Əzablara meydan oxuyan zəriflik
İllərdir
ki, əlimdə qələm saysız-hesabsız məqalələr yazmışam, adətən sərlövhəni son anda
düşünmüşəm, amma bu dəfə tərsinə oldu. Çünki onun barəsində həmişə bir fikir ürəyimi
odlayıb: əzablara meydan oxuyan zəriflik. Gözəl, çox gözəl xanım idi. Daxili zənginliyi,
zahiri cazibəsi və fırçasının yaratdığı əsrarəngizlik bir-birini tamamlayırdı.
Dərdlər yara bağladı onun içində…
Məni
onunla ilk dəfə xalq yazıçısı, çox sevdiyim,
müəllimim Əzizə Cəfərzadə tanış edib. Azərbaycanın ilk qadın rəssamlarından
biri olan Güllü Mustafayevanın incəsənətimizdə böyük xidmətləri var. Sərgilərində
olmuşdum. Portretləri diqqətimi çəkmişdi: "Məhsəti Gəncəvi”, "Mərziyyə
Davudova”,” Bəsti Bağırova”, "Ümnisə Musabəyova”, "Ceyran Bayramova”, "Şəfiqə
Axundova”, "Səttar Bəhlulzadə”, " Abdulla Şaiq”, "Süleyman Rəhimov” və digərləri.
Yaradıcılığında uşaq portretləri çoxluq təşkil edirdi. Uşaq dünyasının
paklığını, sevincini, səmimiliyini onlara həsr etdiyi əsərlərində elə təbii,
dolğun və mükəmməl yarada bilirdi ki, saatlarla nəzərlərini bu portretlərdən
ayıra bilməzdin. Bir dəfə Əzizə xanıma dedim ki, Güllü Mustafayeva çox xoşbəxt
qadındır. Bütün gözəlliklər onun ünvanını tanıyır. Əslində mən onun əsərlərinin
və bir insan kimi gözəlliyinin qarşısında vəcdə gələrək vurğunluğumu dilə gətirmişdim.
Əzizə xanımın da onu çox sevdiyini bilirdim. Gözlənilməz cavabı ürəyimi sıxdı:
" Güllüciyəzimin ( Əzizə Cəfərzadə Güllü
Mustafayevanı həmişə belə əzizləyərdi-F. X. ) keşməkeşli həyatı nə romana
sığar, nə də kino-filmlərə. Dərdlər yara bağladı onun içində…” Əsil həqiqətləri
isə çox sonralar öyrəndim. O zaman ki, artıq bu dünyada nə Əzizə xanım vardı, nə
də xalq rəssamı Güllü Müstafayeva.
Özümü dünyanın şahzadəsi sanırdım
Güllü
xanımın atası Hacı Naim Mustafa Şamaxının tanınmış, xeyirxah, insanlara əl
tutan, mərd kişilərindən biri və Mirzə Ələkbər Sabirin yaxın qohumlarından
olub. Həyat yoldaşı Nabat xanım da Seyid Əzim Şirvaninin nəslindəndir. 1902-ci
ildə Şamaxıda baş verən məlum dəhşətli zəlzələ nəticəsində bir çox
soydaşlarımız kimi Hacı Naimin də ailəsi öz dogma yurdlarını tərk etmək məcburiyyətində
qalıb. Türkmənistana köçüblər. Hacı Naim Mustafanın Türkmənistanda da böyük
nüfuzu və hörməti olub. Maarifpərvərliyi burada da ona rəğbət yaradıb. Türkmənistanda
qızlar üçün məktəb açıb. Üzeyir Hacıbəylinin operettalarının tamaşaya
qoyulmasında yardımçı olub. Ümumiyyətlə, Azərbaycandan Türkmənistana kim getsəydi,
mütləq Hacı Naimlə görüşər, onun məsləhətlərilə hərəkət edərdi. 8 övladı olub:
5 qız, 3 oğlan. Güllü xanımın qızı, musiqişünas Zemfira Qafarova danışır ki,
babam qızlar böyüyəndən sonra kiminlə ailə quracaqları barədə fikirləşib və "yox,
mənim kürəkənlərim mütləq öz millətimdən olmalıdır” düşüncəsiylə Bakıya- İçərişəhərə
köçüb. O zaman artıq Güllünün 7 yaşı vardı. İlk təhsilini Bakıda alan Güllü
Mustafayeva 1934-cü ildə rəssamlıq məktəbinə (indi Əzim Əzimzadənin adını
daşıyır) daxil olub. Tale kitabının yeni səhifələri də məhz elə o gündən
yazılıb. Həmin məktəbin IV kursunda oxuyan Həsən Haqverdiyev adlı tələbə ( gələcəyin
böyük rəssamı və başı bəlalı insanı-F. X. ) Güllüyə aşiq olub. Qarşılıqlı məhəbbət
1938-ci ildə izdivacla nəticələnib. Bir il sonra ilk övladları Əli dünyaya gəlib.
1940-cı ildə Həsən Haqverdiyev hərbi xidmətə çağırılıb. Güllü xanımgil İçəri şəhərdə,
balaca bir evdə yaşayırdı. Xatirələrindən bəlli olur ki, nə dolanışığın çətinliyi,
nə darısqal mənzil onu sıxmırmış: "Əksinə özümü dünyanın şahzadəsi sanırdım. Həsən
üzdə olan rəssamlardan idi. Əlinin varlığı mənim üçün həyat demək idi”.
Nümunəvi
xidmətinə görə, Həsən Haqverdiyevə bir həftəlik məzuniyyət veriblər. Geriyə
qayıtmaq vaxtın çatanda ona deyiblər ki, getmə, sən burda daha çox lazımsan.
Yazıçı Mirzə İbrahimov daha çox təkid edib. Deyib ki, mən danışıb, səni
saxlatdıra bilərəm, fırçana ehtiyacımız var. Həsən söyləyib ki, komandirimə söz
vermişəm, mütləq hərbi hissəyə qayıtmalıyam. Əzizləri onu böyük ümidlərlə yola
salıblar. II Dünya müharibəsi başlayıb. Ağır döyüşlərin birində Həsən alman
faşistlərinə əsir düşüb. Vətənə dönən yollar labirintlərdən keçib. Tale onu Məhəmməd
Əmin Rəsulzadə ilə rastlaşdırıb. Berlində onun buraxdığı "Azərbaycan” qəzetində
bədii tərtibatçı kimi çalışıb. Hətta M. Ə. Rəsulzadənin xahişi ilə Nizami Gəncəvinin
portretini də işləyib.
Qismətdə
Vətənə qayıdış varmış. Onu evdə artıq iki körpə gözləyirdi: oğlu Əli və hələ də
üzünü görmədiyi qızı Zemfira… Təəssüf ki, atanın qayıdışı ailəyə sevinc yox,
ağır, çəkiləsi mümkün olmayan dərdlər gətirib. Rəssamlığın müxtəlif janrlarında
gözəl əsərlər yaradan, vətənini, millətini canından artıq sevən Həsən
Haqverdiyevi "xalq düşməni” damğası ilə həbs edərək, Sibirə sürgün ediblər. Ailənin
qara günləri başlayıb. Güllü Mustafayevanın üzləşdiyi haqsızlıqlar, çətinliklər,
çəkdiyi mənəvi və maddi zillətlər canını xəstə salsa da inadından, sənətindən
dönməyib. Balalarının dolanışığını yaxşılaşdırmaq üçün fədakarlıq göstərib.
Əzablara qatlaşaraq bir-birindən gözəl əsərlər yaradıb. "Xalq düşməni” nin
arvadı olması bütün həyatını cəhənnəmə çevirsə də o, Həsənə inanırdı və hələ də
ümidlə ərinin yolunu gözləyirdi. Amma üzləşdiyi basqılar onu çox üzürdü, ona iş
vermirdilər. Nəhayət 1947-ci ildə çəkdiyi "Məhsəti Gəncəvi” portreti çox bəyənilir
və alınır. Əsərinə görə ona verilən qonorarla Güllü Müstafayeva Sibirə- Həsən
Haqverdiyevlə görüşə gedib.
Həyat yoldaşının vəziyyətindən, ona olan təzyiqlərdən
xəbərdar olan Həsən Güllüyə tapşırıb ki, Bakıya qayıdan kimi məndən boşan,
yoxsa rahatlığın olmayacaq. Uşaqların bütün qayğılarını qarşılamaq üçün
Güllünün başqa yolu yox idi. Rəsmi boşanmadan iki il sonra isə Güllü
Mustafayeva ikinci dəfə Nəcəfqulu İsmayılovla ailə həyatı qurub. İki körpə ilə
ömrün dolaylarında tək qanadla yaşamaq çətin idi. Həm də Güllü Mustafayeva gözəl
qadın idi. Heç kim ona laqeyd deyildi. Başsız qalmağın problemləri var idi. Nəcəfqulu
İsmayılov Əzim Əzimzadə məktəbinin davamçılarından olmuş, istedadlı rəssam və
ustad qrafikaçı kimi tanınırdı. Bir qərinədən artıq zaman kəsiyində "Kirpi”
jurnalının baş rəssamı vəzifəsində çalışmışdır. O, yalnız karikatura, plakat
ustası deyil, həm də dəzgah rəngkarlığının müxtəlif janrlarında mükəmməl əsərlər
müəllifi idi. Portret janrında da maraqlı əsərləri yadigar qalıb. Güllü xanımla
Nəcəfqulu İsmayılovun iki qız övladı olub: Rəna və Sevinc. Nəcəfqulu çox həssas
və geniş ürəkli bir şəxsiyyət idi. Əlini və Zemfiranı öz balalarından
ayırmayıb. Zemfira xanım danışır ki, əslində Nəcəfqulu İsmayılov anamı onu hər
addımda izləyən kinayəli baxışlardan, "xalq düşməni”nin arvadı” tənəsindən
xilas edib. Bizi də çox istəyirdi. Biz ona "ata” deyirdik. Əsil həqiqətdən isə
çox gec xəbər tutduq.
Taleyində dərdin, qəmin əbədi yeri vardı
1953-cü
ildə Həsən Haqverdiyev bəraət alaraq, Vətənə qayıdıb. Kimin ürəyində hansı əzabı,
zilləti çəkdiyi bəllidir. Pərən-pərən olmuş ailə üzvlərini ağlagəlməz dərdə tuş
edən dövrün ədalətsizliyi və təzadları idi. Yenə də hər şeyi zahirən sakit ahəngə
salan Həsən Haqverdiyev müdrikliyi, Güllü Mustafayeva dözümlülüyü və Nəcəfqulu
İsmayılov böyüklüyü oldu. Həsən də ikinci dəfə ailə qurdu. Vera Kalinina adlı
bu rus qadını çox mehriban və səmimi bir xanım idi. Həmişə Güllü xanımla məsləhətləşər,
ona böyük məhəbbət və rəğbətlə yanaşardı.
Hər kəs
öz ailəsinin yanında və dərdinin içində idi. Güllü xanımın oğlu Əli Haqverdiyev
həm rəssamlıq, həm də musiqi məktəbini bitirmişdi. Ü. Hacıbəyli adına Bakı Dövlət
Konservatoriyasında Şövkət Məmmədovadan dərs almışdı. İstedadlı rəssam, aktyor
və vokalçı idi. Operalarda maraqlı partiyalar ifa etmişdir, bədii filmlərə çəkilmişdir,
hələ oxuduğu mahnılar tamam başqa aləm idi…
Güllü
Mustafayeva rəssam kimi çox xoşbəxt sənətkar idi. Dünyanın möhtəşəm
salonlarında əsərləri sərgilənirdi. Ünvanına xoş sözlər, təbriklər, təltiflər,
dəvətlər qanadlanırdı. Balalarının sənət uğurları da ona fərəh gətirirdi. Amma
bu xanımın taleyində dərdin, qəmin sanki əbədi bir yeri vardı. Əzablar önündə dəyanətlə
dayanmış bu zəriflik nə qədər mətanətli görünməyə çalışsa da, keçirdiyi əsəbi
sarsıntıları onu içindən yeyirmiş. Həsən Haqverdiyev 1978-ci ildə dünyasını dəyişib.
1990-cı ildə Nəcəfqulu İsmayılov dünyadn köçüb. 1992-ci ildə oğlu Əli
Haqverdiyevin həyatına yüksək gərginlikli cərəyan son qoyub. Bütün bu əbədi
ayrılıqların ağrıları, sarsıntıları isə Gülü xanımın zərif varlığını "şəkər xəstəliyi”
ilə bitirib. Zemfira Qafarovanın yuxa bir ovqatla dediyi sözlər məni də kövrəltdi:
"1994-cü ildə dünyamızdan qeyri-adi bir gözəllik getdi – bu, əzablar önündə mətanətlə
dayanaraq ona meydan oxuyan zərif anam idi…”
…Güllü
Mustafayeva gözəl xanım, gözəl rəssam, gözəl ana, amma gözəl bəxti olmayan bir
insan idi. Bizə də gözəl əsərlər bəxş edib getdi. Təkcə " Məhsəti Gəncəvi”
portreti bəs edər ki, onun Azərbaycan incəsənətindəki yerini dəqiq müəyyənləşdirək.
Əsil sənətkarlar isə heç vaxt unudulmurlar.
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist