• cümə, 29 Mart, 05:46
  • Baku Bakı 7°C

“Etiraf”dan doğan etiraf

14.10.17 13:30 3104
“Etiraf”dan doğan etiraf
Elə insanlar var ki, onların məziyyətlərini, vətəninə, millətinə etdiyi xidmətin dəyərini demək üçün söz axtarışında acizlik çəkirsən. Mənim çoxdan tanıdığım tibb elmləri doktoru, professor, gözəl həkim, cərrah Çərkəz Cəfərov haqqında neçə dəfə yazmaq istəmişəm, amma onun mənəvi portretini yaratmaqda qələmimdən razı qalmamışam. Təbiətdə olduğu kimi, görünür söz gülüstanının da öz baharı varmış. Bu yaxınlarda özünün mənə avtoqrafla bağışladığı "Etiraf” adlı kitabı sanki bu yazıya bir dəstək oldu. Əvvəlcə istərdim ki, qəhrəmanımın özü haqqında oxuculara ətraflı məlumat verim. Sonra isə müəllifin böyük qədirbilənliklə qələmə aldığı "Etiraf”ın məzmunundan, mövzusundan, söylədiklərinin əhəmiyyətindən söz açım.
Çərkəz Cəfərov 1942-ci ildə Şərur rayonunun Dəmirçi kəndində, sadə bir ailədə anadan olub. Orta məktəbi doğma kəndə bitirdikdən sonra indiki Azərbaycan Dövlət Tibb Universitetində ali təhsil alıb. Həkim kimi ilk əmək fəaliyyətinə 4 saylı Bakı şəhər kliniki xəstəxanasında başlayıb. Elmi işi ilə bağlı iki dəfə - 1971-ci və 1982-ci illərdə Rusiyaya ezam olunub. 1995-ci ildə tibb elmləri doktoru kimi müsabiqə yolu ilə doğma universitetin ümumi cərrahlıq kafedrasına müdir seçilib. Bu gün də işini ləyaqətlə davam etdirir. 250-dən çox elmi əsərin, o cümlədən 2 dərsliyin, 2 monoqrafiyanın, 2 ixtiranın, 1 patentin, 5 səmərələşdirici təklifin müəllifi olan Çərkəz Quliyevin rəhbərliyi altında onlarla namizədlik, doktorluq dissertasiyası müdafiə edilib. Xəstələrə həkim məsuliyyəti, insanlıq həssaslığı, özünəməxsus diqqət , qayğı ilə və təmənnasız yanaşması qəlblərdə böyük sevgi doğurub, ona inamı artırıb. Çərkəz Quliyevin adı çəkiləndə onu tanıyanların çöhrəsində razılığı əks etdirən xoş bir təbəssüm yaranır.
Sağlamlığımızın keşiyində fədakarlıq və ürəyinin hökmü ilə dayanan bu ləyaqətli insanın kitabı da elə mənəviyyatının güzgüsüdür. Azərbaycan tibb elminin inkişafında, tədrisində, kadrlar hazırlanmasında, eləcə də ümumi cərrahlıq kafedrasının təşkilində böyük xidməti olan şəxsiyyətləri, müəllif ehtiramla yad edərək, onları bir daha bizə tanıdır. "Unutma ki, unudulmayasan!” deyiminə hər kəsin əməl etməsi çox vacibdir. Bu qədirbilənlik həyatimizin devizinə çevrilsə, ömrün faydalı olmasından insan bir təsəlli tapar: həqiqətən də yaxşılıq, mərhəmət, xeyirxahlıq unudulmur.
Tibb fakültəsi ötən əsrin 20-ci illərində Bakı Dövlət Universitetinin nəzdində olub. Fakültənin ümumi cərrahlıq şöbəsinə də əvvəlcə qeyri millətin nümayəndələri rəhbərlik edib. Onları da ehtiramla xatırlayan müəllif bu həkim-alimlər barəsində də oxuculara ətraflı məlumat verib. F. K. Finkelşteya, A. İ. Okinşeviç kimi həkim-cərrahların adlarını hörmətlə çəkən, onları minnətdarlıqla yad edən Çərkəz Cəfərov 1915-ci ildə Kiyev Universitetinin tibb fakültəsini bitirmiş Əbülfət Talışinskinin, 1938-ci ildən ömrünün sonuna kimi (1971-ci il) Azərbaycan Tibb İnstitutunun ümumi cərrahlıq kafedrasının müdiri vəzifəsində çalışmış professor Zülfüqar Məmmədovun, həmin kafedranın əməkdaşları Gülbala Qurbanovun, Rza Ələkbərovun, Aslan Tahirovun fəaliyyətlərindən söz açaraq, onların bu sahədəki fədakarlıqlarından həmkar həssaslığı ilə məlumat verir.
Müəllif öz müəllimlərini də dərin hörmət hissi ilə xatırlayır. Bu sırada Hüsniyyə Diyarova haqqındakı fikirləri maraqlı təsir bağışlayır. Mahmud Bəhrami, Mustafa Əlikişiyev, Qəşəm Məmmədzadə və digər müəllimlərini də məhəbbətlə yada salan Çərkəz Quliyevin bu kitabı əslində, bir ensiklopediyadır. Ümumi cərrahlıq kafedrasının yarandığı gündən indiyə kimi göstərdiyi fəaliyyət və onun qurucuları, əməkdaşları, rəhbərləri barəsində geniş məlumat almaq mümkündür. Hətta bu kafedrada nə vaxtsa çalışmış erməni həkimin də adı çəkilir. Doğrudur, mən bunu təqdir etmirəm, amma bir müəllif kimi onun öz haqqıdır. Görünür ki, biz həmişə humanistliyimizə, vicdanımıza sadiqik. Bir də biz heç zaman həqiqəti gizlətmirik. Əlbəttə, bu da şərtdir ki, ensiklopedik mahiyyət daşıyan kitabın da hazırlanmasının öz cəhətləri və tələbləri var.
"Təhsil” nəşriyyatında çap edilmiş bu kitabın missiyası qaneedicidir. Tibb elmləri doktoru Çərkəz Cəfərova bir daha təşəkkürlər ki, o böyük bir işə müəlliflik edib. Məsuliyyət və həssaslıqla oxucusunun diqqətini sağlamlığımızın keşiyində dayanmış və bu gün də bu işi ləyaqətlə davam etdirən ağxalatlıların müqəddəs bir amalına yönəldib. Həkimin təkcə xalatı deyil, mənəviyyatı və daxili aləmi də ağappaq olmalıdır. Yaxşı ki, bizim belə həkimlərimiz çoxdur. Elə bu müqəddəs istəklə də, biz Azərbaycanda tibb elmimizin inkişafında, tədrisində, kadrların hazırlanmasında böyük rolu olan Azərbaycan Tibb Universitetinin ümumi cərrahlıq kafedrasının təşkili və inkişaf tarixini işıqlandıran "Etiraf” adlı kitabı maraqla oxuduq. Yəqin ki, bizim etiraflarımız da həm müəllifi, həm də oxucuları qane edəcəkdir.
Burada professor Çərkəz Cəfərovla bağlı bir xatirəni də yada salmağı özümə borc bilirəm. O, Azərbaycanın tanınmış şairi və görkəmli publisisti Cavad Cavadlının kürəkənidir. Mən on beş il bu unudulmaz şəxsiyyətlə bir redaksiyada - "Azərbaycan müəllimi” qəzetində çalışmışam. Cavad müəllim mənim şöbə müdirim olub. Həmişə istedadlı gənclərə xüsusi qayğı göstərərdi. Heç unutmuram, yaxın rəfiqəmin anası ağır xəstələnmişdi. Cərrahiyyə əməliyyatı üçün maddi imkan tələb olunurdu. Mənim kədərli olduğumu sezən Cavad Cavadlı ovqatımla maraqlananda rəfiqəmin vəziyyətini ona danışdım. Dərhal kiməsə zəng edəndən sonra mənə dedi : "Qadını mütləq Çərkəz həkimin yanına aparın, qızım Jalənin həyat yoldaşıdır. Bacarıqlı cərrah və dürüst insandır. Rəfiqənə də de ki , narahat olmasın. Qara qəpiyi də çıxmayacaq.” Həqiqətən də taleyin dolaylarında həyat yoldaşını itirərək balalarını yetimliklə böyüdüb, ərsəyə çatdıran o qadını - biçarə ananı Çərkəz Cəfərov ölümdən xilas etdi. Mən ilk dəfə idi ki, bu dərəcədə təmənnasız və mərdliklə xəstəsinin aylarla qayğısını çəkən həkim görürdüm. İndi o illərdən bir qərinəyəcən vaxt keçib, amma əsil həkim olan və bu peşəsinə insanlığı ilə şərafət gətirən Çərkəz Cəfərovun mərdliyini unutmamışam . Bu da mənim etirafım...
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
banner

Oxşar Xəbərlər