• cümə axşamı, 18 aprel, 15:14
  • Baku Bakı 22°C

Fazil Mustafa: “Prezidentin islahatlarını həyata keçirmək üçün vitse-prezidentlik institutuna ehtiyac var”

23.08.16 19:05 944
Fazil Mustafa: “Prezidentin islahatlarını həyata keçirmək üçün vitse-prezidentlik institutuna ehtiyac var”
"Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunmuş əlavə və dəyişikliklər tarixi-ictimai şəraitdən doğan təkliflərdir”.BunuAPA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Böyük Quruluş Partiyasının sədriFazil Mustafabildirib.

F. Mustafa deyib ki, ölkədə iqtisadi islahatların aparılması üçün bu prosesdə iştirak edən strukturların daha çevik fəaliyyətinin təmin olunması ilə əlaqədar müəyyən addımların atılması nəzərdə tutulub: "Mən düşünürəm ki, referendumun keçirilməsinin hökumət strukturunun daha da təkmilləşməsi ilə daha ciddi əlaqəsi var. Həqiqətən də Nazirlər Kabinetinin hər hansı çevik bir fəaliyyətinin olmaması bu proseslərə ciddi təsir göstərir. Prosesləri tənzimləmək üçün yeni bir struktura zərurət yarandı. Bu da vitse-prezident institutunun yaradılması ilə bağlıdır. İslahatlara ölkə prezidenti rəhbərlik edir. Nəzərdə tutulur ki, funksional fəaliyyətin daha da dəqiq tənzimlənməsi üçün bu strukturun Nazirlər Kabinetindən fərqli formada prezidentlə əlaqəli şəkildə fəaliyyət göstərməsi mümkün olsun. Ona görə də bu cür funksional fəaliyyət üçün zəruri olan və birbaşa səlahiyyəti prezidentdən alan, onun islahatlarını həyata keçirmək prinsiplərinə uyğun davranan bir vitse-prezidentlik institutuna ehtiyac var. Yəqin ki, bu təklif də referendumda xalq tərəfindən dəstəklənəcək və ölkədə bu istiqamətdə islahatların həyata keçirilməsi baş tutacaq. Burada nəzərdə tutulan ən prinsipial məsələ budur”.
F. Mustafa qeyd edib ki, hakimiyyətin idarə edilməsində boşluq yaranmaması üçün də vitse-prezidentlik institutunun yaradılması önəmlidir: "Konstitusiyaya təklif olunmuş əlavə və dəyişikliklərdə ölkə prezidentinin silahlı qüvvələrlə bağlı funksiyasının daha da dəqiqləşdirilməsi, Silahlı Qüvvələrə və sair silahlı birləşmələrə rəhbərlik etməsi istiqamətində dəqiq müddəaların Konstitusiyada yer alması ümumi işlər üçün faydalıdır. Düşünürəm ki, burada da ölkənin təhlükəsizliyi üçün hansısa problem yaranarsa, prezident tərəfindən bütün silahlı qüvvələrin və birliklərin hərəkətə gətirilməsi imkanı daha real və çevik olacaq. Konstitusiyaya təklif olunmuş əlavə və dəyişikliklər bir sıra müddəalar var ki, idarəetmənin təkmilləşməsinə, insan haqları və azadlıqlarına yönəlib. Azərbaycan elə bir təhlükə zolağında yerləşir ki, hər bir kəsin gözü bu bölgədədir. Bölgədə müəyyən proseslərin yaşanmasına, problemlərin olmasına maraqlı olan qüvvələr çoxdur. Ona görə də idarəetmədə bu cür ardıcıl və boşluq yaratmayan bir formatın tapılması ölkə əhalisinin maraqlarına tam cavab verir. Ümid edirəm ki, referendumda insanlar məhz bu amili əsas götürərək Konstitusiyaya təklif olunmuş əlavə və dəyişiklikləri dəstəkləyəcək. İnsanlar anlayırlar ki, bu gün ölkə üçün başlıca problem təhlükəsizlik problemidir. Konstitusiyaya təklif olunmuş əlavə və dəyişikliklərdə də prezident tərəfindən əhalinin ümumi maraqları nəzərdə tutulub”.

Millət vəkili qeyd edib ki, Konstitusiyaya təklif olunmuş əlavə və dəyişikliklər referendumda qəbul olunduqdan sonra iqtisadi islahatların ağırlığı daha çox prezident və prezidentin tapşırığı ilə vitse-prezidentlərin üzərində olacaq: "Konkret məsuliyyət və islahatların uğurla başa çatdırılması üçün bəzən gecikən kollegial qərarlar yerinə, daha çevik və ardıcıl qərarların verilməsi vacibdir. Belə qərarların verilməsini referendumdan sonra daha rahatlıqla müşahidə edəcəyik”.

Yaş senzi ilə bağlı məsələyə gəlincə, F. Mustafa vurğulayıb ki, əgər cəmiyyətin seçiminə buraxılırsa, cəmiyyət hər şeyi nəzərə alır: "Əgər bir nəfər 20 yaşında olimpiya çempionu olubsa, ölkənin nüfuzlu insanıdır. Əgər ağlı, səviyyəsi varsa, niyə kənarda qalsın? Ancaq kimsə 40-50 yaşında heç bir uğur qazanmayıbsa, onu mütləq yaşına görə seçmirlər ki?! Ona görə də yaş məsələsinin bu qədər spekulyasiya edilməsi düzgün deyil. İnsan azadlıqları baxımından da daha geniş azadlıqların verilməsi lazımdır ki, insanlar seçimlərini daha rahat edə bilsinlər”.
banner

Oxşar Xəbərlər