Əvvəl falçı, sonra ekstrasens, indi də psixoloq...
Bir rəfiqəm psixoloq qəbuluna getmək istəyir. Mənə
sual verir ki, yaxşı psixoloqu necə seçə bilərəm? Deyir, elə bir psixoloq olsun
ki, mənə kömək edə bilsin, ona rahatlıqla problemimi danışa bilim.
Əslində bu, psixoloq qəbuluna getmək istəyənlərin çoxunu
düşündürən sualdır. Çünki 10-15 il öncə ilə müqayisədə ölkədə dəfələrlə çox
psixoloq var. Psixologiya sahəsində inkişafın olması cəhətdən əslində bu yaxşı
haldır. Amma psixoloqların çox olması bizim seçim imkanımızı da çətinləşdirir.
Biz də bu istiqamətdə bir araşdırma aparmaq qərarına gəldik. Yaxşı psixoloqu
necə seçməli?
"Şablon sual-cavab şəklində
keçən bir söhbət istəməzdim”
Psixoloq qəbulunda olan Könül Namazova deyir ki, o, psixoloq seçimini tanışların məsləhəti əsasında
edib. Amma iki dəfə üz tutduğu mütəxəssis onu qane etməyib: "Reklamı güclü
olan, tanınmış psixoloqların seans qiyməti mənim cibimə münasib olmadığı üçün
uyğun qiymətə olanları tanışlardan maraqlandım. Birinci dəfə getdiyim psixoloq çox
quru və rəsmi davranırdı. Əslində başqa bir tanış onun yanına gedib razı qalmışdı,
amma mən ikinci dəfə getmədim. Sonra başqa birinin yanına getmişdim. O, uşaqlarla
da işləyirdi, böyüklərlə də. Qəbulunda gözləyəndə bir uşaqla əsəbi danışdığını
gördüm. İstədim qayıdam, amma qeydiyyata yazılmışdım. Görüş xarakterli birinci
seansda oldum, amma sonra getmədim. Psixoloq bizim bir ailə üzvümüz qədər səmimi
olmalıdır ki, yanında rahat olaq. Kompleksə düşdüyüm halda danışa bilmirəm. Üçüncü
cəhddə artıq çox yaxşı bir psixoloq tapdım”.
Məlahət Əzizova isə deyir ki, psixoloq seçimi zamanı bir çox
nüansları diqqətdə saxlayır, psixoloqla bağlı araşdırma aparır: "Psixoloqun təcrübəsi,
hətta təhsili ilə bağlı bir az araşdırma aparmaq lazımdır. Bu nüanslar onun
psixoloq kimi fəaliyyətinin formalaşmasında əhəmiyyətli məqamlardır. Psixoloqun
qəbul qiyməti haqqında da öncədən maraqlanıram. Çünki orta gəlirli biri üçün
aşırı baha qiymətə olan psixoloq qəbuluna getmək adamı depressiyadan çıxarmaq əvəzinə,
depressiyaya sala bilər. Maddi tərəf əgər mənə uyğundursa, psixoloqun ünsiyyət
bacarığı, qurduğu dialoq və verdiyi suallar da önəmlidir. Sxematik, şablon
sual-cavab şəklində keçən bir söhbət istəməzdim”.
"Bir günün psixoloqu
ilə 20 ilin psixoloqu eynidir”
Mövzu ilə bağlı psixoloqlarla da söhbətləşdik. Psixoloq Elnur Rüstəmov qəzetimizə
açıqlamasında bildirdi ki, psixoloq seçimində onun təcrübəsi o qədər də önəmli
olmaya bilər: "Bu, spesifik bir məqamdır. Çünki psixoloq həkimdən, müəllimdən,
ustadan fərqlidir. Burada peşədən qaynaqlanan nüanslar var. Psixoloq seçimində
insan faktoru vacibdir. Ürək cərrahının necə danışması pasient üçün önəmli
deyil, təki əməliyyatı yaxşı aparsın. Belə bir ifadə ilə desək, insan yanına
getdiyi psixoloqdan elektrik almalıdır ki, problemini rahat danışa bilsin.
Psixoloq peşəkarlığı öz yerində. Psixoloji konsultasiyada belə bir şey var ki,
bir günün psixoloqu ilə 20 ilin psixoloqu eynidir. Ola bilər 20 il təcrübəsi
olan psixoloq texnikaları çox bilsin, təcrübəsi çox olsun. Ancaq kimsə onun
yanında gedəndə istədiyi nəticəni almaya bilər. Amma bir ilin psixoloqu ona
daha yaxşı gələr”.
E.Rüstəmov deyir ki, psixoloq axtararkən müəyyən
bir araşdırma aparmaq yaxşı olar. Onun sözlərinə görə, informasiya əsrinin
yenilikləri bizi psixoloqlar haqqında istədiyimiz məlumatı almağa kömək edir:
"Bütün psixoloqların sosial şəbəkə profilləri var. Mətbuata açıqlama verirlər,
məqalələr yazırlar, televiziyada çıxış edirlər. Bütün bunlara fikir vermək
lazımdır. Şübhəsiz ki, CV-si ilə yanaşı, necə biri olması da önəmlidir. Mən bu
psixoloqa ürəyimi açıb danışa bilərəmmi? Bu məqamlar önəmli olduğu qədər
psixoloqların da üzərinə böyük məsuliyyət qoyur. Çünki cəmiyyət həmişə
psixoloqu ideal görür. "Psixoloq əsəbləşə, qışqıra bilməz, hər yerdə psixoloq
olmalıdır” kimi düşünürlər. Amma əsas olan mütəxəssisin öz işində nə dərəcədə
peşəkar olmasıdır. Bizim cəmiyyət yavaş-yavaş bu prosesə adaptasiya olacaq.
İnsanlar da seçim edərkən bir-iki psixoloqun üzərində dayanırlar. Sonra onlarla
bağlı araşdırma aparıb, qərar verə bilərlər. Bu gün istənilən insan haqqında
istədiyimiz məlumatı almaq çox asandır. O ki qaldı psixoloq, həkim ola”.
Psixoloq bildirdi ki, müraciət ediləcək psixoloqun
uşaq, ailə, böyük və ya yeniyetmələrlə bağlı ixtisaslaşmış olması da önəmlidir.
"Psixoloq
adından sui-istifadə edənlər var”
"Gənc
Psixoloqlar” İctimai Birliyinin sədri, psixoloq Orxan Oruc isə bildirdi ki, psixoloji xidmət
bizim üçün yeni sahə olduğu üçün müəyyən əskikliklər və boşluqlar var: "Buna
baxmayaraq, inkişaf tempini uğurlu hesab etmək olar. Psixoloqa müraciət edənlərin
sayı 8-10 il əvvəllə müqayisə olunmayacaq qədər fərqlidir. Bu bir tərəfdən təəssüfedici
məqamdır ki, insanlarımızın psixoloji çətinlikləri, ünsiyyət problemləri
getdikcə çoxalır. Digər tərəfdən sevindiricidir ki, bu çətinliklərin həll
olunması üçün peşəkarlara müraciət olunur. Amma sizin verdiyiniz sualı bir az dəyişib
belə qoymaq olar ki, özünü psixoloq kimi təqdim edən hər kəs peşəkardırmı? Təbii
ki, yox. Ümumiyyətlə, psixoloji xidmətin standartlara uyğun tənzimlənməsi ilə
bağlı hər hansı bir qanun və ya sənəd olmaması bundan sui-istifadə edənlərin
olmasına şərait yaranır. Hazırda bununla bağlı qanunun hazırlanması dövlətin
diqqətindədir. Ümid edirik ki, yaxın zamanlarda belə bir rəsmi sənədin olması
ilə sui-istifadəyə yol verənlərin qarşısı alınacaq”.
O.Orucun sözlərinə görə, peşəkar
psixoloq deyərkən biz bir məqamı dəqiqləşdirməliyik. İki
cür peşəkar psixoloq ola bilər, nəzəri və praktik istiqamət üzrə. Nəzəriyyəçi
peşəkar psixoloqlar tədqiqatlar aparır, nəzəri yeniliklər üzərində işləyir və
s. Praktik psixoloqlar isə sırf tətbiqlə məşğul olur və psixoloji xidmət göstərirlər:
"Sizin sualınız psixoloji xidmət göstərənlərlə bağlıdır. Praktik peşəkar
psixoloq olmaq üçün ilk növbədə psixologiya ixtisası üzrə ən azı magistr təhsili
olmalıdır. Ola bilər, kimsə düşünür ki, o çox yaxşı psixoloji təsir edə bilir.
Amma bu o demək deyil ki, həmin şəxs psixoloq kimi vətəndaşlara xidmət göstərməlidir.
Eyni zamanda, psixologiya üzrə diplomun olması da kimisə peşəkar psixoloq
etmir.
Demək ki, peşəkar psixoloq olmaq üçün
şərtlərdən biri bu istiqamət üzrə təhsildir. Digər şərt isə insanın öz şəxsi
xüsusiyyətləri ilə bağlıdır. Həddindən artıq səbirsiz bir insan təhsili olsa
belə, sözsüz ki, peşəkar psixoloq ola bilməyəcək. Psixoloq ilk növbədə özünü
tanımalı, özündə baş verən psixoloji proseslərdən, uşaqlıq travmalarından,
xarakterik xüsusiyyətlərindən və s. xəbərdar olmalıdır. Qərbdə bunun həlli üçün
psixoloq olmağa qoyulan tələblərdən biri də həmin şəxsin özünün uzun müddət
psixoterapiyadan keçməsi ilə bağlıdır. Daha sonra həmin şəxs təcrübəli peşəkar
psixoloqun yanında superviziyadan keçməlidir”.
Bir
müddət falçı, sonra ekstrasens, indi də psixoloq...
O.Oruc bildirdi ki, bizdə isə
psixoloji xidmət göstərən şəxslər var ki, onların psixologiya ilə tanışlığı
özünün psixoloqa müraciəti ilə başlayıb. Daha sonra da 2 aylıq kurs keçməklə
özünə psixoloq adını verib. O.Oruc onu da qeyd etdi ki, hətta bir qrup insanlar
var ki, falçıların dəbdə olduğu vaxt falçı kimi, ekstrasenslərin dəbdə olduğu
vaxt ekstrasens kimi, indi isə "psixoloq” adı altında fəaliyyət göstərirlər: "Sanki
cəmiyyətin şüuru inkişaf etdikcə həmin şəxslərin cildləri də dəyişir. Bu birbaşa
cəmiyyətin psixikası üçün təhlükəli məqamdır. Digər tərəfdən, çox yaxşı haldır
ki, bu gün işinə peşəkar yanaşan psixoloqlar ordusu formalaşır və əminəm ki,
yaxın gələcəkdə bu problemlər aradan qalxacaq.
Hansı psixoloqa müraciət etməklə
bağlı seçim edərkən həmin şəxs haqqında araşdırma aparmaq o qədər də çətin bir
iş deyil. Peşəkar psixoloq daim öz üzərində işləyən, kitab sevən, cəmiyyət içərisində
olan, nitq bacarıqları yüksək olan, cəmiyyətini yaxşı tanıyan, nümunəvi
davranışları olan bir obraza malik olmalıdır”.
Aygün Asimqızı