AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Filipp, “davay do svidaniya”...

Filipp, “davay do svidaniya”...

Mədəniyyət
02 Noyabr 2012, 16:22 2016
Kamal Əli

9 noyabr 1918-ci il tarixində Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli bayrağı təsdiqlənmişdi və həmin gün Azərbaycan dövlətinin təqvimində Dövlət Bayrağı günü olaraq hər il qeyd olunur. Şükürlər olsun ki, qarşıdakı 9 noyabr günü, üstəlik, müqəddəs cümə günü xalqımızın bayram sevincinə Filipp Kirkorov tərəfindən, özü də Dövlət Bayrağı meydanında zəhər qatılmayacaq. Belə ki, şou-biznes başbilənlərinin bu xatası son məqamda aradan qaldırılaraq Kirkorovdan canımız qurtardı. Daha doğrusu, şəxsən mənin umduğum və ümidim odur ki, Kirkorovun Bakı səfərini təşkil edənlər tərəfindən səbəb olaraq göstərilən “texniki problem”in arxasında məhz dəlisov Filippi Bakıda, özü də belə bir əlamətdar gün görməmək arzusu durub.
Amma başqa cür düşünənlər də az deyilmiş. Hər halda Rusiya xalq artistinin Baku Crystall Hall-da nəzərdə tutulmuş konsertinə əvvəlcədən bilet almış 30 minədək azərbaycanlının onun Bakıya təşrif buyurmasına pulları ilə “səs verməsi” məhz belə bir qənaətə əsas yaradır. Və mən sırf həmin həmvətənlərimin diqqətinə çatdırmağı özümə borc bilirəm ki, Kirkorovun konsertinə xeyli baha qiymətə bilet almaq üçün ödədikləri həmin pullar sonradan Ermənistan dövlətinin büdcəsinə köçürülüb azərbaycanlı uşaqları hədəf alan snayperlərin məvacibini ödəmək üçün sərf olunacaqdı. Sizə misal lazımdırsa, buyurun. Keçən il 8 mart günü Ağdam rayonu sakini Fariz Bədəlov optik nişangahlı snayper tüfəngilə başından vurulmuşdu. Yəni atəş açan qarşısındakının 9 yaşlı uşaq olduğunu çox aydın görürdü. Digər tərəfdən, bizi öldürənlərin erməni diasporu tərəfindən maliyyələşdirilməsi hamıya bəllidir. Həmin diasporun təmsilçilərindən biri də Filippin doğmaca atası Bedros Kirkorovdur. Bu yaxınlarda Dağlıq Qarabağı növbəti dəfə qanunsuz olaraq, bizə acıq verərək, bizi aşağılayaraq ziyarət etdikdən sonra Bedros Rusiya Erməniləri İttifaqının saytına verdiyi mücahibədə belə demişdi: “Son dəfə orada lap yaxın vaxtda olmuşdum. İlk dəfə Dağlıq Qarabağa sentyabrın 2-də gəlmişdim, stadionda DQR-in 20 illiyinə həsr olunmuş möhtəşəm konsert keçirmişdilər. O konsertdə “Ararat”, “Krunq” və başqa mahnılar oxudum. “Krunq”u babam öyrətdiyi kimi həmişə diz üstdə oxuyuram. Babam deyərdi, Araratsız biz ayaqsız kimiyik. Bir də deyərdi ki, Ermənistanı müharibə ilə yox, dilin gücü ilə (bari lezvov arnink Hayastan), yəni diplomatiya ilə, sülh yolu ilə qazanmalıyıq. Bizdə belə bir atalar sözü var – anuş lezvov ose dzakin k hanes, yəni şirin dillə ilan balasını da yuvasından çıxartmaq olar.
Qarabağda da, İrəvandakı rus dram teatrında da Vitorqan, Petrenko, Kostolevski kimi kino ulduzları soyqırımla bağlı (Berlində Tələt paşanı qətlə yetirən erməni gənc məhkəmədə bəraət alır – K.Ə.) tamaşa göstəriblər. Ermənilərlə bolqarların ümumi tarixi var, hər iki xalq türklərin zülmü altında yaşayıb. Ümumiyyətlə, mənim üçün Ermənistanın xüsusi yeri var. Özüm təmiz erməniyəm, ermənicə də yaxşı danışıram. Lap kiçik yaşımdan, Varnada yaşayanda biz həmişə ermənicə danışardıq, bunu babam tələb edirdi. Bizim ermənicə danışdığımızı mütləq hamı eşitməli idi...”
Ata Kirkorovun bu ürək sözləri oğul Kirkorovun azərbaycanlı pərəstişkarlarına toxunmayıbsa, onlara deməliyəm ki, Filipp dədəsindən heç də geri qalmır. Və atasının sözlərinə görə, erməni milliyyətini açıb-ağartmamasının yeganə səbəbi anasının yəhudi olmasıdır. Yəhudilərdə də milliyyət məhz ana tərəfindən müəyyənləşdirilir. “Amma məncə, yenə də ermənilər üçün çox işlər görür. Məsələn, 2010-cu ildə “Yeni dalğa” müsabiqəsində münsiflərdən biri olaraq Vova Arzumanyanı birinci yerə çıxarmışdı. Sonrada Vova Uşaq Eurovision-2010-da da baş mükafata layiq görüldü. 2011-ci il “Yeni dalğası”nda isə Ukraynadan iştirak edən Andranik Aleksanyanın da Grand Prix almasına Filipp çox sevinmişdi. Dərhal onun müalicəsi üçün vəsait toplamaq üçün komitə yaratmağı mənə tapşırdı. Yəni Filipp belə şeyləri reklama çevirən deyil. Mən isə erməniliyimlə həmişə fəxr etmişəm” – deyə Bedros Kirkorov sevincək bildirib.
İndi də Filipp Kirkorovun Bakıda Azərbaycan Dövlət Bayrağı günü Dövlət Bayrağı meydanının lap yaxınlığında konsert verməsinin hansı rəmzi məna daşıyacağını bir daha düşünüb-daşınmağa dəvət edirəm. Habelə, bu konsertdə əylənib şənlənən minlərlə azərbaycanlıdan qazanılan pullarla daha neçə azərbaycanlı uşağın öldürüləcəyi haqda da...