• cümə, 26 Aprel, 03:09
  • Baku Bakı 16°C

Feminizmin nə olduğunu bilməyənlərin feministliyi

21.10.19 18:53 1491
Feminizmin nə olduğunu bilməyənlərin feministliyi
Azərbaycanda yad düşüncə tərzini "Avropa dəyərləri” adı altında insanlara sırımaq istəyən qüvvələr növbəti dəfə ağalarının sifarişini yerinə yetirməyə cəhd edib. Belə ki, oktyabrın 20-də bir qrup feminist qadın Bakının Nizami küçəsində icazəsiz aksiya keçirərək, müxtəlif şüarlar səsləndirib. Bu cərəyan nümayəndələrinin oktyabrın 19-da Milli Şuranın icazəsiz aksiyasından sonra belə bir addım atması isə suallar yaradır. Çünki aksiya iştirakçıları təkcə qadınlara qarşı zorakılıq edilməsini pisləməklə kifayətlənməyib, eləcə də bir gün öncə həbs edilənlərin azad edilməsi tələbini irəli sürüblər. Siyasi şüarların səsləndirilməsi aksiyanın heç də qadınların hüquq və azadlıqları ilə bağlı olmadığını açıq-aydın ortaya qoymuş olur. Eyni zamanda, bu aksiyaya rəhbərlik edən şəxsin kimliyi də cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, aksiyanın əsas təşkilatçılarından biri bir müddət öncə Milli Qəhrəman Mübariz İbrahimovla bərabər bütün şəhidlərimizi təhqir edən özünü psixoloq adlandıran Nərmin Şahmarzadə olub.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında BAXCP funksioneri Nəzakət Məmmədova feminist adı altında bir qrup cəmiyyətdə heç bir sosial dayağı, nüfuzu olmayan araqızışdırıcı şəxslərin iğtişaş yaratmaq cəhdinin məhz 19 oktyabr aksiyasından dərhal sonra keçirilməsini təsadüf hesab etmədiyini qeyd etdi. Onun sözlərinə görə, özlərini feminist adlandıran bu şəxslərin məqsədi ara qarışdırmaqdır: "Onların feminizmin tarixi, nəzəriyyəsi, elmi əsasları barədə yetərli savadlarının olmadığı aşkar görünür. Əks halda bunlar Avropada və dünyada uzun yol keçsə də, bu gün də bəşəriyyətin şüurunda mütərəqqi ideya kimi özünə yer tuta bilməyən, cinslərarası qarşıdurmaya zəmin hazırlayan bu ideologiyanın ölkəmizdə heç bir inkişaf şansının olmadığını anlamalı idilər. Görünən odur ki, feminizmi öz məkrli niyyətlərinə bayraq edən bu bir qrup manqurtlaşmış şəxs ara qatmaq, iğtişaş yaratmaq, cəmiyyətdə ədavət toxumu səpmək üçün öz xarici və ola bilsin ki, daxili havadarlarının göstərişi əsasında küçələrə tökülüblər. Məqsəd heç də qadın hüquqlarının müdafiəsi deyildi. Onların səsləndirdikləri şüarlar mənasız və mücərrəd idi. Qadına şiddətə son qoyulmasını tələb edərkən ünvan kimdir?! Azərbaycanda qadınlara qarşı zorakılıq ailə-məişət cinayətləri zəminində baş verir və bunu dövlətdən tələb etmək absurddur. Bizdə qadına münasibət bəzi islam ölkələrində olduğu kimi şəriət qanunları əsasında yox, dünyəvi qaydalar və adət-ənənələr əsasında formalaşıb. Dövlətin qanunları beynəlxalq standartlara uyğundur, ayrı-ayrı şəxslərin ailədə və ya iş yerlərində etdikləri qanunsuzluq, zorakılıq isə hüquqi məsuliyyət yaradaraq, günahkarları cəzalandırmağı nəzərdə tutur”.
N.Məmmədova vurğuladı ki, feministlərin başçısı Nərmin Şahmarzadənin şəxsi keyfiyyətləri isə milli qəhrəman Mübariz İbrahimov haqda dediyi fikirlərdən sonra cəmiyyətə aydın oldu: "Eyni zamanda, separatçı, erməni dəyirmanına su tökən yaxın qohumu, hazırda həbsdə olan Faxroddin Abboszadənin ifşa olunması bunların əqidəsinin parametrləri barədə aydın təsəvvür yaradır. İmperialist güclərin ən aşağı dərəcəli nökərləri olan bu cür şəxslərin cəmiyyətə ağıl dərsi keçməsi yolverilməzdir, dəyərlərini məhv etməyə çalışdıqları xalqa təhqirdir. Hesab edirəm ki, onlar barəsində qanuni ölçü götürülməlidir”.
"Hilal” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov bildirdi ki, müxalifətin icazəsiz aksiyasından sonra feministlərin mərkəzi küçədə aksiya keçirməyə cəhd etməsi təsadüfi deyil: "Çünki bu feministlər bir gün əvvəl icazəsiz aksiyada həbs edilənlərin azadlığa buraxılmasını tələb edirdilər. Həm də qadınların bu aksiyasında bəzi adamların iştirakı qəribə idi. O cümlədən də ReAl hərəkatının sədri İlqar Məmmədovun iştirakı maraqlı idi. Çünki özünü siyasi partiya adlandıran bir təşkilatın rəhbərinin bu aksiyada nə işi var? Eyni zamanda bəzi insanları gördüm ki, onlar qadınlara qoşulub, "şiddətə yox” və sair bu kimi şüarlar səsləndirirdilər. Yəni, "kişi” deyilənlərin orada nə işi var idi? Bizim milli dəyərlərimizi ayaq altına alan, şəhidlərimizə, xüsusilə də Mübariz İbrahimov kimi qəhrəmanımıza dil uzadan birinin hansısa insan haqlarından, qadın hüquqlarından danışması absurddur. Çünki bu insanlar həqiqətən də Azərbaycanın milli dəyərlərinin məhv edilməsi üçün xaricdən maliyyə ayıran ağalarının sifarişini yerinə yetirirlər”.
A.Abdulkərimov qeyd etdi ki, bu məsələnin AXCP sədri Əli Kərimli ilə əlaqəsi var: "Çünki aksiya iştirakçılarının şüarlarına, davranışına və ritorikasına nəzər salmaq yetərlidir. Milli Şuranın icazəsiz aksiyasında səsləndirilən şüarların burada təkrarlanması onu deməyə əsas verir ki, bu, bloqqer Əli Kərimlinin qrupuna daxil olan qadın şəbəkəsidir. Hansı ki, həmin qadınlar Azərbaycanda ailə dəyərlərinin, mentalitetimizin məhv edilməsi üçün əllərindən gələni əsirgəmirlər. Fuad Qəhrəmanlının qızı Selcan Yağmurun epizodunda da bu insanların iştirakı var. Birmənalı şəkildə qeyd edirəm ki, feminizm Azərbaycana yad düşüncə tərzidir. Bu düşüncə tərzini Azərbaycan cəmiyyətinə yeritmək üçün beynəlxalq güclərin, xüsusilə də anti-Azərbaycan qüvvələrin maliyyə dəstəyi verdiyi heç kimə sirr deyil”.

AZAD
banner

Oxşar Xəbərlər