• şənbə, 20 Aprel, 17:40
  • Baku Bakı 23°C

Fəvvarələr meydanında Yeni il başlayıb - Reportaj

08.12.17 12:30 6963
Fəvvarələr meydanında Yeni il başlayıb - Reportaj
Zaman elə sürətlə ötüb keçir ki, yeni ilin köhnə ili təzələməsindən xəbərimiz olmur. Yarpaqlar tökülür, havalar soyuyur, qış qapımızı döyməyə başlayır. Qışın gəlişi ilə yağan qar, Yeni il bayramı uşaqları daha çox sevindirir. Elə bir sevinc ki, orada şam ağacının bəzədilməsi, Şaxta baba, Qar qız və sözsüz ki, hədiyyələr yer alır. Ötən gün Fəvvarələr meydanından keçərkən şəhərimizdə xüsusi bayram ab-havasının yaşandığını gördük.
Fəvvarələr meydanında 46 taxta köşk quraşdırılıb
Burada dekabrın 1-dən "Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası "Nargis Fund”un rəhbərliyi və "A+A Events”in təşkilati dəstəyi ilə start götürüb. Yağışlı havaya baxmayaraq, vətəndaşlar və paytaxtın qonaqları bu yarmarkaya gəlir, özləri üçün hədiyyələr alır, şəkillər çəkdirirlər. Əslində, bu yarmarka bizə Yeni ilin müjdəsini gətirir. Beşinci ildir keçirilən bu xeyriyyə yarmarkasına artıq öyrəncəli olmuşuq. Yeni ili bunsuz təsəvvür edə bilmirik. Çünki şəhərdə Yeni il ab-havasına xüsusi rəng qatır, insanları nağıllar aləminə aparır. Onu da bildirək ki, yarmarkadan toplanan vəsait ənənəyə uyğun olaraq, xeyriyyə işlərinə sərf ediləcək.
Müşahidə apararkən yarmarkaya təkcə paytaxt sakinləri deyil, dünyanın müxtəlif guşələrindən Bakıya gələn qonaqların da böyük maraq göstərdiklərinin şahidi olduq. Fəvvarələr meydanında 46 kiçik taxta köşk qurulub. Buradan hər kəs yaxınları və əzizləri üçün Yeni il hədiyyələri, suvenirlər, kitablar, geyim, şirniyyat və s. almaq, kiçik rahat kafelərdə ətirli qəhvə, isti şokolad və ya çay içərək, təzə şirniyyatdan və milli yeməklərdən dadmaq imkanı əldə edir.

"Şaxta babanın evi”nə pulsuz qonaq ola bilərsiniz
Yarmarka ərazisində böyük səhnə və Yeni il yolkası, həmçinin bayramın əsas rəmzlərindən biri sayılan "Şaxta babanın evi” qurulub. Əvvəlki illərdən fərqli olaraq, bu evdə Şaxta baba və Qar qızla şəkil çəkdirmək ödənişsizdir. Gülərüzlü Şaxta baba uşaqları ətrafına cəm edir və onlarla söhbət edərək şəkil çəkdirir. Havanın soyuq olmasına baxmayaraq, Şaxta baba öz missiyasına isti yanaşırdı.
"FishPort” kafedə çalışan İsrafil Məmmədovla bir qədər söhbət etdik. Müsahibimiz dedi ki, vətəndaşların bu yarmarkaya böyük marağı var: "Bizim məkana tələbələr daha çox gəlirlər. Onlar da dərsdən çıxdıqdan, saat 4-dən sonra gəlirlər. Bir də axşam saat 6-dan sonra insanların sayı çox olur. Təkcə tələbələr deyil, burada müxtəlif yaş təbəqələrindən olan insanlara rast gəlmək mümkündür. Hava şəraitindən də çox şey asılıdır. Yerli vətəndaşlarla bərabər, turistlər də buraya böyük maraq göstərir. Tez-tez ingilislərə, pakistanlılara və ərəblərə rast gəlirik”.

İ.Məmmədov deyir ki, onun çalışdığı köşkdə burgerə, sendviçə daha çox tələbat var. Şəhərdəki qiymətlərlə buradakı arasında 1 manat fərq var.

"Sea Food” kafeyə qonaq oluruq. Müştəri qismində kafenin menyusu və qiymətləri ilə tanış olduq. Bu kafeyə gələnlər üçün qiymət belədir: Enerji içkiləri 4 manat, adi su, ayran, meyvə şirələri 1 manat, "nar fresh” və "portağal fresh” isə 4 manatdır. Balıq çubuqları 3 manat 50 qəpik, balıq topları 4 manat 50 qəpik, "kilka free” 2 manat 50 qəpik.
58 qəpiyə kitab
Yarmarkada insanların çox toplaşdığı bir köşkə yaxınlaşdıq. Məkanın "Qanun” Nəşriyyat Evinə məxsus olduğunu gördük. Bu köşkdə alıcıların suallarını cavablandıran Mehriban Şamudovaya biz də sual ünvanladıq. Mehriban xanım dedi ki, onların köşkündə ən çox satılanlar endirimdə olan 1 manatlıq kitablardır: "1 manata olan kitablarımız yerli və xarici ədəbiyyat nümunələridir. Müştərilərimiz bizim yerli yazarlarımızı daha çox tələb edirlər. Düzdür, müasir və dünya ədəbiyyatına da maraq az deyil. Müştərilərimiz arasında gənclər üstünlük təşkil edir. Alıcılarımızın çoxu tələbələrdir. Burda ən bahalı kitablarımızdan biri "Osmanlı tarixi”dir ki, onun qiyməti 29 manatdır. 20 faiz endirimdə olduğu üçün 23 manat 20 qəpiyə satırıq. Bir də ən bahalı kitabımız "Uşaq ensiklopediyası”dır ki, bu kitabın qiyməti 33 manatdır. Ancaq endirimdə olduğu üçün 26 manat 40 qəpiyə satılır. Ən ucuz kitabımız isə 80 qəpikdir. Bundan başqa, "Qanun” Nəşriyyat Evi uşaqları da unutmayıb, onlar üçün də endirimdə olan kitablarımız var”.

Qeyd edək ki, "Əli və Nino” Kitab Evinin nümayəndəliyi də burada fəaliyyət göstərir. Onların yerləşdiyi köşklərə də yetərincə tələbat var. Köşkün nümayəndəsi Anar Quliyev deyir ki, alıcılar əsasən uşaq kitablarına üstünlük verirlər: "Valideynlər Yeni illə bağlı oyun və nağıl kitabları alırlar. Gənclər də çox kitab alırlar. Ən ucuz kitablarımız 58 qəpikdir. Müştərilərimiz bizdən daha çox klassik əsərlər istəyirlər. Əsasən Viktor Hüqonun, Afito Qoriyonun, Kafkanın kitabları alınır”.

"Müştərilərimizin arasında xaricilər də az deyil”
Gənc xanımların ən çox maraq göstərdiyi məkan isə "Diva acsesories” köşkü idi. Köşkdə müştərilərin suallarını cavablandıran Sevda xanım bizim də suallarımıza cavab verdi: "Hazırda soyuq olduğu üçün xanımlar daha çox şərflərə üstünlük verirlər. Ancaq bilərziklər də çox alınır. Zövqlər müxtəlifdir. Elə xanım var ki, onun bəyəndiyini digər xanım bəyənmir. Çeşidlərimiz çoxdur. Ancaq köşkün qarşısında qoyduğumuz bilərziklərimiz daha çox satılır. Qeyd edim ki, bütün məhsullarımız endirimdədir”.

Bu köşkdəki qiymətlərə nəzər saldıqda, onların şəhər qiymətlərindən heç də seçilmədiyinin şahidi oluruq. Belə ki, bilərziklər 2 manat, boğaz üçün aksesuarlar 2 manat 99 qəpik, boyunbağılar 5 manat 99 qəpik, saç rezinləri 1 manat, papaqlar 9 manat 99 qəpik, şərflər 14 manat 99 qəpikdir.

"Astaraçay”ı təmsil edən köşkün satıcısı İsmayılov Qoşqar deyir ki, uşaq üçün olan çayları daha çox istəyirlər. Çayların qiyməti dəyişikdir. 2 manat 80 qəpikdən tutmuş, 4 manata qədər dəyişir. Hər kəsin cibinə də uyğundur.

