• şənbə, 20 Aprel, 15:49
  • Baku Bakı 23°C

Evləri ASAN sənədləşdirəcək?

08.07.14 08:32 1405
Evləri ASAN sənədləşdirəcək?
Bakıda qeydiyyatsız evlərin sənədləşdirilməsinə başlanacağı ilə bağlı məlumat yayılıb. Bildirilir ki, bu problemin həll olunması və paytaxtda qanunsuz tikililərin sənədləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) belə tikililərin siyahıya alınması prosesini başa çatdırıb. Artıq 4 kateqoriya üzrə siyahı hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. BŞİH müvafiq qurumlarla birgə 1900-1950, 1950-1975, 1975-2000, 2000- 2012-ci illərdə tikilən sənədsiz tikililərin siyahısını tərtib edib. Xəbərin BŞİH-də də təsdiqləndiyi bildirilir. Qurumdan o da bildirilib ki, sözügedən kateqoriyalar üzrə icazəsiz tikilən evlərin sənədləşdirilməsinə bu ilin sentyabrından başlanacaq.
Düzdür, mediada gedən bu məlumat konkret mənbəyə əsaslanmadığı üçün bir sıra şübhələr yaranır. Amma nəzərə alsaq ki, bu məsələnin həlli birbaşa ölkə başçısının marağındadır, o zaman təbii ki, aidiyyəti qurumlar əvvəl-axır iş görməyə məcbur olacaqlar. Eyni zamanda, qarşıdan parlament seçkiləri ili gəlir və havada olan on minlərlə seçicinin sənədləri qaydasına düşməlidir. Qeyd edək ki, Azərbaycanda 600-ə yaxın sənədsiz bina, 600 minə yaxın sənədsiz həyət evləri, o cümlədən, 30 mindən çox sənədsiz mənzillər var. Bunların böyük əksəriyyəti paytaxtdadır. Ekspertlərin açıqlamalarına görə, təkcə ötən il Azərbaycanda icazəsiz təxminən 4 min ev inşa edilib. Proqnozlara görə, bu il də bu cür evlərin sayında təxminən 4-5 min artım ola bilər. Təqribi hesablamalara görə, hazırda paytaxt Bakıda qeydiyyatsız evlərin ümumi sayı 510 mindən çoxdur. Həmin evlərdə 2 milyondan çox sakin yaşayır. Qeydiyyatsız evlərin sənədləşdirilməsi istiqamətində prezident İlham Əliyev 2011-ci ilin martında Bakı Şəhər İcra Hakimiyyətində ölkəmizin paytaxtı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə aidiyyəti qurumlara tapşırıqlar verdi. Həmin tapşırığa əsasən, aidiyyəti dövlət orqanları paytaxtda olan qeydiyyatsız tikililərin siyahısını dəqiqləşdirməli və onların sənədləşdirilməsi ilə bağlı proqram hazırlamalı idi. Həmin vaxtdan 3 ildən çox müddət keçməsinə baxmayaraq, prosesin nəinki başlaması, heç hansı mərhələdə olması barədə bir məlumat yoxdur. Vəziyyət o həddədir ki, evlərin siyahıya alınıb qurtarması ilə bağlı məlumatı təsdiqləmək üçün bir mənbə belə tapılmır. Bu və digər suallarımızı cavablandırmaq üçün BŞİH-in mətbuat xidmətinə gün ərzində etdiyimiz zənglər cavabsız qaldı.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirdi ki, bu prosesi BŞİH reallaşdırır: “Bu, bizlik deyil, Bakı Şəhər İcra Hakimiyyətinin işidir”.
BŞİH-in mətbuat xidmətinə yeni rəhbər təyin olunmuş Nailə Məmmədova ilə əlaqə saxlamaq cəhdimiz də alınmadı. Gün ərzində etdiyimiz zənglər yenə cavabsız qaldı.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mətbuat xidmətindən qəzetimizə bildirildi ki, bununla bağlı quruma hər hansı rəsmi tapşırıq verilməyib.
