə gediş-dönüş bileti üçün 50 avro ödəmək lazımdır. İki saat ərzində yamyaşıl göllər diyarının sakit və gözəl şəhərinə çatmaq mümkündür. Komfortlu “Tallinks” gəmisini tərk etdikdən sonra 9 saylı tramvayla şəhərin mərkəzinə rahat çatmaq olur. Şəhəri tanımaq üçün qonaqlara limandan çıxarkən xəritə də təklif olunur. Şəhərlə ilk tanışlıq da qədim nəqliyyat növünün şütüdüyü küçələrdən başlayır.
Finlər soyuq insanlardır. Yanlarından gəlib keçən insanların üzünə qətiyyən nəzər yetirmirlər. Ancaq insanların laqeydliyinə baxmayaraq, turistlər bu ölkəyə çox gəlirlər. Arxitektor binalar, yaşıl göllər, muzeylər, tarixi orta əsrlərlə səsləşən kilsələr, qalereyalar, müasir kafe və restoranlar, iri mollar... turistlərin böyük marağına səbəb olur.
“Şəhərin hansı hissələrini gəzməyi məsləhət görürsünüz?” deyə sakinlərdən soruşanda tarixi yerlərlə bərabər muzey və qalereyaları gəzməyi tövsiyə edirlər. Helsinkiyə gələnlər Milli Muzeyə, Helsinki Şəhər Muzeyinə, Hərbi Muzeyə, Dəniz Muzeyinə, Finlandiya Tarix Muzeyinə, Zoologiya Muzeyinə, Avtomobil Muzeyinə, Finlandiya İdman Muzeyinə və b. muzey və qalereyalara baş çəkə bilirlər. Ancaq Helsinkiyə ayaq qoyanlar mütləq səfər proqramlarına “Ateneum” və «Kiasma» muzeylərini daxil edirlər. Bu muzeylərə təkrar-təkrar gedənlər də var.
Finlandiyanın ən böyük muzeyi

Finlandiyanın mərkəzi bədii muzeyi olan “Ateneum” Rautatientori meydanında, Helsinki mərkəzi vağzalı ilə üzbəüz yerləşir. Həftənin 2-ci günləri muzeyə giriş pulsuzdur. Birinci gün və bayram günlərində muzey işləmir. Həftənin qalan günləri isə ziyarətçilər 15 avro ödəməklə qalereyaya daxil ola bilərlər. Satıcı qız işsiz müəllimlər, tələbələr və təqaüdçülər üçün müəyyən güzəştlərin edildiyini və kateqoriyaya görə pulsuz biletlərin verildiyini də bildirdi. Bu sırada jurnalistlər də yaddan çıxmayıb. Beynəlxalq Jurnalistlər Federasiyasına (BJF) üzvlük kartımı təqdim etməklə qalereyaya pulsuz daxil ola bildim.
Muzey otaqlarında ilk diqqətimi çəkən və xoşuma gələn məqamlardan biri bələdçilərin Rusiya və ya İngiltərə muzeylərindəkindən fərqli olaraq gənc və çevik olmaları idi. Məsələn, Rusiya muzeylərindəki stul üstündə mürgüləyən qocalardan fərqli olaraq bu qalereyanın işçiləri otaqlarda gəzişir və ziyarətçilərin suallarını həvəslə cavablandırırlar.
Ateneum Art Qalereyası 1888-ci ildə təşkil olunub. Yunan müharibə və müdriklik ilahəsinin adını daşıyan Ateneum şəhərin və hakimiyyətin qoruyucusu anlamına da gəlir. “Ateneum” həmçinin, Afinada məbəd deməkdir. Muzeyin tarixi binası 1887-ci ilin 18 noyabrında öz açılışını qeyd edib. Muzey qapılarını açdığı ilk gün buraya 577 ziyarətçi gəlib. Muzey fin mədəniyyətinin təbliğatçısı kimi fəaliyyətə başlayıb. Onun yaradılması bir sıra mübahisə və müzakirələrin predmeti olsa da, qısa zamanda özünü tanıda bilib.
Bələdçinin bildirdiyinə görə, əvvəlcə muzey binasında Finlandiyanın Bədii Rəssamlıq Məktəbinin kolleksiyası yer alıb. Daha sonra ölkənin ayrı-ayrı sahələrinin inkişafını əks etdirən əsərlər kolleksiyada nümayiş olunub. Başlanğıcda imperator 2-ci Nikolaya hədiyyə olunan eksponatlar da muzeydə yer alıb. Muzeyin bələdçisi bildirdi ki, vaxtilə bu binada Helsinki İncəsənət və Dizayn Universiteti yerləşib. Sonradan qalereya bu binaya köçürülüb. Unikal binanın dekorativ hissəsi üzərində məşhur fin heykəltəraşı Karl Şestrant işləyib.
Hazırda muzeyin 3-cü mərtəbəsində daimi ekspozisiya nümayiş etdirilir. Əcnəbi rəssamların sərgiləri isə adətən birinci mərtəbədə keçirilir. Növbəli ekspozisiyalar aşağı mərtəbədə nümayiş olunur. Sərgi salonu isə 2-ci mərtəbədədir. Muzeyin həyətində və binasının çölündə indiyə qədər heç bir ölkədə rast gəlmədiyim eksponatlarla rastlaşıram. Ayrı-ayrı köynəklərdən ibarət olan kolleksiyalar sanki asılan bayraqlar kimi havada yellənir. Bu eksponatlar insanlara çağırışdır. Evlərində olan, geyinmədikləri paltarları yenidən istehsal üçün qalereyaya təhvil vermək çağırışına isə bütün finlər həvəslə qoşulurlar.
Ateneum öz kolleksiyası ilə Finlandiyanın ən böyük muzeyi hesab edilir. 20 min eksponatı - portret, heykəltəraşlıq, qrafika və s. özündə birləşdirən əsərlər bir neçə əsri əhatə edir.
Geniş və qədim kolleksiya

Hazırda muzeyin daimi kolleksiyaları ilə yanaşı, dünya ölkələrinin sərgilərini təşkil edən ayrı-ayrı zalları da mövcuddur. Bu ilin mart və aprel ayı boyunca qalereyada yapon rəssamlarının sərgisi nümayiş etdirilir.
Muzeyin daimi ekspozisiyasında sərgilənən əsərlər orijinaldır. Belə ki, onların arasında Van Qoq, Mark Şaqal, Pol Sezann, Fransisko Voya, rus rəssamlarından İ.Şişkin, İ.Levitan, İ.Repinin əsərləri də var. Ancaq kolleksiyanın daha çox hissəsini fin rəssamlarının - Akseli Qallen, Xuqo Simberq, Pekki Halonen və başqalarının əsərləri təşkil edir. Sərgidə həmçinin FİKUS adı altında muzey fondundan olan əsərlər də nümayiş olunur.
Bələdçi “Ateneum muzeyi ölkənin incəsənət əsərlərinin geniş və qədim kolleksiyasına malikdir. Bu, təkcə fin incəsənəti tarixindən danışmır, həmçinin burada ölkənin incəsənət meydanının necə yaranması əks olunub. Bu hekayə muzeydəki işlərdə, sənədlərdə şifahi və yazılı hesabatlarda qeyd olunub”- deyə bildirdi. “Ateneum” özündə fin incəsənət tarixinin əsas əlamətlərini əks etdirən çox sayda kolleksiyanı birləşdirir. Belə ki, onların tarixçəsi Aleksandr Lauresin «Gecə vaxtı kənd evində atəş» (1809-cu il) əsəri ilə başlayır. Daha sonra yeni eranın emblemləri, 60-cı illərin sonu və 70-ci illərin əvvəllərinin incəsənətini əks etdirən əsərlər kolleksiyalarda yer alıb. Muzeyin “Klassika” otağında Albert Edelfeldin «Şahzadə Byanka», Helene Şerfberqin «Sağalmışlar» və Huqo Simberqin «Yaralı mələk» və s. əsərlər kolleksiyanın ən baxımlı işləri sırasına daxildir. Hər il kolleksiya muzeyə bağışlanan əsərlərin hesabına genişlənir. Fin incəsənətini əks etdirən əsərlər isə muzeyə müxtəlif kolleksionerlər, görkəmli rəssamlar və s. tərəfindən daxil olur. Kolleksiyada çoxlu Finlandiya tarixində mühüm rol oynayan məbədlərin, ikonaların portretlərinə də rast gəlmək olur.
Helsinki şəhərinin xatirəsi

Muzeyin bələdçisi bildirir ki, qalereyanın 1919-cu ildə əsası qoyulan Finlandiya Assosiasiyasından çoxlu dostları var. Bu təşkilatın əsas məqsədi muzeyin fəaliyyətinə dəstək verməkdir. Assosiasiyanın hazırda 2600-dən çox üzvü var. Onlar topladıqları ianə hesabına muzeydə müxtəlif sərgilərin keçirilməsinə, muzeyə aid broşürlərin və ya kitabların buraxılmasına dəstək olur, həmçinin fin incəsənət tarixinin qədim eksponatlarını dünyanın müxtəlif sərgi salonlarında sərgiləməyə kömək edirlər: “Məqsəd fin incəsənət nümunələrini dünyada tanıtmaqdır”. 1999-cu ildə - assosiasiyanın 80 illiyi münasibətilə muzey Şeferbekin “Eynar Reuter” əsərini alıb. Hazırda muzeyin kolleksiyasına ümumilikdə Helen Şeferbekin 26 əsəri daxildir. Muzeyin dostu olmaq bir sıra üstünlüklər vəd edir. Belə ki, dostlar art qalereyaya pulsuz daxil ola, həmçinin muzeyin mağaza və kafesindən endirimlə istifadə edə, o cümlədən xüsusi günlərdə muzeydə keçirilən tədbirlərdə iştirak etmək şansı qazanırlar. Muzeyin dostlarına qoşulmaq üçün ən asan yol onlayn formanı doldurmaqdır. “Ateneum”un Dostları Assosiasiyasının sədri Johanna Pisi qalereyanın dostlarının artması, münasibətlərinin genişlənməsi üçün yorulmadan çalışır. Ateneum Art Muzeyində başqa ölkələrin də qədim və geniş art kolleksiyası qorunur.
Muzeyi ziyarət edənlər qalereyanın mağazasına baş çəkməyi də unutmurlar. Qiymətlərin baha olmasına baxmayaraq, kiçicik də olsa bir suvenir almaqla Helsinki şəhərinin xatirəsini özləri ilə aparırlar...
Təranə Məhərrəmova
Tallin-Helsinki

banner

Oxşar Xəbərlər