Uşaqların ən çox sevdiyi köşk isə oyuncaqların satıldığı köşkdür. Yeni il aksesuarları ilə zəngin olan bu köşkün təmsilçiləri Elvin və Nigar bizi mehribanlıqla qarşıladılar. Bildirdilər ki, bu köşkdə ən ucuz hədiyyə şirin konfetlərdir ki, qiyməti 80 qəpikdir. Ən bahalı oyuncaq ayı 223 manatdır: "Müştərilərimiz kifayət qədərdir. Ən çox Yeni il oyuncaqlarımız satılır. Müştərilərimizin arasında xaricilər də az deyil. Daha çox ərəblər bizə müraciət edirlər. Onlar da Yeni ilə aid nələrsə almağa çalışırlar. Əslində burada yerimiz dar olduğu üçün məhsullarımızın hərəsindən bir çeşid gətirmişik”.

Həm ziyarət, həm ticarət edənlər çoxdur
Köşklərdən aralanıb sakinlərə yaxınlaşdıq. Paytaxt sakini Mehman Məmmədov deyir ki, 2 uşaq atasıdır və uşaqları Yeni il öncəsi əyləncə mərkəzinə deyil, məhz bu yarmarkaya gətirir: "Mənim 2 oğlum var. Onlar Yeni ili çox sevirlər. Baxmayaraq ki bu yarmarka bir həftədir ki, fəaliyyət göstərir, biz 3-cü dəfədir buraya gəlirik. Daha çox "Xırtaxırt” kartoflarını alırıq. Çünki uşaqlar kartofla bişən hər şeyi sevirlər. Bundan başqa, uşaqlar Şaxta baba ilə şəkil çəkdirirlər. Biz yarmarkanın açılışında da iştirak etmişdik. Açılışda həm uşaqlara Yeni il alış-verişini etdik, həm də xalq artistləri Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, əməkdar artist Ədalət Şükürov və başqa sənətçilərin ifalarını dinlədik. Biz bu konsertdən böyük zövq aldıq”.
Daha sonra Suşma Savari adlı hindli ilə həmsöhbət olduq. Ondan bu yarmarkadan necə yararlandığını xəbər aldıq. Artıq 2 həftədir ki, ölkəmizə qonaq gələn Hindistan vətəndaşı deyir ki, yarmarkaya zövq almaq və buradan şəkillərlə geri qayıtmaq üçün gəlib: "Bu yarmarka çox gözəldir. İnsanlarda bayram əhvalı var. Hər kəs sevinir. Elə hesab edirdim ki, insanların kitaba marağı azalıb. Ancaq bu yağışlı havada insanların kitab almağa gəldiyini gördükdə, çox sevindim. Mən bunu öz ölkəmdə də danışacağam. Burada mənim ruhum rahatlıq tapır deyə, hər gün yolumu Fəvvarələr meydanından salıram”.

Gəzintimiz zamanı bir ərəb turistlə də qarşılaşdıq. Şirniyyat alan turist xanımla ortaq dil tapmağa çalışsaq da, bu istəyimiz uğurlu olmadı. Əlindəki şirniyyatı göstərib, "bu çox dadlıdır” deyərək gülümsədi.
Qeyd edək ki, yarmarkanın əsas qonaqları olan uşaq evlərinin kiçik sakinlərini məşhur insanlarla görüşlər, sevimli ifaçıların çıxışı, yarmarkanın sponsorlarından ənənəvi suvenirlər, şirniyyatlar və hədiyyələr gözləyir. "Nargis Fund” yarmarkanın sponsorları ilə birgə müalicə və əməliyyata ehtiyacı olan uşaqlara, eləcə də aztəminatlı ailələrə yardım göstərəcək.
Məlumat üçün bildirək ki, həftə sonları yarmarkada populyar ifaçıların iştirakı ilə şou-proqram təqdim olunacaq, uşaqlar üçün müxtəlif əyləncələr təşkil ediləcək. Xeyriyyə yarmarkası 2018-ci il yanvarın 15-dək davam edəcək.
Xəyalə Rəis










banner

Oxşar Xəbərlər