• cümə axşamı, 28 mart, 22:47
  • Baku Bakı 13°C

Əvvəlki Xuraman olmağa vaxtım yoxdur - Şou-biznes

16.02.15 05:34 2065
Əvvəlki Xuraman olmağa vaxtım yoxdur - Şou-biznes
Hər il fevral ayı gələndə cəmiyyətdə bir canlanma baş verir. Kimi 14 fevral sevgililər gününə hazırlaşır, kimi də o günə hazırlaşanları təəssüf və qınaq atəşinə tutur. Artıq 6 ildir ki, 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədar olaraq, 30 iyun Azərbaycanda sevgililər günü kimi qeyd olunsa da, vətəndaşlarımızın əksər hissəsi bu bayramı 14 fevralda qeyd etməyə üstünlük verir.
Biz də “Gənclik qəzeti” olaraq sevgisi uğrunda hər şeydən imtina edən, hətta yaradıcılığında 180 dərəcə dönüş edən Xuraman Şuşalı ilə sevgi haqqında danışdıq.
- Xuraman xanım, sevgi sizin üçün nə deməkdir?

- Sevgi mənim üçün böyük anlam daşıyır. Hazırda üç uşağım var. İndi sevgi haqqında düşünməyə vaxtım yoxdur. Elə bir vəziyyət yaranıb ki, gözümü yumub, beş dəqiqəlik istirahət etməyim üçün uşaqların heç olmasa bir neçə dəqiqə yatmağını istəyirəm. Düzünü desəm, üçüncü uşağım olana qədər həyat yoldaşım məni restorana, yaxud da hər hansı bir yerdə şam yeməyinə dəvət edirdi. Ancaq üçüncü övladım olandan o məni heç yerə dəvət etmir. Doğrudan da çox yoruluram. Uşaqları bağçalarda yayılan viruslara görə dərslərdən saxlamışam, onlara özüm baxıram. Həyat yoldaşım da mənə hər anlamda dəstək olur. Onun mənim yanımda olması, övladlarıma örnək bir ata olması mənə ən böyük hədiyyədir. Onun varlığı mənə bəs edir.
- Deyirlər ki, qadın ailə qurduqdan sonra onun sevgisi bölünür. Siz necə düşünürsünüz?

- Bu fikirlə razı deyiləm. Çünki həyat yoldaşına olan sevgi başqa, övladlarına olan sevgi isə tamam başqadır. Sevgi bölünmür. Uşaqlar olandan sonra sevgiyə sərf etməyə vaxt qalmır. Uşaqlar yatandan sonra baş-başa oturub, iki saat söhbət edirik, gündəlik başımıza gələn əhvalatları danışırıq. Bir evdə olsaq da, bir-birimizə o qədər də diqqət ayıra bilmirik. Çalışıram ki, ona qarşı olan sevgimi qoruyum. Çox vaxt yorğun oluram deyə, həyat yoldaşımı diqqətsiz də buraxmıram. Onun daima sevgisini qazanmaq üçün çalışıram. Uşaqları geyindirib çölə çıxarınca artıq yoruluram. Hərdən elə olur ki, uşaqları hazırlayıb qapıdan çıxaranda görürəm ki, taqətim qalmayıb. Deyirəm ki, gəlin oturaq, istirahət edək (gülürük).
- Əvvəllər sizi çılğın bir ifaçı kimi tanıyırdıq. Ancaq ailə qurduqdan sonra hicaba keçdiniz və yalnız dini məclislərə getməyə başladınız. Sizi bu qədər dəyişən sevgi oldu?

- Əməlli-başlı fısım yatdı (gülür). Əlbəttə ki, mənim başımı bağlamağım yoldaşımın da ürəyincə idi. Ancaq bunu mən öz istəyimlə, Allaha olan sevgimə görə etmişəm, bunu Allaha xoş gəlsin deyə etməmişəm. İçimdə Allah qorxusu, Allah xofu var. Mən cəhənnəmdən qorxan insanam. Yoldaşım mömin insandır. Mən ona söz vermişdim ki, öz istəyimlə hicaba keçəcəm. Şükürlər olsun ki, Allah mənə hicaba keçməyi öz istəyimlə nəsib etdi. Çox adam elə bilir ki, mən ailə qurduğum üçün hicaba keçmişəm. Yoldaşıma qarşı sevgi hissi duymasaydım, üç övladı dünyaya gətirib böyütməzdim. Onunla hər bir çətinliyə sinə gərməzdim.
- Hesab edirdilər ki, siz çılğın insansınız və hicabla bərabər yaradıcılığınızı davam etdirə bilməzsiniz…

- Fevralın 16-da mənim hicaba keçməyimin iki ili tamam olur. Allah mənə o günü nəsib etməsin. Hicabı atdığım gün Allah mənim canımı alsın. Arzulayıram ki, bu dünyadan hicabla köçüm. Çox adam elə bilir ki, hicaba keçdiyim üçün müğənnilik etmirəm. Ancaq bu belə deyil. Sadəcə olaraq mən kişi və içki olan tədbirlərdə iştirak etmirəm.
- Əvvəlki Xuraman Şuşalı üçün darıxırsınızmı?
- Hərdən dostlarımızla görüşürük. Onlara deyirəm ki, hanı o Xuraman ki, tədbirdən çıxırdıq, fikirləşirdik ki, görən indi hara gedək? Bu gün isə tədbirdən çıxdıqda, yalnız uşaqlarımı və evimi düşünürəm. Uşaqlarımın yanında adam olsa belə, qaçaraq onların yanına gəlirəm. Uşaqlarıma görə bütün işlərimi ikinci plana atıram. Artıq məni ailəmə bağlayan daha güclü qüvvələr var. Üzərimdə məsuliyyət daha böyükdür. Əvvəlki Xuraman olmağa, çılğınlıq etməyə vaxtım belə yoxdur. Mən övladlarıma ana sevgisi verməliyəm. Hesab edirəm ki, bu, hər şeydən önəmlidir. O zamanlar elə cüzi problemləri özümə dərd edirdim ki, bu gün əvvəlki günlərim üçün darıxmıram. Düşündükcə deyirəm ki, indiki ağlım olsaydı, onları etməzdim. Nəyəsə görə kiminləsə söz-söhbətim olurdu. İndi məndə əvvəlki Xuramandan əsər-əlamət belə qalmayıb.
- Hazırda əvvəlki kimi qazanc əldə edə bilirsinizmi?
- Düzünü desəm, əvvəlki qazancım yoxdur. Əvvəllər gündəlik şou proqramlardan 500 manat pul qazanırdım. Hələ toyları demirəm. Gündəlik pul qazanmayanda, özümü narahat hiss edirdim. Bilirsiniz ki, mən 18 yaşımdan işləyirəm. 12 ildir ki, dayanmadan işləmişəm. İndi pul üçün darıxmıram. Mən işləməyə vərdiş etmişəm. Xınayaxdı məclislərinə getməsəm, çox pis olaram. Çünki oxumağa öyrəşmişəm. Xınayaxdı məclislərinə, qadın toylarına gedəndə bir dəqiqə belə oturmuram. Tamadalıq edirəm, məclisi özüm aparıram, özüm oxuyub, özüm də oynayıram. Enerjimi orada çıxarıram. Ömür boyu işləmiş insan işləməsə, dözə bilməz. İçimdə qalan enerjini də dizayner işlərinə sərf edirəm. Bütün günü yeniliklər axtarışındayam. Efirlərdə oxuya bilmirəm, ancaq bu gündən etibarən efirdə şeirlər deyəcəm. Qeyd edim ki, mən İncəsənət Gimnaziyasını, daha sonra isə Azərbaycan Milli Konservatoriyasının solo oxuma sinfini bitirmişəm. Gəlib şou-biznesə qatıldıqdan sonra özümü yaxşı tərəfdən tanıtmadım. İndi-indi düşünürəm ki, Qızıl Fonda mahnım düşübsə, mən başımı nə üçün qalmaqala qatmışam? Öz-özümə deyirəm ki, mən hansı ağılla bunu etmişəm? Konservatoriyanı bitirən bir insan qalmaqalla gündəmə gəlməməlidir. Bu mənim harama yaraşırdı? Keçmişimə baxanda özümdə çox səhvlər tuturam. Deyirəm ki, indiki ağlım olsaydı, mən onu heç vaxt etməzdim. Və yaxud da indiki ağlım olsaydı, bəzi insanları heç yanıma buraxmazdım. Hər bir insanın çılğın bir yaş dönəmi var. Qazanca gəldikdə isə, nəfsim yığışıb. Pul qazanmaq üçün darıxmıram. Hesab edirəm ki, hazırda qazandığım pulda daha çox bərəkət var.
- Gənclərə sevməyi məsləhət görürsünüzmü?
- Mütləq. İslamda deyilir ki, insanı üç şey idarə edir – ürək, beyin və qurşaqdan aşağı. Əgər səni ağlın idarə edirsə, ürəyini və digər orqanlarını beyinə tabe etdirdinsə, həyatda daima uğur qazanacaqsan. Ağılla hərəkət etsən, uğursuzluğa düçar olmazsan. Ancaq ürəklə haradasa zəiflik göstərə bilərsən. Əslində ürəyə qulaq asmaq lazım deyil. Çünki insan onda çox ziyan çəkir. Ağıl nəyi deyirsə, ürəyi də ona tabe etmək lazımdır. Amma vay o günə ki, insanı qurşaqdan aşağı hissə idarə etsin. Xanımlarımıza və bəylərimizə arzu edirəm ki, bütün bədənlərini ağıllarına tabe etsinlər. İnsanın hakimi onun ağlı olmalıdır.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər