Eynəkli uşaqlar niyə çoxalır?
Eynəkli uşaqların sayının
çoxalmasını hər birimiz görürük. Əvvəllər yuxarı sinif şagirdlərində görünən bu
problemi indi lap azyaşlı uşaqlarda və dəfələrlə çox görürük. Bu, tək hər kəsin
müşahidəsi ilə yekunlaşmır, statistik rəqəmlərdə də problem əks olunub.13 yaşa qədər uşaqların göz və
gözün əlavə aparatının xəstəlikləri ilə bağlı statistikaya baxanda, son 10 ildə
iki dəfəyə yaxın artım var. 2007-ci ildə ilk dəfə diaqnoz qoyulmuş xəstələrin
sayı 15402 olubsa, 2016-cı ilin statistikasında bu rəqəm 26000-i
keçib. 13 yaşa qədər uşaqların hər 10 000 nəfərinə düşən göz və göz aparatı xəstəliklərindən
əziyyət çəkənlərin sayı 2007-ci ildə 80 nəfər olubsa, 2016-cı ildə bu 125 nəfərdən
çox olub.
Fikir versək görərik ki, bir çox
hallarda uşaqlar uzağı görmə problemi yaşayırlar. Ancaq yaxını görürlər ki,
tibdə bu, miopiya adlanır. Bəs miopiyanın ildən-ilə artmasının səbəbi nədir?
Eynəkli uşaqlarımızın sayı niyə çoxalır?
"Məktəbdə uşaqları 2 dəfə, hər dəfə yarım saatlığına çölə çıxarıblar”
Qeyd edək ki, bu günlərdə
Kanadada yaşayan azərbaycanlı Famil Qarayev bununla bağlı bir paylaşım etmişdi
və məktəblərdə tətbiq olunan üsuldan danışmışdı: "Bu
gün Kalqaridə təxminən mənfi 15 dərəcə şaxta var idi və buna baxmayaraq,
qızımgilin məktəbində uşaqları 2 dəfə hər dəfə yarım saatlığına çölə
çıxarıblar. Əvvəllər bunu eşidəndə məktəbi qınayırdım, belə şaxtada da uşaqları
çölə çıxarmaq olmaz deyə düşünürdüm. Artıq məktəbin doğru etdiyini düşünürəm”.
F.Qarayev bu
metodun xeyirli olmasını əks etdirən Amerika mətbuatında çap olunan bir yazını
da paylaşıb. Həmin məlumatda qeyd olunur ki, dünyada məktəbdə verilən ev
tapşırığına görə Sinqapur birincilərdəndir. Bunun da nəticələrindən biri odur
ki, məktəbdən məzun olan şagirdlərin 80-90% miopiya, yəni uzağı zəif görmə
problemindən əziyyət çəkir. Çin, Koreya, Yaponiya və dünyanın bir çox ölkələrində
eyni problem epidemiya halında yaşanır. Tədqiqatlar göstərir ki, belə davam etsə,
2050-ci ildə dünya əhalisinin yarısı eynək taxma məcburiyyətində qalacaq. Tədqiqatçılar
əvvəllər əsas səbəbi uşaqların kompüter, telefon ekranına çox baxmaqlarında
görürdülər. Ən son tədqiqatların nəticə isə onu göstərir ki, əsas səbəb
uşaqların qapalı məkanlarda çox vaxt keçirməklə gözlərini təbii gün işığından məhrum
etmələridir. Bunun da nəticəsində göz lazımi qida və vitamini almamış olur.
Misal üçün, buludlu havada insan gözü açıq havadakı işiqdan evdəki süni işıqla
müqayisədə 30 dəfə daha çox lazımi qida və vitamin alır. Açıq günlü havada isə
bu fərq 300 dəfəyə çatır.
"Yaxşı
oxuyan uşaqlarda eynək taxma halı daha çoxdur”
Oftalmoloq-cərrah
Günay Əliyeva"Kaspi”yə açıqlamasında bildirdi ki, problemin artması kimi, səbəbləri də göz
önündədir: "Məktəbdən danışsaq, dərs rejimi düzgün deyil, ağırdır. Uşaqlar səhərdən
axşama qədər yaxın məsafəyə baxırlar. Yaxın məsafəyə baxmaq göz əzələlərinin
spazmına gətirib çıxarır. Göz yaxını yaxşı görməyə başlayır, uzağı görmə mənfiləşir. Üstəlik, uşaq bütün gün dərsdə olur, evə gəlib
yeməyini yeyən kimi, "get dərslərini hazırla” deyirlər. Bu kimi yüklənmə ilə
yanaşı, uşaqda mənfiliyə bir az genetik meyillilik də varsa, mənfiləşməyə,
spazmın proqressivləşməsinə gətirib çıxarır. Həqiqətən də yaxşı oxuyan
uşaqlarda eynək taxma halı daha çoxdur. Çünki onlar bütün gün yaxına baxırlar.
Eyni zamanda uşaqlar dərsdən sonra televizora bəzən çox baxırlar, kompüter,
telefonlarla da vaxt keçirirlər. Bunlar da göz əzələləri üçün əlavə stressdir.
Ona görə də inanılmaz dərəcədə mənfiləşmə gedir”.
