• cümə axşamı, 28 mart, 20:03
  • Baku Bakı 13°C

“Əvvəlkindən də yaxşı Zəngilan olacaq”

24.10.20 11:15 1200
“Əvvəlkindən də yaxşı Zəngilan olacaq”
Vahid Niftiyev: "Min şükür ki, "məcburi köçkün” damğası üstümüzdən götürüldü”
"1993-cü ildən bəri oktyabrın 29-u biz nə toy etmişik, nə toya getmişik, nə də şənlənmişik. Çünki həmin tarix torpağımızın işğal olunduğu gün idi. Həmin gün o torpaqda doğulmuş, böyümüş, oranı vətən bilən hər kəsin ürəyində qara ləkə kimi qalmışdı. Ona görə, həmin gündə şənlənə bilmirdik. Doğma torpağımızın işğal olunması bizim üçün ölüm-itimdən betər hiss idi. 27 ildir ki, torpaqlarımıza həsrət idik, içimizdə nisgillə yaşayırdıq”.

Bu sözləri bizimlə söhbətində doğma torpağı – Zəngilanı işğaldan azad olunan 71 yaşlı Vahid Niftiyev söylədi. İndi sevincinin həddi-hüdudu yoxdur, 27 illik həsrət sona çatır, Zəngilana qayıdacağı sayılı günü səbirsizliklə gözləyir.

Bu sevincin fonunda Vahid müəllim Zəngilandan necə çıxmaqları, bu günə qədər olan məcburi köçkünlük həyatı və doğma torpaqlarının daim göz önündə canlanan gözəlliklərindən də danışdı.
Ölərdik, amma çıxmazdıq...
Elinə, obasına, doğma torpağına bağlı biri olan V.Niftiyev deyir ki, Zəngilanın düşmən tapdağı altına düşməməsi üçün son ana qədər əlindən gələni edib: "Son ana qədər də torpaqlarımızı tərk etmədik. Özüm Babaylı kəndindənəm. Axıra qədər döyüşmüşük, itkimiz olub, amma orda qalmışıq. Ancaq 1993-cü ilin oktyabrın 27-də çıxmağa məcbur qaldıq. Həmin gün göy-yer lərzəyə gəlmişdi. Çünki düşmən bir addımlığımızda idi. Qorxumuz ölümdən deyildi. Ölərdik, amma çıxmazdıq. Ancaq ailəmizə, qızlarımıza görə narahat idik. Mənim 8 övladım var idi, onun 6-sı qızdır. Qızlarımızın, qadınlarımızın, övladlarımızın əsir düşməyindən qorxurduq. Buna görə, məcbur çıxmalı olduq”.

V.Niftiyev ailəsini, övladlarını son anda xilas edə bilib: "Həmin vaxt artıq Zəngilandan çıxmaq da çətin idi. Hər tərəfimiz düşmən idi. Ermənilər Muradxanlı, Qubadlı və Cəbrayıl tərəfdən gəlirdilər. Füzuli də işğal olunmuşdu. Bakıya yolumuz yox idi. Bircə yol var idi, o da Araz çayı vasitəsilə İrana keçməli, sonra ölkəmizə gəlməli idik. Hamımız Arazın qırağına toplaşdıq. Rəhmətlik Heydər Əliyev Arazın suyunu bir az azaltdırdı və ordan çıxmaq üçün müəyyən qədər imkan yarandı. Mən və həyat yoldaşım bir avtobusa özümüzün və bacımın uşaqlarını yığıb Arazdan keçərək onları xilas etməyə çalışdıq. O vaxt nə qədər adam çayda batıb öldü. Bizim avtobus da çayın ortasında dayandı, işləmədi. Arxadan da ermənilər atırdı. Bizdən bir kilometr aralıya qədər ermənilər gəlmişdi. Arazdan keçənlərə atəş açırdılar. İranlılar bizə köməklik edirdilər, batan maşınları çıxarırdılar. Beləliklə, sağ-salamat keçib gələ bildik. Çox dəhşətli günlər idi. Allah heç kəsə göstərməsin”.

Sevindiyimizdən o qədər ağlamışıq ki...
V.Niftiyev deyir ki, işğaldan azad olunan torpaqlarına gedəcəkləri günü səbirsizliklə gözləyirlər: "Qələbə xəbərinə sevindiyimizdən o qədər ağlamışıq ki... 27 ilin həsrəti var. Qurbanlar demişik. Bir-birimizə qonaqlıqlar söz veririk. Bütün ailə üzvlərimiz şadlanır və bütün xalq ayaq üstədir ki, görəsən, nə vaxt qayıdırıq? Burda nə qədər yaxşı yaşasaq da, öz torpaqlarımızın yerini verməz. Min şükür ki, "məcburi köçkün” damğası üstümüzdən götürüldü. Qalan hamısı düzələcək. Ev də düzələcək. Uşaqlar da hamısı gedib yaşayacaq. Yenə qurub-yaradacaqlar. Əvvəlkindən də yaxşı Zəngilan olacaq və insanlar da qədrini daha yaxşı biləcəklər. Prezident, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirik. Allah onun canını sağ, işini avand eləsin. Allah əsgərlərimizi qorusun. İşğaldan azad olunan hər bir qarış torpağımız üçün canları, qanlarını gözə alaraq vuruşurlar. Şəhidlərimizə Allah rəhmət eləsin”.

Bu il oktyabrın 29-u Zəngilanın işğalının 27-ci ili tamam olacaqdı. Amma olmayacaq, çünki həmin hüznlü tarixə 9 gün qalmış – oktyabrın 20-də Zəngilan düşmən tapdağından azad olundu. Artıq bundan sonra zəngilanlılar oktyabrda işğal günlərini deyil, zəfər tarixini yadda saxlayacaqlar, qeyd edəcəklər. Digər işğal altında olan torpaqlarımızın sakinlərinə də Füzuli, Cəbrayıl, Zəngilan sakinlərinin yaşadıqları sevinc qismət olsun.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər