• cümə, 29 Mart, 00:56
  • Baku Bakı 7°C

Evlilik və əxlaq: Sevginin insan həyatındakı yeri

30.05.17 12:10 6785
Evlilik və əxlaq: Sevginin insan həyatındakı yeri
Müasir dünyada ağlın idarəsindən kənarda yaranıb, inkişaf edən üç əsas proses var: din, müharibə və eşq. Bunların hər üçü ağlın idarəsindən uzaqda baş verən hadisədir. Amma digər ikisi ilə müqayisədə eşq ağılla ziddiyyət təşkil etmir, yəni ağlı başında istənilən fərd sevgidən, eşqin məftunedici dadından zövq ala bilər.
Əksər toplumlarda eşqin dərk olunan mahiyyətində ikili məna, məqsəd gizlənir. Bir tərəfdən şeirin, romanın, dramın, rəsmin ana mövzusu, aparıcı sujeti eşqdir. Çünki eşqə söykənməyən hekayələr yalındır. Digər tərəfdən isə siyasətçilərin, sosioloqların iqtisadi-siyasi yenidənqurma layihələrində sevginin varlığı, rolu, insanların duyğuları görməzdən gəlinir. Bu ikiləşmənin müdafiə ediləsi heç bir cəhəti yoxdur. Mən eşqi insan həyatındakı ən əhəmiyyətli məfhum hesab edirəm və sevginin pərvazsızca qanadlanıb, uçmasına lüzumsuz yerə qarşı çıxan bütün sistem və düşüncə tərzlərinə müxalifəm.
Eşq kəlməsinin əsl mahiyyətini açanda sadəcə cinslərarası bəzi və ya bütün bağların izahı ilə qarşılaşmarıq. Bu söz böyük coşğu və təntənə ilə insanı dörd bir yandan bürüyən və onu başqa birinə doğru itələyən fiziki və mənəvi əlaqəni də özündə əks etdirir. Bu elə bir əlaqədir ki, insanı birdən-birə həyatının hər yerində hakimi-mütləq edir. Yəqin ki, "Tristan und isolde”-də bəhs edilən duyğuları eyni ilə öz həyatında yaşamış qadınlar da, kişilər də saysız-hesabsızdır. Sevgi məfhumunun bədii ifadə gücünün təhlilinə çox tez-tez rast gəlmərik. Amma duyğunun ən müxtəlif formalarda reallaşması hallarına ən azından Avropada şahid oluruq. Bəzi cəmiyyətlərdə eşq həyat tərzi yox, duyğu forması olaraq, digərlərindən daha çox yayılıb. Məncə, bu vəziyyət kütlənin ayrı-ayrı fərdlərindən yox, ümumtoplum olaraq əməl edilən ənənələrdən, idarəedici şəxslərin mövqeyindən qaynaqlanır.
Çində sevgiyə, kiməsə aşiq olmaq halına nadir hallarda rast gələrsiniz. Çünki çinlilər üçün eşqin tarixi damğası var. Eşq şeytani əməllərlə imperatorları başdan çıxaran kənizlərin aşıladığı duyğudur. Ənənəvi Çin mədəniyyəti insanı sərhədlərindən çıxmağa səsləyən bütün güclü duyğulara yad münasibət bəsləyir. Çin inancları vəziyyət nə olursa, olsun insanın özünə hakim olmasını tələb edir. Bu cəhəti ilə bugünün Çini XVIII əsrin əvvəllərindəki Avropanı xatırladır. Keçmişində nəhəng romantizm hərəkatı, Fransız inqilabı və Böyük Müharibə olan bizlər Yelizaveta dövründə yaşayan əcdadlarımızdan fərqli olaraq, ağlın tutduğu yerin insanın bütün həyat yoluna hökm edəcək qədər çox olmadığını şüurlu şəkildə dərk edirik. Çünki hakim hesab edilən ağıl zamanla psixoanaliz üsulu ilə özünə xəyanət edərək, insanlardan qurtuldu. Müasir dünyada ağlın idarəsindən kənarda yaranıb, inkişaf edən üç əsas proses var: din, müharibə və eşq. Bunların hər üçü ağlın idarəsindən uzaqda baş verən hadisədir. Amma digər ikisi ilə müqayisədə eşq ağılla ziddiyyət təşkil etmir, yəni ağlı başında istənilən fərd sevgidən, eşqinməftunedici dadından zövq ala bilər. Çağdaş dünyada ən böyük ziddiyət, uçurum din ilə eşq arasındadır. Səbəblər haqqında danışmayacam, bəllidir. Mən bu ziddiyyətin, qarşıdurmanın aradan qaldırılmasının mümkünsüzlüyünü iddia etmirəm. Bu ziddiyyətin kökündə xristian dini də daxil olmaqla, bütün dünyəvi dinlərdə aşiq olanların əzaba məhkum edilməsi dayanır.
