FED-in uçot dərəcəsini artırması manat və neftə necə təsir edəcək?
ABŞ-ın Federal Ehtiyatlar Sistemi
(FED) uçot dərəcəsini 0,25 % artıraraq 0.75-1% diapazonuna qaldırıb. Sonuncu dəfə
FED uçot dərəcəsi ilə bağlı dəyişikliyi ötən il dekabrın 14-də etmişdi. Ondan
sonrakı iclaslarda dəyişilik olmamışdı. Əslində FED-in faiz artımından sonra
dolların kursunda da artım olması gözlənilir.
Amma hələ ki elə bir artım müşahidə
edilmir, dolların kursu FED-in qərarından öncə ilə eynilik təşkil edir. Bəs
bunun bizə təsirləri necə olacaq? Manatın məzənnəsi və neftin qiymətində nə
kimi dəyişikliklər gözləyə bilərik?
Qeyd edək ki, "Fitch" beynəlxalq reytinq agentliyinin
Bakıda keçirilən VI illik konfransında AMB-nin Tədqiqat və inkişaf mərkəzinin
maliyyə sektoru və bazarlarının təhlili üzrə şöbəsinin müdiri Leyla Yusifzadə bildirib
ki, bu dəyişiklik Azərbaycan Mərkəzi Bankının (AMB) monetar siyasətinə birbaşa
təsir etməyəcək. APA-nın məlumatına görə, o, FED-in qərarının dolayısı ilə bizə
təsirləri ola biləcəyini deyib: "Amma bu təzyiqlər psixoloji təzyiqlər şəklində
olacaq. Əgər neftin qiyməti nəzərəçarpacaq dərəcədə dəyişəcəyi halda, monetar
siyasət dəyişə bilər. Neft qiymətlərinin cüzi dəyişməsi fiskal siyasətə və eyni
zamanda Dövlət Neft Fondunun xərclərinə təsir etməyəcək. Amma mən düşünmürəm
ki, FED-in dünənki qərarının təsiri olmayacaq".
"Manatın dəyərini FED-dən daha çox...”
Maliyyə bazarları üzrə ekspertCəfər İbrahimlinin sözlərinə görə, bu dəyişiklik manat üzərində basqı
yaratmayacaq: "Mənim FED-in qərarı ilə bağlı son 2 illik görüşümdə
ciddi dəyişiklik yoxdur. Daha əvvəllər də FED-in faiz qərarının manat üzərində
dərhal basqı yaratmayacağını demişdik. Ancaq bu qərarın Azərbaycanın ticarət partnyoru
olduğu ölkələrin valyutalarında yaradacağı dəyişikliyin çox sonra manat üzərində
basqı yarada biləcəyini düşünürük. Manatın məzənnəsi Mərkəzi Bankın uçot dərəcəsindən,
manatın kütləsindən, büdcə siyasətindən və bunların fonunda neft qiymətləri ilə
tədiyyə balansından daha çox asılıdır. Yəni manatın dəyərini FED-dən daha çox
Azərbaycan iqtisadiyyatının fundamental problemləri müəyyən edəcək”.
C.İbrahimli qeyd etdi ki, ABŞ
iqtisadiyyatının aktivliyi faiz artımı təsiri ilə azalarsa, bu, neft qiymətinin
düşməsinə səbəb ola bilər. Onu da nəzərə alaq ki, həm də ABŞ neft hasilatını
artırır.
"Neftin qiymətinə təsiri olacaq,
amma kəskin səviyyədə yox”
"Neft Araşdırmaları Mərkəzi”nin
rəhbəri İlham Şaban bildirdi ki, dəyişikliyin neftin qiymətinə
təsirləri olacaq, amma kəskin səviyyədə yox: "Mənə elə gəlir yaxın günlərdə təsiri olacaq. İstənilən
halda bu cür hadisələr informativ birjalara təsirsiz ötüşmür. Ancaq ondan sonra
bazardakı vəziyyətə görə düzəlişlər gedəcək. Çünki uçot dərəcələrinin
artırılması xammal bazarında həmişə fəsadsız ötüşmür. Bir müddət o bazarlarda
birja qiymətlərində özünü əks etdirir. Bu, dekabrda da belə olmuşdu, ondan öncə
də. Bəzən özünü bir həftə göstərir, bəzən iki həftə. Ancaq sonradan iqtisadi vəziyyətə,
həmin xammallara – hazırda nefti qeyd edirik - olan tələb-təklif əsasında real
vəziyyətlə əlaqədar qiymətin uyğunlaşması özünü büruzə verir. Ona görə də sırf
uçot dərəcəsinin artırılması, bunun nəticəsində neftin qiymətinin kəskin
ucuzlaşması, bununla bazara hər hansı öldürücü zərbə vurulmasını gözləmirəm”.
