Faşizm üzərində qələbənin qeyri-rəsmi himni - Video
"Qələbə
Günü”... 45 il bundan əvvəl bəstəkar David Tuxmanovun şair Vladimir Xaritonovun
sözlərinə yazdığı mahnı Böyük Vətən müharibəsindəki böyük qələbənin atributuna
çevrildi. Mahnı təkcə Rusiyada deyil, bütün postsovet məkanında faşizm üzərində
qələbənin təntənəsinin simvolu kimi qəbul edildi, sovet ordusunun parad marşına
çevrildi.Mahnı faşizmlə müharibədə böyük qələbədən çox sonra yaransa da müharibə
mövzusunda yazılan ən yaxşı mahnı kimi sevildi. "Qələbə Günü” əsl xalq mahnısı
oldu.Dillər əzbərinə çevrilən, hamının xorla oxuduğu mahnının yaranma tarixi qədər
taleyi də maraqlıdır.
Mahnıya hücumlar
1975-ci
ilin mart ayında cəbhəçi şair Vladimir Xaritonov dostu David Tuxmanova müharibəyə
həsr olunan mahnı yazılmasını təklif edir. O vaxta qədər işbirlikləri xüyli
uğurlu alınmışdı. Onda ölkə böyük qələbənin 30 illiyini qeyd etməyə
hazırlaşırdı. SSRİ Bəstəkarlar İttifaqı müharibə haqqında ən yaxşı mahnı
müsabiqəsi elan etmişdi. Müsabiqənin bitməsinə bir neçə gün qalmış Xaritonov mətni
Tuxmanova təqdim edir. Bəstəkar mətnin musiqisini çox tez yazır və bəxtlərindən
münsiflər heyəti mahnıya müsabiqənin son dinləmələrində qulaq asır. Mahnını Tuxmanovun həyat yoldaşı, şairə və
müğənni Tatyana Saşko oxuyur.
"Mahnının
sözlərini yazandan sonra istedadına yüksək qiymət verdiyim Tuxmanova təqdim
etdim. Bir neçə gündən sonra telefon zəngi gəldi: "Mahnı hazırdır”-deyə
Xaritonov sonralar xatırlayırdı: "Tuxmanov royalda çalmağa və həyat yoldaşı Tanya
mahnını ifa etməyə başladı. Mən həyat yoldaşımla telefonun dəstəyindən asılıb
qalmışdıq. Tanya Saşko bizim üçün "Qələbə Günü”nün ilk ifaçısı oldu. Biz
mahnını gözyaşları içində dinlədik”.
Amma
mahnı müsabiqədə heç bir yer tutmur. Tuxmanovun yaşlı həmkarları mahnlya kəskin
reaksiya verirlər. Mahnı əleyhinə sərt rəylər səslənir. Mətnin musiqisini
yüngül hesab edirlər. "Mahnıda müasir orkestr alətlərindən, məsələn, bas gitaradan
istifadə uyğun deyil. Musiqidə Qərb ritmlərinin
fostrot və tanqo elementləri var ”- deyə Teleradiokomitəsinə mahnı ilə
bağlı çoxlu tənqidlər daxil olur. Nəticədə mahnını nə radionun, nə də televiziyanın
efirinə buraxırlar.
Müasirlərinin
dediklərinə görə, tənqidlərin səbəbi musiqidə və onun müəllifində idi.
"Xaritonov cəbhə iştirakçısı və müharibə veteranıdir. Onun sözlərinə hələ 50-ci
illərdə Anatoli Novikov, Vano Muradeli kimi yüksək qiymətləndirilən bəstəkarlar
mahnı yazıblar. Amma indi onun gənc bir bəstəkarla həmmüəllif olması düzgün
deyil”- deyə qeyd edirdilər. Bəstəkar Tuxmanov isə gənc idi, 35 yaşı vardı.
Onun daha çox estrada mahnıları şlyaqer sayılırdı. O zaman dövlətin mahnı siyasətini
Bəstəkarlar İttifaqı müəyyən edirdi. Oradakıların çoxu da yaşlı adamlar idi. Bəstəkarlar
İttufaqının sədri Radion Şedrin: "Qələbə haqqında bu ruhda mahnı oxumaq olmaz”-
deyə fikrini bildirdi. Bəstəkarlar İttifaqının, televizya və radio rəhbərliyinin
fikrincə, Tuxmanov dövlət miqyaslı mahnı müəllifi statusuna uyğun deyildi. O gənc
olmaqla bərabər təcrübəli deyildi. Baxmayaraq ki, Tuxmanov artıq "Axırıncı
elektrik qatarı”, "Mənim ünvanım – Sovet
İttifaqıdır”, "Ağ rəqs”, ”Mən səni sevirəm, Rusiya”, "Bu dünya necə gözəldur”
kimi hitlərin müəllifi idi, amma onun Moskva komsomolu müjafatından başqa hec
bir tutulu və vəzifəsi yox idi. O, Qnesin adına musiqi məktəbini bitirmişdi və
peşəkar bəstəkar diplomu almışdı. Onlarla məşhur mahnılar yazmışdı. Tuxmanov yalnız
1973-cü ildə Bəstəkarlar İttifaqına qəbul edilir.
Bütün ölkənin oxuduğu mahnı
Müğənni
Leonid Smetannikov mahnını 1975-ci il 9 May ərəfəsində "Mavi işıq” gecəsinin çəkilişlərində
oxuyur. Ancaq bu ifa "Qələbə günü”nün taleyinə işıq gətirmir. Mahnı ifa çoxlu
tamaşaçı məktublarına səbəb olsa da efirdə uzun müddət yeganə ifa olaraq qalır.
Ta o vaxta qədər ki, mahnı Lev Leşenkonun ifasında səslənir...
Lev Leşenko
müsahibələrinin birində mahnını ilk dəfə oxumasını belə xatırlayıb: "Qazaxıstanda
Qələbə günündə bu mahnını oxudum. Bütün zaldakılar ayağa qalxıb ağlayırdı. Mən
başa düşdüm ki, bu möhtəşəm mahnıdır və xalq bunu ayaq üstündə alqışlayır. Mən böyük sevinc hissi keçirdim. Fikirləşdim ki, bu,
ölkənin ikinci himni ola bilər. Amma yenə də mahnının oxunmasına icazə
verilmir”- deyə müğənni xatırlayır: "Çoxlu məktublar yazılsa da bunlar mahnının
taleyini dəyişmir”. Müğənni konsertdən sonra "Gənclik” radiostansiyasının
redaktorlarından birinə yanaşıb bədii şuranın mahnını efirə vermədiyini
bildirir. Amma yenə də mahnıya münasibət dəyişmir.
Yalnız
yarım ildən sonra müğənni "Milis günü”nə həsr olunan konsertin məşqlərinə gələrkən "Qələbə Günü”nü oxumağı təklif edir.
Məşqdən sonra milis rəhbərliyi konserti bu mahnı ilə bitirməyi təklif edir.
Konsert mərkəzi televiziya və radio ilə birbaşa yayımlandığından mahnını bütün
ölkə eşidir. Lev Leşenko mahnını rəsmi icazəsiz oxuyur. Mahnı səsləndikcə bütün
salondakılar ağlayır. Publika mahnını dərhal qəbul edir və müğənnini alqışlarla
yenidən səhnəyə qaytarırlar. Yalnız bundan sonra mahnını bütün ölkə oxuyur.
"Qələbə
Günü” çox keçmir ki, "Mahnı-75” musiqi festivalının laureatı olur. Bu hadisədən
sonra Dövlət Teleradio Komitəsinə mahnının efirdə səslənməsi ilə bağlı kütləvi
şəkildə məktublar daxil olur. Mahnının "Mahnı-76” festivalında da təkrarlanması
xahiş olunur. Mahnı o qədər sevilir ki, ayrı-ayrı müğənnilər onu repertuarına
daxil edirlər.
"Qələbə
günü” mahnısı İosif Kobzon, Müslüm Maqomayev, Yuri Boqatikov, Yuri Qulyayev,
Edita Pyexa kimi müğənnilərin ifasında səslənir. Mahnının sosialist ölkələrində
müxtəlif dillərdə ifa edilən variantları lentə alınır.
Mahnının
həmçinin Viktor Maksimkinin tərcüməsində əsgər mahnıları festivalında Polşa Hərbi
Ansamblının ifasında səslənən versiyası da var. 1981-ci ildə keçirilən
festivalda həmçinin mahnının polyak-rus variantı da oxunub.
