AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Finlandiyada vergilər və cərimələr insanların gəlirinə görə təyin olunur

Finlandiyada vergilər və cərimələr insanların gəlirinə görə təyin olunur

Gənclik qəzeti
11 Mart 2014, 08:14 4669
“Burada şagirdlər 16 yaşına kimi ümumiyyətlə imtahan vermir”

Müsahibimiz Kənan Məmmədov Finlandiyada təhsil almaqla yanaşı, hazırda orada çalışır. Kənanla Skandinaviyadakı həyat tərzi, təhsil, iş şəraiti və s. barədə söhbətləşdik. O, əvvəlcə bizə təhsil almaq üçün niyə məhz Finlandiyanı seçməsindən danışdı.

İşçiyə nəzarət yoxdur

Dediyinə görə, ən yaxın dostu sözügedən ölkədə oxuyub və ondan Finlandiya haqda kifayət qədər məlumat toplaya bilib. Bundan başqa, Skandinaviyada həyat səviyyəsinin yüksək olması seçiminə təsir edən amillərdən olub: “Finlandiyaya getməmişdən əvvəl 3 il işlədim və pul yığdım. Sonra sözügedən ölkədə təhsil almağa yollandım. Qeyd edim ki, Finlandiyada, ümumiyyətlə, təhsil haqqı yoxdur. Çox cüzi miqdarda Tələbə Birliyi üzvlüyü üçün ödəniş etməli olursan. Təhsil haqqı verməsəm də, digər bütün xərclərimi özüm qarşılayırdım. Finlandiyada təhsil almaq mənə burdakı həyat tərzi və biznes şəraiti ilə daha yaxından tanış olmaq şansı verdi. Yüvəskülə Universitetində (University of Jyvaskyla), İqtisadiyyat və biznes işinin təşkili üzrə magistr dərəcəsi aldım. İxtisasım sahibkarlıq olduğundan yekun diplom işimi də immiqrant sahibkarlar haqqında yazdım və biznes imkanları barəsində bir çox şeyləri öyrəndim”.

Sözügedən ölkədəki iş imkanlarını araşdırandan sonra Kənan da orada qalıb işləməyə qərar verir və təhsil aldığı dövrdən müxtəlif layihələrdə çalışır. Finlandiyada yaşamağa davam etməyə qərar verdikdən sonra 2 seçim qarşısında qalır: ya doktorantura pilləsi üzrə təhsilə davam etmək, ya da işləmək. Kənan da ikinci varianta üstünlük verir. Dediyinə görə, Finlandiyada işləmək çox rahatdır: “İşdə işçini yoxlamaq, ciddi nəzarət etmək məsələsi yoxdur. Məsələn, mən layihələrdə işləyəndə, gündəlik plan tuturdum və gün ərzində nə zaman nahara çıxacağıma, fasilə verib kofe içəcəyimə özüm qərar verirdim. Amma sərbəstlik olduğu qədər də dəqiqlik vacibdir, yəni işə gecikmək, işi vaxtında təhvil verməmək və s. kimi məsələlərə çox ciddi yanaşılır”.

“İşimi böyütmək istəyirəm”

Magistratura təhsilini başa vurandan sonra həmsöhbətimiz özü müstəqil işləməyə qərar verir: “Hazırda öz kiçik şirkətim var və başlanğıc dövrdəyəm. İşimin əsas hissəsi Azərbaycana gələn müəyyən telefon və digər cihazların proqramlarının dilini və o cümlədən funksional yoxlanışını həyata keçirməkdir. Proqramlar hazır gəlir və mən orada olan funksional çatışmamazlıqlar, kobud dil səhvləri, o cümlədən cihaz haqda ümumi fikirlərimi bildirirəm. Bundan başqa, digər kiçik işlər də görürəm və gələcək üçün planlarımı qururam. Hazırkı işimdə daha böyük şirkətləri cəlb etmək və fəaliyyətimi genişləndirmək qarşıma qoyduğum əsas vəzifələrdəndir. Həmçinin Finlandiya və Azərbaycan şirkətləri arasında əlaqələr qurmaq və hər iki tərəfin imkanlarını bir-birinə çatdıran şirkət olmağı planlaşdırıram. Daha yaxın gələcək üçün digər fərqli layihələri də gerçəkləşdirməyi düşünürəm. Məsələn, Finlandiyada yay dil məktəbləri və s. təşkil etməyi düşünürəm. Bu kimi qısa layihələrdə işləyib təcrübə qazanmaq, başqa şirkətlərlə ortaq çalışıb geniş bir şəbəkəyə malik olmaq istərdim”.

K.Məmmədov deyir ki, planları və arzularını həyata keçirmək üçün Finlandiyada ən azı 5-10 il qalmağı düşünür.

Şagirdlər 16 yaşa kimi imtahan vermir

Həmsöhbətimiz Finlandiyada təhsilin vəziyyəti barədə də danışdı: “Orta məktəb təhsilində Finlandiya beynəlxalq PİSA nəticələrinə görə, son illərdə 1-ci yerdə gedirdi, hətta ABŞ daxil bir sıra ölkələr Finlandiya təcrübəsindən yararlanmaq üçün mütəxəssislərini buraya göndərirlər. Burada məktəblərdə demək olar ki, şagirdlərə ev tapşırığı verilmir və şagirdlər 16 yaşlarına kimi imtahan edilmirlər. Ümumiyyətlə, şagirdlər arasında daha yüksək bal yığma, əlaçı, zərbəçi kimi “yarış” və rəqabət anlayışı olmur. Şagirdlər daha çox birlikdə layihələr hazırlamaqla sinifdən sinfə keçmiş sayılırlar. Universitetlərdə imtahanlar olsa da, kitablara çox bağlılığı müşahidə etməmişəm. Yəni bir fənn üçün çoxlu kitab əzbərləmək əvəzinə, ən praktik olanını seçib onu təcrübədə necə tətbiq etməyin yolları axtarılır. Mənim ən çətin imtahanım elmi məqalələrlə dolu qalın bir kitabı oxuyub imtahan vermək idi və həmin imtahanda da dərslik kitabını yanında gətirməyə icazə verirdilər. Çünki ordakı məqalələri oxuyub məğzini anlamaq tələb olunurdu - içindən çaşdırıcı və “filan məqalədə filan şeyin adı nədir” tipli suallar yox idi. Mən də lazım olanda imtahanda kitabı vərəqləyib bəzi şeyləri yada salıb sualları cavablandırırdım”.

Kənan deyir ki, Finlandiya təhsilində tələbələrin rəqabətdən daha çox birliyə sövq edilməsi onun diqqətini cəlb edib: “Təhsil aldığım müddətin ən azı yarısında kursu bitirmək üçün 3-5 nəfərlə birlikdə layihə hazırlamalı və onu bütün qrupa təqdim etməli olurduq. Bu, tələbənin təhsildən gələcək iş həyatında işbirliyinə, qrupda işləməsinə kömək edir və özünə güvəni artırır”.

“İlk dəfə orada qışdan ləzzət aldım”

Finlandiyaya ilk getdiyində Kənanı sözügedən ölkədə çox şey təəcübləndirib. İlk növbədə şəhərdəki sakitlik diqqətini çəkib: “Amma sonradan buna öyrəşdim və indi küçədə siqnal, qışqırıq və s. səs eşidəndə təəccüblə çevrilib baxıram. Burada polisin əsas işi evlərdə səs-küy olanda qonşuların şikayəti əsasında gedib sakitçiliyi bərpa etməkdir. Finlandiyaya təzə getdiyim vaxtlar bütün supermarketlərin iş günləri axşam saat 9-da, şənbə-bazar isə saat 6-da bağlanmasına da təəccüblənmişdim. Sonradan öyrəndim ki, işçilərə gecələr daha yüksək maaş verilməli olduğundan çox yer gecələr işləmir. Burada hətta 24 saat işləyən aptek belə yoxdur. Gecə vaxtı ağrısı olanlar xəstəxanaya gedib həkim nəzarətindən keçib ağrıkəsici və digər dərmanlar əldə edə bilirlər”.

İlk dəfə Finlandiyada qış fəslinin gözəlliyini yaşayan, soyuqdan, qardan zövq alan həmsöhbətimiz deyir ki, Azərbaycanda adətən qışda çoxlu qar yağanda güclə marşrut tapıb harasa getmək olur: “Bakıda qar yağdıqda insanların əyləncə olaraq yalnız qar adam düzəltdiyini və qartopu oynadığını görmüşdüm. Lakin burada 5-30 dərəcə şaxtada buzlu göldə üzmək və ya balıq tutmaq kimi əyləncə növləri, o cümlədən bir sıra qış idman növləri ilə tanış olduqda təəccüblənmişdim. İndi qış mənim nəzərimdə demək olar ki, ən sevimli fəsildir. Digər tərəfdən, qışda günlərin qısa olmasından sonra yazın günəşli günlərində hər kəs bayıra çıxır və günəşlənməyə çalışır. Hava 10-15 dərəcə isti olan kimi göl qıraqlarında günəşlənən çoxlu insan görmək olur”.

Varlı-kasıb təbəqəsi yoxdur

Kənan Finlandiya cəmiyyəti ilə bizim cəmiyyət arasındakı bəzi fərqlərdən də danışdı: “Finlandiyada insanlar, yaşlı nəsil belə həvəslə idmanla məşğul olurlar. Bu, onların gündəlik həyat tərzidir. Bundan başqa, finlər çox çox məsafəlidirlər. Yəni bizim anladığımız yaxın qonşuluq, dostluq kimi şeylər burada yoxdur və ya çox azdır. Digər bir fərqlilik burada cəmiyyətin böyük bir hissəsinin bərabər səviyyədə yaşamasıdır. Yəni varlı və kasıb təbəqəsi demək olar ki, gözə çarpmır. Vergilər və hətta cərimələr belə insanların gəlirlərinə görə təyin olunur. Məsələn, dünyanın ən çox radar cəriməsi Finlandiyada olub və cərimələnən sürət həddi 40 km/s olan yerdə 80 km/s ilə hərəkət etdiyi üçün 200 min dollar cərimə alıb. Bu, onun həmin ildəki gəlirinin yüksək olmasından qaynaqlanır. Eyni qanun pozuntusu ilə məni təqribən 350 dollar cərimələyərdilər.

Lalə MUSAQIZI