AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ev-muzeyləri, qapılarınızı açan var?

Ev-muzeyləri, qapılarınızı açan var?

03 Dekabr 2019, 10:03 380
Məktəb və universitetlərdə düzgün təbliğat aparılsa...
 
Moskvada Sergey Yeseninin, Lermantovun, Sankt-Peterburqda Dostayevskinin, Puşkinin, Kiyevdə Bulqakovun, Praqada Kafkanın, Budapeştdə Ferens Listin, Varşavada Şopenin və b. görkəmli şəxsiyyətlərin ev-muzeylərinə gedə də, ardı-arası kəsilməyən ziyarətçilərlə rastlaşmaq mümkündür. Müasir avadanlıqlarla təmin olunan muzeylərin otaqlarında, ziyarətçilər ədəbiyyat adamlarının həyat və yaradıcılıqları ilə daha yaxından tanış olur, ürək sözlərini yazır, hətta həmin muzeyə yenidən qayıdırlar. Ziyarətçilər arasında tələbələr və məktəblilər də az olmur.
Bizim görkəmli şəxsiyyətlərin, ədəbiyyat və incəsənət adamlarının ev-muzeylərində isə vəziyyət fərqlidir. Kitab təqdimatları, doğum günləri və tarixi günlərlə bağlı tədbirlərin iştirakçıları istisna olmaqla, qapılarını hələm-hələm döyən olmur. İnsanlar ev muzeylərinə maraq göstərmirlər.
Bunu ev-muzeylərin təbliğinin zəif olması, insanların maraq dairələrinin dəyişməsi, muzeylərlə bağlı işlərin düzgün qurulmaması və s. səbəblərlə əlaqələndirir, hətta bəzən ev- muzeylərinin lazımsızlığını söyləyirlər. Ümumiyyətlə, elə muzeyləri var ki, insanlar onun mövcudluğundan xəbərsizdir.
İnsanları ev-muzeylərini ziyarət etməyə necə həvəsləndirmək, muzeyləri necə tanıtmaq olar? Yəni təkcə tədbirdən-tədbirə, bayramdan-bayrama deyil, adi günlərdə də insanlar ev-muzeylərinə baş çəksinlər, maraqlansınlar, əldə etdikləri məlumatları bölüşsünlər.
 
"Müzakirə”mizdə iştirak edənlərin maraqlı fikirləri var:
 
İşlərini düzgün qura bilmirlər
 
Yazıçı-publisist Nəriman Əbdülrəhmanlı tələbəlik illərindən digər muzeylərlə yanaşı ev-muzeylərə də getdiyini deyir: "Gürcüstanda olanda, yaxud yolum başqa ölkələrin şəhərlərinə düşəndə, diqqətimi cəlb edən sənət adamlarının, yaxud, ictimai xadimlərin ev-muzeylərinə baş çəkirəm, onların yaradıcılıqları və fəaliyyəti ilə bağlı biliklərimi əyani gördüklərimlə zənginləşdirirəm. Son getdiyim ev-muzeyləri Səməd Vurğunun, Nəriman Nərimanovun olub. Cəfər Cabbarlının hələ də təmirdə olan ev-muzeyinin açılmasını da gözləyirəm”. Yazıçı ev-muzeylərə gedənlərin az olmasını kədərli fakt kimi dəyərləndirir: "Deməli, o muzeylərin rəhbərləri öz işlərini düzgün qura bilmirlər. Dünya təcrübəsini öyrənmək, yaxşı üsulları tətbiq eləmək lazımdır. Əminəm ki, bu yöndə uğurlu nəticələr əldə etmək olar”.
 
Muzeylər turizm obyekti kimi
 
Yazar Cavid Zeynallı ev-muzeylərə ziyarəti maraqlı və aktual məsələ adlandırır: "Öz adımdan deyim ki, ev-muzeylərində yalnız peşə fəaliyyətimlə əlaqədar olmuşam. Məsələn, Mirzə Cəlilin, Nəriman Nərimanovun, Səməd Vurğunun və b. yazıçı və şairlərin, görkəmli ictimai xadimlərin ev-muzeylərini ziyarət etmişəm. Yadımdadır ki, Nəriman Nərimanovun ev-muzeyində məktəb şagirdlərini görmüşdüm. Mirzə Cəlilin ev-muzeyinin direktoru isə demişdi ki, məktəblilər tez-tez gəlirlər. Bu proses tədrislə paralel aparılır. Tutalım, Mirzə Cəlilin yaradıcılığı öyrənilirsə, onu ev-muzeyi ilə də yaxından tanış edirlər. Bunun şagirdlər üçün böyük əhəmiyyəti və faydası var. Ev-muzeyləri xüsusi ab-havası, sirli əhvalı olan yerdir. Hansı muzeydə olmuşamsa, məni qəribə əhval bürüyüb. Mirzə Cəlilin yatdığı çarpayıya, yazdığı stola, iş alətlərinə necə biganə qalmaq olar? Yaxud Nərimanovun tibbi avadanlıqlarına, kitabxanasına...” Yazar Nərimanovun ev-muzeyi ilə bağlı eşitdiyi xatirəni bölüşür: "Muzeyin müdiri mənə qəribə bir əhvalat danışmışdı. Haqverdiyev doktorun qonağı olanda bir xəstə gəlib. Kasıb, kimsəsiz, əlacsız bir adam. Nərimanov müayinə edib və resepti yazandan sonra xəstəyə pul verib ki, bu dava-dərmanı al, evdə iç, yenə yanıma gələrsən. Xəstə dua edə-edə gedib. Sən demə, Haqverdiyev doktorun evində belə hadisələrin çox şahidi olub. Dözməyib ki, ay Nəriman, sən bütün xəstələrinə pul versən, özün ac qalacaqsan. Nərimanov da cavab verib ki, o xəstənin vəziyyəti ağırdır, bilirəm ki, dərmanları ala bilməyəcək və 10 gündən sonra öləcək. Mənim imkanım varsa, niyə etməyim? Muzeylər həm də belə ibrətamiz əhvalatları dinləmək üçün vacib yerdir. Bələdçilər yazıçının-şairin nəinki yaradıcılığı haqqında, böyüdüyü mühit, əsil-nəcabəti, təhsili, dostları, məişəti haqqında da maraqlı məqamlara toxunurlar”. Muzeylərə maraq məsələsinə gəlincə, yazar hesab edir ki, məktəblər və universitetlərdə düzgün təbliğat aparılsa, ali və orta məktəblər çox ciddi potensialdır: "İstər maddi, istər mənəvi baxımdan, bütün dünyada ev-muzeyləri eyni zamanda turizm obyektidir. Turistlər çox böyük maraqla muzeylərə baş çəkirlər. Burda vacib nüanslar var. Məsələn, biz Viktor Hüqo və Dostayevskinin evinə olan maraqla, Ordubadinin və Cəfər Cabbarlının ev-muzeyinə marağı bir tuta bilmərik. Amma təbliğat düzgün qurulsa, heç olmasa öz tələbə və şagirdlərimiz onları tanıyar. Başqa bir tərəfdən də, muzeylər elitar təbəqə üçündür. Daha doğrusu, dünyagörüşü olan, mədəniyyətlə, sənətlə maraqlanan insanlar üçündür. Yəni spesifik sahədir. Mən nə Bakıda Hüseyn Cavidin, nə də Praqada Kafkanın ev-muzeyinin qarşısında qələbəlik görməmişəm. Münasibət kiçik istisnalarla, hər yerdə eynidir”.
 
Əgər cəmiyyətdə inkişaf gedirsə...
 
Cəlil Məmmədquluzadənin ev-muzeyinin direktor əvəzi Zemfira Aslanova bildirdi ki, təmirdən sonra muzey bir müddət bağlı qalıb. «Ancaq bu müddətdə də muzeyə çoxlu zənglər olurdu. «Muzey harada yerləşir?» deyə soruşanlar vardı. Hətta bir nəfər zəng vurub «Toyumla bağlı fotosessiya keçirmək istəyirəm» dedi. Ancaq muzeydə dizayner işləri bitmədiyindən, razılıq vermədik. İndi isə muzey fəaliyyətdədir”. Direktorun bildirdiyinə görə, muzeyə gələn turistlər də var. Belə ki, İrandan gələnlər daha çoxdur. Qruplardan əlavə fərdi şəkildə gələnlər də var». Z.Aslanova muzeydə müntəzəm olaraq tədbirlərin keçirildiyini bildirir. Məktəblilər, tələbələr həmin tədbirlərdə iştirak edirlər. Direktor hesab edir ki, muzeylərə daha çox ziyarətçini cəlb etmək üçün reklama ehtiyac yoxdur. Belə ki, Mədəniyyət Nazirliyi muzeylərin fəaliyyəti ilə bağlı kifayət qədər iş görür: «Hər bir muzeyin öz saytı, sosial şəbəkələrdə səhifələri var. «Muzey elə yerdir ki, mədəniyyətə, incəsənətə marağı olan insanlar mütləq ora baş çəkəcəklər. Marağı olmayanları heç cür məcbur etmək olmaz. Qəzet və kitab oxumayan bir insanı muzeyə necə cəlb etmək olar? Fikrimcə, insanların muzeylərə daha çox cəlbi üçün təbliğata ehtiyac var. Bu vəzifə isə KİV-in üzərinə düşür. «Dəli yığıncağı»nı, «Ölülər»i, «Anamın kitabı»nı eşidən adamlar, istər-istəməz muzeyə baş çəkməyə gəlirlər. Ancaq indiki nəsil kitaba az maraq göstərir. Telekanallar Qızıl Fondda olan bu tamaşaları tez-tez nümayiş etdirsələr və ya yeni filmlər çəkilsə, tamaşalar hazırlansa, bu da gənc nəslin yaddaşında qalar. Sadəcə cəhd göstərmək lazımdır. Muzeyə həvəsi süni şəkildə yaratmaq olmaz. Bir ayda yüz nəfər də, beş nəfər də gələ bilər. Kütlə sayını çoxaltmaqla muzeylərə həvəs yaratmaq mümkün deyil”. Direktorun fikrincə, əgər cəmiyyətdə inkişaf gedirsə, istər-istəməz ziyarətçilərin sayı da çoxalacaq: "Bu, cəmiyyətin ümumi prosesindən asılıdır”.
 
İnsanların maraq dairəsi
 
Abdulla Şaiqin ev-muzeyinin elmi işçisi Elminaz Məmmədlinin sözlərinə görə, muzeyə məktəblilər və tələbələr baş çəkir. «Burda tez-tez tədbirlər keçirilir. Həmin tədbirlərdə iştirak etmək üçün tanınmış alimlər, yazıçı və şairlərlə yanaşı, məktəbli və tələbələr də gəlir. O cümlədən, muzeyə turistlər də, yerli sakinlər də baş çəkir. Muzeyin sosial şəbəkələrdə səhifəsi də var”. E.Məmmədli hesab edir ki, muzeyi daha çox insanlar ziyarət edə bilər. Ancaq bu, onların maraq dairəsindən asılıdır: "Muzeyə gələn turistlər əsasən özləri internetdə axtarış edib gəlirlər.  Ancaq bizim muzeyə gələnlərin çoxu məktəblilər, tədbir keçirən insanlardır».
 
Texniki-humanitar liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəhla Hacıyeva dərs dediyi şagirdləri muzeylərə apardığını deyir: "Tez-tez muzeylərə gedirik. Bəzən açıq dərslərimizi muzeylərdə keçirik. Məsələn, Nizami adına Ədəbiyyat Muzeyinə gedirik və orada dahi şairin poemaları ilə bağlı açıq dərs keçirik. Bu, şagirdlərin böyük marağına səbəb olur. Məncə, belə açıq dərslərin keçirilməsi bu istiqamətdə daha çox fayda verər”. Ş.Hacıyeva hesab edir ki, xüsusən ev-muzeylərə səfərlər şagirdlərin ədəbiyyat bilgilərinin artmasına kömək edər: "Hər hansı yazıçı və ya şairin yaradıcılığı, həyatı və əsərləri haqqında uşaqlara dərs keçəndə, istər-istəməz onlarda maraq oyanır. Həmin ədəbiyyatçının həyatını detalları ilə əks etdirən ev-muzeyi isə uşaqların təəssüratlarının genişlənməsinə səbəb olur. Bu, onların yaddaşına yazılır”. Ş.Hacıyevanın fikrincə, "muzeydə dərs” layihələrini genişləndirməyə ehtiyac var: "Bu, şagirdlərin dünyagörüşünün inkişafında mühüm rol oynayar”.
 
Təranə Məhərrəmova