Xatırladaq ki, 2011-ci ilin martında Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Prezident İlham Əliyev rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verdiyini bəyan etmişdi. Ölkə başçısı həmin müşavirədəki çıxışında bu məsələni son dərəcə konkret qoymuşdu: “Bakıda evlərin qeydiyyata alınması problemi var. Ancaq biz elə etməliyik ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısını tam şəkildə ala bilək. O evlər qeydiyyata alınmalıdır. Amma sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər də irəli sürülə bilər, rüşvət, əsassız maraqlar da ola bilər. Bu da reallıqdır. Ona görə də Hacıbala Abutalıbova göstəriş vermişəm, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənilməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa, xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər”.
Onu da qeyd etmək yerinə düşər ki, bu istiqamətdə qanun layihəsi hazırlanıb. İlkin layihə “Mülkiyyət hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən yaşayış evləri və torpaq sahələri üzərində hüquqların leqallaşdırılması haqqında” adlanır. Layihədə göstərilib ki, magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik xətlərinin, metropolitenin, dəmir yolu qurğularının üzərində tikilmiş evlərə sənəd verilməyəcək. Eyni qadağa müdafiə obyektləri, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğuları, neft buruqları, avtomobil yollarının və suların mühafizə zolaqlarında yerləşən torpaq sahələrinə də aiddir. Həmçinin, sürüşmə zonası və onların üzərindəki evlər də sənəd ala bilməyəcək. Bura meşə və su fondu torpaqlarında, müdafiə təyinatlı torpaqlarda tikilən evlər də daxildir: “Neft və qaz yataqlarının işlənməsi, neftin, qazın hasilatı, nəqli üçün müvafiq təsərrüfat subyektinin qanuni istifadəsində olan torpaqlarda tikilən evlərin də sənədləşdirilməsi mümkün olmayacaq. Əgər həmin ərazilər neft hasilatına yararlıdırsa”.
Ümumilikdə 10 maddədən ibarət layihədə qanuniləşdirilməsi mümkün olan və olmayan evlərin, torpaq sahələrinin dəqiq siyahısı göstərilib. Bir sıra mütəxəssislərin fikrincə, layihəyə dəyişikliklər və əlavələr olunmasa, sənədsiz evlərin böyük hissəsi yenə də sənədləşdirilməmiş qalacaq. Layihəyə əsasən, yaşayış evləri və ya torpaq sahələri üzərində mülkiyyət hüquqlarının leqallaşdırılmasını yeni yaradılacaq komissiyalar həyata keçirəcək. Bu komissiya leqallaşdırılmalı olan yaşayış evləri və torpaq sahələrinin inventarlaşdırılması nəticəsində müəyyənləşdirilməsini, zəruri sənədlərin toplanması və hazırlanmasını, habelə leqallaşdırma ilə bağlı aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi ilə məşğul olacaq. Yerli leqallaşdırma komissiyalarının fəaliyyətinin əlaqələndirilməsi, onların qərarlarından, habelə hərəkət və ya hərəkətsizliyindən verilən şikayətlərə baxılması məqsədilə mərkəzi leqallaşdırma komissiyası yaradılır. Yerli və mərkəzi leqallaşdırma komissiyalarının tərkibi və fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qanun layihəsi parlamentə təqdim olunsa da, onun müzakirəyə çıxarılmaması növbəti dəfə şübhələrə yol açır. Lakin adının çəkilməsini istəməyən deputatlardan birinin bildirdiyinə görə, məsələnin həlli qanun olmadan həyata keçiriləcək. Belə ki, həmsöhbətimiz bildirir ki, proses prezident fərmanı əsasında reallaşacaq: “Buna səbəb isə bəzən qanundakı bu və ya digər maddələri yozdurmaq imkanının yaranması ilə bağlıdır. Bizə bildirilənə görə, cənab prezident bununla bağlı konkret fərman imzalayacaq ki, vətəndaşlar üçün əlavə problemlər yaradılmasın. Üstəlik, sənədləşmə məsələlərinin tam olaraq “ASAN Xidmət”ə tapşırılacağı da gözləniləndir”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər