• cümə, 29 Mart, 09:29
  • Baku Bakı 5°C

Evlənmirik ki, tamaşaçılar seriala baxsınlar – Şou-biznes

22.07.14 12:12 5876
Evlənmirik ki, tamaşaçılar seriala baxsınlar – Şou-biznes
“Gənclik qəzeti”nin budəfəki qonağı ssenarist, aktyor, həkim Kənan Yusifovdur. “Qaynana” serialında Potu, “Bir ailəm var” serialında Orxan kimi tanınan Kənan bizimlə söhbətində gənclərin incəsənətə olan marağından və bu gün ssenarist cəhətdən yaşanılan qıtlıqdan danışdı: “Ssenarist üçün təhsil və praktika vacibdir. Tək istedadla bu məsələlər həll olunmur. Mən də İncəsənət universitetində təhsil almamışam. Amma hər halda iş prosesində, kursda və işin bilicisi olan insanlarla çalışa-çalışa öyrənmişəm. Burda Türk rejissoru Cihanı Taşkının və Valeh Əhmədovun ssenarist kimi formalaşmağımda rollarını qeyd etməyi özümə borc bilirəm. İstedadlı olmaq olar amma texnikanı bilmək, öyrənmək vacibdir”.
Evlənsək serial bitəcək

- Kənan bəy, həkim təhsili aldığınız halda aktyorluğa gələn yolunuz bizə maraqlıdır.
- Aktyorluq sənətinə uşaqlıqdan böyük marağım var idi. Düzdür bir az şablon olacaq amma mən də bir çoxları kimi məktəb illərində müxtəlif tədbirlərdə iştirak edirdim, şer deyirdim, səhnəciklərdə rol alırdım. Mənim ilk efirim Cəfər Cabbarlının yubileyində 4-cü sinifdə oxuyarkən Azərbaycan Televiziyasında olub. Onda da mikrofonum xarab olmuşdu və ifa etdiyim şeri yarısından vermişdilər (gülür). Sənədlərimi incəsənət universitetinə vermək istəyirdim, amma bu istəyim ailəmdə narazılıqla qarşılandı. Dedilər ki, bizim nəsildən artist çıxmayıb, ona görə İncəsənət Universitetinə imtahan verə bilmədim. Təfəkkür Universitetində kliniki həkim-laborant ixtisasına daxil oldum. İncəsənətə yaxın maraqlı bir işlə məşğul olmaq istəyirdim. Elə bir vəziyyət yarandı ki, universitetimizin KVN komandasında aktyor, sonra ssenarist, daha sonra komanda kapitanı oldum. Müəyyən müddətdən sonra KVN-nin ümumi çempionatın ssenaristi oldum. Sonralar bir neçə prodakşında çalışdım. Xəzər televiziyasında “Mix Şou” adlı verilişdə aktyor ssenarist kimi iştirak etdim. Sonralar Xəzər TV vasitəsilə Türkiyəyə getdim, orada qısamüddətli ssenarist kursu keçdim. Daha sonra “Aramızda qalsın” serialında kiçik rol aldım. “Qayınana” serialında bir müddət ssenarist kimi çalışdım. Potu obrazı ilə seriala qatıldım və beləcə tanınmağa başladım. Əslində bu epizodik obraz kimi nəzərdə tutulmuşdu. Obraz sevildi deyə ona daha çox yer verildi. Həmin serial bitdikdən sonra həm də ssenaristlərindən biri olduğum “Bir ailəm var” serialında Orxan obrazı canlandırıram.
- Çəkildiyiniz hər iki serialda sevgidən əziyyət çəkən qəhrəman obrazını canlandırmısınız. Nə üçün sizə hər zaman belə obrazlar verirlər?
- Onu Rüfət Şahbazovdan və baş ssenaristimiz Valehdən soruşmaq lazımdır (gülür). Bəlkə də görünüş olaraq əziyyət çəkən aşiq obrazına çox uyğunam deyə, mənə bu rolu həvalə ediblər. Əslində, Potu ilə Orxan arasında çox fərq var. Potu daha şən, uşaq xasiyyətinə malik idi. Biz ona “kreativ meyvəsatan” deyirdik. Potunun sevgisi daha məsum idi.
- “Bir ailəm var” serialındakı Orxanın başına gələn hadisələr sosial şəbəkədə böyük marağa səbəb oldu. Bunu öncədən gözləyirdinizmi?
- Bu maraq daha çox Orxanla Səma nişanlanan bölümdən sonra başladı. Hər kəs də sosial şəbəkə vasitəsi ilə soruşur ki, nə üçün obrazları evləndirmirsiniz? Mən isə deyirəm ki, əgər biz evlənsək, o zaman serial bitəcək, ya da ki, başqa bir xətt açılmalıdır ki, tamaşaçıların marağına səbəb olsun. Hər halda, sevgililər qovuşandan sonra serial maraqsız alınır. Ona görə də biz evlənməsək yaxşıdır. Qovuşmuruq ki, tamaşaçılar seriala baxsın. Yəni ki, hələ bu tez müddətdə qovuşmaq gözləməsinlər.
İnsanlar sevgiyə həsr olunmuş mövzulara baxmağı sevirlər

- Komediya aktyoru kimi tanınsanız da seriallarda dramatik obraz canlandırırsınız. Bu sizə çətin gəlmirmi?
- Demək olar ki, fəaliyyət dövrümün 80 faizi komediya üslubuna aiddir. Mən yumoru hər zaman sevmişəm. Gələcəkdə ya verilişdə, yaxud serialda yumorla davam etmək fikrim var. Daha çox tammetrajlı bədii filmə çəkilmək, sevən, əzab çəkən obrazdan çıxıb başqa bir obraz canlandırmaq istəyərdim. Sevgi universal mövzudur. Misal üçün, türk seriallarının 90%-i sevgi üzərində qurulub. Hətta tarixi seriallardan olan “Möhtəşəm yüz il” serialının kökündə belə Sultanla Hürrəmin sevgisi dayanır. Qadınların baxdıqları verilişlər – qadın intriqaları, sevgi, kişilərin qadın uğrunda bir-biri ilə mübarizəsi dayanır. Ümumiyyətlə serialların kökündə sevgi mövzusu hakimlik edir.
- Həm ssenarist, həm də aktyor kimi çalışmaq sizə çətin gəlmirmi?
- Əslində hər iki işi bir yerdə görmək çox çətindir, yorucu bir şeydir. Bəzən elə olurdu ki, çəkilişdən çıxıb, yorğun halda ssenari yazmaq məcburiyyətində qalırdım. Bizim otağımız fabrik idi sanki. Çünki serial həftədə iki dəfə yayımlanmalı idi. Ssenari də olmasa çəkiliş dayanacaq, o zaman də hər şey alt-üst olacaq. Həmin anlar çox əzablı olur. Ancaq müşahidə etmişəm ki, nə ssenaristlikdən, nə də aktyorluqdan qala bilmirəm.
- İki yol ayrıcında qalsanız, hansını seçərsiniz?
- Ssenaristlik mənim üçün daha mühüm və əziyyətlidir. Ssenarini yazanda məcburən beyin olaraq oradakı obrazların yerinə də oynamalı olursan. Bir də oturmağı, saatlarla yazmağı bacarmaq lazımdı. Mən özüm də sırf bu mövzularda tənbəl adam olduğuma görə müqayisədə mənə aktyorluq nisbətən daha rahatdır.
- Serial çəkilişlərində ekstremal hadisə baş verərkən onlara tibbi yardım göstərirsinizmi?
- İnternaturanı nəzərə almasaq mənim ümumiyyətlə heç vaxt həkim kimi fəaliyyətim olmayıb. Serial çəkilişləri zamanı isə elə güclü, ekstremal hadisə baş verməyib. Bir dəfə barmağım kəsilib, onda da mənim özümə yardım ediblər (gülür).
Bu oğurluq deyil, adaptasiyadır
- Kənan bəy, bu gün tamaşaçı efirə baxanda orada özünü görmək istəyir. Necə ki, Potu, Şəmi, Şöşü kimi obrazları daha çox mənimsəyir. Ancaq bizim seriallarımız Avropa həyatından bəhs etdiyi halda tamaşaçı buna biganə qalır. Sizin fikirləriniz də bizə maraqlıdır.

- Bu çox mübahisəli məsələdir. Mən demirəm ki, efirdə hər şey bayağı olmalıdır. Gəlin razılaşaq ki, həyatda Potu obrazında olan insanlar var. Serialda hər kəs ləhcə ilə danışmır. Bir söz var, deyirlər biz tamaşaçının səviyyəsinə enmirik, onun səviyyəsini qaldırırıq. Bu fikirlərlə də razı deyiləm. Bir uşağa əlifbanı öyrətməmiş Dostoyevskinin əsərlərini oxutdura bilməzsən. Tamaşaçı əgər efirdə özünü görmək istəyirsə, ona özünü göstərmək lazımdır. Ən böyük problemlərdən biri bizim bədii dilimizlə məişət dilimizin arasında böyük bir uçurumun olmasıdır. Bədii dillə serialda danışanda çox quru alınır. Ona görə camaat deyir ki, bizim seriallar təbii alınmır və ya bizimkilər serial çəkə bilmirlər. Halbuki türk seriallarının bir qismində pafoslu oyunlar, qeyri təbii dialoqlar müşahidə olunur. Bizim tamaşaçılar burdan baxdıqda onlara hər şey normal görünür. Gündəlik istifadə etdiyimiz sözləri serialda işlədəndə də deyirlər ki, bu bizim öz dilimiz deyil. Razıyam, əsl Azərbaycan dilində danışmaq daha yaxşı olardı. Amma elə sözlər var ki, məişətdə ümumiyyətlə istifadə olunmur ya da heç çox adam onun Azərbaycanca qarşılığını bilmir. Elə sözlər də dialoqlarda yer alanda tamaşaçıya qeyri səmimi loru dildə desək “kitab dilində” danışıq təsiri bağışlayır. Əgər biz real Azərbaycan həyatından serial çəkiriksə, mən düşünürəm ki, oradakı danışıq dilindən istifadə etməliyik. Bizim köhnə filmlərdə, elə götürək «Yol əhvalatı»-da gündə işlətdiyimiz rus sözlərindən, jarqondan istifadə olunub. Biz bu filmi izlədikdə dialoqlar belə bizə təbii təsir bağışlayır.
- Hazırda bizdə ssenari qıtlığı yaşanır. Mövzularımız ancaq türk seriallarından götürülür.
- Bizim belə deyək tam olaraq “copy” etdiyimiz bir ssenari olmayıb. Yəni mən görməmişəm. Bir müddət “Aramızda qalsın” serialının başlanğıcında belə bir məsələ oldu. O da yalnız ilk seriyalarında. Çünki o mövzuda bizdə təcrübə yox idi. Məsələn, sonradan çəkilən “Qaynana” serialının süjeti heç yandan götürülməyib. Həmin serialda olan Potu obrazını və bir çox obrazının türk seriallarında prototipini tapa bilməzsiniz. Bir də ki, türklərin seriallarının çoxu da başqa ölkələrdən köçürülmədir. Sevilən türk serial və filmləri «Medcezir», «İncil reçeli» «Evim sənsin» və sairləri hamısı başqa ölkələrdən köçürülmədir. Bu siyahını uzatmaq da olar. Biz xarici ölkələrin seriallarını görmürük. Türk kanallarında gördükdə isə elə hesab edirik ki, bu onlarındır. Beynəlxalq aləmdə buna oğurluq demirlər, buna adaptasiya deyirlər. Bu dəqiqə dünyada, eləcə də Hollivudun özündə bu təcrübədən geniş istifadə olunur.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər