• cümə axşamı, 25 aprel, 12:53
  • Baku Bakı 23°C

“FETÖ dünya ictimaiyyətində yanlış rəy yaradır”

15.07.17 16:19 1357
“FETÖ dünya ictimaiyyətində yanlış rəy yaradır”
Bu gün Türkiyə Qızıl Aypara Cəmiyyətinin prezidenti Kərəm Kınık 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı Türkiyədə səfərdə olan bir qrup Azərbaycan və xarici media mənsubları ilə görüşüb. Media mənsubları qarşısında çıxış edən K.Kınık Qızıl Aypara Cəmiyyətinin missiyasının təbii fəlakətlər də daxil olmaqla, ümumən fəlakətlər dövründə cəmiyyətə yardım etmək olduğunu söyləyib. O, deyib ki, həmin gecə Türkiyə Qızıl Aypara Cəmiyyətinin Ankara üzrə şöbə müdiri Sərhad Öndər Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah binasının önündə şəhid olub: "Keçən il 15 iyul hərbi çevrilişə cəhd gecəsi, saat 22.00-23.00 radələrində Türkiyə Qızıl Aypara Cəmiyyətinin əməkdaşlarını prezidentimiz Rəcəb Tayyib Ərdoğanın çağırışına uyğun olaraq insanların toplaşdıqları yerlərə getməyi tapşırdıq. 15 iyulda Fətullahçı Terror Təşkilatı hərbi çevriliş cəhdinin qarşısı alındı. Biz də Qızıl Aypara Cəmiyyətində bu terrorçu təşkilatla əlaqəsi olanları ixrac etdik. Bir məqamı xüsusilə qeyd edim ki, biz hərbi çevriliş zamanı yaralanan insanlarla əlaqədar xəstəxanaları yetərli həcmdə qan ehtiyatı ilə təmin etdik".
Türkiyə Qızıl Aypara Cəmiyyətinin prezidenti Cenevrə Konvensiyasına əsasən silahlı birləşmələrin mülki insanlara atəş açmasının hərbi cinayət olduğunu söyləyib: "Həmin gün bizə vertolyotlardan belə atəş açdılar. Bu faktın özü belə beynəlxalq təşkilatların, dövlətlərin, məhkəmənin Türkiyə xalqının yanında olmasını təmin etməyə yetərlidir. Amma biz görürük ki, FETÖ dünya ictimaiyyətində də yanlış rəy yaradır. Keçən il Məkkədə həcc ziyarətində olanda bir pakistanlı mənə dedi ki, Rəcəb Tayyib Ərdoğanın çevriliş edərək 150 min insanı öldürməsi doğrudurmu. Bu, FETÖ-nün dünyada yanlış ictimai rəy yaratmaq istiqamətində səylərinin nəticəsidir. Biz mediadan bizim haqlarımızı qorumağı xahiş edirik. Mən xarici ölkələrin media təmsilçilərinə Türkiyəyə səfər etdiyi üçün təşəkkür edirəm".
K.Kınık rəhbəri olduğu qurumun Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu da diqqətə çatdırıb. Bildirib ki, Türkiyə Qızıl Aypara Cəmiyyətinin Azərbaycan, Rusiya və digər keçmiş SSRİ ölkələri, həmçinin bu ölkələrdəki müvafiq qurumlarla sıx əlaqəsi var. O, bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə gələcəkdə əməkdaşlığı genişləndirməyə hazırdırlar.
Rufik İSMAYILOV
Türkiyə, Ankara
banner

Oxşar Xəbərlər