• cümə axşamı, 18 aprel, 11:45
  • Baku Bakı 12°C

Fazil Güneyin “Qara qan” trilogiyasının təqdimatı olub

05.12.17 17:48 4737
Fazil Güneyin “Qara qan” trilogiyasının təqdimatı olub
Dekabrın 5-də Azərbaycan Yazıçılar Birliyində yazıçı, publisist, Əməkdar Jurnalist Fazil Güneyin Qarabağ münaqişəsindən bəhs edən üçcildlik "Qara qan” tarixi romanının təqdimatı keçirilib.
AZƏRTACxəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid ədibin yaradıcılıq yolundan söhbət açıb.
Bildirib ki, F.Güney boya-başa çatdığı Cəbrayıl rayonunda təxminən iki il qəzetdə çalışaraq, təcrübəli jurnalistlərin rəğbətini qazanıb. Hələ o zaman onun oçerkləri, kiçik hekayələri mətbuatda dərc olunub, radioda səsləndirilib. F.Güney Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsində təhsil aldığı vaxtlardan bədii yaradıcılığa başlayıb. Sonralar Suriya, İraq və Liviyada hərbi və mülki tərcüməçi kimi çalışan F.Güney milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın təbliği istiqamətində mühüm işlər görüb. O, 1975-1976-cı illərdə "İnşaatçı” qəzetində, 1976-1991-ci ildə isə "Kirpi” jurnalında çalışıb. "Kirpi”də dərc olunan pamfletləri "Ulduz sövdəsi” kitabında toplanıb.
Diqqətə çatdırılıb ki, XX əsrin sonlarında Azərbaycan ictimai-siyasi mühitində baş verən hadisələr, müstəqillik ab-havası Fazil Güneyin yaradıcılıq istiqamətini daha çox jurnalistikaya yönəldib. 1991-ci ilin əvvəlində yaradılan "Assa-İradə” Azərbaycan Beynəlxalq Xəbər Agentliyinin, 1997-ci ildən çıxmağa başlamış ingiliscə "AzerNews” qəzetinin təsisçisi və baş redaktoru, "Azeri Observer” jurnalının direktoru olan Fazil Güney Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm işlər görüb.
Vurğulanıb ki, Fazil Güneyin Qarabağ münaqişəsindən bəhs edən, müasir Azərbaycan reallıqlarını əks etdirən üçcildlik "Qara qan” tarixi romanı, ədəbiyyat tariximizdə öz layiqli yerini tutmağa iddialı ən dəyərli ədəbi yaradıcılıq nümunəsidir.
Tanınmış şair Çingiz Əlioğlu yazıçının yaradıcılığından və Vətən qarşısında xidmətlərindən danışıb. Qeyd edilib ki, əsərdə yazıçı bütün döyüş səhnələrini yüksək səviyyədə qələmə alıb. İnsan taleyindən bəhs edən bu romanda, eyni zamanda, müxtəlif millətlərin simasını, sürətini görmək mümkündür. Bütövlükdə bu kitab Azərbaycan publisistikasının dəyərli əsərdir.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, yazıçı Elçin Hüseynbəyli, Əməkdar Jurnalist Məzahir Süleymanlı, professor Yahya Əliyev və digərləri roman haqqında fikirlərini bölüşüb, müəllifin yaradıcılığından söz açıblar. Diqqətə çatdırılıb ki, Fazil Güney, həm də bir alim kimi öz sözünü deyib. Onun "Müasir Suriya romanı” və "Suriya qadın yazıçılarının əsərlərində qadın emansipasiyası” monoqrafiyası nəşr edilib, mütəxəssislər tərəfindən bəyənilib və bu sahədə yazan müəlliflər üçün iqtibas mənbəyinə çevrilib.
"Qara qan” romanının Azərbaycan tarixində özünəməxsus yer tutacağına əminliyini bildirən natiqlər yazıçıya yaradıcılıq uğurları arzulayıblar.
Sonda Fazil Güney tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
banner

Oxşar Xəbərlər