• çərşənbə axşamı, 23 aprel, 19:15
  • Baku Bakı 20°C

FESTİVAL HƏMİŞƏ BAYRAMDIR!

15.11.18 15:45 2180
FESTİVAL HƏMİŞƏ BAYRAMDIR!
6-11 noyabr tarixlərində paytaxtımızda önəmli bir sənət hadisəsi - 2-ci M.A.P. Beynəlxalq Teatr Festivalı keçirilib. Festival çərçivəsində Danimarka, Estoniya, Almaniya, İran, İtaliya, Yaponiya, İsveçrə, Rusiya və Birləşmiş Krallıqdan olan nüfuzlu teatr qurumlarının 16 tamaşası təqdim edildi. Bu mədəni tədbirin ölkənin teatr həyatında əks-səda doğurduğunu nəzərə alaraq, "Kaspi qəzetinin Teatr əlavəsi teatr xadimlərinin festival haqqında fikirlərini soruşub.
Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Ayşad Məmmədov: "Festival tamaşalarından üçünə baxmaq mənə nəsib oldu. İtaliyanın "NoGravity” teatrının "Ariya” (rejissor Emiliano Pellisari) tamaşası haqqında maraqlı bir fikir deyə bilmərəm, çünki teatrda, tamaşada mən perspektivi, yəni dərinliyi xoşlayıram. Amma həmin tamaşa bir müstəvi üzərində baş verir. Başa düşürəm, bu, bir performansdır, amma mənim tamaşam deyil. Baxdığım ikinci tamaşa Rusiyanın "Balet Moskva” Teatrının "Kafe İdiot” (rejissor və xoreoqraf Aleksandr Pepelyayev) tamaşası idi. Plastik həll üzərində qurulan tamaşa mənim stixiyamdır. Xüsusən də, bunu peşəkarlar edəndə. Ona görə həmin tamaşanı çox bəyəndim. Ən çox xoşuma gələn isə tamaşada bir hadisənin müxtəlif rakurslardan təqdim edilməsi idi. Baxdığım üçüncü tamaşa Rusiyanın "Qoqol-Mərkəz” Teatrının "Rusiyada yaşamaq kimə yaxşıdır” tamaşası oldu. Rejissor K.Serebrennikovun cəsarətli tamaşası onu göstərdi ki, illər keçsə də, N.A.Nekrasovdan bu yana düşüncə tərzində heç nə dəyişməyib.
Belə festivalların keçirilməsi təqdirəlayiqdir. Bir az silkələnib, dünya teatrlarında nələr baş verdiyini görüb, biz də hərəkətə gələrik”.
AMEA Memarlıq və İncəsənət İnstitutu Teatr, Kino və Televiziya Şöbəsinin müdiri, teatrşünas Vidadi Qafarov: Hər hansı festival bayramdır. Məncə, II M.A.P. Beynəlxalq Teatr Festivalında da bu bayram baş tutdu. Düşünürəm ki, festival təşkilatçıları məqsədlərinə çatdılar - "sərhədsiz teatr”ın mənzərəsini yaratmağa nail oldular. Festivalda 6 gün ərzində dünyanın müxtəlif ölkələrindən gəlmiş 13 teatr 9 məkanda Bakı teatrsevərlərinə 16 tamaşa təqdim etdi. Biz fərqli mədəniyyətlərə malik ölkələrin peşəkar teatrlarını gördük, fərqli estetikaya malik rejissorların tamaşalarını, aktyorların oyununu (bəzən, xüsusi heyranlıqla) izləyə bildik. Festivalın dəyərli cəhətlərindən biri də o idi ki, repertuarı həm növ, həm də janr baxımından çox rəngarəng qurulmuşdu. Tamaşaçılar festival ərzində balet, opera, dram, kukla, klounada, təxəyyül teatrı, musiqili şou, muzikl, tragikomediya-fars kimi növ və janrlarda tamaşalara baxa bildilər. Azərbaycan tamaşaçısı, az da olsa, dünya teatr məkanında baş verən proseslərlə, teatrların yüksək bədii-texniki səviyyəsi ilə, sənətkarların yaradıcılığa münasibəti ilə tanış oldu, əsl sənət havasını, teatr havasını uddu. Mən təəssüf ki, cəmi 6 tamaşaya baxa bildim. Onların sırasında isə ən zövq aldığım Moskvanın Qoqol-Mərkəzinin "Rusiyada yaşamaq kimə yaxşıdır” tamaşası oldu. Tamaşa yüksək sənət səviyyəsi və demokratiya dərsi ilə yadımda qaldı. Yekunda onu deyim ki, məncə, gələcəkdə festival çərçivəsində, sonda elmi-praktiki konfrans keçirilsə, çox faydalı olar.
"YUĞ” Dövlət Teatrının rejissoru Mir Sahib Ağazadə: "Təəssüf ki, II M.A.P. Teatr Festivalı çərçivəsində cəmi üç tamaşaya baxmaq imkanım oldu. Ümumiyyətlə, ölkədə əgər teatr konfransı, festivalı keçirilirsə, demək, hələ boğulmuruq. Nəfəs almağa, az da olsa, yer var. Baxdığım üç tamaşadan və bu günlər ərzində teatral cameənin canlanmasından çıxış edərək onu deyə bilərəm ki, zamanında təşkil olunan bir festival idi. Çünki neçə illərdir belə ciddi səylə ərsəyə gələn bir festival keçirilməyib. Mən Şəki festivalına kölgə salmaq istəmirəm. Amma gəlin, etiraf edək ki, MAP festivalı çox uğurlu və səviyyəli bir mədəni hadisə idi. Müəyyən təəssüfedici qənaət və ümidverici təskinlik yaratdı mənim üçün bu festival. Təəssüfedici qənaətim o oldu ki, biz dünyada çox sürətli gedən teatr prosesinə qoşulmamışıq. Ümidverici təskinliyim isə o idi ki, biz bütün bu prosesləri hələ neçə illər qabaq müəllimimizin (Vaqif İbrahimoğlu) nəzəri və praktiki yaradıcılığında görmüşük və dünya teatr prosesinə çox rahatca qoşula biləcək sərbəst yaradıcı düşüncəyə malikik”.
ADMİU-nun "Teatrşünaslıq” kafedrasının baş müəllimi, Teatrşünas Fəridə Cəlilova: "Festival həmişə bayram ab-havasıdır, üstəgəl əgər söhbət teatr festivalından gedirsə, bu, ikiqat bayramdır. Sonuncu dəfə Bakı tamaşaçısı üçün belə bayram, mənə görə, 2010-cu ildə, Çexov Festivalının "İpək yolu” mərhələsində təşkil olunmuşdu. Hətta I M.A.P. Festivalı o təəssüratı üstələyə bilməmişdi – yanılmıramsa, keçən il festivala 6 tamaşa dəvət olunmuşdu. Müqayisə üçün deyim ki, bu il Bakıya 16 tamaşa gəlib. Bundan əlavə, bu dəfə də festival ustad dərsləri və mühazirələrlə müşayiət olunurdu. Təəssüf ki, bütün tamaşalara baxa bilmədim, amma yəqin festivallarda başqa cür olmur da, gərək nələrisə seçib, sənə daha maraqlı görünən tədbirlərdə iştirak edəsən.
Açılış günü barokko musiqisini sevənlər üçün Monteverdi və Vivaldinin əsərlərinin sədası altında italiyalı qonaqların gətirdikləri "Ariya” (rej. Emiliano Pellisari) adlı hava rəqqaslığı şousu təqdim olundu. Antik və İntibah dövrlərinin nailiyyətlərinin sintezi kimi meydana çıxan pastoralı xatırladan səhnəciklər müasir texnologiyaların yaratdığı levitasiya imkanları ilə "çəkisizlik”ləşdirilmişdilər. Festivalın ilk tamaşasını təqdim edən italiyalı truppanın adı "NoGravity” olub, truppanın yaradıcılıq isiqamətinə işarə edir. Ümumiyyətlə, son zamanlar müasir teatr festivallarında xalis janrlara rast gəlmək get-gedə daha da çətinləşir. Bilirəm ki, festivalın mənim baxmadığım (çünki o başlayanda mən sonda haqqında yazacağım tamaşadan yenicə çıxmışdım) son tamaşası "Həqiqət” (rej. Daniele Fintsi Paska) də canlı musiqi və sirk elementləri ilə zənginləşdirilmiş janrlararası tərzdə olub.
Xoşagələn haldır ki, festivalda hər yaş və zövqə uyğun tamaşalar var idi. Kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuş "Heç kimin torpağı” (Almaniya-Yunanıstan) tamaşasında yaraşıqlı müqəvva bizi xəyallarımıza etibar etməyə çağırırdı.
Bütün bunlar yaxşıdır, amma teatrsevərlər artıq festivalın ortalarında "qan” istəməyə başlamışdılar, onlar kəskin intriqalı süjet intizarında idilər. Qan və kəskin süjet istəyənlərsə F.M. Dostoyevskinin "İdiot” romanı əsasında hazırlanmış tamaşanı buraxa bilməzdilər. "Balet Moskva” (Rusiya) teatrının təqdim etdiyi "Kafe İdiot” tamaşasının adı Pina Bauşun "Kafe Müller”inə allüziyadır. Amma bu tamaşa emosional gərginliyinə görə nə F.M.Dotoyevski mətninin, nə də Pina Bauş qəhrəmanlarının çılğın ümidsizliyinə çatmırdı. İstənilən halda, festivalda "Qızıl maska” mükafatı laureatını görmək xoş idi.
Bir qədər də Festivalın son günü nümayiş olunan "Rusiyada kim xoşbəxt yaşayır?” tamaşasından demək istərdim. Qoqol Mərkəzinin təqdim etdiyi tamaşanın rəssamı və rejissoru Kirill Serebrennikovdur. Brextin epik teatr ənənəsində işlənmiş tamaşa üçün seçilən əsərin pyes yox, poema olması onun formasını müəyyənləşdirmişdi. Mən burada qəsdən Brextin yaradıcılığının son dövründə işlətdiyi "dialektik teatr” deyil, "epik teatr” anlayışını işlətdim. Belə ki, sözügedən tamaşada epiklik təhkiyə səviyyəsində qalıb dialektikaya keçməmişdi, hərçənd tamaşaçı ilə ünsiyyət qurmaq cəhdlərinin məhz buna hesablandığı aşkar idi.
Serebrennikov üsyana çağırış sərgiləmək istəyir və buna da nail olur. Ruben Estlundun "Kvadrat” (2017) filmindəki ziyafət səhnəsində olduğu kimi, "Kimdir Rusiyada xoşbəxt yaşayan?” tamaşasında da "parterə bahalı bilet alanlar” (tamaşaçılar arasında xoşbəxt insan axtarışları zamanı amfiteatrdan cavab gəldiyində səhnədən atılan replikada deyilirdi: parterə biletlər baha olduğuna görəmi burada heç kimin səsi çıxmır?”) sınağa çəkilir, səhnədə göstərilənlərə nə dərəcədə ürəkləri yandıqları özünəməxsus şəkildə imtahan olunurdu. Maraqlıdır ki, burada kimin nəyə əl çalması da tamaşa kontekstində önəmli idi. Bəli, bu, siyasi teatrdır və sözügedən Festivalın üstünlüyü də onun çoxşaxəli ola bilməsindədir.
Sonda M.A.P. Teatr Festivalının təşkilatçılarına təşəkkür edir və gələcək fəaliyyətlərində uğurlar arzulamaq istəyirəm”.
Rejissor Tural Mustafayev: "Məndən ötrü II M.A.P. Teatr Festivalının ən mühüm nəticəsi: Bakı beş-altı gün sənət havası ilə nəfəs aldı. Teatrların qarşısında insanlar təlaşla bilet axtarırdılar... Bu mənzərəni görmək necə də xoş idi. Bu, çox vacib idi, çünki Bakı şəhəri çoxdandır, belə ab-hava yaşamırdı. Ən vacibi – festival son zamanlar nadir rastlaşdığımız sənət hadisəsinə çevrildi. Bundan başqa, düşünürəm ki, festival dünya teatr prosesində nələrin baş verdiyindən xəbərdar olmağımız, çatışmayan tərəflərimizi görməyimiz, ən əsası, yaradıcılıq mübadiləsində bulunmağımız üçün çox səmərəli oldu. Festivalın ən böyük hadisəsi isə, şübhəsiz, K.Serebrennikovun "Rusiyada yaşamaq kimə yaxşıdır” (Rusiya, "Qoqol-Mərkəz” Teatrı) tamaşası oldu. Belə tamaşaların tez-tez nümayişi, zənnimcə, yaradıcı düşüncənin, yaradıcı təfəkkürün yenilənməsinə, inkişafına yaxşı təsir göstərər. M.A.P. teatr festivalının təşkilatçılarına bizə bu bayram əhval-ruhiyyəsini yaşatdıqları üçün minnətdarlığımı bildirirəm, bir də istəyərdim festival hər il keçirilsin. Çünki şəhərimizdəki bu atmosferi qorumaq lazımdır”.
Teatrşünas Könül Əliyeva-Cəfərova: "Bir insan üçün yuva nədir? Doğulduğu torpaqmı? Yaşadığı şəhərmi? Hər səhər qapısını bağlayıb getdiyi, axşam açıb girdiyi evmi? Bəlkə hamısı? Ya da heç biri... Məntiqlə düşünəndə, suallar çox bəsit görünür, elə deyilmi? Məsələn, mən məntiqlə düşünmürəm, məntiqlə yaşamıram. Amma bilirəm ki, elə məntiqlə yaşayanlar da, qəlbindən gələn səsin arxasınca düşüb gedənlər də - hər kəs bu şəhərdə tənhalıqdan əziyyət çəkənlərdir, özünü "xoşbəxt” kimi göstərən tənhalardır (K.Serebrennikovun "Rusiyada yaşamaq kimə yaxşıdır” tamaşasının seyrçiləri kimi...). Sadəcə, hərə bir formada boğur öz tənhalığını. Festivallar, bayramlar da bizim üçün bəhanədir tənhalığımızı boğmağa, görməzdən gəlməyə... Kim istəməz, müqəvva-insan ("Merlin” Kukla Teatrı, "Heç kimin torpağı” tamaşasının qəhrəmanı, ya da qəhrəman olmaqdan başqa seçimi olmayan tənha personajı) kimi xəyallarının ardınca qaçmağı, uçmağı... Kim istəməz, dünyanın dəqiq mizanlarla qurulmuş məntiqinə inad içib-içib bütün çərçivələri sındırmağı, qaydaları çeynəməyi... Festivallar həm də bir ümiddir, yuvamızı, aid olduğumuz yeri tapmağa, canlı proseslə nəfəs almağa bir ümid... Bir müddət M.A.P.-ın açdığı bu bapbalaca nəfəslikdən gələn ab-havayla nəfəs almaq gözəldir, elə deyilmi? Pərdə bağlanır, aradan sızan işıq selinin arxasından ümidin şairi Nazim Hikmət boylanır: güzel günler göreceyiz, çocuklar, güneşli günler göreceyiz...”
Aktyor və rejissor Ceyhun Dadaşov: "Mən Azərbaycanda baş tutan incəsənətlə bağlı istənilən tədbirin tərəfdarıyam. İstər yüksək səviyyəli tədbirlər olsun, istər aşağı, məni sevindirən fakt yaradıcı prosesin getməyidir, irəliləməyidir. Sonra onu zaman-zaman düzgün istiqamətə yönləndirmək olar. Pis odur ki, bu proses durğun olsun, onda vay bizim halımıza. II M.A.P. Teatr Festivalında məni həm sevindirən, həm də məyus edən bir neçə məqam oldu. Sevindirən məqam odur ki, bir çox yaxın və uzaq ölkələrdən onların mədəniyyətlərini və teatr nailiyyətlərini əks etdirən tamaşaları izləmək şansı yarandı. Və onların arasında maraqlı məqamları görməmək mümkün deyildi. Həqiqətən də, maraqlı və yüksək professionallıq tələb edən ifalar mövcud idi. Bunlar, əlbəttə ki, hansısa yaradıcı prosesin inkişafına müsbət təsir göstərəcək. Məyus edən məqam isə o oldu ki, mən həmin tamaşalarda Azərbaycan teatrlarının tamaşaçılarından daha çox "Bu şəhərdə”, "KVN” və s. kimi əyləncəli şou-konsertləri əsl teatr sanıb, yalnız onların tamaşalarında tamaşaçı qismində iştirak edən insanları gördüm. Ona görə də, əslində, o qədər də fövqələdə tamaşa olmayan nümayişlər lazımından artıq ah-vahla qarşılandı. Belə ki, açılış zamanı nümayiş olunan "Ariya” performansı, əslində, tapılmış "fəndin” (tryuk) gözəl icrasından başqa bir şey deyildi. Və kiçik-kiçik səhnələrə bölünmüş, ümumi dramaturgiyaya tabe olmayan bir göstəri idi. Eynən də sonuncu gün nümayiş olunan Finzi Paska Kompaniyasının "Həqiqət” (İsveçrə, rejissor Daniele Finzi Paska) teatral-şousu. Mənə yaxın olan bir şəxsin dediyi kimi: "Sirk - manejdən səhnəyə çıxıb”. Maraqlı sirk nömrələri və onların arasında intermediyalar. Mən teatrda sirk aktyorunun akrobatik elementləri məharətlə icra etməsini tamaşa saya bilmərəm, mənim alqışlarım yalnız onların müəyyən məqamlardakı maraqlı aktyor oyunlarına idi. Ona görə də teatr və tamaşa müstəvisində çox da yüksək dəyərləndirə bilmədim. Nəticə olaraq isə, yenə də fikrimin əvvəlinə qayıtmaq istərdim. Bu tip festivalların keçirilməsi ümumilikdə həmişə xeyirlidir. Biz özümüzə lazım olan məqamları götürərik”.
Teatr və kino yazarı Aliyə Dadaşova: "II M.A.P. Teatr Festivalı çərçivəsində üç tamaşaya, Y.Tupikinanın "Pyes necə yazılır” və M.Davıdovanın "Postdramatik teatr nədir və ondan sonra nə olacaq?” mövzusunda ustad dərslərinə qatıla bildim. Proqram zəngin idi, əhatə etdiyi sahə və mövzular da aktual idi. Bizim teatr cameəsi üçün festivalın əhəmiyyəti çox böyükdür. Məsələn, "Merlin” Kukla Teatrının "Heç kimin torpağı” (Almaniya, Yunanıstan, rejissor Dimitris Stamu) adlanan tamaşasından böyük təəssüratla ayrıldım. Adi bir müqəvvanın hekayəsi bu qədər təsirli ola bilər. Hər üç tamaşada işıq və dekor həllinin, effektlərin bədiiliyə necə təsir etdiyini gördüm. Hər hansı konseptuallıqdan yox, sadəcə peşəkarca işlənmiş işıq və dekordan danışıram. Bizim teatrların bunu mənimsəməsini arzu edərəm. Lakin bir əmma var: tamaşalara biletlər baha idi. Bu, festivaldır necə olsa. Tamaşaçıya əlçatan olsa gərək”.
Teatrşünas Emin Əliyev: "Festival mənim üçün son 2-3 ildə yaşatdığı təəssürata və həyəcana görə, ölkəmizdə baş tutan ən böyük sənət hadisəsi idi. Bəyənmədiyim ifalar olsa da, "Qoqol-Mərkəz” (Rusiya), "Amata” (İran) və "Çiten” (Yaponiya) teatrlarının səhnələdiyi tamaşaların ab-havası məndə uzun müddət qalacaq. Şəhərdə bir-neçə günlük də olsa özümüzü xoşbəxt və əsl sənət adamı kimi hiss etdik. Belə tədbirlərin həmişə olması diləyi ilə. Qoy həmişə günəş olsun!”
Teatrşünas Nigar Pirimova: 6-11 noyabr tarixlərində keçirilən II M.A.P. Teatr Festivalı maraqla qarşılandı. Paytaxt Bakının müxtəlif teatr və mərkəzlərində göstərilən tamaşalar müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuşdu. Gündüz seansları daha çox balaca şirinlər üçün tamaşalar idisə, axşam performanslarını yuxarı yaş kateqoriyasına mənsub tamaşaçılar rahat seyr edə bilərdi. Tamaşalar həm maraqlı, baxımlı, həm də yorucu oldu. Festival çərçivəsində tamaşalarla yanaşı, ustad dərsləri keçirildi ki, bu da teatrlara, aktyorlara teatr xadimlərinə yeni nəsnələr öyrətdi. Hətta festivalın son günü Bakı Konqres Mərkəzində isveçlərin göstərdiyi performans, doğrudan da, diqqətəlayiqdir. Seyrçilərin alqışlarından, gərginlik və həyəcanlarından, gülüş və zala müraciət zamanı verilən cavablardan tamaşaçıların nə qədər xoş dəqiqələr keçdiyinin fərqinə varmaq olurdu. Əsasən, sirk nömrələrindən, akrobatik hərəkətlərdən ibarət olan performans seyrçilərə bir xeyli gərgin anlar da yaşatdı. Lakin bəzi xarici tamaşaların bizim mentalitetə sığmayan nömrələri seyrçilərin zalı tərk etmə səbəbi ilə nəticələndi. Beləcə, ev sahibliyi etdiyimiz daha bir festival başa çatdı. Növbəti festivalların daha baxımlı olması diləyi ilə, xudahafiz...”
TeatrO.az saytının əməkdaşı, teatrşünas Razimə İsmayılova: "6-11 noyabr tarixlərində keçirilən M.A.P. (Musiqi, İncəsənət, Performans) festivalı ötən ilkindən daha genişmiqyaslı, daha iddialı – 13 teatr, 16 tamaşa, 9 məkan idi. Azərbaycan teatrı bu qədər estetik, bu qədər zərif, bu qədər dəqiq səhnə tərtibatı, vizuallıq baxımından qədər maraqlı və nəhayət, bu qədər azad tamaşa-festival hələ görməmişdi. M.A.P təkcə tamaşaları ilə deyil, həm də ustad dərsləri ilə, seminar və mühazirələrlə yadda qaldı. Belə zövqlü festival görə, M.A.P-a təşəkkür. Beş gün yorğun olduq, qaça-qova düşdük, amma yorulmağa dəydi. Hər iki ildən bir eyni şeyləri eşitməkdənsə, bir ildən bir 13 teatr, 16 tamaşa, 9 məkan görmək yeydir”.
banner

Oxşar Xəbərlər