• cümə, 19 Aprel, 16:19
  • Baku Bakı 25°C

FAO Azərbaycanda meşəçilik sahəsində yeni layihələr həyata keçirəcək

14.11.19 15:00 922
FAO Azərbaycanda meşəçilik sahəsində yeni layihələr həyata keçirəcək
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda meşə sektorunun inkişafında öz dəstəyini əsirgəmir. Meşəçilik kənd təsərrüfatı və balıqçılıq sahələri ilə bərabər FAO-nun fokuslandığı 3 əsas sektordan biridir və bütün dünyada bu sərvətin qorunması istiqamətində müxtəlif layihələr həyata keçirir.
FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk ÇakmakAZƏRTAC-a müsahibəsində bildirib ki, rəhbərlik etdiyi ofis Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə hazırda meşəçilik sahəsi ilə bağlı böyük bir layihə həyata keçirir. Əməkdaşlığın növbəti mərhələsində bu sahədə daha 3 yeni layihəyə start veriləcək. Yeni layihələrdən biri meşələrin bərpası və genişləndirilməsini, meşəçilik sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsini və bu sahədə bilik və bacarıqların artırılmasını nəzərdə tutur. Bu layihənin donoru qismində Türkiyə iştirak edəcək.
"Azərbaycan, əslində az meşəli ölkələr sırasındadır və son məlumatlara görə ölkənin təxminən 12 faizi meşələrlə örtülüdür,” – deyən ofis rəhbəri xatırladıb ki, son illər ərzində Azərbaycanda böyük yaşıllaşdırma layihələri həyata keçirilir və milyonlarla ağac əkilir. Ağaclar, meşələr ekoloji tarazlığın qorunmasında əvəzsiz rola malikdir. Onlar bizim təbii sərvətimizdir və onları qorumaq və ağaclandırılmış sahələrin, meşələrin artırılmasına çalışmaq lazımdır. "Burada həm Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aqromeşə massivlərinin salınması təşəbbüsünü, həm də ölkədə aparılan yaşıllaşma və ağacəkmə kampaniyalarına ictimai sektor tərəfindən dəstəyi qeyd etmək lazımdır. Xüsusilə son illər IDEA İctimai Birliyi yaşıllıqların artırılması və qorunmasına xüsusi həssaslıqla yanaşır və genişmiqyaslı ağacəkmə aksiyaları həyata keçirir”, - deyə M.Çakmaq bildirib.
Növbəti ildə start veriləcək daha bir layihənin meşə quruluşu və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı olduğunu bildirən Mələk Çakmak bu layihənin bütün meşələrin idarəolunmasına yardım edəcəyini deyib.
Digər yeni layihə isə meşə sahələrində, milli parklarda biomüxtəlifliyin qorunmasına həsr olunacaq. Bu layihə FAO ilə Qlobal Ekoloji Fond (GEF) tərəfindən birgə həyata keçiriləcək.
FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak hesab edir ki, həyata keçirilən bu kimi işlər həm Azərbaycanın təbiətinin daha da zənginləşməsinə, ekoloji vəziyyətin yaxşılaşmasına xidmət edəcək, həm də Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına köməklik göstərəcək, eləcə də Azərbaycanın qəbul etdiyi Paris Sazişi üzrə 2030-cu ilə qədər hədəf kimi götürdüyü karbon qazı tullantılarının 35 faizə qədər azaldılmasına dair öhdəliyə öz töhfəsini verəcək.
banner

Oxşar Xəbərlər