"Bir
az külək əsən kimi uşağı açıq havadan gizlədirik”
G.Əliyeva deyir ki, profilaktik
olaraq əsas məsələ gözün gigiyenasına diqqət etməkdir. Bu isə kompeks bir
işdir. İdman, təmiz havada olmaq, qamətin düz saxlanması, işıqlandırmaya diqqət
olunması və s: "Görmə ölçülərinin artmaması üçün biz profilaktik olaraq
gigiyenik qoruma işləri görməliyik. Uşağın dərsdən gələndən sonra iki saat açıq
havada olmasına şərait yaratmaq lazımdır. Uzağa baxsınlar, evdə yaxına baxmaq
olmaz. Bu, göz əzələlərinin spazmını aradan qaldırmaq üçündür.İkincisi, qidalanmaya fikir verməliyik.
Tərkibində müxtəlif fermentlər olan qidalanma olmalıdır. Hər bir maddənin qida
rasionumuzda olmasına çalışmalıyıq. Həftədə iki dəfə uşaq balıq yeməli, meyvə-tərəvəzlərdən
istifadə olunmalıdır. Kahı və ispanaq kimi tərəvəzlər, balığın özü ilə yanaşı,
yağı da faydalıdır.İdman mütləqdir və əvəzedilməzdir.
Uşaqların həyətə çıxarılması çox yaxşıdır. Təmiz hava, oksigen əzələlərin
qidalanmasına gətirib çıxarır, uzağa baxma əzələ spazmını aradan götürür.
Gözündə zəiflik olan uşaqları bəzən idmandan uzaq tuturlar. Amma "eynək
taxırsa, idmandan uzaq olmalıdır” – deyə
bir şey yoxdur. Biz yağış yox, bir az külək əsən kimi uşağı açıq havadan gizlədirik.
Mən iki gündür Amerikadan konfransdan gəlmişəm. Orda da miopiya problemi var,
müasir texnologiyalardan istifadə edirlər, amma yükləmə yoxdur, uşaqlar təmiz
havada çox vaxt keçirirlər, balaca uşaqlar soyuq havada çöldə olurlar. Evdə
uşaqların dərs hazırladıqları yerdə stolüstü lapmalar olmalı, uşağın qaməti düz
tutmasına fikir vermək lazımdır. Biz hamımız - oftalmoloq, məktəb və valideyn
bir yerdə çalışmalıyıq ki, mənfiləşmə 0,5-0,75 faizdən çox olmasın. Əgər
bunları etməsək, mənfilik sürətlə artacaq və qalın eynək taxmaq məcburiyyətində
qalacaqlar”.
G.Əliyeva dedi ki, görmə problemi
olmadığı halda belə, gözün yaxın və uzağa baxması balansını qorumaq lazımdır:
"Uzağa və yaxına, yuxarı və aşağı, sağa-sola baxanda əzələlər idman edir,
yığılır-boşalır. Belə bir anlayış var ki, yaxına 3 dəqiqə baxırıqsa, 2 dəqiqə
uzağa baxmalıyıq”.
"Kitabın,
dəftərin hansı məsafədə saxlanmasına fikir veririk”
İbtidai
sinif müəllimi Solmaz Abdullayeva bizimlə söhbətində bildirdi ki,
uşağın ailə ilə yanaşı, məktəbdə də sağlamlığı diqqət mərkəzində olmalıdır.
Bunun üçün o öz təcrübəsində müəyyən üsullardan istifadə edir: "Məktəbdə tənəffüslərdə
uşaqlar açıq havaya çıxırlar, böyük tənəffüsdə vaxt bir az çox olur. Mən dərsdə
uşaqları qaldırıb 5 dəqiqə arada idman etdirirəm ki, hərəkətsiz qalmasınlar,
eyni zamanda bildiyim qədərilə, göz məşqlərinin də faydası var. Görmə problemi
olan uşaqların dərsdə hansı partada oturması məsələsinə diqqət edirik. Əgər
uzağı yaxşı görmürsə, birinci sırada, çəpliyi varsa, orta yerlərdə oturduruq.
Amma bizim məktəblərdə uşaqların dərsarası açıq havaya çıxarılması ilə bağlı hər
hansı qayda yoxdur. Olsa, təbii ki, bunu tətbiq edərik. Amma onu deyim ki, indi
məktəb otaqlarına gün işığı düşür, normal sinif otaqlarımız var”.
S.Abdullayevanın sözlərinə görə, müəllim
kimi uşaqların görmə probleminin olmaması məsələsinə özü diqqət edir, valideynlərə
tövsiyələrini verir: "Məsələn, kitabın, dəftərin hansı məsafədə zaxlanmasına
fikir veririk. Eyni zamanda valideynlərə tapşırırıq ki, yolda, avtobusda gedərkən
uşaqlarına kitab oxumağa icazə verməsinlər, telefondan, kompüterdən maksimum dərəcədə
uzaq tutsunlar. Ümumiyyətlə, ibtidai sinifdə oxuyan uşaqlara kompüter,
telefondan istifadəyə icazə verilmir”.
Müəllim onu da bildirdi ki, bir
çox hallarda onlar uşaqlarda görmə problemini valideyndən əvvəl hiss edirlər:
"Görürük ki, uşaq yazı yazanda dəftərə
çox yaxın baxır, kitab oxuyanda gözünə ən yaxın məsafədən tutur, gözlərini
qıyır. Bu zaman biz valideynlərə deyirik və onlar həkimə aparırlar. Valideynlər
bəzən bir az laqeyd yanaşırlar, uşaqların məktəbə qəbulunda tələb olunan
sağlamlıq haqqında arayışı uşağın sağlamlığını yoxlatdırmadan, saxta üsulla
alıb gətririrlər, amma bilmirlər ki, bununla uşaqlarına ziyan verirlər”.
Aygün Asimqızı