• cümə axşamı, 25 aprel, 23:56
  • Baku Bakı 21°C

Filosof və mütəfəkkirlərin təlim-tərbiyə prosesinə baxış bucağı

03.04.21 09:15 3605
Filosof və mütəfəkkirlərin təlim-tərbiyə prosesinə baxış bucağı
Zaman külək kimi əsdikcə, tarix ələk kimi ələndikcə, bəşəriyyətin nadir inciləri almaz dənələri kimi üzə çıxır. Zamansız və məkansız Ömər Xəyyam kimi...
Azərbaycan və bu yurdun qədim sakinləri olan azərbaycanlılar hələ qədim zamanlardan yazı və oxu mədəniyyətinə sahib olmuş, dövrün, ictimai həyatın xüsusiyyətlərinə uyğun təhsil ocaqları yaratmış, insanları in-kişafa, tərəqqiyə, yüksək əxlaqa səsləyən müdrik fikirlər söyləmişlər. Zaman-zaman ölkəmizə edilən basqınlar üzündən ulu babalarımızm yaratdıqları zəngin elmi, ədəbi və pedaqoji irsin mühüm bir qismi tələf edilmiş, böyük bir mənəvi xəzinə vətənimizdən çıxarılmış, başqa ölkələrə aparılmış və bir qismi də itirilmişdir. Pedaqoji elmin əsası hələ qədim Şərq fəlsəfəçilərin traktatlarında qoyulmuşdur.
Qədim mütəfəkkirlərin fikirlərinə görə, mütəşəkkil tərbiyə sistemi şəxsiyyətin və ümumiyyətlə, cəmiyyətin hərtərəfli, harmonik inkişafı üçün zəruri olan şərtlərdən biridir. Bu prinsiplər daha parlaq şəkildə Çin fəlsəfəçi Konfusinin (m.ö. VI-V əsr) əsərlərində öz əksini tapmışdır. O yazır: «Insanda təbiilik tərbiyəyə üstün gəlirsə, o, nadandır. Tərbiyə təbiilikdən üstündürsə, o, quru, təcrübəsiz alimə bənzəyir. Yalnız tərbiyə və təbiilik tarazlıqdadırsa insan alicənab bir şəxsiyyət ola bilər». Konfusi hər insan üçün gərəkli olan etik qaydalar kompleksini işləmişdir.
VI-IV əsrlərdə qədim Yunanıstan və Romada da təlim-tərbiyə sistemlərinin yaranması ilə əlamətdar idi. Tərbiyə problemləri xüsusən yunan mütəfəkkirlərin marağını cəlb edir. Görkəmli fəlsəfəçilərin əsərlərində tərbiyənin məqsədi, mətni və metodları haqqında fikirlər toplanmışdır. Məsələn, Sokrat (m.ö. V-IV əsr) «dinləyicinin qoyulmuş suallara düzgün və sərbəst cavab tapmaq bacarığına yönəldilmiş induksiya təlim metodunu» tövsiyə etmişdir. Aristotel isə (m.ö. IV əsr) vaxtı ilə Demokritin ifadə etdiyi «təbiyyətə uyğun tərbiyə» haqqında fikrini əsaslandırmış, insanın hərtərəfli tərbiyəsi haqqında ideya irəli sürmüşdür.
Tərbiyə probleminin aktuallığı bir neçə şərtlərlə əlaqədardır:
Birincisi, bizim cəmiyytimizin savadlı və eyni zamanda yüksək mənəvi keyfiyyətlərə malik gənclərə ehtiyacı vardır.
İkincisi, müasir zamanda mənəviyyatı, intellekt və hissləri tam formalaşmamış məktəblilər pozitiv və neqativ xarakterli müxtəlif informasiyaların güclü təsirinə məruz qalırlar.
Üçüncüsü, təhsil özü - özlüyündə tərbiyə məsələsinə tam zəmanət vermir, çünki tərbiyə şəxsiyyətin elə bir keyfiyyətdir ki, insanın gündəlik həyatda ətrafdakılara olan hörmətini ifadə edir.
Bilmək lazımdır ki, insanın dəyərləri əsrlər boyu işlənib hazırlanmış, bizim dövrümüzə qədər gəlib çatmışdır. Bu mənəvi dəyərlər insanlığın həyat fəaliyyətinin müxtəlif dövrlərində təzahür etmiş dini təlimlər, müdriklərin mənəvi axtarışları, xalqın, etnosun adət - ənənələri əsasında formalaşmış sosial davranış qaydalarıdır. Bu təsadüfi deyildir ki, insanın düşüncə vasitələri və həyat fəaliyyətinin əsasında duran dəyərlər mənəvi nöqteyi - nəzərdən, həyat simvolu kimi düşünülmüş, necə deyərlər, nəsli mühafizə işinə xidmət etmişdir.
Tərbiyə problemi fəlsəfənin də tədqiq etdiyi problem olduğu üçün pedaqoji, psixoloji əsasları ilə yanaşı fəlsəfi əsasları da araşdırılmışdır. Bəs tərbiyənin fəlsəfi əsasları və məzmunu haqqında filosofların fikri nədən ibarətdir?
Mənəvi tərbiyə məsələləri, şəxsiyyət problemi fəlsəfi fikrin bütün tarix boyu mütəfəkkirlərinin diqqət mərkəzində duran mövzulardandır. Keçmişdə filosoflar belə hesab edirdilər ki, insan həyatının norma və dəyərlərini anlamadan insan təbiətini dərk etmək mümkün deyil.
Zərdüştiliyin mənəvi prinsipləri Humata (xeyirxah fikir, düşüncə), Huxta (xeyirxah söz), Hvarşta (xeyirxah əməl) sülhü, əmin-amanlığı qorumaq, əməksevərlik, qənaətçillik, xeyirxahlıq, ədalətlilik tələblərini ifadə edirdi. Zərdüştilik sosial fikir tarixində məhz bu arzu, təklif və tələblər üzərində qurulmuş, maddi və mənəvi cəhətdən bizə məlum olan ilk kamil cəmiyyətin təsvirini verir. Qədim yunan mədəniyyəti və fəlsəfəsində mənəvi tərbiyə problemlərini Demokrit, Pifaqor, Anaksarx, Pirron, Sokrat, Platon, Aristotel, Laertli Diogen, Evdoks, Feopomp, Rodoslu Evdem, Gekatey öz əsərlərində ətraflı göstərmişlər.
Demokrit əqli inkişaf məsələlərini mənəvi tərbiyə ilə sıx əlaqələndirirdi. O, belə hesab edirdi ki, mənəvi cəhətdən zəngin insan həmişə cəsarətli, mərd olmalıdır, öz hisslərinə hakim olmalıdır, həmişə yaxşılığa can atmalıdır, vaxtını boş keçirməməlidir, düşüncəsiz, yüngül həyat tərzindən uzaq olmalıdır, öz arzularına real imkanlara uyğun, müəyyən həddə harmonik şəkildə çatmalıdır. O, mənəvi hərəkətləri sistematik olaraq məşq etdirməyi insanın mənəvi keyfiyyətlərinin təkmilləşməsində mühüm vasitə hesab edirdi.
Sokrat antik dövrün ən sirli filosoflarından hesab olunur. Ksenofont Sokrat haqqında xatirələrində onun tətqiqatlarının əsasında nəyin müqəddəs, nəyin günah, nəyin yaxşı, nəyin pis, nəyin ədalətli, nəyin ədalətsiz, nəyin kamil, nəyin ağılsız, nəyin cəsarətli, nəyin cəsarətsizlik olduğunu göstərirdi. Sokratın fəlsəfəsi əsasən etik problemlərə istiqamətlənmişdir. Əsl fəlsəfənin və əsl filosofun fərqləndirici cəhətini bilik və insanlığın vəhdətində görən Sokratın düşüncələrinə görə fəlsəfə təkcə nəzəri fəaliyyətlə deyil, həmçinin praktik hissəni - xoş davranışı və müdrik olmağı özündə birləşdirir. Yaxşılıq haqda biliklər insanı yaxşı hərəkətlərə sövq edər və pislikdən qoruyar.
Platon tərbiyənin əsas məsələsi kimi nəsillərə yaxşılıq prinsiplərini və bununla ruhun əqli hissəsinin möhkəmləndirilməsini əsas göstərirdi.Mənəvi keyfiyyətlərin, yəni fəzilətlərin fitri olduğunu söyləyən filosof hesab edir ki, düzgün tərbiyə bunları nizama salır, yanlış tərbiyə isə insanın «qabında olanları» ya məhv edir, ya da təhrif edir.
Mənəvi keyfiyyətlərin anadangəlmə deyil, həyatda qazanılması fikrini Aristotel daha da inkişaf etdirmişdir. O, tərbiyənin üç növünü xüsusilə qeyd edirdi: fiziki, mənəvi, əqli. Aristotel bu sırada ruhun, mənəviyyatın inkişafını elmi öyrətməkdən önə qoyurdu. Filosof mənəvi tərbiyənin yüksək dəyərini qeyd edərək mənəvi cəhətdən inkişaf etmiş insanı kamil insan hesab edirdi. Məsələn, təbiətdə yuxarıdan aşağı diyirlənən daşı geriyə, yuxarıya qalxmağa öyrətmək qeyri-mümkündür.
Fəlsəfi ədəbiyyatlarda müdrik alim-filosof Lyusiy Aney Seneka tərbiyənin əsas məsələsi kimi insanın mənəvi cəhətdən kamilləşməsini, təkmilləşməsini, tərbiyənin əsas metodu kimi ilahi ideala doğru hərəkəti əsas götürürdü. O mühüm vasitə kimi əyani şəkildə həyatdan və tarixdən nümunə gətirməyi xüsusilə qeyd edirdi və uzun nəsiyyətlərdənsə qısaca misallar çəkməyi üstün bilirdi.
Qeyd edək ki, şəxsiyyəti intensiv sosial inkişafa məcbur etməyin humanist olmaması məsələsi müasir fəlsəfi və pedaqoji təlimlərdə birmənalı izah olunmuşdur. Məsələn, freydist və neo­frey­dist yönümlü fəlsəfi təlim­lərin nümayəndələri (Dc. Dyui, E.From və başqaları) pedaqoji prosesdə şəxsiyyətə hər cür təz­yiq gös­tər­məyin əleyhinə çıxış edirlər.
Kvintilian döyməklə cəzalandırmağa qarşı çıxaraq bunu şagirdin şərəf və ləyaqətinə qarşı təhqir hesab edirdi və bunun təhsilə kömək olduğunu deyil, əksinə onların ruhunu, mənəviyyatını məhv etdiyini göstərirdi. O belə düşünürdü ki, müəllim təhsildə sadə, çalışqan, işində səbrli, əsl nümunə olmalıdır və şagirdlərinə valideyn hissləri bəsləməlidir.
K.A. Berdyayev, V.A.Belinskiy, S.N.Bulqakov, A.N.Qertsen, L.N.Qumilyov kimi filosofların şəxsiyyətin tərbiyə problemini işıqlandıran pedaqoji axtarışları fəlsəfi biliklərlə sıx bağlıdır. Belinskiy tərbiyənin dəyərini belə qeyd edirdi ki, bir çox tərbiyə "növü” mövcuddur, ancaq hər birindən üstün bütöv cəmiyyətin mənəviyyatına təsir göstərən mənəvi tərbiyədir.
Azerbaycanın görkəmli pedaqoqu, professor Rüfət Hüseynzadə "Qədim və erkən orta əsrlərdə Azərbaycanda tərbiyə, təhsil və pedaqoji fikir" adlı əsərində ən qədim dövrlərdən başlayaraq Azərbaycanda təlim -tərbiyə mədəniyyəti, təhsil məsələlərini araşdırmış, maraqlı faktlar üzə çıxararaq onları pedaqoji yöndən təhlil etmişdir. Müəllif ilk öncə Qobustan qayalarında, Naxçıvanda Gəmiqaya, Kültəpə və Fərhad evində, Füzuli rayonu ərazisindəki Azıx mağarasında, Cənubi Azərbaycanın Tamtama mağarasında, Qaradağda və digər tarixi yerlərimizdə öz əksini tapmış, qazılımış yazıların, piktoqrafik işarələrin, rəsmlərin, daş kitabələrin pedaqoji fikir tariximizdəki yerini və əhəmiyyətini göstərmiş, qədim Azərbaycan ərazisində mövcud olmuş ən qədim tayfa birliklərində, quldar və feodal dövlətlərində tərbiyə və təhsil, yazı, oxu mədəniyyəti məsələlərini rolunu şərh etmişdir. Müəllif əsərində göstərir ki, islamiyyətin yayılmasına qədər Azərbaycanda Zərdüşt məktəbləri geniş fəaliyyət göstərmiş, atəşkədə və atəşgahlar Zərdüştlüyün həm ibadət yeri, həm də təlim, tədris mərkəzləri olmuşdur ki, bunlar da Azərbaycanda məktəb təhsilinin əsasını təşkil etmişdir. Əsərin maraqlı və əhəmiyyətli cəhətlərindən biri budur ki, müəllif islamiyyətin ilk dövrlərində fəaliyyət göstərmiş suffə, kuttab, məscid və camilərdə, məktəb və mədrəsələrdə təhsil, tərbiyə məsələlərini tarixi dövrlər üzrə və bu müəssisələrdə tərbiyə və təhsilin önəm daşıdığını, səciyyəvi cəhətlərini təhlil olunmuşdur. Əsərdə sufizmin təsiri ilə Azərbaycanın bir çox yerlərində mövcud olmuş Xanegah, Təkyə, Zaviyə və Dərgahlarda tərbiyə və təhsil məsələlərinin təhlili xüsusilə təqdirəlayiqdir. XII-XIII əsrlərdən etibarən Azərbaycanın bir çox şəhərlərində - Naxçıvanda, Gəncədə, Bərdədə, Beyləqanda, Qədim və erkən orta əsrlərdə Azərbaycanda tərbiyə, təhsil və pedaqoji fikir Həmədanda, Marağada və s. yerlərdə yaranan mədrəsələrin quruluşu, təhsilinnə qədər önəmli olduğu vurğulanmışdır. XI əsr ortaq türk alimlərinin, ensiklopedik zəka sahiblərinin - o cümlədən Farabinin, İbn Sinanın, M.Kaşqarlının, Yusif Xas Hacibin, Ədib Əhməd Yüknəkinin bədii-fəlsəfi, didaktik-pedaqoji əsərləri şəxsiyyətin formalaşmasmda, kamil insan yetişdirilməsində önəmli yer tutmuşdur.
