Evin bəzəyi olan qız
Qızdı, qızıldı,
Min tümən azdı…
Son günlər sosial şəbəkələrdə
bölgələrdən birində altı günlük qız uşağının öldürülərək quyuya atılması geniş
müzakirə olunmaqdadır. Öldürülən körpənin ailəsində bir dənə də qız uşağının
olmasına görə, bir çoxları hesab edir ki, uşaq sırf qız olaraq doğulduğu üçün
öldürülüb. Əslində, bir körpənin hər hansı bir səbəbdən öldürülməsi çox dəhşətlidir, vəhşilikdir,
barbarlıqdır. Bəs bu vəhşilik, qəddarlıq, barbarlıq haçana kimi davam edəcək?
Ailələr var ki, illərlə övlada həsrət qalır, qazandıqları pulları müalicələrə xərcləyir,
dünyanın ən məşhur və bahalı xəstəxanalarına illərlə ayaq döyür, çarəsizlikdən
falçıya gedir, ara həkimlərinə üz tutur. Bu gün minlərlə ailə Allaha yalvarır
ki, qız ya oğlan, fərqi yoxdur, bir dənə (hətta şikəst olsa belə) övladları
olsun...
Qız uşaqlarının
keçmişdə də öldürülməsi haqda məlumatlar günümüzədək gəlib çatıb. Deyilənə görə,
islamdan əvvəl ərəblər qız uşaqlarını doğulduqları gün diri-diri torpağa
basdıraraq öldürürdülər. Qız uşaqlarının öldürülməsi həmin cəmiyyətlərdə qadın
azlığına, hətta bəzən çatışmazlığına gətirib çıxarırdı. Əgər hər hansı bir cəmiyyətdə
qadın azlığı varsa, ya bir neçə kişi bir qadınla evlənməlidir (necə ki,
günümüzdə bir kişi bir neçə qadınla evlənir), ya da bir çox kişilər subay
qalmağa məhkumdur.
Statistikaya nəzər salsaq, əminliklə
demək olar ki, son illər qız uşaqlarının qətliamı yaşanır. Qız uşaqları təkcə
doğulandan sonra öldürülmür, bəzi ailələrin, bəzi kişilərin "qız övladı istəməməsi”
ucbatından qız uşaqları hələ ana bətnində
ikən məhv edilir. Son dövrlər elmin inkişafı həm də qız uşaqlarının qətlini
artırıb. Belə ki, hamiləliyin müəyyən dövrlərində uşağın cinsi USM-lə müəyyən
olunur. Ailə doğulacaq övladın qız və ya oğlan olması xəbərini biləndən sonra
qız istəməyən bir çox valideynlər uşağı abortla məhv edirlər. Qız uşaqlarının
doğulmadan məhv edilməsi, abort son illər qanunla qadağan olunsa da, abort edən
və etdirənlərə qarşı müəyyən cərimələr tətbiq edilsə də, bunun nəticəsi yoxdur.
Əksər ailələr və həkimlər gizli yollarla qız uşaqlarını məhv etməkdə davam
edir. Bunun nəticəsində isə yeni doğulan uşaqların əksəriyyəti oğlan olur ki,
bu da gələcəkdə balansın pozulmasına, qız azlığına, çatışmazlığına gətirib
çıxaracaq.
Keçmişdə insanlar oğlan uşağını ona görə
arzulayırdı ki, ailənin soyadını daşıyırdı və nəslin davamçısı hesab olunurdu.
Həm də oğlan uşaqları təsərrüfat işlərində qızlardan daha güclü sayıldığına görə,
hamı çalışırdı ki, oğlu çox olsun. Çünki mal-qaranı oğlanlar otlaqlara
aparırdı, meşədən odunu oğlanlar daşıyırdı, əkin-biçini oğlanlar edirdi. Bu gün
də bir çox insanlar düşünür ki, ailədə oğlan uşağının dünyaya gəlməsi ailə təməlinin
möhkəmlənməsinə zəmanət verir. Oğlan uşağı doğulanda qonaqlıq verən, qız uşağı
doğulanda isə kədərlənən ailələrə baxanda, XXI əsrdə də cahillərin olmasına təəssüflənməkdən
başqa əldən heç nə gəlmir. Faktlar göstərir ki, çox zaman valideynlərinə sahib
çıxanlar elə qız övladları olur. Yaxından
tanıdığım, yaşı doxsandan çox olan yaşlı
bir nənə var. Dünyaya altı oğul və bir qız övladı gətirib. Həyat yoldaşını itirəndən
sonra min bir əziyyətlə, zəhmətlə oğullarını oxudub, ali təhsil verib. Bu gün oğullarının hamısı imkanlıdır, yaxşı vəzifələrdə
çalışırlar. Qızı isə imkansızdır, ali təhsil almadan ərə verilib. Bu gün altı
oğuldan heç biri anasına sahib çıxmır, yeganə qızı isə xəstə olmasına, yad oğlun
qapısında olmasına baxmayaraq, anasına sahib çıxıb, onun əziyyətini çəkir, onun
hər bir əzabına qatlaşır. Yaxşı yadımdadır, qonşuluğumuzdakı bir qoca nənə hər
dəfə yas mərasimlərindən qayıdanda ağlayaraq "mən dünyadan köçəndə kim ağı
deyib ağlayacaq? Bəxtəvər qızı olanların başına, analarını yaslarda ağlayaraq
yaşadacaqlar, məni ağlayan olmayacaq” deyirdi. Deməli, həm ölüyə, həm də diriyə
qız lazımdır. Kənd yerlərində qız uşaqları hələ balacalıqdan zəhmət çəkir.
Özündən sonra doğulan bacı-qardaşlarını saxlayır, su daşıyır, ev təmizləyir, həyət
süpürür, yemək bişirir, paltar yuyur, təsərrüfat işlərində analarına kömək edirlər.
Atam həmişə deyir ki, ilk öncə qız övladlarına təhsil vermək lazımdır. Oğlan çətinliyə
düşsə gedib harada olsa işləyər, daş daşıyar, gecələri yatmaz,
çalışıb-çabalayıb pul qazana bilər. Amma qız uşağı çətinliyə düşsə,
imkansızlığından istifadə edərək yoldan tez çıxararlar. Bir parça çörəyə,
övladını saxlamağa görə azmı qadın pis
yola düşüb? Bəziləri məcbur qalaraq, istəməyərəkdən, kimlərinsə pis niyyətindən
xəbərsiz olaraq yollarını azıblar. Amma qızın təhsili olsa, ən azından müəllim,
tibb bacısı işləyə bilər. Bu da onu pis yola düşməkdən azad edər.
Qız uşaqları həm də
insanlığın məhvinin qarşısını alır. Qız uşaqları olmasa, gələcək analar da
olmaz, yeni-yeni insanlar da doğulmaz. Bəşəriyyət məhv olar. Qız uşaqları cəmiyyətimizin
ayrılmaz bir parçasıdır. Qız uşaqlarına qarşı qətliamı dayandırmaq, abortların
qarşısının alınması üçün ciddi addımlar atmaq lazımdır. Qızlar evlərin bəzəyidir,
onları öldürməyin. Bəlkə də bu gün bir çox ailədə olduğu kimi, gələcəkdə də bizə
oğullarımız yox, qızlarımız sahib çıxacaq.
Əpoş Vəliyev
AMEA
Folklor İnstitutunun "Folklor və yazılı ədəbiyyat”
şöbəsinin aparıcı elmi işçisi,Filologiya üzrə fəlsəfə doktoru