• çərşənbə axşamı, 23 aprel, 16:26
  • Baku Bakı 24°C

Fikrət Sadıxov: Ermənistan beynəlxalq aləmdə etimadını itirdi

06.09.13 08:52 1398
Fikrət Sadıxov: Ermənistan beynəlxalq aləmdə etimadını itirdi
Moskvaya qəfil, planlaşdırılmayan səfər edən Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin Avrasiya İttifaqı və Gömrük İttifaqına üzv qəbul olunmasını Rusiya rəhbərliyindən xahiş edib. Son günlərə kimi, Avropaya inteqrasiyadan dəm vuran Ermənistan rəhbərliyinin bu qəfil addımı isə Qərbdə birmənalı qarşılanmadı. Və bu addım bir daha göstərdi ki, Ermənistan sözün əsl mənasında forpost ölkə olaraq qalır və heç bir vaxt müstəqil xarici siyasət yürüdə bilməz. Yaranmış vəziyyəti şərh edən politoloq Fikrət Sadıxov hesab edir ki, əvvəldən Ermənistanın qərbyönümlü bir dövlətə çevriləcəyi barədə səslənən fikirləri qeyri-ciddi sayıb.
- Ermənistanın qəfil, planlaşdırılmayan bu qərarının arxasında nələr durub?
- Ermənistan dəfələrlə Rusiyadan asılı olduğunu bəyan edib. Əvvəlcədən bu ölkənin siyasi dairələrində Aİ ilə əməkdaşlığın iqtisadi nöqteyi-nəzərindən əlverişli olduğu bildirilirdi. Qəfildən isə belə bir sazişə qol qoyuldu. Ümumiyyətlə, texniki cəhətdən bu məsələ anlaşılan deyil. Ümumi sərhədləri olmaya-olmaya hansı Gömrük İttifaqından söhbət gedə bilər? Sarkisyan faktiki olaraq ölkəsinin suverenliyini başqa əllərə vermiş oldu. Faktiki olaraq Ermənistanı vassal vəziyyətinə çalmış oldu. Rəsmi Yerevanın Avropa İttifaqı ilə yaxınlaşması əvvəldən uydurulmuş bir məsələ idi. Ermənistanda çox gözəl başa düşürlər ki, bu ölkə birbaşa Rusiyadan asılıdır. Avrointeqrasiya ilə bağlı söz-söhbətlər də ona görə ortaya atılmışdı ki, Serj Sarkisyan prezidentliyinin sonuna kimi qalacağına ümid etmir. Uzun müddət idi ki, Ermənistanda belə bir fikir yayılırdı ki, ölkə Aİ-nin proqramında iştirak edəcək və Avropaya inteqrasiya edəcək. Ermənistanda bu gün çoxsaylı mitinqlər, nümayişlər, tələbələrin aksiyaları keçirilir. Yəni ölkədə vəziyyət sabit, normal deyil. Sarkisyan da başa düşür ki, qüvvələrin belə bölgüsü şəraitində, o sadəcə öz müddətinin sonuna kimi vəzifəsində qalmaya bilər.
- Sarkisyanın qəfildən belə bir addım atması nə ilə bağlıdır?
-Sözsüz ki, Ermənistandakı ağır sosial-iqtisadi və siyasi vəziyyətlə. Sarksiyanın üzvlük barədə bəyanatı iqtisadi və yaxud maliyyə qərarı deyil, bu siyasi və hərbi qərardır. Ermənistan əvvəlcə iki stulda əyləşməyə can atırdı. O, əvvəlcə Gömrük İttifaqına, sonrakı mərhələdə isə Avrasiya İttifaqına üzv qəbul olmaq istəyirdi. Eyni zamanda Avropa ilə yaxınlaşmağa cəhd göstərən rəsmi Yerevan Aİ ilə hətta Assosiativ razılaşmaya da imza atmağa çalışırdı. Ermənistan uzun müddət iki od arasında qaldı. Bu və digər tərəfin maraqlarını təmin etməyə çalışdı. Lakin siyasətdə belə bir balanslaşdırma heç bir vaxt pozitiv nəticələrə gətirib çıxara bilməz. Bu primitiv bir yanaşmadır. Belə ki, qütblər, maraqlar da tam şəkildə fərqlidir. Ermənistan dünya siyasi mərkəzlərindən birini aldatmaq qərarına gəldi. Son nəticədə isə küncə sıxışdırılmış vəziyyətə düşmüş oldu. Ermənistanın Gömrük İttifaqına üzv olmaq barədə xahişi ondan xəbər verir ki, bu ölkə nə qədər balanslaşdırılmış siyasət yürütsə belə, Rusiyadan qurtula bilməz. O, Rusiyanın “himayəsi” altındadır. Bu ölkə Rusiya ilə hərbi siyasi müttəfiq, strateji tərəfdaş, baza, platsdarm və forpost vəziyyətindədir, onun atdığı addımlar təlxəyin addımlarını xatırladır. Bu proses belə də başa çatmalı idi. Ümumiyyətlə, Ermənistanı indi Avropa istiqamətində yaxşı heç nə gözləməməlidir.
- Avropa İttifaqının Ermənistanın atdığı bu addıma reaksiyaları bundan sonra necə olacaq.
- Avropada artıq Ermənistanın bu seçimindən müəyyən nəticə çıxardılar. Avropa artıq bu ölkənin nazı ilə oynamayacaq. Ermənistan başa düşməlidir ki, onun bundan sonra sözləri və vədləri heç nəyi dəyişməyəcək. Belə bir dövlətlə hansısa bir tərəfdaşlıq münasibətləri qurmağın artıq mənası yoxdur. Ermənistan hamını aldadır, ona arxasını çevirir, hətta öz xalqının maraqları ilə belə hesablaşmır. Rəsmi Yerevan Gömrük İttifaqına üzv qəbul olmaqla bir daha göstərmiş oldu ki, nə ayrıca bir dövlət, nədəki beynəlxalq təşkilatlar üçün, o cümlədən Aİ üçün etibarlı tərəfdaş deyil. Brüsseldə hər kəs bunu ölçüb-biçməli və hansısa bir nəticə çıxarmalıdır. Bundan əlavə Gömrük İttifaqına üzv qəbul olmaqla Ermənistan bu quruma heç nə verə bilməz. Ermənistan nə iqtisadi, nədəki etibarlı maliyyə strukturlarına malikdir. Özü də bu ölkə heç bir şeyi istehsal edən ölkə deyil. Gömrük İttifaqına üzv dövlətlərlə ümumi sərhədlərə malik olmaması vəziyyəti qeyri-ciddi edir. Digər tərəfdən bütün bu müddət ərzində Aİ ilə danışıqlar aparmaqla Sarkisyan ölkəsinin xarici siyasətini diversifikasiyasını nümayiş etdirmiş oldu. Aİ-nin sərt reaksiyasını da təbii qarşılamaq lazımdır. Mən hesab edirəm ki, vaxt keçəcək və Yerevan eksklav statusundan rəsmən imtina etməyəcək. Mən istisna etmirəm ki, Azərbaycanın maliyyə, iqtisadi fonda inkişafı fonunda Ermənistan sonda quberniya statuslu bir əyalətə çevriləcək.
- Bəzi ekspertlər hesab edirlər ki, Ermənistanın Avrasiya İttifaqına üzv olması elə də ciddi nəticələrə gətirib çıxarmayacaq.
- Yeni yaradılacaq qurumu MDB ilə müqayisə edən əksər siyasilər Avrasiya İttifaqının MDB kimi ölü doğulacağını və ciddi fəaliyyət göstərə bilməyəcəyini söyləyirlər. Avrasiya İttifaqı hələki rusların özləri üçün də mahiyyəti bəlli olan qurum deyil. Onun hər hansı bir proqramı və əsas konsepsiyası belə yoxdur.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər