• cümə, 19 Aprel, 11:16
  • Baku Bakı 13°C

Çexov və Bekket dramaturgiyasında şübhə və tərəddüd motivi

02.07.20 15:22 4670
Çexov və Bekket dramaturgiyasında şübhə və tərəddüd motivi
XIX əsrin əvvəllərində dramaturgiyaya "Yeni dram” qədəm qoydu. "Yeni dram” dramaturgiyaya yeni forma, yeni qəhrəman, yeni konflikt tipi və öz növbəsində şübhə və tərəddüdlərin yeni motivini gətirmiş oldu.
Dramaturgiyada yeni konflikt tipini görkəmli rus yazıçısı Anton Pavloviç Çexovun yaradıcılığında da görmək mümkündür. Çexovu Rusiyanın İbseni də adlandıra bilərik. Dramaturqun "Qağayı”, "Albalı bağı”, "Üç bacı”, "Vanya dayı” kimi məşhur pyesləri fikrimizi təsdiqləyə bilər.
Çexov Rus dramaturgiyasına yeni qəhrəmanlarla yanaşı, yeni konflikt tipini də gətirdi. O, pyeslərində oxucularına tamamilə fərqli dünya təqdim etdi. Biz Çexovun pyeslərində nə aktiv əməl xəttinə malik qəhrəman görə bilərik, nə də, açıqca bir-biri ilə şiddətli mübahisə zamanı toqquşan qüvvələri izləyə bilərik. Çexovun pyesləri oxucuya qəhrəmanınpsixoloji-ruhsal durumunu və həmin durumda baş verən dəyişikliyi göstərir. Əslində, bu məqam bizə yad deyil, həyatımızdan qaynaqlanır. Onun qəhrəmanları sanki bizim dünyamızdan XIX əsrə atılır. Çünki, bu gün müasir insanların əksəriyyəti eynilə Çexovun qəhrəmanları kimi iç dünyalarına qapanmış, açıqca dialoqa girməkdən qaçan fərdlərdir.
Çexovun pyeslərində əsas diqqət birbaşa olaraq, qəhrəmanın daxili dünyasına, onun vasitəli dialoqlarına istiqamətlənir. Dramaturqun pyeslərində dialoqlardakı bağlılıq əlaqəsinin obrazlar tərəfindən söylənilən,amma tamamilə mövzu xaricində olan başqa bir fikir, yaxud sözlərlə qırıldığını tez-tez müşahidə edə bilirik. Dialoqu yarımçıq qoyan mövzu xaricindəki həmin fikir isə bizləri dramaturqun pyesinə qarşı müəyyən ovqata kökləmiş olur.
Çexov əsərlərində duyğuları, qəhramanının yaşadığı psixoloji gərginliyi, onun keçirdiyi hissləri ön planda verməyi sevir. Bu səbəbdən Çexovun pyeslərində şübhə, tərəddüd gözlənilən hisslərdir.Dramaturqunyaratmış olduğu personajlarda bizeynilə yeni dramdamüşahidə edilən əsas keyfiyyəti - qəhrəmanların özlərininözləri ilə mübarizəsini görürük. Obrazların şübhələri də, tərəddüdləri də, xarakterin fərdi təzahürü kimi daha çox özlərindən, daxili dünyalarından qaynaqlanır. Dramaturqun qəhrəmanları hər şeyi anlayır, lakin hərəkətə keçmir, tərəddüd edirlər. Bu baxımdan, onun qəhrəmanlarının şübhə və tərəddüdlərini əməl xəttində deyil, xarakterin düşüncə və fikirlərinin fonunda axtarırıq. Fikirlərimizi əsaslandırmaq üçün dramaturqun "Qağayı” pyesinə müraciət edə bilərik.
Çexovun "Qağayı” pyesi tərəddüdlərlə olduqca zəngindir. Pyes bir qədər də melodramatik situasiyalar üzərində qurulmuşdur. Qəhrəmanlar bir-birlərinə qarşı sevgi hissi bəsləyirlər, lakin qarşı tərəfdən cavab almadan. Elə bu məqamda da, Konstantin Qavriloviç Treplev, Nina Mixaylovna Zareçnaya, Boris Alekseyeviç Triqorin, Maşa kimi qəhrəmanların tərəddüdləri ortaya çıxmış olur.
Maşa Treplevəsevgi hissləri bəsləyir. Amma Treplevdən bu hissə qarşı bir addım yoxdur. Maşa ətrafında onu sevənlər dəstəsinə laqeyd qalır, çünki Treplevi sevir. Lakin Maşa duyğularına cavab almadığından, artıq onda tərəddüd hissi yaranır. Qadın qəhrəmanımızın daxilində "Görəsən, bu sevgi hissi ilə tənha yaşammı sürüm, yoxsa məni sevən, mənə qiymət verən biri ilə yoluma davam edim?” kimi suallar baş qaldırır. Seçim qarşısında qalan Maşa bu sevgini unutmağı, içində dəfn etməyi qərara alır.