Müasir dövrdə də XIX əsr Azərbaycan maarifçilik fəlsəfəsinin ilk təmsilçisi təbiət elmləri, tarix, məntiq, filologiya və s. sahələr üzrə əsərlərin müəllifi, şair və filosof Abbasqulu ağa Bakıxanovdur. Onun "Əxlaqın tərbiyələnməsi”, "Nəsihətlər kitabı”, "İşıqların yerləşdiyi yer”, "Camalın aynası” və s. əsərlərində mənəvi tərbiyə ilə bağlı fikirləri öz əksini tapmışdır. Onun fəlsəfəsinin əsas qayəsi maariflənmə yolu ilə kamil şəxsiyyət yetişdirmək, ədalətli cəmiyyət qurmaq olmuşdur. A.Bakıxanovun irsində kamilləşmənin sufizmdən gələn mistik (tərki-dünyalıq yolu ilə Allaha qovuşmaq) və dünyada mədəni-fəlsəfi inkişafla bağlı zəka, elm kimi iki yolu göstərilir. Mahmud Şəbüstəri, Yusif Qarabaği və b. irsində də göstərilən bu iki yol A.Bakıxanovun kamilləşmə konsepsiyası üçün təməl idi. O, əsrinin elmi nailiyyətlərindən çıxış edərək mənəvi təkmilləşmədə elmə, elmlə əməlin (praktikanın) bağlılığına və mövcudatın rasional dərkinə xüsusi əhəmiyyət verirdi. Abbasqulu ağa Bakıxanovun fikrincə, hər bir kəs yaşadığı cəmiyyətin əxlaq normalarını qəbul etməlidir. Özünü cəmiyyətə qarşı qoymaq faydasız, cəmiyyətlə uzlaşmaq isə faydalıdır. Əxlaq və davranış formaları insanların fəaliyyətinin düşünülmüş tənzimlənməsi nəticəsində əldə oluna bilər. Filosoflar tərəfindən mənəviyyatla bağlı bir sıra ideyalar irəli sürülmüşdür. Bu ideyaların qəbul edilməsi müasir təhsil prosesində şəxsiyyətin mənəvi tərbiyəsinin problemli məsələlərinin həll edilməsinə çoxsaylı metodların üzə çıxarılmasına kömək edir. Mənəvi baxış aspektindən öz pedaqoji, fəlsəfi ideyalarını təqdim edən alim-filosofların yaradıçılıqlarının öyrənilməsi böyük elmi dəyərə malik olmaqla yenidən və yenidən pedaqoji stereotipləri nəzərdə keçirməyə vadar edir və gənclərin tərbiyə prosesinin nəzəri və təcrübi problemlərinə yeni yanaşmaların yaranmasına səbəb olur.
Təlim - tərbiyə prosesinin pedaqoji, fəlsəfi əsaslarını araşdırarkən belə nəticəyə gəlmək olar ki, müəyyən pedaqoji nəzəriyyənin quruluşunun əsasında fəlsəfi və pedaqoji biliklər durur. Hər bir nəzəri tədqiqat gerçəkliyin öyrənilməsi ilə bağlıdır, bəzən də dərketmənin konkret sahəsində alimlərin fəlsəfi-pedaqoji ideyalarının analizi ilə əlaqəlidir. Pedaqogika bu anlamda fəlsəfəyə dərketmə üçün material verir, onların vasitəsilə tərbiyə predmeti fəlsəfə və pedaqogikanın mənəvi-mental dialoqunda mühüm obyekt hesab olunur.
Azərbaycan məktəbi, təhsili və pedaqoji fikri ümumtürk, ümumislam mədəniyyətinin bir parçası kimi həm Şərq, həm də ümum bəşəri dəyərlərdən faydalanaraq öz milli inkişafını sürdürmüş, Şərq, Azərbaycan ruhunu saxlamış və dünya elm və mədəniyyətinə dəyərli töhfələr bəxş etmişdir.
Vüsalə İsmayılova
Naxcıvan Dovlət Universitetinin dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər