Fərqli teatrlarda eyni tamaşalar

Fərqli teatrlarda eyni tamaşalar

Mədəniyyət
30 Oktyabr 2019, 11:30 613
Klassik əsərlərin meydan oxuması, yeni nəslin tamaşa hazırlanması prosesində yaxından iştirak etməməsi ilə izah olunur
 
Teatr insanı insana insanla insanca izah edən sənətdir. Bir az qəribə səslənsə də, həqiqətən belədir. Müasir həyatın bizə verdiyi imkanlardan maksimum dərəcədə istifadə edirik. Belə ki,   əlimizin altında olan telefon və kompyuter vasitəsi ilə bütün dünyada baş verən mədəni, sosial, siyasi hadisələrdən bir neçə saniyə ərzində xəbərdar oluruq. Bəzən bu vizuallıqdan uzaq qaçmaq, canlı sənət növü ilə təmasda olmaq, bəlkə də sevdiyimiz sənətkarları sosial şəbəkələrdən deyil, canlı şəkildə izləmək üçün teatra üz tuturuq. Hər bir teatrın isə spesifik xüsusiyyətləri var. Məsələn, Pantomima, Yuğ, Kukla, Opera və balet teatrlarının, adından da bəlli olduğu kimi, öz yolu, öz yönü və öz üslubları var. Ancaq digər teatrlarımızın repertuarlarına nəzər yetirdikdə, onların çox zaman eynilik təşkil etdiklərinin şahidinə çevrilirik. 

Məsələn, Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran” , "Müsyö Jordan Dərviş Məstəli şah” kimi komediyaları, demək olar ki, əksər teatrlarımızın repertuarını bəzəyir. Təkcə M.F.Axundovun deyil, digər klassik dramaturqlarımızın da əsərləri teatrlarımızın repertuarlarının ən çox oynanılan tamaşalarına çevrilib. Təbii ki, hər teatrın repertuarında klassik əsərlər olmalıdır. Amma və lakin... Məsələ burasındadır ki, son bir neçə ildə teatrlarımız klassik dramaturqlarımızın eyni əsərlərinə müraciət edirlər. Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibəti ilə teatrlarımız onun əsərlərinə müraciət edirlər. Yeni mövsüm açılar-açılmaz, oktyabrın 10-dan 20-dək "YARAT" Müasir İncəsənət Məkanında 3-cü M.A.P. Beynəlxalq Teatr Festivalı keçirildi. Festival Kamran Şahmərdanın rejissoru olduğu "Dəli yığıncağı” tamaşası ilə başladı. Daha sonra istedadlı rejissor, əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda Akademik Milli Dram Teatrında eyni əsər səhnələşdirildi. Hazırda isə C.Məmmədquluzadənin "Dəli yığıncağı” əsəri Gənc Tamaşaçılar Teatrında xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanır. 

Bəs görəsən teatrlarımızda "hər il eyni əsərlər müxtəlif teatrlarda hazırlanır” tipli xəbərləri oxumurlarmı? Ümumiyyətlə, teatrlarımızın repertuarı hansı prizmadan hazırlanır, hazırlanarkən tamaşaçının istəyi nə qədər nəzərə alınır? 

Mövzu ilə bağlı ilk növbədə teatrlara tamaşaları sifariş verən Mədəniyyət Nazirliyinə müraciət etdik. Mədəniyyət nazirliyinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri Türkan Cəfərova deyir ki, teatr yaradıcı mədəniyyət ocağıdır, məhz bu baxımdan teatrlara əsər seçimində müdaxilə edilmir: "Bildiyiniz kimi, teatrlarımızda nazirliyin sifarişi ilə tamaşalar hazırlanır. Teatrlarımızda fəaliyyət göstərən rejissorlar özləri əsəri seçir. Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı”na gəlincə isə, Akademik Milli Dram Teatrında Bəhram Osmanovun quruluşunda hazırlanan tamaşaya nazirlik dəstək göstərib. Digər tamaşalar isə, təbii ki, rejissorun istəyi ilə hazırlanıb”. 
 
Akademik Milli Dram Teatrında "Dəli yığıncağı” tamaşasının quruluşçu rejissoru Bəhram Osmanovdan ilkin olaraq baş rejissoru olduğu Gənc Tamaşaçılar Teatrında repertuar planının necə tənzimləndiyini soruşduq. O deyir ki, mövsümün repertuar planını hazırlamaq üçün müxtəlif üsullardan istifadə edilir: "Hər teatrın öz repertuar planı var. Bu çox ağır bir prosesdir. Bir teatrın repertuar planını hazırlamaq üçün bir il bununla məşğul olmaq lazımdır. Ədəbi hissə müdiri bu prosesdə yaxından iştirak edir. Bütün bunların hamısı ilk növbədə tamaşaçının, eyni zamanda teatrda çalışan truppanın inkişafının maraqlarına cavab verməlidir. Hər bir teatrın bir mövqeyi var. O mövqenin əsasında, hazırlanan tamaşanın yaşadığımız mühit, cəmiyyətlə səsləşmək kimi müəyyən eksperimentlərin aparılması çərçivəsində təkcə aktyor oyunu deyil, eyni zamanda yeni üslubda milli pyeslərin yazılması dayanır. Əgər mövsümdə hazırlanan 6 tamaşadan biri uğur qazanırsa, bu artıq teatrın qələbəsi hesab olunur. Gənc Tamaşaçılar Teatrında repertuar qurmaq çətindir. Çünki biz 6 yaşından 70 yaşına qədər tamaşaçıların zövqünü oxşamağa çalışırıq və onların zövqünə uyğun repertuar seçməyə məcburuq. Teatrımızda hazırlanan tamaşalar Akademik Milli Dram Teatrı üçün hazırlanan tamaşanın səviyyəsində olmamalıdır. Gənc Tamaşaçılar Teatrının repertuarında olan bütün klassik və müasir əsərlərin baş qəhrəmanı elə məhz gənclər olmalıdır”. 

"Dəli yığıncağı” tamaşasına gəldikdə isə, rejissor bildirdi ki, bu mövsüm teatrların Cəlil Məmmədquluzadənin repertuarına müraciət etməsi onun yubileyi ilə əlaqədardır: "Əsərin seçilməsi rejissorun istəyinə bağlıdır. Əlbəttə ki, hər əsərə rejissorların öz baxışı var. Bunun üçün biz hər bir rejissorun fikrinə hörmətlə yanaşırıq. O tamaşada rejissor öz fikrini, baxışını ortaya qoyur. Təkcə Azərbaycan klassikləri deyil, dünya klassikləri də illərdir teatrlarımızın repertuarında yer alır. Bu təkcə Azərbaycanda belə deyil. Mən buna o qədər də qısqanclıqla yanaşmıram. Klassik əsərlərin səhnələşdirilməsi müsbət haldır, ancaq Azərbaycan tamaşaçıları üçün uğurlu səhnə variantını tapıb hazırlamaq lazımdır. Dramaturgiyanın bugünkü vəziyyəti qənaətbəxşdir. Rejissorlar var ki, onlar üçün qənaətbəxş deyil. Bu gün Gənc Tamaşaçılar Teatrında  "Oqtay Eloğlu” tamaşası hazırlanır. Bunun nəyi pisdir ki? Biz öz teatrımızda hazırlanan tamaşaya cavabdeh olduğumuz üçün daha ciddi yanaşırıq. Çalışırıq ki, tədbirlər və yubileylər üçün hazırlanan tamaşalar teatrımızın repertuarında möhkəm bir yer tutsun. Əgər tamaşa uğurlu alınıbsa, onu repertuara daxil edirik, əgər alınmayıbsa, təəssüf edərək müəllifə hörmət əlaməti olaraq, onu repertuardan çıxarırıq. İstəmirik ki, uğursuz alınan tamaşa müasir gəncliyin yaddaşında bu cür qalsın”.
 