Treplev isə Maşaya deyil, Ninaya qarşı sevgi hissi bəsləyir. Lakin Nina yazıçıTriqorini sevir. Ninadan qarşılıqlı sevgini ala bilməyən Treplev keçirdiyi tənhalıqdan gözəl yazıçı olur. Uzun müddətdən - Nina Triqorindən ayrıldıqdan sonra Ninanı görən Treplevdə isə tərəddüd və şübhə hissi baş qaldırır. Nina ilə söhbətdən sonra Treplev necə yaşayacağını bilmədiyinə əmin olur. Özündən, yaşamından şübhələnməyə başlayır: "Nina nə istədiyini, nə edəcəyini bilir, bəs, mən nə istəyirəm? Nə üçün yaşayıram? Necə yaşamalıyam?” kimi suallarla tərəddüd içində qalır və sonda intihar etməklə bu şübhələrinə son qoyur.
O, əslində, bütün bu sualları dilinə belə gətirmir, susur. Dramaturq qəhrəmanını susdurur ki, biz onun səssizliyinin səbəbini özümüz tapaq. Səbəb isə aydındır: boş, sıxıcı və mənasız yaşam tərzi. Qəhrəmanlar bu yaşamdan iflic durumundadır, hərəkətsizdirlər, onlar, sadəcə, düşünür, özlərinə suallar ünvanlayırlar. Qarşı tərəfə nə şübhə bəsləyərlər, nə də onların münasibət və rəftarlarından doğan tərəddüd kimi bir hissin caynağına düşərlər. Burada kiminsə sevgi hissinin cavabsız qalmasında, intihar belə etməsində bir kimsənin günahı yoxdur. Çexovun qəhrəmanları, sadəcə, özləri günahkardırlar və onlar yalnız özlərindən, keçmiş yaşamlarından şübhəlidirlər.
"Qağayı”dakı Treplev qədər "Vanya dayı” da özündən şübhəlidir. Vanya dayının şübhəsi, tərəddüdü isə Çexovun, demək olar ki, əksər qəhrəmanlarında rast gəldiyimiz məqamdan - keçmişdə yaşanmamışlarvə bundan doğan təəssüf və peşmançılıq hissindən qaynaqlanır. Vanya dayı da özündən, həyatından şübhəlidir. Bu səbəbdən də, onda ətrafdakılara qarşı bir qədər laqeydlik hiss olunmaqdadır. O, öz keçmişinin acısını, sanki onlardan çıxarır, bununla özünə təskinlik verir, rahatlayır.
Çexovun qəhrəmanlarında, demək olar ki, tərəddüd hissi şübhəni üstələyir. Çünki dramaturqun pyeslərində təqdim edilən dünya və həmin dünyada yaşam sürən qəhrəmanlar üçün nə yaşanıbsa,artıq keçmişdə yaşanıb, geriyə isə, sadəcə, bütün olanlardan sonra atılacaq addım, yaxud, veriləsi qərar, göstəriləsi münasibət qalır. Bu isə öz növbəsində,Çexovun qəhrəmanlarında tərəddüd hissinin artmasına səbəb olur. Tərəddüd hissindən isə durğunluq, hərəkətsizlik doğur ki, bu da Çexov qəhrəmanlarını səciyyələndirən əsas keyfiyyət hesab edilir.
Buna görə də Çexovun qəhrəmanları içlərində var olan tərəddüd, şübhə kimi hisslərin qarşısında acizdirlər. Onların kökünü məhv etmək, sonuna gedib çıxmaq kimi bir niyyətləri yoxdur. Bəs, bu hisslərin sonu necə nəticələnir? Düşünürük ki, dramaturqun çox zaman pyeslərindəki açıq final səhnələri, ya da ölüm kimi çıxış yolu oxucuya, qismən də olsa, cavab verir.
Əgər Çexovun qəhrəmanlarının həyatında tərəddüd hissinin onlara qənim kəsildiyini görürüksə, absurd dramaturgiyası qəhrəmanlarındabu hissinonlara yadlaşdığını müşahidə edirik.Məsələn, elə Samuel Bekketin yaradıcılığına nəzər yetirməyimiz fikrimizi dəstəkləyər, deyə düşünürük.
XX əsrin görkəmli İrland yazıçısı olan Samuel Bekket dünya çapında böyük maraq yaratmış "Qodonun intizarında” adlı pyesin müəllifidir. Bekketabsurd teatrın banilərindən hesab edilir. "Qodonun intizarında” pyesi absurd dramaturgiyanın ən gözəl nümunələrindəndir. Bekketdə axtarışında olduğumuz şübhə və tərəddüdlər olduqca maraqlı formadadır.
Absurd qəhrəman dünyanın puçluğunu, onun mənasızlığını, absurdluğunu qəbul edir. Qəbul edirsə, deməli onun tərəddüd və şübhəsi də məntiqi olaraq sıfıra yaxınlaşır. Amma absurd dramaturgiya heç də, həmişə məntqin qanunları ilə oturub-durmur. Çünki qəhrəman yalnız məntiqinin ona istiqamət verdiyi yol üzrə gedə bilmir, onun qarşısını daxilində gizlənən müxtəlif hiss və duyğular kəsir. Bəzən isə həmin hiss və duyğular qəhrəmana təklifolunmuş vəziyyət qarşısında necə hərəkət edəcəyini, nə kimi bir qərar verəcəyini müəyyən etməkdə yardımçı olur. Ya da, tam tərsi, qəhrəmanın qərarvermə anını gecikdirir.
Beləliklə, hisslərinin təsiri altına düşən qəhrəman tərəddüd və şübhə hissi keçirməyə başlayır. Absurd dramaturgiyası nümunələrində bu qərarsızlıq anını biz qəhrəmanların mürəkkəbləşmiş dialoqlarında da görürük. Çünki, qəhrəmanların fikirləri özü-özlüyündə ziddiyyətlidir, bu səbəbdən onların nitqi də mürəkkəbləşir, qarışıq hal alır. Sözügedən dramaturgiyanın nümayəndəsi kimi bu məqam Bekketin qəhrəmanlarının dilində özünü göstərir. "Qodonun intizarında” əsərinin qəhrəmanları Estraqon və Vladimirin nitqində də, bu,əyani görünür. Əsər boyu Vladimir və Estraqon dediklərini inkar edirlər. Çünki onlar dediklərindən əminlik duymurlar, hər şeyə daim şübhəylə baxırlar. Xüsusilə Estraqonda bu şübhə hissi daha çox nəzərə çarpır:
" Estraqon: biz dünən də burada olmuşuq.
Vladimir: yox, burada sən səhv edirsən.
Estraqon: bəs, onda dünən nə edirdik biz?
Vladimir: sözün düzü.... Sən həmişə hər şeyə şübhə ilə baxırsan”
Lakin buna baxmayaraq, qeyd etmək gərəkdir ki, onlardakı tərəddüd hissi şübhə qədər yüksək deyil. Qəhrəmanlardakı tərəddüd hissi onların şübhə hissi ilə müqayisədə çox aşağıdır. Əgər onlar tərəddüd etsəydilər, Qodonun gələcəyinə inanmasaydılar hər gün onun yolunu gözləməzdilər. Bu səbəbdən Bekketin qəhrəmanları Qodonun gələcəyinə inanırlar. Buna görə də Estraqon və Vladimirdə tərəddüd hissi onların şübhələri ilə müqayisədə, demək olar ki, yoxdur. Yəni, Bekketin qəhrəmanları Çexovun qəhrəmanları qədər tərəddüd hissi keçirmirlər.
"Yeni dram”ın görkəmli nümayəndəsi hesab edilən H.İbsen yaradıcılığında qəhrəmanların qəfil şokla üz-üzə qalıdığını və həmin situasiyadan doğan şübhə yaxud tərəddüd hissini görürdüksə, Çexov və Bekketin yaradıcılığında bu hisslərobrazın "özünü tapma”sından sonrakı məqamında ortaya qoyulur. Aydın məsələdir ki, özünü tapmış qəhrəman artıq yaşadığını yaşayıb, bütün gerçəkləri görüb və bu səbəbdən onların nədəsə tərəddüd etməyə elə də bir ehtiyacı qalmır, çünki hər şey onlaraaşikardır. Şübhə hissi təkcə dramaturqun yaratmış olduğu obrazların xarakterində deyil, həm də biz oxucularda Qodonun kim olması ilə bağlı şübhələri yaradır: "Bu Qodo kimdir, axı?” kimi suallar ortaya çıxır.
Bekketin əsərinin sonu açıq finalla bitdiyi üçün oxucu pyesdəki tərəddüd və şübhələrin nə ilə sonlandığını görə bilmir. Eynilə Çexovun final səhnələri kimi. "Həyatın yazarı” adlandırılan Çexov da pyeslərini elə həyatımızın son pərdəsinin bizlərə məlum olmadığı kimi - naməlum açıq final səhnələri ilə sonlandırır...
Sənubər Həşimova
Tələbə-teatrşünas
banner

Oxşar Xəbərlər