Çətinliklərsiz həyatın maraqsız olduğunu düşünən oğlan – Örnək
İnsanlara
çətinliklərdən qorxmamağı, əksinə, çətinliklərin üzərinə getməyi məsləhət
görür. Düşünür ki, çətinliklərsiz həyatın marağı olmazdı. Fiziki məhdudiyyətli
olmasına baxmayaraq, cəmiyyətə tam inteqrasiya olub və media sahəsində idman
jurnalisti kimi fəaliyyət göstərir. "Örnək” rubrikamızın bu dəfə ki, qonağı Orxan
Əliyevdir.
Qeyd
edək ki, O.Əliyev 1989-cu ilin yanvar ayında Bakıda anadan olub. Hazırda isə
Faktor.az saytının müxbiri, ARB kanalında yayımlanan "Biz birik” layihəsinin
prodüseri, həmçinin ƏSA teatrının aktyoru kimi fəaliyyət göstərir. Qeyd edək
ki, Orxan Milli Paralimpiya Komitəsinin Mətbuat Şurası ilə birlikdə keçirdiyi
yazı müsabiqəsində birinci yerə layiq görülüb.
- Fiziki məhdudiyyətiniz doğuşdandır, ya sonradan
yaranıb?
- Fiziki məhdudiyyətim ana bətnində
aldığım zədədən və yarımçıq doğulmağımdan olub. Qış fəslində anamın ayağı
sürüşüb yıxılır və doğuş vaxtından əvvəl, ev şəraitində baş tutur. Normalda
uşaqlar doğularkən ağlayır, amma mən ağlamadığıma görə öldüyümü zənn edib
kənara qoyublar. Bir neçə dəqiqədən sonra ağlamağa başlamaqla həyata
tutunmuşam. Doğuş ev şəraitində olduğu və həmin dövrdə tibb elə də yaxşı
inkişaf etmədiyi üçün xəstəliyimi dərhal bilməyiblər. Atam şübhələnib ki, bu
uşaq niyə gəzmir. Deyiblər ki, oğlan uşağı gec gəzir. Həqiqəti biləndən sonra
isə artıq gec idi. Xəstəliyimə uşaq serebral iflici diaqnozu qoyulub. Müəyyən
müalicələr almışam, amma bunlar düzəlməyə yox, xəstəliyin daha da
pisləşməməyinə kömək edib.
- Bəzi şəxslərə fiziki məhdudiyyətlərini qəbul
etmək, bununla barışmaq çətin gəlir. Sizin xəstəliyinizə münasibətiniz necədir?
-
Çox yaxşı sualdır. Mən müqayisə ilə bu suala cavab verə bilərəm. Biri var
anadangəlmə, biri də var sonradan qazanılan fiziki məhdudiyyət. Məncə, sonradan
qazanılanı qəbul etmək daha çətindir. Amma doğulandan buna alışmaq, qəbul etmək
asan olur. Bir qədər azyaşlı dövrümdə müəyyən çətinliklər yaşamışam.
- Bu çətinliklər nələr idi?
- Çətinliklərim daha çox
təhsillə bağlı idi. Yeriməyimdə problem olduğundan, məktəbə gedə bilmədim. Ona
görə məcbur olub ibtidai təhsilimi evdə aldım. Evə iki müəllim gəlirdi, biri
əlifbanı, biri də rus dilini öyrədirdi. İbtidai sinfi bitirdikdən sonra anama
yaxınlaşıb, digər uşaqlar kimi məktəbə getmək istədiyimi dedim. Çox sağ olsun,
anam bu istəyimi dəstəklədi və adımı evimizin yaxınlığındakı məktəbə yazdırdı.
Məktəb direktoru fiziki məhdudiyyətli olduğumu biləndə, "əgər uşaqlarla bir
problem yaşamayacaqsa, gəlsin” demişdi. Açığı, ilk gün çox həyəcanlı idim,
uşaqların mənə necə münasibət göstərəcəyini düşünürdüm. Yəni onların 1-ci sinfə
gedəndə yaşadıqları həyəcanı mən 5-ci sinfə gedəndə hiss edirdim. Doğrusu,
gözlədiyimdən yaxşı oldu. Uşaqlarla normal münasibət qura bildim. Son sinifdə
mən də digərləri kimi ali məktəbə sənəd vermək istədim. Ailəmin təkidi ilə
mühasibatlığa yönəldim. Hazırlığa yalnız riyaziyyat fənnindən gedirdim,
digərlərini evdə oxuyurdum. Təəssüf ki, lazım olan balı toplaya bilmədim. Ondan
sonra yenidən hazırlaşıb universitet oxumağa həvəs olmadı.
- Məktəbə ilk getdiyiniz dövrdə uşaqların sizə
münasibəti ilə bağlı tərəddüdlərinizin olduğunu qeyd etdiniz. Maraqlıdır,
ümumilikdə bu illər ərzində insanların sizə münasibəti necə olub?
-
Bilmirəm xatırlayırsınız, ya yox, ölkəmizə turistlərin təzə gəldiyi vaxtlarda
hamı onlara qəribə baxırdı. Mən də həmin baxışları ilk dəfə metroya minəndə
hiss etdim. Çünki istəsən də, istəməsən də yerişinlə, hərəkətinlə digərlərindən
fərqlənirsən. Amma indi münasibət normallaşıb, insanlar fiziki
məhdudiyyətliləri cəmiyyət içərisində görməyə alışıb. Əslində, bu məsələdə
bizim üzərimizə böyük yük düşür. Biz nə qədər ictimaiyyətə inteqrasiya olsaq,
nə qədər özümüzü sərbəst aparsaq, insanlar da bizi olduğumuz kimi qəbul
edəcəklər. İlk dövrlər azyaşlı uşaqların olduğu yerlərdən keçmirdim, qorxurdum.
Çünki məhəlləmizdə bir tərəfi iflic qoca kişi vardı, biz uşaqlarla futbol
oynayanda, o gəlib keçən vaxt dalınca daş atırdılar, lağ edirdilər. O vaxtdan
özümə söz verdim ki, mənə qarşı o cür münasibət olmaması üçün çalışacağam.
- Qeyd etdiniz ki, futbol oynayıbsınız. Bu
vəziyyətdə futbol oynamaq çətin deyildi?
-
(Gülür) Tək futbol yox, bir çox oyunları oynamışam. Hətta "samokat” belə
sürmüşəm. Futbola gəlincə, qaçmaq imkanım olmasa da, qapıçılığım yaxşı idi.
- Gələrkən sizi izləyirdim, bir nəfər yaxınlaşıb
ayaqqabınızın ipini bağladı. Bu tip münasibətlər çox olur?
-
Bizim insanlarımız çox diqqətli, duyarlıdırlar. Bəli, ayaqqabının ipi
yeriməyimə mane olurdu və əyilib bağlaya bilmirdim. Çox sağ olsun, həmin gənc
əyilərək ipləri bağladı və mən də təşəkkürümü bildirdim. Belə hallar çox olur,
amma bəzən əksi də yaşanır. Məsələn, dilənçi sanıb gətirib pul verənlər,
qulağını çəkənlər də var. Bir dəfə metroya düşəndə, nənə ilə nəvə gedirdi. Uşaq
məni görüb nənəsindən mənə nə olduğunu soruşdu. Nənəsi cavab vermədi, amma
uşağın qulaqlarını çəkdi. Yəni həmin nənənin bu düşüncə ilə uşağa nə
aşılayacağı, nə öyrədəcəyi çox maraqlıdır. Yaxşı olardı ki, bu tip qulaq
çəkmələr baş verməsin. Yol gedəndə kiminsə yaxınlaşıb kömək etmək istəməsi
yaxşıdır, lakin bu, mənim müvazinətimi pozur, mənə kömək yox, əksinə, mane
olur. Ona görə bu cür yardımlardan çox vaxt imtina edirəm.
- Fikirlərinizdən aydın olur ki, digər fiziki
məhdudiyyətlilərdən fərqli olaraq daha optimistsiniz, cəmiyyətə kifayət qədər
inteqrasiya olmusunuz. Bunun səbəbi nədir?
-
Bunun iki səbəbi var: ailədən gələn dəstək, bir də ətrafın, dost-tanışın yaxşı
olması. Həyatımın hər anında mənə dəstək olduqları üçün ailəmə çox böyük
təşəkkür düşür. Burdan ailələrə səslənirəm ki, fiziki məhdudiyyətli övladlarına
görə utanmasınlar, onları cəmiyyətdən kənar qoymasınlar.
- Sizə çox pis təsir edən hansısa hadisə baş
veribmi?
-
Açığı, baş verən hadisələr mənə pis təsir etmir, əksinə, motivasiya edir. Bir
dəfə harasa gedirdim, taksi lazım oldu. Yaxınlaşıb soruşdum ki, bəs filan yerə
neçəyə apararsınız? Sürücü mənə baxıb, "hamını 5 manata aparıram, amma sən 3
verərsən” dedi. Heç nə demədən mindim. Mənzil başına çatanda 5 manatı qoyub
düşdüm. Bu artıq mənim ona cavabım idi. Kiməsə kömək etmək istəyirsinizsə,
bildirmədən edin. Yəni o sürücünün mənə həqiqətən ürəyi yandısa və kömək etmək
istədisə, elə əvvəldən 3 manat deyərdi. Niyə hamını 5-ə, amma məni 3 manata
aparacağını deyir?
- Danılmaz faktdır ki, fiziki məhdudiyyətli
şəxslərin yaşadığı problemlərdən biri də sevgi, ailə məsələləridir. Sizdə bu
mövzuda vəziyyət necədir?
- Mən dostlarımın yanında
belə bir ifadə işlətmişəm ki, bəs, hamınızı evləndirib sonda özüm evlənəcəyəm.
Arzum deyəsən, yavaş-yavaş gerçək olur, çünki ətrafımda subay adam qalmayıb
(gülür). Sevgi elə bir duyğudur ki, sevdiyin insanı hər halı ilə qəbul
etməlisən. Mən desəm ki bu yaşa qədər heç kimi sevməmişəm, gülməli çıxar.
Sevdiyim biri var idi, hətta münasibətimiz də ciddi idi. Amma fiziki məhdudiyyətimə
görə ailəsi razı olmadı və məsələni uzatmadan bitirdim. Mən çox istəyərdim ki,
sevdiyim insanın ailəsi də məni olduğum kimi qəbul etsin. Yəni nə vaxtsa
hansısa məqamda bunu üzümə vurmasınlar. Şükürlər ki, maddi baxımdan da bir
problemim yoxdur. Düşünürəm ki, mən də yarımı tapacağam.
- Maraqlıdır, necə biri ilə ailə qurmaq
istəyərsiniz? Həmin şəxs də fiziki məhdudiyyətli olsun, ya yox?
- Fiziki məhdudiyyətli ola
bilər, amma mənə dəstək olacaq səviyyədə. Yəni, mən elə biri ilə ailə qura
bilmərəm ki, birlikdə yol gedəndə mən yıxılanda, o da yıxılsın. Bu hallarla
qarşılaşmamaq üçün elə seçim etməliyəm ki, mənə həyatda dəstək olacaq biri
olsun. Məncə, elə bir qayda yoxdur ki, fiziki məhdudiyyətli sağlam biri ilə
ailə qura bilməz.
- Biz həmkarıq, hazırda jurnalist kimi fəaliyyət
göstərirsiniz. Maraqlıdır, mətbuata həvəs necə yarandı?
- Həqiqətən də mətbuata
gəlməyim təsadüfdür. Uşaq vaxtından futbol azarkeşi olmuşam. Komandalarımızın
oyunlarına gedib, sosial şəbəkədə oyunla bağlı fikirlərimi yazırdım və hiss
edirdim ki, izləyicilərdə maraq var. Daha sonra 2015-ci ildə fiziki məhdudiyyətlilər
üçün bir layihə var idi, ora qoşuldum. 3 gün təlim keçdik, bizə vətəndaş
jurnalistikasının sirlərini öyrətdilər. Sonda bizə özümüz haqqında bir məqalə
yazmağı tapşırdılar. Həmin dövrdə də paralimpiya idman növündə ağırlıq qaldırma
üzrə respublika 3-cüsü olmuşdum. Ona görə də "Qələbənin sirri” adlı məqalə
yazdım. Yazım bir çox saytlarda yayımlandı və layihənin sonunda layihə rəhbəri
mənə yaxınlaşıb, bu sahəni davam etdirməyi təklif etdi. Mənə yavaş-yavaş daha
yaxşı yazmağı öyrətdi və yazılarımı dərc etməyim üçün özünün saytını verdi.
Daha sonra jurnalistika ilə bağlı bir sıra layihələrdə iştirak etdim. Ən uğurlularından
biri də "Mediamən” layihəsi idi. Ali təhsilim olmadığı üçün həmin layihəyə
seçilməyəcəyimi düşünürdüm. Amma sağ olsunlar ki, məni qəbul etdilər. Bu layihə
vasitəsilə bir çox imzası tanınmış jurnalistlərlə görüşmək, onlardan nələrisə
öyrənmək şansım oldu. Beləcə, 2016-cı ildən rəsmi olaraq müxbir kimi fəaliyyət
göstərirəm. Mediada fəaliyyətim saytla başlasa da, televiziya təcrübəm də var. Xəzər
televiziyasında "İki vur iki "
verilişində yayımlanan "Niyə də yox” layihəm oldu. Burada fiziki məhdudiyyətli
idmançılardan süjetlər hazırlayırdım.
- Sonda gənclərə məsləhətiniz nələrdir?
-
Gənclərə bir tövsiyəm var ki, hər zaman irəli baxsınlar. Heç nədən, xüsusilə də
çətinliklərdən qorxmasınlar. Çünki həyatda yaşadığımız çətinliklər insanı daha
da kamilləşdirir. Bir düşünün, hər bir işiniz çətinliksiz həyata keçir, hər
işiniz qaydasında gedir. O zaman həyat çox sıxıcı və maraqsız olar. Çətinlik olmayanda
insan həyatdan zövq ala bilmir.
Günel
Azadə