Faşist ideologiyası Ermənistanı dünyadan təcrid edir
Dünyanın başı üzərini alan koronavirus pandemiyası ağır fəsadlar törətməkdə davam edir. Bütövlükdə, bu virusa yoluxanların və dünyasını dəyişənlərin sayına diqqət yetirdikdə sanki bəşəriyyətin gözəgörünməz müharibə ilə üz-üzə dayandığının şahidi oluruq. Azərbaycan da dünyanın bir parçası olduğundan koronavirus bəlasından yan keçməyib. Ancaq dövlətimizin başçısının düşünülmüş qabaqlayıcı tədbirləri pandemiyanın ölkəmizdə tüğyan etməsinin qarşısını ala bilib. Söz yox ki, respublikamızda da bu virusa yoluxan və dünyasını dəyişənlər qeydə alınır. Ancaq dünyanın inkişaf etmiş dövlətləri ilə müqayisədə Azərbaycan daha az itki verənlər sırasındadır.
Bu fikirləriAZƏRTAC-a Demokratiya və İnsan hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
Ç.Qənizadə bildirib ki, ölkəmizdə qısa müddət ərzində səhiyyə sistemində aparılan islahatlar, səhiyyə ocaqlarında yenidənqurma işləri, maddi-texniki bazanın gücləndirilməsi, ən əsası, yeni modul tipli xəstəxanaların tikilməsi pandemiya ilə mübarizədə önəmli rol oynayır. Artıq altı belə modul tipli xəstəxana tikilərək istifadəyə verilib. İyulun 6-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər.
Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və "Xəzər” Televiziyasına müsahibə verib. Ölkə başçısı koronavirusla mübarizədə görülən işlərdən, qəbul olunan qərarlardan, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, həmçinin pandemiyanın sahibkarlara vurduğu ziyanın aradan qaldırılmasından söhbət açıb.
Qeyd olunub ki, pandemiyanın tüğyan etdiyi vaxtda ölkəmizdə sosial proqramların icrası dayandırılmayıb. Bundan başqa, dövlət başçısının təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş videokonfrans formatında zirvə görüşləri keçirilib. Həmçinin Prezident Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə Azərbaycanın mövqeyini ifadə edib. Bu yaxınlarda keçirilən Azərbaycan, Əfqanıstan, Türkmənistan dövlət başçılarının Zirvə görüşü də çox önəmli oldu. Hər üç dövlətin başçısının konkret nəticələrə gəlməsi zirvə görüşünün əhəmiyyətli olmasından xəbər verir. Bu görüş daha çox logistika, nəqliyyat sektoruna aid idi. Ancaq dövlət başçımızın təşəbbüsü ilə onun formatı bir qədər də genişləndirildi.
Ölkə Prezidenti müsahibəsində bildirdi ki, o, Zirvə görüşündə daha bir təşəbbüs göstərdi və hökumətlərarası işçi qruplarının yaradılması barədə razılıq əldə olundu.
Prezident İlham Əliyevin daha bir təşəbbüsü BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə əlaqədar idi. Bu da dünya miqyasında yüksək qiymət aldı və 130-dan çox ölkə tərəfindən dəstəkləndi. Baxmayaraq ki, yalnız Ermənistan bu təşəbbüsün əleyhinə çıxdı, ancaq 130–dan çox ölkə yanında Ermənistan gözə görünmür. Yaxın gələcəkdə sessiyanın keçirilməsi gözlənilir.
Dövlət başçısı müsahibəsində Ermənistanın özünü gülünc vəziyyətə salmasına da münasibət bildirdi. Onsuz da Nikol Paşinyan işğalçı ölkəyə rəhbərlik edəndən həm Ermənistanı, həm də özünü gülünc vəziyyətə salıb. Söz yox ki, beynəlxalq təşkilatların ikili standartları və Ermənistanın beynəlxalq hüququn normalarına hörmətsizliyinə biganəliyi işğalçı ölkəni daha da həyasızlaşdırıb. Artıq bu ölkədə faşist ideologiyasına hüsn-rəğbət geniş yayılmaqdadır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın məqsədyönlü fəaliyyəti, uğurlu diplomatik gedişləri Ermənistanın üzərində mövcud olan çətiri artıq deşib. Uğurlu xarici siyasət ermənilərin əsl simasını üzə çıxarır, onların faşist mahiyyətini ifşa edir. İrəvanın mərkəzində nasist Qaregin Njdeyə abidə ucaldılması bu ölkədə nasizmə xüsusi rəğbətin olmasından xəbər verir. Artıq dünya miqyasında da bu fakt haqqında kifayət qədər məlumat var. Xatırladım ki, bu məsələni ilk dəfə Prezident İlham Əliyev qaldırıb. Dövlətimizin başçısı yerli televiziya kanallarına müsahibəsində də bunu diqqətə çatdırdı. Dedi ki, mən bu məsələni qaldırmayana qədər heç kim bu haqda danışmırdı. Mən bu məsələni qaldırdım və buna geniş beynəlxalq dəstək təmin edildi. İndi artıq hər kəs bilir ki, Njde Qaregin faşist olub. Bu faşist onların qəhrəmanlıq simvoludur. Onların işğalçılıq siyasəti ifşa edilib.
Ölkə başçısı artıq son vaxtlar bütün aparıcı beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyünün birmənalı şəkildə dəstəklənməsi və işğal haqqında kifayət qədər dolğun məlumat olması barədə də məlumat verdi. Qeyd etdi ki, indiki Ermənistan rəhbərliyi əvvəlki hakimiyyətin bütün çirkin əməllərini üzə çıxarır. Artıq onların dediyi kimi, Ermənistana 1998-ci ildən 2018-ci ilə qədər quldurlar rəhbərlik ediblər. Onlar özləri bu cinayətkarları, rüşvətxorları ifşa ediblər.
Fikir verin, Ermənistan baş nazirinin etiraf etdiyi kimi, əgər 20 il ərzində bir ölkəyə rüşvətxorlar, cinayətkarlar, oğrular rəhbərlik edibsə, demək, bu ölkə cinayətkarlar, oğrular, rüşvətxorlar ölkəsidir. Başqa cür ola da bilməz. Müstəqilliyin ilk illərində Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi ərazi iddiası, Xocalı soyqırımı, işğal və soydaşlarımızın öz doğma torpaqlarından didərgin salınması, ondan sonrakı mərhələdə qanunsuz yollarla hakimiyyətin zəbt edilməsi erməni vandalizminin göstəricisidir. Dövlətimizin başçısı 1990-cı illərin sonlarında Ermənistan parlamentində törədilmiş terror hadisəsini xatırlatdı və bu dəhşətli hadisənin ermənilərin əsl mahiyyətini üzə çıxardığını dedi. Qeyd etdi ki, bu, terrorçu ölkədir və 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə gətirib çıxardı. İndiki hakimiyyətin etiraf etdiyi kimi, Ermənistan prezidentləri rüşvətxor olublar və ikisi də indi cinayət məsuliyyətinə cəlb edilib. Onların generalları da oğru olublar.
Bu gün diqqət çəkən məqam erməni qəhrəmanlarının faşist, terrorçu və cinayətkar olmasıdır. Artıq beynəlxalq ictimaiyyətə də bəllidir ki, son iki il ərzində Ermənistanda diktatura rejimi formalaşıb. Dövlət başçısının qeyd etdiyi kimi, xunta getdi, diktatura gəldi. O cümlədən Ermənistanda insan haqlarının kobudcasına pozulması, jurnalistlərin həbs olunması, həbsxanada aclıq edərək dünyasını dəyişməsi diqqətə çatdırıldı. Bu gün Ermənistanda konstitusiya kobudcasına pozulur, qanunsuz dəyişikliklər edilir, siyasi opponentlər təqib edilir, siyasi partiya rəhbərlərinin deputat toxunulmazlığı götürülür, onlar hədələnir, həbs olunur, qohumlarına qarşı cinayət işləri açılır. Ölkəyə rəhbərlik edən baş nazir sanki həm hakim, həm prokuror, həm icra orqanının rəhbəri, həm də parlamentin sədridir. Bütün bunlar ondan xəbər verir ki, qanunvericilik, məhkəmə-hüquq və idarəetmə mexanizmi bir adamın əlində cəmlənib və Ermənistanda diktatura artıq formalaşıbdır. Təbii ki, faşist ideologiyasına hüsn-rəğbət olan yerdə diktaturanın hökm sürməsi labüddür.
Azərbaycan isə dünya birliyində müstəqil siyasət yeridən, sivil, demokratik ölkə kimi öz yerini getdikcə möhkəmləndirir. Dövlət başçımızın dediyi kimi, Azərbaycan bu gün beynəlxalq siyasətin zirvəsindədir, amma bizə şər atanlar böhran içindədir.