"Manatın
məzənnəsinə heç bir halda təsir etməyəcək”
İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi
Tədqiqat İnstitutunun aparıcı elmi işçisiPərviz Heydərov hesab edir ki, FED-nin baza faiz dərəcəsini artıraraq 1-ə
çatdırması manatın məzənnəsinə heç bir halda təsir etməyəcək: "Ölkəmizin
valyuta bazarında yaranmış vəziyyətin real məğzi bundan ibarətdir ki, manatın məzənnəsi
xeyli müddətdən sonra demək olar ki, sabitləşib. Bunda isə bir neçə faktor
mühüm rol oynayıb və oynayır. Birincisi, xarici təsirlər, yəni neftin qiymətiylə
əlaqədar, o cümlədən qonşu ölkələrdə, ümumiyyətlə əsas ticarət tərəfdaşlarımızda
devalvasiya proseslərinin səngiməsiylə bağlı təzyiqlər
azalıb, ikincisi, hökumət bütün istiqamətlər üzrə qənaətə keçməklə mövcud büdcə-vergi
siyasətini dəyişib, üçüncüsü, ölkədə pul-kredit siyasəti olduqca sərtləşdirilib,
dördüncüsü, valyuta alqı-satqısı mexanizminin özü də tamamilə yeni formaya
transformasiya edilməklə təkmilləşdirilib, beşincisi isə, ölkədə dollarizasiya
prosesinin özü də ən zirvə nöqtəsinə çatdığından xarici valyutaya tələb minimum
səviyyəyə enib.
Bunun yalnız psixoloji təsiri ola bilər ki, bu da
bu dəfə əvvəlkilərə nisbətən olduqca cüzi xarakter daşıyacaq. Çünki banklarda
dollar çoxdur, manat isə əksinə, "yoxdur". İdxal da əvvəlki həcmdə
deyil. Çünki əvvəla, alıcılıq qabiliyyəti əvvəlki həddə deyil, ikincisi də səmərəlilik
endiyindən və risk amilləri çoxaldığından işgüzar fəallıq "ölü vəziyyətdədir".
Odur ki, manat ucuzlaşmayacaq”.
P.Heydərovun sözlərinə görə, bunun bir mənfi cəhəti
o olacaq ki, neft ucuzlaşa bilər: "Neftin 40 dollarədək enməsi isə dövlət gəlirləri
onun ixracından asılı olan ölkələrin hamısı üçün təhlükəlidir. Buna isə heç
ABŞ-ın özü də hazır deyil. Bu qərar sırf Amerika iqtisadiyyatı üçün hesablanmış
bir addımdır”.
"İlk dəfə olaraq FED-in qərarı dollara tələbi
artırmadı”
İqtisadçı alim Vüqar Bayramov isə qeyd edib ki, FED-in uçot dərəcəsini
artırmasına baxmayaraq, manat yenidən dəyər qazanmaqdadır: "Son illər ilk dəfə
olaraq FED-in qərarı valyuta bazarımızda dollara olan tələbi, demək olar,
artırmadı. Martın bayramlar ayı olmasına baxmayaraq, idxala artan tələb bazarın
xarici valyuta təklifi ilə tənzimlənir. Beynəlxalq Bankın hərraclarda zəif
iştirakı da dollara olan tələbin tənzimlənməsinə imkan yaradır. Praktik olaraq,
Beynəlxalq Bank valyuta bazarındakı tələbə təsir edə biləcək əsas bankdır. Adıçəkilən
bankın valyuta bazarındakı passiv mövqeyi də dollara tələbin yüksəlməsinin
qarşısını alır və nəticədə manat möhkəmlənir. Digər tərəfdən, vətəndaşların öz
xarici valyutalarını manata çevirməsi milli valyutanın məzənnəsinin möhkəmlənməsini
şərtləndirən səbəblərdəndir. Təbii ki, manat bazasının azalması fonunda büdcənin
infrastruktur xərclərinin optimallaşdırılması da kursa birbaşa təsir göstərir.
Manatın məzənnəsinin möhkəmlənməsi sosial və iqtisadi baxımdan məqsədəuyğundur.
Və burada ən vacib məqam məzənnə stabilliyinə nail olmaqdır”.
Manatın məzənnəsi bundan sonra necə dəyişə
bilər? Manat hansı hallarda möhkəmlənməkdə davam edə bilər? İqtisadçı hesab
edir ki, gözlənildiyi kimi, Mərkəzi Bank Dövlət Neft Fondundan transfer edilən
7.5 milyard manatı hərraclara çıxarmayacaq. Baş bank digər alətlərdən istifadə
edərək dollara olan tələbi optimallaşdırır. Əgər sözügedən vəsaitdən Beynəlxalq
Bankın sağlamlaşdırılması üçün istifadə ediləcəksə, o zaman növbəti aylarda da
Beynəlxalq Bank hərraclarda az görsənəcək. Belə olan halda isə Mərkəzi Bank
üçün manatın mövcud məzənnəsini qorumaq xeyli asan olacaq: "Çünki bu hərracda əsas
alıcılardan birinin xarici valyuta tələbinin hərracdan kənar ödənilməsi deməkdir.
Əgər bu ssenari baş verərsə, o zaman manatın məzənnəsində stabillik əldə etmək
mümkündür. Təbii ki, burada manat bazası, idxalın minimumlaşdırılması, büdcə
konsolidasiyası, neftin dünya bazar qiyməti kimi faktorları da yaddan çıxartmaq
olmaz. Aydındır ki, büdcədən infrastruktur xərcləmələri artdıqca, manat bazası
genişlənəcək və idxal ehtiyacı yüksələcək və belə hallarda isə hərracalara daha
çox valyuta çıxarmaqla prosesi tənzimləmək lazım olacaq”.
Dollara tələb hansı halda çoxala bilər?
V.Bayramovun sözlərinə görə, liberal
məzənnə siyasətini tətbiq edən ölkələrdə milli valyutaların ilk 6 ayda bazar dəyərini
tapması müşahidə edilib. Bu isə o deməkdir ki, oxşar təcrübə bizdə də təkrarlanarsa,
o zaman 2017-ci ilin birinci yarısında manatın bazar dəyərinə nail olmaq
mümkündür: "Bu, milli valyutanın kursunda volatilliyinin azalmasına səbəb ola
bilər. Məhz Mərkəzi Bankın da əsas hədəfi bu olmalıdır. Çünki məhz bundan sonra
əks-dollarlaşma prosesinə başlamaq mümkündür. Əks-dollarlaşma prosesi ilə
yanaşı isə, manatın bazasının mərhələli genişlənməsi və bununla da iqtisadi
aktivliyi bərpa etmək lazımdır”.
İqtisadçı bildirib ki, dövriyyədə
manat kütləsinin artması dollara yenidən tələb formalaşdıra bilər: "Yəni, əgər
Mərkəzi Bank manat sterilizasiyasını dayandırarsa, büdcənin infrastruktur xərcləri
artarsa və eləcə də Beynəlxalq Bank bazardakı aktivliyini artırarsa, bu yenidən
dollara tələbi artıra bilər. Amma görünən budur ki, hələlik manat bazasının
genişləndirilməsi gündəmdə deyil. Bütövlükdə istənilən qiymətləndirmə göstərir
ki, növbəti aylarda yenə də Mərkəzi Bankın hansı tənzimləyici alətlərdən
istifadə etməsi əhəmiyyətli olacaq. Bazardakı psixoloji effektləri nəzərə
alsaq, manatın yenidən ucuzlaşmasının qarşısının alınması imkanları indi əvvəlki
dövrlərə nisbətən daha yüksəkdir. Məhz yuxarıda qeyd edilən səbəblərdən hazırda
psixoloji üstünlük manatın tərəfindədir”.
Aygün Asimqızı