"Qələbə
Günü” marş şəklində dünyanın bir çox ölkələrinin
orkestrləri tərəfindən ifa olunur. 2016-cı ildə mahnı Böyük Vətən müharibəsi
haqqında ən yaxşı mahnı kimi Lev Leşenkonun ifasında XI "Katyuşa” Ümumrusiya
festivalının "Rusiya ulduzu” xüsusi nominasiyası üzrə qalib olur.
2015-ci
ildə "Rus repartyoru” jurnalının apardığı sosioloji sorğuda "Qələbə günü” nün mətni
Rusiyada rus və dünya klassikasının şeir mətnləri hit-paradında beşinci yerə
çıxır. Mahnıda müharibə illərində SSRİ üçün çox əhəmiyyətli olan "marten sobası”
ağır sənayenin simvolu kimi xatırlanır. Uğurlar mahnını izləyir. Ölkə rəhbəri Leonid
İliç Brejnev Xaritonova: "Biz dünyada olmayacağıq, amma xalq sənin mahnını həmişə
oxuyacaq”- deyə mahnıya ümumxalq məhəbbətini ifadə edir.
Hamı balkona!
1975-ci
ildən bəri Rusiyada "Qələbə Günü”
mahnısı səslənmədən 9 Maya həsr olunan bircə tədbir də keçirilmir.
2018-ci
ildə "Qələbə Günü”nün səs yazısı ölkənin ikinci himni kimi Rusiyanın Rekordlar
Kitabına daxil edilib. Həmin il Krosnoyarsk şəhərinin meri Sergey Yerominin təşəbbüsü
ilə 9 may münasibətilə meydana yığılan "Ölməz polk”un iştirakçıları birlikdə "Qələbə
günü”nü oxuyublar. Həmin gün aksiyada13 min 911 adam iştirak edib.
Faşizm
üzərində qələbənin 75 illik yubileyi münasibətilə bütün Rusiya əhalisi 9 May Qələbə
Günündə məhz bu mahnını "Qələbə günü” nü oxuyacaq. SSRİ xalq artisti Vasili
Lanovoyun "Qələbə Günü”nü öz balkonlarımızdan oxuyaq”- çağırışına ölkə
prezidenti Vladimir Putun də səs verib. Rusiya mətbuatı "Putin rusiyalılara xoş
sürpriz hazırlayır”-deyə prezidentin balkondakı çıxışını öncədən şərh edir.
"Mahnıda
faşizmə qarşı mübarizə aparan xalqların rəşadəti, igidliyi, qürur hisi, eyni
zamanda müharibənin yaraları, itkiləri əks olunub. Mahnı müharibənin dəhşətlərini də, böyük qələbə
sevincini də gözəl ifadə edir...”- deyə ruslar mahnını qürur hissi ilə oxumağa
hazırlaşırlar.
Mayın
5-də Rusiyalı sənət adamları ölkə əhalisini "Qələbə günü müxtəlif dillərdə”
aksiyasına qoşulmağa çağırıblar. Aksiyaya Lev Leşenko start verib.
Leonid
Smetannikov da 45 ildən sonra "Qələbə Günü”nü yenidən yazdırıb. "Qərinələr keçəcək,
müharibənin yaraları kimi bu mahnı da unudulmayacaq. Nəsillər bu mahnını ifa edəcək.
Necə ki, bu gün böyükdən-kiçiyə bütün Rusiya əhalisi və dünya xalqları öz dillərində
bu marşı oxuyurlar. Bu, ən böyük Qələbədir- musiqinin qələbəsi”- deyə müğənni
bildirib.
"Qələbə
Günü” həmçinin dünyanın bir neçə xalqının dilində oxunacaq. "Rusəməkdaşlığı təşkilatı”
öz facebook səhifəsində "Qələbə Günü” faşizmə qarşı vuruşan xalqların ölməz
şücaətini ifadə edir və artıq çoxdan bu bayramın qeyri-rəsmi himninə çevrilib”-
deyə qeyd edib. Həmçinin mahnıya videoçarx çəkilməsi üçün müsabiqə də elan
olunub: Məqsəd xalqların birliyini göstərmək, müharibələrə etiraz etmək, sülhə
çağırışdır”.
Rusiya mətbuatından
tərcümə etdi
Təranə Məhərrəmova