Müasir dünyada eşqin dindən də qatı, barışmaz bir düşməni var - karyerada uğur və iqtisadi inkişafın müqəddəs kitabı. İndi dünyanın əksər ölkələrində xüsusilə də Amerikada fərdin könül məsələlərini işinə qarışdırmamalı olduğu, əgər buna imkan verərsə, axmaq və qabiliyyətsiz olduğu düşünülür. Halbuki, bu heç bir məntiqə söykənməyən inancdır. Belə ki, bu məsələdə də insani duyğular nəzərə alınmalı və tarazlıq gözlənməlidir. Bəzi situasiyalarda olduqca tragik qəhrəmanlıq hesab edilsə də, ümumi fonda sevgi uğruna işi, kariyeranı və gələcəyi fəda etmək ağılsızlıqdır, üstəlik heç də cəsarət nümunəsi olmayan bəsit bir davranışdır. Təəssüf ki, istəsək də, istəməsək də tamamilə pul qazanmaq məqsədinin üstündə qurulmuş cəmiyyətlərdə bu balans qorunmur – günün tipik iş adamı özünü tanıdığı gündən ən ümdə ideyalarının hamısını və bütün fiziki enerjisini uğur üçün sərf edir. Ona görə də iş xaricində heç nə onun üçün ciddi əhəmiyyət daşımır. Gənclikdə fiziki ehtiyaclarını həyatına girən gündəlik münasibətlər hesabına ödəyir. Bu tiplər adətən tez evlənir və birmənalı şəkildə ailə qurduqları xanımla həyata baxışları, hadisələrə münasibətləri, zövqləri tamamilə fərqlidir. Bir müddət sonra bu adam ailəsi ilə, qadını ilə heç bir səmimi münasibət qura bilmir. İşdən evə gec və yorğun qayıdıb, səhər də xanımı oyanmadan oyanıb, ona görünmədən evdən çıxmağa çalışar. Onların ən sevimli həftəsonu məşğuliyyəti qolf oynamaqdır. Bu qədər gərginlikdə yaşayanları ancaq qolf kimi oyunlar sakitləşdirə bilər. Xanımının maraqları onun aləmində "qadınvari”dir, onun məşğuliyyətlərinə razılıq versə də, əsla paylaşmaq niyyətində olmur. T-nin evlilik daxilində eşqə zamanı olmadığı kimi, kənarda məhəbbət axtarışları da olmaz. İş ezamiyyətinə getdiyi yerlərdə gündəlik münasibətlər axtarışına çıxır. Onun qadını əksərən cinsi həyata qarşı maraqsızdır, amma bu kişini narahat etmir, çünki vəziyyətin belə olması sərfəlidir. Bu tipin şüuraltında dərk etdiyi, amma səbəbini bilmədiyi bir aclıq hissi var. İşdəki sürətli yüksəlişin, biznesdəki uğurun böyük hissəsini aclıq hissinə borcludur. Əgər bu hissi işdə söndürə bilmirsə, at yarışları, qumar kimi vərdişlərə yiyələnir. Ən az özü qədər doyumsuz olan xanımının da vəziyyəti ürəkaçan deyil. Qadın ikinci sinif işlərlə məşğul olmaqla, özünə çıxış yolu tapır. Onu durmadan kiminsə rahatlığını, sakitliyini korlamaq üçün fitnə içində