“Evi işə, işi evə “gətirməməyə” çalışıram” - Uğur hekayəsi
İşləməyi
də, öz işini də sevir və gördüyü bütün işləri böyük həvəslə icra etdiyini
deyir. Ümumiyyətlə isə, işsiz qalmağı sevmir, deyir ki, əgər qısa müddətlik boş
vaxtı olarsa belə, özünə məşğul olmağa nə isə iş tapacaq. Ailəli xanım olduğu
üçün hələ işdən əlavə, ailə məsuliyyəti də üzərindədir. Ona görə, işə və evə
sərf edilən enerjilər tamam fərqlidir. Bu səbəbdən də birinin digərinə mane olduğunu
düşünmür. Müsahibimiz "Kapital Bank”ın
Marketinq departamentinin direktoru Günel Fərzəliyevadır.
- Jurnalistika üzrə təhsil alsanız da, bu gün
marketinq sahəsindəsiniz. Jurnalistika öz seçiminiz olmuşdu?
- Bəli,
jurnalistika öz istəyimlə seçdiyim fakültələrdən idi. Bəzən abituriyentlərin
ixtisas seçimi valideynlərə bağlı olur, lakin məndə tam əksinə, valideynlərim
həm bu məsələdə, həm bir çox digər məsələlərdə seçimlərimə etibar edib və
dəstəkləyiblər. Seçdiyim bütün ixtisasları düşünərək qeyd etmişdim. Hansı
sahədə özümü görürəmsə, çalışa bilərəmsə, onları yazmışdım. Universiteti
bitirəndən sonra jurnalistika üzrə magistr təhsili də aldım. Amma diplom
işlərim PR və mətbuat xidməti sahəsi ilə bağlı olub. Daha sonra ADA
Universitetinin "Maastricht School of Management”i ilə birgə MBA proqramı üzrə
təhsilimi davam etdirmişəm.
- Jurnalist kimi çalışmamısız?
- Xeyr,
çalışmamışam. Lakin fakültənin arxivində hazırladığım bir çox süjetlər,
reportajlar, hətta qısa sənədli film də var. Televiziya jurnalistikasına
marağım böyük idi. Ancaq ixtisas seçiminə daha praktiki prizmadan yanaşıb
ictimaiyyətlə əlaqələr və marketinqi öyrənməyə başladım və elə o sahə üzrə də
iş həyatımı davam etdirdim.
- Marketinq sahəsinin maraqlı tərəfi nədir ki, sizi
bu sahəyə çəkib gətirib?
-
Fikrimcə, hər hansı şirkətin, məhsulun aynası, üzü marketinqdir. Bu sahə elə
sahədir ki, hərəkət və inkişaf tələb edir. İdeya aparatı gərək daim işləsin.
Maraqlı tərəf yəqin ki, odur. Həm də bazarla (istehlakçılarla) işləmək
maraqlıdır. Bu prosesdə hər gün bir yeniliklə rastlaşırsan, öyrənirsən.
- Pozitiv auranız var. Maraqlıdır, iş rejimi gərgin
olanda bu pozitivlik qalırmı?
- Bu suala yəqin ki, həmkarlarım məndən
yaxşı cavab verə bilərlər. Ancaq çalışıram ki, gərgin olan situasiyanı neqativ
əhval-ruhiyyə ilə daha da gərginləşdirməyim. Ümumiyyətlə, bizim sahəmiz elədir
ki, çoxlu ünsiyyət olduğumuz və eyni zamanda ictimaiyyətlə işlədiyimiz üçün həm
də böyük məsuliyyət tələb edir. Mənim üçün müsbət ab-hava, əhval ruhiyyə iş
prosesinin ayrılmaz tərkib hissəsidir. Lakin bu, elə bir xüsusiyyət deyil ki,
istədiyin vaxtı yandırıb söndürə biləsən və ya peşə deyil ki, sonradan öz
üzərində işləyib yiyələnə biləsən. Pozitivlik daha çox xasiyyətə bağlıdır.
Sadəcə bir qayda olaraq, marketinq sahəsində daha çox məhz pozitiv insanlarla
rastlaşmışam.
- Marketinq əslində kənardan bir az əyləncəli iş
kimi görünür. Bəs iş prosesində gərginlik olurmu?
- Hər
bir işin öz məsuliyyət yükü var. Bizim sahədə bu məsuliyyət təkcə şirkət
qarşısında deyil. Layihələrimiz bir qayda olaraq ictimailəşir və bu da
özlüyündə böyük məsuliyyətdir. Təbii ki, gərginlik var və bəzən çox yüksəkdir.
Xüsusilə böyük layihələr çərçivəsində.
- Bir çox sahələrdə belədir ki, çətinlik, gərginlik
təzə işə başlayanda olur, çünki təcrübə olmur. İlk iş yeriniz hansı olub, necə
bir mühitdə işləmisiniz?
- İş
təcrübəmə ilk olaraq "Azpetrol” şirkətində başlamışam. Orada çox müsbət ab-hava
varıydı və növbəti iş həyatımda mənim üçün yaxşı bünövrə oldu. Təbii ki orada
işə başlayanda universiteti yeni bitirmişdim və həmin vaxt üçün olan bilik və
təcrübəmi işimə tətbiq edib paralel olaraq öyrənirdim. Yaş, təcrübə artdıqca,
maraq dairəmiz genişlənir, öyrənirik, öyrəndiklərimizi tətbiq edirik,
püxtələşirik.
- İşlərinizə rəhbərlərin reaksiyası necə olub? Heç
nəyi bəyənməyən "tiran” direktorlarla qarşılaşmısınızmı?
-
"Azpetrol”u qeyd etdim. 6 ilə yaxın "Embawood” şirkətində çalışmışam. 4-cü
ildir ki, Kapital Bankdayam. Bu müddət ərzində həm mütəxəssis olaraq, həm də
rəhbər olaraq işləmişəm. Lakin heç vaxt rastıma "tiran” direktor çıxmayıb.
Bəxtimdən rəhbərlərim proqressiv düşüncə tərzinə malik insanlar olub. Hazırda
da belədir. Məsələnin digər bir tərəfi də var ki, işləməyi də, öz işimi də
sevirəm və böyük həvəslə görürəm.
- Marketinq elədir ki, ictimaiyyətə seçilmiş, ən gözəl
ideya təqdim olunur. Bəs bu ideyalar necə seçilir, sizin öz fikirləriniz olur?
- Hər
hansı ideyanın uğurunun arxasında heç vaxt bir nəfər dayanmır. Əgər kimsə
layihəni təkbaşına gördüyünü deyirsə, səmimi deyil. Sadəcə olaraq, komandada
işləyən insanlar bir-birinə yaxın olduqda, qarşılıqlı anlaşma mühitində
işlədikdə, ortaya həqiqətən də uğurlu layihələr çıxır. İdeyalar konseptlərə
çevrilir, konseptlər düşünülür və arasından potensialı böyük olan seçilir. Bu
proses təbii ki, təkmərhələli deyil. Fikirlər, ideyalar, konseptlər bir neçə
süzgəcdən keçir və yalnız bundan sonra tətbiq olunur.
- Keçmişə baxanda uğursuz qiymətləndirdiyiniz
ideya, yaxud işlər olub? O mənada ki, indi baxanda daha yaxşı edə biləcəyinizi
düşünürsünüz...
- Məncə,
insan hər zaman özünə "daha yaxşısını edə bilərdimmi?” sualını verməlidir. Əgər
həqiqətən də çatışmazlıqlar olubsa, onların səbəb-nəticəsini mütləq təhlil edib
növbəti dəfə təkrar etməmək lazımdır. Hər yeni işdə isə mövcud səviyyəni
pillə-pillə artırmaq lazımdır. Bu nəzər nöqtəsindən yanaşanda "uğursuz” deyə
biləcəyim işlər yoxdur. Amma mənə əlavə dəyər – bilik, bacarıq, təcrübə
qazandıran işlər çoxdur.
- Hər kəsin sahəsi ilə bağlı işindən əlavə kömək
istəyənlər çox olur. Sizdən də yəqin ki, ideya istəyərlər...
-
(Gülür) Çox olur. Hərdən o ideyanın gəlmədiyi məqamlar da olur. Lakin əgər
insan kömək, fikir, iş üçün müraciət edirsə, mütləq müraciətə maksimum açıq
olmağa çalışıram.
- İş çox olanda yəqin ki, yorularsınız...
- Hərdən
elə olur ki, işdən sonra müəyyən bir vaxt ərzində sükut istəyirəm. Çünki, işin
spesifikliyi belədir ki, çox ünsiyyət tələb edir. Ancaq bu, gözəl yorğunluqdur,
keçib gedir.
- Ailəli xanımsınız, övladlarınız var. İşlə yanaşı,
ailəni də idarə edə bilirsinizmi?
-
Əlbəttə. Məncə, işə və evə sərf etdiyimiz enerjilər tamam fərqlidir. Bu
səbəbdən biri digərinə mane olmur. Düzdür, bizim sahə bəzən həftə sonu da, iş
sonrası da müdaxilələr tələb edir. İmkan daxilində evi işə, işi isə evə
"gətirməməyə” çalışıram.
- Ev işlərini görməyi, yemək bişirməyi bacarırsınız?
- Yəqin
ki, bunu bacarmayan xanım yoxdur. Hər birimiz ailəmizin rahatlığını düşünür,
evimizdə müsbət ab-hava yaratmağa çalışırıq. Evlə bağlı işlər də məhz belə
rahatlığı yaratmaq üçün vacibdir. Ancaq ev işləri, yemək bişirmək daxil eyni tipli
gündəlik iş olduğu üçün çox da sevmirəm. Çünki
bütövlükdə gündəlik təkrarlanan eyni işlərdən tez yoruluram.
- Uğurlu bir xanım olmaq çətindir?
-
Bilmirəm (gülür). Uğuru hər birimiz müxtəlif kriteriyalar əsasında təyin
edirik. Əgər özümüz üçün qoyduğumuz hədəfləri, kriteriyaları yerinə
yetirmişiksə, yəqin ki, müəyyən mənada uğur əldə etmiş oluruq. Uğurlu olmaq həm
də öz üzərimizdə çalışmaq və hər dəfə kiçik də olsa qələbələr əldə etməkdir.
Uğurlu olmaq dəyişmək və inkişafda olmaq deməkdir. Məncə, bu proses heç də asan
deyil.
- Sizə görə uğurun sirri nədir?
- Yəqin
ki, çətinliklərə "yox” deməyi bacarmaqdadır. Məqsədyönlü olmaq, hara getdiyini
bilmək və çətinlikləri aşmaq lazımdır. Birinci maneəni görüb geri çəkilməmək
lazımdır. Bir də istənilən bir işə müsbət emosiyalarla yanaşmaq lazımdır. Ən
azı, bu, mənə çox kömək edir.
Aygün
Asimqızı