“Fərqli ölkə, fərqli mühit, fərqli insanlar…”
"Hər şey əladır. Xarici ölkədə təcrübədə olmaq
çox fərqli hissdir. Birdən-birə öz vətənindən kənarda öyrəndiyin dilin
daşıyıcıları ilə ünsiyyətdə olursan. Çətin olduğunu deyə bilmərəm. Dili
bildiyim üçün çox çətinlik çəkmirəm, amma sürətli danışıqlar üçün az da olsa çətinlik
var”. Bu sözləri Azərbaycan Dillər Universitetinin (ADU) Frankofon Universitet
Agentliyi (FUA) ilə əməkdaşlığı çərçivəsində Fransa və Rumıniyada keçirilən
pedaqoji və istehsalat təcrübələrində iştirak edən Aytən Kamandarlı bildirib. Saint-Jean-de-Luz
şəhərində təcrübə keçən A.Kamandarlı ölkəmizi və universiteti layiqincə təmsil
edəcəyinə inandığını söyləyib.
Avropa Şurasının Siyasi Departamentində
təcrübə keçən Fəridə Musayeva da təcrübədən razıdır. Təcrübənin maraqlı
keçdiyini bildirən tələbə söyləyib: "Hər gün müxtəlif konfliktlər üzərində işləyirəm.
Burada fransız, ingilis dillərindən rus dilinə müxtəlif mətnləri tərcümə edir,
hesabatlar yazıram. Siyasi, hüquqi mətnlər çox olsa da universitetimizdə belə mətnlər
üzərində çox işlədiyimizdən mənə çətinlik yaratmır”.
"Hazırda bizim yaşadığımız
hisslər Azərbaycan Dillər Universitetində təhsil alan hər tələbənin arzusudur. Xaricdə
təcrübə keçmək həqiqətən də çox fərqli bir duyğudur. İlk bir neçə gün bizə çətin
olsa da, artıq özümüzdəki irəliləyişi hiss edə bilirik. Hər şey təsəvvür
olunmayacaq qədər möhtəşəmdir” sözləri isə tələbələrdən Lalə Dadaşovaya məxsusdur.
Fransanın Bordo şəhərində
təcrübədə olan Rəna Rüstəmova da
başqa ölkədə təcrübə keçməyin mükəmməl hiss olduğunu bildirib.
Xatırladaq ki, Azərbaycan
Dillər Universitetinin Frankofon Universitet Agentliyi ilə əməkdaşlığı çərçivəsində
7 tələbə ilk dəfə olaraq Fransa və Rumıniyada keçirilən pedaqoji və istehsalat
təcrübələrində iştirak edir.