çırpınarkən görə bilərik. Beləcə, ər-arvadın hər ikisində əskik qalan cinsi məmnunluq ictimai mövqe və yüksək əxlaq prinsipləri ardına gizlənərək, insanlıqdan canavarlığa, yırtıcılığa keçir. Münasibətlərin belə kədərli yola düşməsi cinsəl ehtiyacların yanlış şərhindən qaynaqlanır. Paulun fikrincə, evlilikdə ehtiyac olunan yeganə şey cinsi bərabərliyinbaş tutmasıdır və bu fikir xristian "əxlaq müəllimləri”-nin çıxışlarında dəstəklənir. Onların intim həyata qarşı nifrətləri gözlərini bu münasibətin həzz verən, xoş duyğular oyadan cəhətlərinə qarşı kor edir. Cavanlıqda beyinləri bu düşüncələrlə korlanmış gənclər ömrü boyu həyatın yeni həyat, yeni ümid bəxş edən məfhumlarını görmür və kor-koranə yaşayırlar. Eşq isə bəhs etdiyimiz bu intim əlaqə arzusundan tamamilə uzaqdır, onun çox-çox üstündə bir hadisədir. Ən ibtidai formasında sevgi mənəvi yalnızlıqdan, yoxsulluqdan xilasolma yoludur. İnsanların çoxunda bu qatı dünyadan və ətraf mühitin mərhəmətsizliyindən qaynaqlanan, dərinə işləmiş qorxu var. Kişilərdə bu duyğudan arınmaq üçün lazım olan sevgi əskikliyi sərtlik, kobudluq, zorbalıq, qadınlarda isə deyingənlik, hər şeydən narazılıq, fitnəkarlıq kimi xüsusiyyətlər formasında özünü biruzə verir. Bütün bunlara yalnız qarşılıqlı və coşğun bir sevgi son qoya bilər. Bu, mənin (eqonun) qatı divarlarını çökdürən, ikini təkə çevirən və tamamilə yeni varlıq yaradan əsrarəngiz duyğudur. Təbiət bəşər övladını yalnız yaşayacaq qüdrətdə yaratmayıb. Odur ki, insan digər yarısının köməyi olmadan təbiətin məqsədlərini reallaşdıra bilməz, müasir insanın sevgi olmadan yaşadığı münasibətlərlə mənəvi ehtiyaclarını ödəyə bilmədiyi kimi. İnsan fiziki və mənəvi bacarıqları ilə girmədiyi münasibətdən zövq ala bilməz. Xoşbəxt bir qarşılıqlı sevginin bəxş etdiyi o dərin səmimiyyəti və coşğun duyğularla işıqlanan münasibəti heç yaşamamış olanlar həyatın insan övladına verə biləcəyi ən gözəl fürsəti qaçıranlardır. Bundan məhrum olduqlarını əksəriyyəti şüurlu şəkildə dərk edir və bunun sonu qısqanclığa, zorbalığa sürükləyən kədərli tale cığırına düşməklə bitir. Haqqında danışdığımız bu coşğun duyğuya layiq olduğu dəyəri verilməsini təmin etmək sosioloqun əsas işidir. Çünki bu duyğudan məhrum insanların mənəvi tamamlanması, yüksəlişi mümkün deyil. Sevgi ilə tanış olmayan dünyada mövcud olan heç nəyə yaxınlıq hiss edə bilmir, bunun isə ciddi ictimai zərərləri var.
Yaxşı ki, əksər kişilər və qadınlar həyatlarının müəyyən mərhələsində uyğun şərtlər daxilində bu coşğun sevgini yaşayırlar. Təcrübəsiz biri üçün sevgini cinsi aclıqdan ayırmaq çətindir - xüsusilə də, sevmədiyi adamı öpməməli olduğunu düşünən gənc qızlar üçün. Bu qızlar intim münasibətlərdə təcrübəsi olan bir qadının düşməyəcəyi tələyə asanlıqla düşə bilir. Bu bədbəxt evliliklərin qurulmasının altında yatan ən geniş yayılmış səbəbdir. Hətta qarşılıqlı sevgi əsasında belə olduqda çox zaman evlilik uğursuz alınır. Sevgi sahib olduğumuz bütün gözəlliklərin digər yarımızla bölüşülməsidirsə, azad, sərhədsiz, təmənnasız və səmimi olmalıdır.
Ənənəvi təhsil üsullarının sevgiyə vurduğu "günah duyğusu” damğası evlilikdə belə istər şüurlu, istərsə də ənənələrə uyğun olduğu üçün qadınlarda olduğu kimi kişilərin də şüuraltına işləyir. Bu yanaşmanın nəticələri fərqlidir – kişilər cinsi münasibətdə daha sərt, xoşagəlməz və istidarsız olur, qadınlar isə dərin duyğuməhvolmaları yaşayır. İşin ən qəbuledilməz tərəfi qadının tərəf olduğu istənilən münasibətdən həzz almasının görməzdən gəlinməsidir. Əgər qadının xoşbəxt deyilsə, günahkar sevgilidir. Ənənəyə uyğun tərbiyə edilən qadınlarda soyuq davranmaq, arzuları dilləndirməmək, fiziki laqeydlik, zaman-zaman qarşı tərəfə istəksizlik kimi xüsusiyyətlər olur. Ancaq diqqətli, səbrli, qayğıkeş bir tərəf müqabili bu utancaqlığın, səbəbsiz qürurlu davranışların, ürkəkliyin öhdəsindən gələ bilər. Yox əgər bunlar kişinin də nəzərində namuslu və düzgün qadının göstəriciləridirsə, qadındakı bu xüsusiyyətlərə hörmət və heyranlıqla yanaşırsa, arzulanan xoşbəxtliyi dadmaq mümkün deyil. Onların evlilikləri illər sonra da müəyyən qədər rəsmi səviyyədə, donuq qalacaq. Əcdadlarımıza qadınlarını bir ömür çılpaq görmək nəsib olmayıb. Belə bir şey tələb edən kişi qadını heyrətə salar, qorxudardı. Bu yanaşma üstörtülü də olsa, indi də davam edir. Münasibətlərdəki gərginliyin əsas səbəblərindən biri də budur.
Çağdaş dövrün dünyasında sevginin tam mənada reallaşmasına, iki nəfərin birləşməsinə yuxarıda sadaladığımız və sadalamadığımız səbəblərdən daha mənəvi olan başqa bir əngəl də var – fərdiliyi qoruya bilməmək qorxusu. Hamı şüurlu şəkildə dərk edir ki, fərdilik özünə qapanmaqla bağlı deyil. İnsan gec-tez məcburi münasibətlər içinə daxil olub, fərdiliyini itirəcək. Şüşə silindrə salınmış fərd solar, yalnız ictimai münasibətlər insanı zənginləşdirə bilər. Sevgi, uşaq və iş fərdlə dünya arasındakı münasibətləri gücləndirən əsas qaynaqlardır. Bu siyahıda sevgi birinci yerdə durur. Uşaq ana-atanın aynası olduğu üçün valideyn sevgisi ən mükəmməl formada aşılanmalıdır. Əgər ana və ata bir-birlərini sevmirlərsə, hər ikisi uşaqda öz xüsusiyyətlərini görməkdən xoşbəxt olacaq. İş hər zaman fərdi ətraf mühitlə stabil münasibətlər içərisinə daxil etmək gücünə sahib ola bilmir. Mühitin fərdi nə qədər sosiallaşdıracağı icra edilən işin mahiyyətindən, tələblərindən asılıdır. Burada işləməkdəki məqsəd də önəmlidir. Əgər işləməkdəki yeganə məqsəd pul qazanmaqdırsa, insanın sosiallaşması, yeni münasibətlər içinə girməsi mümkünsüzdür. İnsanlara, hadisələrə, münasibətlərə, hətta sadəcə bir hədəfə bağlı olan əmək dəyərlidir. Və sadəcə bir tərəfin hökm etdiyi sevgi də dəyərsizdir, sadəcə pul üçün sərf olunan əmək kimi. Sevginin bəhs etdiyimiz dəyəri qazana bilməsi üçün sevilən tərəfin məni fərdin özünün məni qədər əhəmiyyətli, dəyərli olmalıdır. Qarşı tərəfin duyğularına öz duyğuları qədər ciddiyyətlə yanaşmalı, reallaşmasını istədiyi şeyləri öz arzuları kimi dəstəkləməlidir. Buradan belə çıxır ki, insan sevəndə eqoizm duyğusunun sərhədləri genişlənərək, başqa birini də içinə ala bilir. Xoşbəxtlik naminə belə dərin əmək vermək rəqabətsevər, aqressiv cəmiyyətimizdə qismən romantizm qismən prostestantlıq tərəfindən böyüdülən şəxsiyyətə axmaqca heyranlıq ucbatından baş tutmur.
Sevgi zəmanəmizin azad insanları kimi marağımızı sözün əsl mənasında çəkən yeni bir təhlükə ilə qarşı-qarşıyadır. İnsanlar görür ki, artıq hər fürsəttə, hətta sadəbir him-cimlə cinsi yaxınlıq qurmağa heç bir əxlaqi əngəl qalmayıb. Bununla da, cinsi münasibəti ciddi duyğu və münasibətlərdən ayırmaq vərdişinə yiyələndilər. Hətta intim münasibəti bir təhqir, təhdid vasitəsinə çevirməyə başladılar. Aldaus Hukslinin romanlarında bu mövzuda çox mükəmməl nümunələr var. Onun qəhrəmanları bu yaxınlığa müqəddəs, ülvi dəyərlər qatmırlar, bunu sadə fiziki akt kimi qəbul edirlər. Bu yanaşmanın cəmi bir addımlığında insana bu yolla əzab vermək ideyası durur. Eşqin isə özünəməxsus simvolları, elə özündən doğulan əxlaqi sərhədləri var. Dar çərçivədə bu sərhədləri din və bütün intim əxlaqsızlığa üsyan edən gənclik müəyyən edir. Sevgidən qoparılmış bir fiziki yaxınlıq əsla insanı mənən rahatlatmır, ona yeni duyğu, yeni həvəs vəd etmir. Mən iddia etmirəm ki, bu əsla ola bilməz. Amma insan gündəlik münasibətin sevgiyə çevrilməsinə elə şərtlər qoyur ki, artıq o şəraitdə sevgi toxumlarının cücərməsi mümkün olmur. İlkin mərhələdə bu yaxınlıq mənim nəzərimdə sevgi sınağıdır.
Gördüyümüz kimi eşqin insan həyatında iddiaçı olduğu yer olduqca böyükdür. Amma ki, eşq başıboş qaldıqda nə qanunun, nə ənənənin sərhədləri içinə sığmayacaq qədər anarxik bir gücdür. Bəli, sevgi gücdür, üstünlükdür, imtiyazdır. Əgər bu dünyada uşaqlar böyüməsəydi, sevginin anarxikliyi də problem olmazdı. Amma işin içinə uşaqlar girəndə sevgi özünəməxsusluğunu itirərək insan nəslinin davamlılığına xidmət edən məfhum olur. İctimai əxlaqın təmini üçün sevginin sərhədlənməsi vacibdir. Sevgiyə mümkün olduqca çox aludə olmamaq uşaqların mənfəətləri naminə atılmış addım olardı. Bu həm də əxlaqın təməl vasitələrindən biridir. Lakin bu məsələni ailəni də təhlil etmədən müzakirəyə çıxarmaq olmur.
Ingilis dilindən tərcümə etdi: Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər