• cümə, 19 Aprel, 07:27
  • Baku Bakı 13°C

Fikrət Yusifov: “Dövlət özü əkib-becərənə həm dəstək olur, həm də öncədən razılaşmış şərtlərlə onun istehsal etdiyi məhsulu alır”

16.03.17 15:20 882
Fikrət Yusifov: “Dövlət özü əkib-becərənə həm dəstək olur, həm də öncədən razılaşmış şərtlərlə onun istehsal etdiyi məhsulu alır”
"Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti (ASC) 2016-cı ilin aprel ayında Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar çərçivəsində ölkə başçısı İlham Əliyevin sərəncamı ilə yaradılıb. Cəmiyyətin əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, ərzaq məhsullarının keyfiyyətini, eləcə də dövlət vəsaitindən istifadənin səmərəliliyini artırmaq və dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etməkdən ibarətdir.

Sabiq maliyyə naziri, "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov "Kaspi”yə açıqlamasında bildirib ki, əslində ölkə prezidentinin ötən ilin aprelində imzaladığı sərəncamda ASC-nin yaradılması, qarşıda duran vəzifələr aydın şəkildə göstərilib. Onun sözlərinə görə, bu sərəncama qədər hər bir büdcə təşkilatı fərdi qaydada onun üçün nəzərdə tutulmuş vəsaitlər hesabına ərzaq məhsullarının alınması ilə məşğul olub: "Sərəncama qədər ümumilikdə ölkə üzrə 800-dən çox büdcə təşkilatı bu işlə məşğul idi. Belə olan halda hər bir təşkilatın bu alışları lazım olan bir səviyyədə və yüksək peşəkarlıqla keçirə bilməsindən söhbət gedə bilməzdi. Bu məqsədə ayrılmış vəsaitlərdən səmərəsiz istifadə olunması, alışların həyata keçirilməsi zamanı baş verən neqativ işlər isə illər idi ki, adi bir hala çevrilmişdi. Dövlət bu sərəncamla ərzaq məhsullarının alışı üçün hər il ayrılan büdcə vəsəitlərindən maksimum səmərəli istifadə olunmasını təmin etməklə yanaşı, eyni zamanda yerlərdə bu məhsulların istehsalçılarına geniş fəaliyyət meydanı açmış oldu”.

İqtisadçı ekspert qeyd edib ki, indi "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC nəinki kəndlinin, fermerin istehsal etdiyi məhsulun alıcısıdır, o həm də əkib-becərmək üçün kəndliyə, fermerə maliyyə dəstəyi verir və onlarla istehsal edəcəkləri məhsulun tədarükünə dair öncədən müqavilə bağlayır: "Zaman-zaman əkib-becərmək üçün ilkin kapitalın olmamasından əziyyət çəkən və yetişdirdikləri məhsulların satışı ilə bağlı problemlərlə üz-üzə qalan kəndli-fermerlər üçün bu çox önəmlidir. Ötən illər ərzində yerlərdə əkin-biçinlə məşğul olan insanların məhz bu problemlər üzündən istehsalla məşğul olmaq istəmədiklərinə dair söz-söhbətlərə tez-tez rast gəlinirdi. İndi isə bu sahədəki, düzən tamamilə dəyişib. Dövlət özü əkib-becərənə həm dəstək olur və həm də öncədən razılaşmış şərtlərlə onun istehsal etdiyi məhsulu alır. Bu yanaşım ölkədə məhsul bolluğunun yaradılması, qiymətlərin aşağı düşməsi və ixrac potensialının artmasında da öz sözünü deyəcək”.
Kaspi.az

banner

Oxşar Xəbərlər