“Film çəkdiyimə inana bilmirdim” - Fotolar
Ötən ay tanınmış yazıçı
Səidə Haqverdiyevanın ssenari müəllifi və rejissoru olduğu "Ər quyusu” filminin
qala gecəsində iştirak etdik. Səidə xanımın ilk rejissorluq etdiyi filmdən xoş
təəssüratlarla geri döndük. Filmi 5 günə ərsəyə gətirdiyini deyən Səidə xanımın
ilk filmində yaşananları məhz onun dilindən eşitmək üçün redaksiyaya dəvət
etdik.Qarabağ xanımlarına xas
xanım-xatın ədası, şirin danışıq tərzi olan müsahibimizlə filmin ərsəyə
gəlməsindən tutmuş, qala gecəsinə qədər baş verən proseslərdən danışdıq. Müsahibəni
ixtisarla sizlərə təqdim edirik.
-
Səidə xanım, filmdə baş verən hadisələr real hadisələrdən qaynaqlanıb?
- Bəli. Filmin ssenarisi
həyatda baş verən hadisələr nəticəsində meydana gəlib. Ancaq orada bəzi
məqamlar var ki, öz təxəyyülümü işə salmışam. Belə ki, quyunun boş olması, qızın
əzilməsi - bunların hamısı mənim təxəyyülümdür. Ancaq digər hadisələr real
həyatdan götürülüb. Şahzadənin hikkəsi, oğul arzulaması, getdiyi falçı - bunların
hamısı realdır. Falçı məsələsi bu gün də çox aktual məsələdir. Qadınlarımızın
70 faizi falçılara üz tutur. Falçılar da fırıldaqçılıqla məşğuldurlar. Bəzi
insanlar ümidlərini məhz falçı yanında tapır. Bu, adət-ənənənə halını alıb.
İnsan bir şeyi çox arzulayır və o, həyata keçdikdə elə düşünür ki, bunu getdiyi
falçı edib. Filmdəki qəhrəmanımız onsuz da ərə gedəcəkdi. Qız düşünür ki,
gəlinlik geyinsin, onu alqışlasınlar, vəssalam. Sonrakı proseslər o qədər də
önəmli deyil. Misal üçün, filmdə qızın sevdiyi oğlan Xaliq kəndin ən axmaq
adamıdır. Əslində eləsinə ərə getməkdənsə, ömürlük evdə qalmaq daha yaxşıdır (gülürük).
Evin böyük qızı Xaliqin yerinə başqa birisi də olsa, ona ərə getmək istəyər. Bu
tip düşünən insanların bir problemi var, o da ər problemidir. Biz də filmdə ərə
bir quyu kimi baxmışıq (gülürük).Filmdə qızların ataları ilə
çox mehriban bağlılığı var. Ata ailəsini sevir, hər nə qədər oğul istəsə də, qızlarını
da çox sevir. Kənd camaatının, el adamlarının, qohum-əqrəbalarının rişxəndinə
tuş gəlməmək üçün istəyir ki, oğlu olsun. Bunu bir növ özü üçün faciəyə çevirir.
Qızlarını düşünür, onlara qayğı göstərir, ancaq dərd də çəkir. Əslində bu, o kişinin
deyil, toplumun dərdidir. İnsanların düşüncə tərzi fərqlidir. Qonşunun qızı da ərə
gedir, düşüb qapı-qapı özünü reklam edir ki, guya böyük bir iş görüb. Əslində
bu onun əskikliyidir. Düşünür ki, ərə getməklə onun həyatı tamamlanıb.
- Qızların "ər problemi” bu günün ən aktual məsələlərindəndir. Belə
hadisələr daha çox bölgələrimizdə müşahidə edilir. Və bunu özünə dərd edən
analarımız da az deyil.
- Hər kəsin dərdi kənardakı
insan üçün gülməli gəlir. Başqası üçün faciəvi görünən bir şey biri üçün
komedik hadisə ola bilir. Qızını ərə
vermək istəyən bir insan üçün bu, faciədir. Elə insanlar var ki, bu kimi
şeylərdən dərdə düşür. Bu qızların da dərdi bizim üçün gülməli görünür.
- Filmdəki kənd ab-havası onu izləyən tamaşaçıları sanki öz doğma el-obalarına
apardı. Hətta zalda olduğumuz zaman müəyyən kadrlar göstərilərkən bir çox tamaşaçılardan
"mən də zamanında bunları etmişəm” kimi replikalar eşidirdik.
- Düzdür, 90-cı illəri
görən insanlar bu filmdə özlərini görürdülər. Həmin illəri görən qızlar gözəlləşmək
üçün orada nümayiş olunan üsullardan istifadə ediblər. Mən bunların hamısının şahidi
olmuşam. Həmin dövrün qızları elə bir "çolka” düzəldirdilər ki, ona "Sibel Can çolkası”
deyirdilər. O dövrün qızları nədənsə Sibel Cana oxşamaq istəyirdilər. Dodaqlarını
onun kimi tuturdular, yanaqlarını onun kimi qızardırdılar.
-
Filmdə iştirak edən yaradıcı heyəti necə seçdiniz?
- Kukla Teatrının baş rəssamı
İqbal Əliyevlə söhbət etdim. O, bir neçə filmdə işlədiyi üçün bu sahədə təcrübəsi
böyükdür. Ona qısametrajlı film çəkmək istədiyimi dedim. Əslində 35 dəqiqəlik qısametrajlı
film çəkmək istəyirdim. Beynimdə hər şeyi götür-qoy edirdim. Filmdəki obrazları
seçərkən heç bir estetik əməliyyatı olmamış, dodağı şişirdilməmiş qadınları
tapmağa çalışırdıq. Əslində bu çox çətin oldu, ancaq tapdıq. İstəyirdim ki, baş
rolda Ülviyyə Əliyevanı çəkim, ancaq bunu ona necə deyəcəyimi bilmirdim. Onunla
görüşdük, belə bir fikrimin olduğunu dedim. Çox yaxşı qarşıladı. Söhbət
əsnasında ona axtardığım qəhrəmanın kriteriyalarını deməyə başladım. Bildirdim
ki, qızın saçları qara, qaşları qalın olmalıdır. Mən bunu qrimlə etmək istəmirəm.
İstəyirəm ki, hər şey təbii olsun və bu rolda onu görmək istədiyimi dedim. Heç
tərəddüd etmədən dedi ki, "sən çək, mən oynayaram”.
-
Bəs qonorar?
- Ülviyyə bu filmə görə məndən
heç bir qonorar almadı. Mənə elə köməkliklər etdi ki... Filmdə mənimlə bərabər çalışdı.
Bütün əməyini-enerjisini bu filmə sərf etdi. Tək o deyil, orada iştirak edən
yaradıcı heyət mənə çox dəstək oldu.
-
Bəs, filmin büdcəsi nə qədər təşkil etdi?
- Filmə çox az pul xərclədik.
Aktyorlar demək olar ki, qonorarsız işlədilər. Musiqili və Kukla teatrlarının aktyorlarına
müraciət etdik. Texniki heyətə dedik ki, iki günlük çəkiliş edəcəyik. Ancaq o 2
gün 5 gün oldu (gülürük). Elə bir ucdan ssenariyə əlavələr edirdim. Bir də
gördüm ki, tammetrajlı bir film yazmışam. Beləliklə, 35 dəqiqəlik nəzərdə
tutduğumuz film 95 dəqiqəlik filmə
çevrildi.
-
Qala gecəsində 5 gün çəkiliş etdiyinizi və onun 2 gününü operator ilə küsülü
qaldığınızı qeyd etmişdiniz.
- Elədir. İki gün operatorla küsülü qaldım.
Bir-birimizi anlaya bilmədiyimizə görə kadrların bir çoxu alınmamışdı. Başa
düşdüm ki, operatorla küsmək olmaz. Çəkiliş prosesləri Şamaxıda, Tərtərdə,
Cəlilabadda və Bakıda baş tutdu. İlk dəfə çəkiliş meydançasına gələndə, açığı, necə
başlayıb, necə bitirəcəyimi bilmirdim. Çox az təcrübəm var idi. Bu film mənim üçün
bir təcrübə oldu. "Necə etmək lazımdır, necə etsəydim daha doğru olardı” kimi suallara
cavab tapdım. Əvvəl istəyirdim ki, rejissorların yayına gedib öyrənim, ancaq bu
alınmadı. Mənə elə gəlir ki, ən doğrusunu mən etmişəm. İşləyərək öyrənməyə
çalışdım, çətin olsa da, mənim üçün xoş oldu. İnsan arzuladığı bir şeyi həyata keçirəndə
onun ürəyi fərəh hissi ilə dolur.
-
Filmdən gözləntiləriniz nələr idi?
- Əslində filmi çəkəndə inanmırdım
ki, bu, filmdir. Düşünürdüm ki, görəsən bu, filmdirmi? Tanınmış tənqidçi yazar
Sevda Sultanova ilə söhbət etdim, filmi göstərdim və dedim ki, bax gör, bu
filmdirmi? Onun bu barədə kifayət qədər təcrübəsi, yaxşı təhlil etmək
qabiliyyəti var. O da filmi izlədi və bəzi yerlərini kəsməyi məsləhət gördü.
Dedi ki, yaxşı alınıb. Ancaq uzun dialoqlar mənim üçün dəyərli olduğu üçün
kəsməyə əlim gəlmədi. Filmdən o qədər də böyük gözləntilərim olmayıb. Əgər
məsələnin maddi tərəfini nəzərdə tutursunuzsa, bu filmdən pul qazanmaq niyyətim
olmayıb. Bu mənim debütüm oldu. Mən həm çəkir, həm də öyrənirdim. Film çəkməklə
özümü ifadə edə, nə istədiyimi deyə bilirəm. Bundan sonra da bu işi davam
etdirmək və daha çox qadınlar haqda çəkmək niyyətindəyəm.
-
Səbəb?
- Çünki qadının sözünü deyə
biləcək çox az film var. Dünyanın hər yerində elə rejissorlar var ki, onlar qadın
problemlərini önə gətirir və onların həllini axtarırlar. Tehranda Təhminə
Milani ilə görüş zamanı da qeyd etdim ki, Azərbaycanda yol kənarından keçən qadına
belə "Oskar” mükafatı vermək olar. Çünki Azərbaycan qadını çox güclü, sədaqətli,
xeyirxah və əzmlidir. Azərbaycan qadınının çiyninə aldığı yükü hər qadın daşıya
bilməz.
-
Filmin qalasından sonra Tehrana yola düşdüyünüzü eşitdik. Oraya hansı səbəblə getmişdiniz?
- Tehrana tanınmış
rejissor, ssenarist, bir çox festivallarda münsif heyəti kimi çıxış edən Təhminə
Milani ilə görüşməyə getmişdim. Onun qəbuluna düşmək elə də asan olmadı. Biz
bunun şahidi olduq. O, daha çox səfərlərdə olur deyə, görüşümüz bir qədər
çətinliklə alındı. Ondan filmlə bağlı müəyyən şeylər öyrənmək istəyirdim. Bizi ofisində
qarşıladı, çox isti münasibət göstərdi. İmzalı kitabını və filmlərini disk şəklində
mənə hədiyyə etdi. Ondan çox dəyərli məsləhətlər aldım. Yəqin ki, bundan sonra onunla
mütəmadi görüşəcəyik. Görüşümüz barədə yalnız onu deyə bilərəm ki, söhbət
əsnasında yaxşı ideyalar ortaya çıxdı.
-
Bəs yeni filmi nə zaman çəkəcəksiniz?
- Pulum olduğu an yeni bir
film çəkəcəm. Beynimdə bir neçə layihələr var. Ancaq film çəkmək maddiyyata
bağlı bir şeydir. Yayda qısametrajlı film çəkmək niyyətindəyəm. Bu dəfə tragediya
janrına müraciət edəcəm. Bu filmi nümayiş üçün çəkmək istəmirəm. Film festivallar
üçün nəzərdə tutulur. Yazdığım hekayələrin birinin motivləri əsasında çəkəcəm.
-
Bəzən rejissorlarımız uşaq aktyorlarının azlıq təşkil etdiyini deyirlər. Ancaq
bu filmdə peşəkar uşaq aktrisalarının da olduğunun şahidi olduq.
- Bilirsiniz ki, Kukla
Teatrının nəzdində fəaliyyət göstərən "Oyuq” uşaq teatr studiyasında uşaqların təqdimatında
tamaşalar hazırlayırıq və o tamaşalar beynəlxalq festivallarda öz layiqli
yerlərini tutur. Müxtəlif ölkələrdə keçirilən festivallardan dəvətlər alırıq.
Onlar arasında seçimlər edirik.
Uşaqlarla işləmək nə
onlara, nə də bizə heç bir çətinlik törətmədi. Sadəcə olaraq onların bir neçə saat vaxtını aldıq.
Onlar bu filmdə sadəcə oyunları ilə oynayırdılar. Gündəlik həyatda necə, filmdə
də elə. Filmdə rol alan azyaşlı aktrisalarımız Selcan Xatun, Vüsalə Bəkirzadə,
Nuray Rəhman çox istedadlı uşaqlardır. Onların ifasında film daha baxımlı
alınıb, məncə.
-
Səidə xanım, sizi yazar kimi yaxşı tanıyırıq. İndi isə rejissor kimi tanımağa
başlayırıq. Bəs aktrisa kimi necə, nə zamansa aktrisalıq etmək fikriniz varmı?
- Heç vaxt. Əvvəllər çox istəyirdim
ki, aktrisa olum. Məhəllənin uşaqlarını başıma yığıb köhnə filmlərdən onlara səhnəciklər
göstərirdim. Filmlərin birində Səidə obrazı vardı və orda qızın atası müharibədə
ölür. Həmin filmə baxandan sonra heç zaman aktrisa olmaq istəmədim. Düşünmüşəm ki,
mənim də atam nə zamansa ölə bilər. Aktrisalıq çox çətin sənətdir. Ya ən yaxşısı
olmalısan, ya olmamalısan.
-
Hər nə qədər çətin sənət olsa da, rejissorluqdan asandır.
- Mən elə düşünmürəm. Rejissor
nizam verir, aktyor yaradır. Aktrisa cilddən-cildə girir, insandan insana çevrilir.
Obraza girərkən hətta ruhunu belə dəyişirsən, bu çox çətindir. Filmdə aktrisaların
çəkdiyi çətinlikləri də gördüm. Misal üçün, filmdə ikinci bacını canlandıran Könül
Şahbazova Bakı Uşaq Teatrının aktrisasıdır. Filmə çəkiləndə 4 aylıq hamilə idi,
ancaq bizim bundan xəbərimiz olmamışdı. Mən ona çox ağır-ağır qazanlar daşıtdırırdım
ki, qazanın ağırlığı hiss olunsun. Bu yorğunluqla öz rolunun öhdəsindən ustalıqla
gəldi. Könül rusdilli olsa da, ləhcə ilə çox gözəl danışırdı.
- Hər hansı işi görəndə onu tərifləyən də olur, tənqid edən də. Tənqidlər
eşitdinizmi?
- Buradan mətbuat
nümayəndələrinə öz təşəkkürümü bildirirəm. Qala gecəsindən sonra saytlarda
xəbərlər yazıb, öz təəssüratlarını bölüşmüşdülər. Onların içərisində
tərifləyənlər də var idi, tənqid edənlər də. Başdan sona kimi tənqid edən də
var idi. Qeyd olunmuşdu ki, eyni yerdə çox çəkib. Doğrudur, bizim maliyyə problemimiz
vardı. Mən filmi beş günə çəkmişəm. Bunu nəzərə almaq lazımdır. İndi beş günə heç
klip çəkmirlər. Film çəkmək də asan bir məsələ deyil. Bir də təcrübəsiz olmuşam.
Maliyyəm, vaxtım az olub. Çəkiliş prosesi orucluğa düşmüşdü. Texniki heyətin çoxu
oruc tutmuşdu. İnsanlar ac, yorğun olurdular, zəif düşmüşdülər. Kirayə götürdüyümüz
ev yiyəsi də bizi incitdi, kaprizləri çox idi. İşin mənəvi tərəfi daha üstün
idi. Filmi çəkməyə çox tələsirdim.
- Tələsməyinizin
səbəbi nə idi?
- Anama xərçəng xəstəliyi diaqnozu qoymuşdular. Qorxurdum
ki, çatdırmaram. Anam mənim uğurlarımdan çox sevinirdi. Haqqımda yazılan bütün yazıları
oxuyurdu. İstəyirdim tez başa gəlsin. Ancaq dekabrın 19-da anam dünyasını dəyişdi.
Sevinirəm ki, bu filmi anama göstərə bildim.
Xəyalə Rəis