Gənc Tamaşaçılar Teatrında "Dəli yığıncağı” tamaşasının ikinci rejissoru Gülnar Hacıyeva bildirir ki, hazırda teatrda tamaşanın məşqləri davam edir. Hazırlanan tamaşanın quruluşçu rejissoru Cənnət Səlimovadır: "Hazırda beşinci şəkil üzərində iş gedir. Cənnət xanımın yozumu digər rejissorların yozumundan fərqlidir. Əsər Cəlil Məmmədquluzadənin yazdığı kimi səhnələşdirilmir. Dramaturq İlqar Fəhminin oraya əlavə etdiyi yeni yozum və obrazlarla maraqlı bir tamaşa üzərində çalışırıq. «Dəli yığıncağı» tamaşaçıların zövqünü oxşayacaq tamaşa olacaq. Cənnət xanım özü məhz bu əsəri səhnələşdirmək istədi. Heç vaxt kimsə onu məcbur edə bilməz ki, hər hansı bir əsərə quruluş versin”.

Klassik əsərlərin teatrların repertuarına yol tapmasına gəlincə isə, rejissor deyir ki, o bunu çox yaxşı qiymətləndirir: "Bizim teatrda da müasir və klassik əsərlərə müraciət olunur. Klassikada tamaşaçıya təqdim etməyə nəsə var. Ancaq müasir əsərlərdə tamaşaçıya ötürməyə mesaj tapa bilmirik. Mən özüm də tamaşa hazırlasam, klassikaya müraciət etmək niyyətindəyəm”. 
 
Sənətşünas Ənvər Börüsoy deyir ki, teatrı rejissorlar idarə etməli olduğu halda, bizim teatrlarda bu prinsip fərqli çalışır. O bildirir ki,  teatrlarda bilavasitə direktorlar bir yandan yaradıcı işə müdaxilə edirlər, digər tərəfdən isə repertuarda olan əsərləri seçirlər. Ekspert bunu doğru hesab etmir: "Cənab prezident İlham Əliyev Azərbaycan teatrının inkişafı haqqında sərəncam imzaladı. Təbii ki, bu sərəncamın teatrlarımıza müsbət nəticəsi oldu. Ancaq orda bir çox nüanslara əməl olunmadı. Bu müddət ərzində direktorlar teatrı hökm sürür. Əslində direktor teatrda menecerdir. Teatrların repertuarı qanunla bədii şuralarda müzakirə olunmalı, orta hesabla hər teatrda 3-4 tamaşa hazırlanmalıdır”.
 
Sənətşünas bildirir ki, bu gün gənc dramaturqlar teatrdan uzaq düşüb: "Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar teatrlarımız onun əsərlərinə müraciət edirlər. Dramaturqların yubileyində teatrlar bu tamaşaları hazırlayırlar. Bizim çox istedadlı gənc rejissorlarımız var. Ancaq nədənsə onlar bu gün teatrlara yol tapa bilmirlər. Məcbur olub xaricə üz tuturlar. Çünki köhnə nəsil yeni nəslə meydan vermir. Yeni teatr poetikasından və estetikasından yaşlı rejissorların xəbəri yoxdur. Bu gün teatr tənqidçiləri, teatrşünaslar teatrlarda baş verən proseslərə gözlərini yumurlar. Özünü teatrşünas adlandıranların 90 faizi teatr salnaməsi ilə məşğuldur. Onlar teatrda hazırlanan tamaşaların adlarını qeyd edir, aktyorlar haqqında məlumat verir və bununla kifayətlənirlər. Nə aktyor sənətinin, nə dramaturgiyanın problemlərini qabardır, nə də yeni dramaturqları tanıdırlar. Gənc dramaturqlara meydan verilmir. Teatr mühiti o zaman inkişaf edir ki, dramaturq kimi yeni nəsil yetişir. Bu qaynarlığın, yeni üslubların olmaması teatrlarımızda klassik əsərlərin meydan oxumasına imkan yaradır. Teatrların artıq repertuar siyasəti yoxdur”. 
 
Xəyalə Rəis