• cümə, 29 Mart, 14:16
  • Baku Bakı 14°C

“Fəxr edirəm ki, Heydər Əliyev məktəbinin yetirməsi olmuşam”

15.11.13 09:47 3194
“Fəxr edirəm ki, Heydər Əliyev məktəbinin yetirməsi olmuşam”
Müsahibimiz Bakı Dövlət Universitetinin (BDU) “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, “Erməni araşdırmaları” elmi-tədqiqat laboratoriyasının rəhbəri, tarix elmləri doktoru, professor, Elm, təhsil və innovasiyaların inkişafında xidmətlərinə görə Beynəlxalq “Sokrat” mükafatı laureatı (İngiltərə), Əməkdar Müəllim, YAP Siyasi Şurasının üzvü, tarixçi-alim İradə Hüseynovadır. İ.Hüseynova 1963-cü ildə Bakı şəhərində anadan olub. 1985-ci ildə BDU-nun tarix fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. Elmi-pedaqoji fəaliyyətini davam etdirmək üçün Elmi şuranın qərarı ilə universitetdə saxlanılıb. Sonrakı illərdə namizədlik və doktorluq dissertasiyalarını müdafiə edib. İ.Hüseynova dünya tarixşünaslığında görkəmli dövlət və siyasi xadim, ümummilli lider Heydər Əliyev haqqında ilk doktorluq dissertasiyasının müəllifidir. Uzun illər məsul dövlət vəzifələrində çalışıb. Sabiq Prezident Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamı ilə təhsil nazirinin müavini təyin edilib və bu vəzifəni 2011-ci ilə kimi icra edib.
- İradə xanım, tərcümeyi-halınızdan da görünür ki, Siz ictimai-siyasi proseslərdə fəallığı ilə seçilmiş, bir sıra ciddi uğurlara imza atmısınız. Bütün bunlara necə nail olmusunuz?
- Mən hələ orta məktəbdə oxuyarkən əlaçı şagird kimi tanınırdım. Dərslərimi yaxşı oxuyur, o zamankı ictimai işlərdə də fəallıq nümayiş etdirirdim. Elə bu cür fəallığımın nəticəsi olaraq, 1980-ci ildə əla qiymətlərlə orta məktəbi bitirdim, Elə həmin ildə BDU-nun Tarix fakültəsinə qəbul olundum. Universitetdə ali təhsil aldığım 5 il ərzində də əlaçı tələbə kimi tanındım. Tələbə elmi cəmiyyətinin fəaliyyətində yaxından iştirak edir, universitet həyatını həyatımın bir parçasına çevrildim. Təbii ki, bu, diqqətdən kənarda qalmırdı. 1981-ci ildə Universitetin Həmkarlar Təşkilatının sədr müavini seçildim və düz 9 il bu vəzifəni icra etdim. 1985-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirərkən isə həm Elmi Şuranın qərarı, həm də o zamankı ali və orta ixtisas təhsil nazirliyinin təyinatı ilə BDU-nun “SSRİ tarixi kafedrası”nda saxlanıldım. Həmin ildən etibarən də elmi-pedaqoji fəaliyyətini davam etdirməyə başladım. Bir müddət sonra mövzu götürərək, “Azərbaycanda təhsilin inkişafı ilə bağlı (1920-30-cu illər)” adlı namizədlik dissertasiyasını müdafiə etdim. Doktorluq dissertasiyamı isə ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik və siyasi fəaliyyətinə həsr etdim. Bununla da Azərbaycanda ümummilli liderin fəaliyyətini özündə əks etdirən tutarlı elmi faktlarla zəngin doktorluq dissertasiyasını işləyən ilk şəxs mən oldum. Elə ulu öndər Heydər Əliyevin sağlığında, bilavasitə onun xeyir-duası ilə də “Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmlənməsində Heydər Əliyevin rolu” mövzusunda dissertasiya işini hazırlayıb yekunlaşdırdım. Hər zaman obyektivliyə istinad edən ümummilli lider özü bu dissertasiya işi ilə şəxsən maraqlanırdı. Mən yeganə tədqiqatçıyam ki, o böyük şəxsiyyət öz şəxsi arxivini mənə etibar etdi. Mənim fikrimcə, Heydər Əliyev haqqında kimsə nə isə yazmaq eşqinə düşəndə, hər zaman məsuliyyət hiss etməlidir ki, bu dahi şəxsiyyət haqqında yazarkən ilk növbədə faktlara əsaslanmaq lazımdır. Onun zamanında baş verən hadisələri dərindən bilmək, bu hadisələr müstəvisində Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı xidmətlərinin nə olduğunu tədqiq etmək gərəkdir. Hər zaman mənim amalım bu olub ki, Azərbaycana, onun dövlətçiliyinə xidmət edim, milli dəyərləri inkişaf etdirim. Çünki biz ziyalı təbəqəsinin nümayəndəsiyik. Elmin, təhsilin inkişafı ilə məşğul olaraq, özümüz də bu sahənin inkişafına müsbət töhfə verməliyik. Bu, istər gənc nəslin təlim-tərbiyəsində, istərsə də elmin inkişafında hər hansı tədqiqat mövzusunu işləyərkən yenilik ortaya qoymaq nöqteyi-nəzərindən vacibdir. Hər bir ziyalı bu əzmlə yaşamalıdır. Bu, mənim həyat kredomdur.
- Qeyd etdiniz ki, mərhum prezident Heydər Əliyev Sizin doktorluq dissertasiyanızla şəxsən maraqlanıb. Onunla tanışlığınız nə vaxt olub?
- Sovetlər birliyi zamanında, yəni 1981-ci ildə o zamankı Respublika Sarayında tələbələr adından çıxış etmək şərəfinə nail oldum. Ümummilli lider Heydər Əliyev də o vaxt birinci katib vəzifəsində çalışırdı. Tam məsuliyyətimlə deyə bilərəm ki, böyük həyata vəsiqəni də mənə o zaman ulu öndər verdi. Gedəcəyim böyük, məsuliyyətli yolu o işıqlandırdı. Ona görə də şəxsiyyət kimi formalaşmağımda valideynlərimlə bərabər onun da rolu danılmazdır. O, hər zaman gənclərə böyük diqqət və qayğı göstərib. Gənc, fəal bir qız kimi mən də bu qayğıdan bəhrələnmişəm. SSRİ Həmkarlar İttifaqının XVI - XVII Qurultaylarının nümayəndəsi, İttifaqın Mərkəzi Təftiş Komissiyasının, Rəyasət Heyətinin üzvü olmuşam. 1982-87ci illərdə Həmkarlar İttifaqını yüksək səviyyədə təmsil etmişəm. Bütün bunlar mənim üçün böyük bir siyasi məktəb idi. Bu məktəbin bünövrəsini qoyan isə ümummilli lider, böyük şəxsiyyət Heydər Əliyev idi. Sonrakı dövrlərdə istər Moskvada, istər Azərbaycanda fəaliyyət göstərdiyi illərdə ulu öndərin görüşlərində iştirak etmişəm. 1996-cı ildə Qırğızıstan prezidenti Əsgər Akayevə BDU-nun fəxri doktoru adının və diplomunun təqdim edilməsi mərasimi keçirilirdi. Prezident Heydər Əliyev də bu mərasimdə iştirak edirdi. Mən Heydər Əliyevin nitqini Qırğızıstan prezidenti üçün tərcümə edirdim. Mərasim sona çatanda Heydər Əliyev mənə yaxınlaşaraq, 1981-ci ildə Respublika Sarayında tələbələr adından etdiyim çıxışı xatırladı, çox yaxşı natiqlik qabiliyyətimin olduğunu vurğuladı, hazırda harada işləməyimlə maraqlandı və fəaliyyətimdə uğurlar arzuladı. Bu Heydər Əliyevlə mənim növbəti görüşüm idi. Belə istiqanlı görüş məndə çox yaxşı təəssürat yaratdı və xatirəmdə dərin iz qoydu. 1998-ci ildə Yeni Azərbaycan Partiyasının yaranmasının 6-cı ildönümünə həsr olunmuş təntənəli yığıncaq keçirilirdi. Orada isə mən partiya üzvü kimi Respublika qadınları adından ulu öndər Heydər Əliyev qarşısında çıxış etdim. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının banisidir. Bu partiya onun zəkasının, müdrikliyinin məhsuludur. Bu partiyanın dəst xəttinə sadiq bir insan kimi hər zaman ictimai-siyasi proseslərdə fəal olmuşam, zamanı gələndə öz mövqeyimi bildirmişəm. Bunu bizə öyrədən isə dahi şəxsiyyət Heydər Əliyev olub.
- YAP-dakı fəaliyyətiniz hansı səviyyədədir?
- Mən hazırda YAP Siyasi Şurasının üzvü, həmçinin BDU-da YAP Qadınlar Şurasının sədriyəm. Artıq bir neçə dəfədir ki, ardıcıllıqla YAP Siyasi Şurasının üzvü seçilirəm. 2013-cü ildə keçirilən sonuncu Qurultayda da Prezident İlham Əliyev tərəfindən mənə böyük etimad göstərildi, yenidən YAP Siyasi Şurasının üzvü seçildim. Harada olmağımdan asılı olmayaraq, mənim üçün dövlətçilik ideyaları hər zaman alidir. Ulu öndər Heydər Əliyev özü hər zaman bizə bunu təlqin edib. İctimai-siyasi proseslərdə aktiv olmağı, vətəndaş mövqeyi sərgiləməyi, vətəninə, millətinə sədaqəti bizə o nümunə göstərib. Ona görə də elmi-pedaqoji fəaliyyətlə yanaşı, ictimai-siyasi fəaliyyətdən də heç zaman geri qalmamışam. Sovetlər dönəmində kommunist ideologiyası adlı bir istiqamət var idi. Amma ölkəmiz müstəqillik əldə etdikdən sonra böyük ehtiyac duyuldu ki, milli ideologiyamız yaransın. Azərbaycanda milli ideologiyanın banisi də ümummilli lider Heydər Əliyev oldu. O, hər zaman deyirdi ki, bizim milli ideologiyamız adət-ənənələrimiz, milli dəyərlərimiz, tariximiz, dövlətimiz, dövlətçiliyimiz, ümumbəşəri dəyərlərimizdir. Biz ziyalıların borcu bu ideologiyanı gələcək nəsillərə, gənclərə aşılamaq, onları xalqa, dövlətə və dövlətçiliyə xidmət etməyə yönəltməkdir. Gənc nəslin bir şəxsiyyət kimi formalaşmağı bu kimi məsələlərlə sıx bağlıdır. Bir sözlə, harada təmsil olunmağıma baxmayaraq, ümummilli liderin ideyalarının gerçəkləşməsində yaxından iştirak etmişəm. Onun mənə olan etimadını doğrultmaq üçün sözün əsl mənasında fədailik etmişəm. Çünki Heydər Əliyev hər adama etimad göstərməzdi. Fəxr edirəm ki, Heydər Əliyev məktəbinin yetirməsi olmuşam. Bu gün də bundan böyük şərəf duyuram. Bu gün ulu öndərin siyasi kursu cənab Prezident İlham Əliyev tərəfindən uğurla dava etdirilir və yeni inkişaf mərhələsinə qədəm qoyub. Fürsətdən istifadə edib Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın milli dəyərlərimizin dirçəldilməsi, mədəniyyətimizin, bütünlükdə mənəvi həyatımızın saflaşmasında oynadığı müstəsna rolu xüsusi vurğulamaq istərdim.
- Elmi fəaliyyətinizdə, yaradıcılığınızda hansı yeniliklər var?
- Mən 15 ildir ki, BDU-da “Heydər Əliyev və Qafqazda sülh prosesi” kursunu tədris edirəm. Hər bir tələbə Heydər Əliyevin fəaliyyəti ilə tanış olduqca, özü üçün bir çox ibrətamiz məqamları əxz edir. Gənclər vətəni, xalqı necə sevməyi, qayğıkeşliyi, dövlətə rəhbərliyi ulu öndərin həyat və fəaliyyətindən öyrənirlər. Dövri mətbuatda tarixi, siyasi-dövlətçilik problemləri üzrə fəal çıxışlarıma görə “Azərbaycan bayrağı” və “Qızıl qələm” mükafatları ilə təltif edilmişəm. Hazırda da “Tarix. İnsan. Cəmiyyət” elmi-metodiki jurnalının baş redaktoruyam. 2007-ci ildə Avropa Komissiyası TEMPUS Fərdi Səfərlər Qrantının qalibi olmuşam və TEMPUS Proqram çərçivəsində elm, təhsil problemləri ilə bağlı İsvecdə keçirilən beynəlxalq konfransda elmi məruzə ilə çıxış etmişəm. Professor kimi 200-dən çox elmi əsərin, bir sıra monoqrafiyaların və dərsliklərin, o cümlədən “Dövlətçilik naminə”, “Müstəqilliyimizin təminatçısı”, “Müstəqil Azərbaycan dövlətinin qurucusu”, “Qeydar Aliev – ot politiçeskoqo rukovoditelya k obşenaçionalnomu lideru” kitablarının, Qafqaz xalqlarının tarixinə dair ümumi kurs proqramının, eyniadlı dərs vəsaitinin, magistr hazırlığı üçün Azərbaycan və rus dillərində “Heydər Əliyev və Qafqazda sülh prosesi” tədris proqramının müəllifiyəm. Qafqazşünaslıq elminin inkişafına böyük töhfə olan “Qafqaz xalqlarının tarixi” və “Heydər Əliyev və Qafqazda sülh prosesi” adlı fundamental dərsliklər, “Qafqaz tarixi ensiklopediyası” da mənə məxsusdur. Bir neçə il ardıcıl sürətdə mənim araşdırmalarım Milli Elmlər Akademiyasının hesabatında ən mühüm elmi nəticə kimi qiymətləndirilib, dünya elminin, təhsilinin inkişafında əhəmiyyətli yer tutub. Son olaraq “İstoriçeskaya ensiklopediya Kafkaza” adlı irihəcmli əsərim üzərində dayanmağı, bəzi məqamları diqqətə çatdırmağı zəruri sayıram. Bu ensiklopediya dünyanın 63 ölkəsinə hədiyyə göndərilib. ABŞ, Kanada, Yaponiya kimi ölkələrdən isə həmin kitabla bağlı rəsmi məktub almışıq. Məktublarda bu ensiklopediyaya böyük maraq yarandığı bildirilib və elmi əsərdən onlara da göndərilməsi istənilib. Düşünürəm ki, bu cür əsk-səda doğuran elmi əsərin, ensiklopediyanın Azərbaycanda bir xanım tərəfindən hazırlanmasının, nəşr edilməsinin böyük siyasi əhəmiyyəti var. Bu əsərə görə İngiltərədəki Oksford Universitetində “Beynəlxalq Sokrat Mükafatı”na layiq görülmüşəm. İlk dəfə bu mükafata layiq görülən qadın alim kimi bunu özüm üçün böyük nailiyyət sayıram. Bu günə qədər müxtəlif dövlətlərdəki beynəlxalq elmi konfranslarda, simpoziumlarda məruzələrlə çıxış etmişəm. Lakin bununla kifayətlənmir, elmi fəaliyyətimi davam etdirir, öz üzərimdə daim işləyirəm.
- Müasir dövrdə Qafqazşünaslığın tədrisində ciddi problemlər özünü göstərirmi?
- Qafqazşünaslıq elmin ayrıca sahəsi kimi çox böyük əhəmiyyətə kəsb edir. Əgər nəzərə alsaq ki, Qafqaz geosiyasətdə hansı mövqeyə malikdir, o zaman Qafqaz xalqlarının tarixinin, mədəniyyətinin, sosial-iqtisadi vəziyyətinin, ictimai-siyasi baxışlarının öyrənilməsinin vacibliyini daha aydın dərk edərik. Qafqaz çox unikal bir region, Asiya ilə Avropa arasında yerləşən məkandır. Buradakı xalqların tarixi çox qədimdir. Bu tarixi öyrənmək, gələcəkdə Qafqazı sülh və əməkdaşlıq regionuna çevirmək əsas məsələlərdəndir. Hazırda Qafqaz böyük dövlətlərin maraq dairəsində olan regiondur. Burada həm siyasi, həm də iqtisadi maraqlar kəsişir. Ona görə də Qafqazda sülhün bərqərar olması, etnik problemlərin həllini tapması zəruridir. Elmi baxımdan bütün bu məsələlərin öyrənilməsi isə son dərəcə vacibdir. Bu gün Qərb ölkələrində Qafqazşünaslıq mərkəzləri yaradılır, buradakı xalqlar, onların tarixi barədə məlumatlar toplanılır. Belə olan halda Qafqazın ən aparıcı dövləti sayılan Azərbaycanda da bu istiqamətdə elmi işlərin həyata keçirilməsi çox yaxşı haldır. Qafqazşünaslığın tədrisində hansısa problemlərin özünü göstərməsinə gəlincə, mən bu sahədə ciddi problemlə üzləşmirəm. Əsas olan budur ki, bizim gənclərimiz, xüsusən də bakalavr və magistrlərimizin Qafqaz tarixinə böyük marağı var. İlbəil Qafqaz xalqları tarixini öyrənmək, bu sahədə tədqiqat aparmaq istəyən magistrlərimizin sayı artır. Mən çox istərdim ki, Qafqaz xalqlarının tarixinə aid erməni, gürcü və sair dillərdə olan məxəzlərdən, sənədlərdən gənc tədqiqatçılarımız yararlana biləydi. Bunun üçün isə həmin xalqların dillərini bilmək çox vacibdir. Məhz bu səbəbdən son illər BDU-da erməni və gürcü dillərinin öyrədilməsi istiqamətində də diqqət çəkən işlər görülür. Baxmayaraq ki, Qafqaz Xalqları Tarixi kafedrası 2 ildir fəaliyyət göstərir, biz də bu sahədə müəyyən işlər görə bilmişik. Gələcəkdə də Qafqazşünaslığın tədrisinə öz töhfəmizi verəcəyik.
- Qafqaz Xalqları Tarixi kafedrasının nəzdində “Erməni araşdırmaları” laboratoriyası da fəaliyyət göstərir. Hazırda bu laboratoriyanın işi nə yerdədir?
- Bəli, belə bir laboratoriya var və mən kafedra ilə yanaşı, bu laboratoriyanın da rəhbəriyəm. Kafedramız yaranandan 2-3 ay sonra belə bir laboratoriya işə başladı. Qarşımızda duran əsas məqsəd ermənilərin tariximizi təhrif etmək cəhdlərinə elmi müstəvidə, əsaslandırılmış tutarlı cavab vermək, onların saxtakarlıqlarını yüksək səviyyədə ifşa etməkdir. Bunun üçün laboratoriyanın fəaliyyət planı hazırlanıb və bu istiqamətdə elmi-tədqiqat işlərinin aparılmasına başlanılıb. Bu tədqiqat əsərlərində ermənilərin Qafqazdakı əsassız iddiaları, köçürülmə tarixləri ciddi elmi mənbələrə istinad edilərək göstərilir. Bizim gənc müəllimimiz var, Səbuhi Əhmədov. O, kifayət qədər gəncdir və erməni dilini tədris etməkdə də həvəslidir. Artıq tələbələrimizdə bu dili öyrənməyə qarşı maraq oyada bilib. Fikrimcə, düşmənə qarşı ən yaxşı silah onun dilini, tarixini bilmək, ona öz dilində cavab verməyi bacarmaqdır.
- Siz uzun müddət təhsil nazirinin müavini vəzifəsini icra etmisiniz. Ona görə də təhsil sahəsində həyata keçirilən islahatlar barədə daha çox məlumatlısınız. Hazırda bu istiqamətdə görülən işləri necə qiymətləndirirsiniz?
- Azərbaycan sivil, demokratik, dünyəvi dövlətdir. Ona görə də dünyada baş verən proseslərdən kənarda qala bilmərik. Amma bununla yanaşı, bizim kifayət qədər yaxşı ənənələrimiz var. Bu ənənələrin hamısından imtina edib, yalnız müasir dövrə uyğun yenilikləri mənimsəmək də doğru deyil. Keçmişin pozitiv ənənələrini saxlamaq şərti ilə müasir dövrə uyğun addımlar atılmalıdır. İstər təhsil sistemimizdə, istərsə də digər sahələrdə illərlə yaradılan gözəl ənənələr itirilməməlidir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər