• cümə axşamı, 18 aprel, 10:55
  • Baku Bakı 12°C

Fikrət Əmirovun Bilgəhdəki bağı və ya Sovet otağı

16.04.15 12:40 10245
Fikrət Əmirovun Bilgəhdəki bağı və ya Sovet otağı
Məktəb-Lisey Kompleksdə dərs otaqları içərisində “Sovet otağı” kimi qorunan sinif otağı maraq doğurur. Bu otaqda bütün əşyalar sovet dövründən qalıb. Kompleksin dərs otaqlarındakı bütün əşyalar müasir təhsilə uyğunlaşdırıldığı halda, bu otaqda hər şey sovet dövrünün təhsilini yada salır. Əşyalar adamda nostalji hisslər oyadır. Otağın quruluşu 1989-cu ildən bəri dəyişməyib. Rəflərdəki kitablar, partalar, yazı lövhəsi, hətta otağın qapısı da sovet dövrünün yadigarıdır.
Sovet otağında ən maraqlı əşya görkəmli bəstəkar Fikrət Əmirovun kompleksə hədiyyə etdiyi pianodur. Bu, bəstəkarın şəxsi pianosudur. Kompleksin direktoru Qafar Hüseynovun dediyinə görə, F.Əmirov hər yay Bilgəhdəki bağını yay düşərgəsi kimi məktəbin şagirdlərinin ixtiyarına verərmiş: “Böyük bəstəkar özü bağdan çıxırdı və oranı uşaqlara verərdi. 90-ci illərdə yay düşərgələri dağılmışdı. Amma bizi başqa məktəblərdən fərqləndirən yay düşərgəmizin olması idi. Bu, Fikrət Əmiropvun Bilgəhdəki bağı idi”. Direktor yay düşərgələri ilə bağlı arzusunu dilə gətirdi: “İstərdim ki, iş adamları uşaqlar üçün yay məktəbləri təşkil etsinlər”- deyə kompleksin direktoru bildirdi.
Otaqdakı kitab şkafında yer alan köhnə kitabların da maraqlı tarixçəsi var: “90-cı illərdə kitaba münasibət də dəyişdi. Biz ətraf ərazilərdə yaşayan insanlara müraciət etdik ki, kitabları atmasınlar, məktəbə versinlər. Evlərində kitabları olanlar onları məktəbə təhvil verdilər. Biz bir neçə sinifdə kitabxana yaratdıq. O zaman 4000-dən çox kitab qəbul etdik”.
Hazırda “Sovet otağı” adlanan dərs otağında 1200-dən çox kitab var. Divarda isə rus və Azərbaycan klassiklərindən A.Bakıxanov, S.Vurğun, A.Axmatova, M.Svetayeva, A.Blok, A.A.Puşkinin portretləri yer alıb.
Bu otaq sovet dövrü haqqında şagirdlərdə müəyyən təəssüratlar yaratması baxımından da əhəmiyyətlidir. Şagirdlər o dövrün abı-havasını hiss etməklə yanaşı, ədəbiyyata, musiqiyə olan dəyəri də dərk edirlər. Həmçinin şagirdlərə sovet dövrünün təhsili, ədəbiyyat və incəsənəti haqqında məlumat verilir.

banner

Oxşar Xəbərlər