• çərşənbə axşamı, 23 aprel, 12:35
  • Baku Bakı 24°C

Çətinliklərin bərkitdiyi ailə- Ailə

01.12.17 10:30 7261
Çətinliklərin bərkitdiyi ailə- Ailə
Mahirə Kazımlı: "Qadın kişinin dostu olmalı, onunla dərdləşməyi bacarmalıdır”

Rubrikamızın budəfəki qonaqları digərlərindən fərqlənir. Ailənin dirəyi - bəyi həyata 0:1 məğlub başlayıb, olmayan ailəsini, məhv olan uşaqlığını, xəyalını qurduğu istiliyi "tanrının hədiyyəsidir” dediyi həyat yoldaşında tapıb.
Bütün çətinliklərə sinə gərib, sıfırdan, heç bir ailə dəstəyi olmadan 2 nəfərin qurduğu kiçik dövlətin "sirr”ləri, problemləri, xoşbəxtlik yollarından danışdıq.
Müsahiblərimiz, 2 yaşından valideynləri tərəfindən tərk edilərək dövlətin himayəsinə verilən Seymur Kazımlı və "Tanrının hədiyyəsi” adlandırdığı həyat yoldaşı Mahirə Kazımlıdır. Qeyd edək ki, həmsöhbətlərimizin bir qız övladları var.


Ailədə sevgi görməmişəmsə...

Seymuru dövlətin internat uşaqları üçün tikdiyi yataqxanadan bəy kimi çıxarıblar: "Hər gecə iki saat özüm haqqında fikirləşərdim. Bir dəfə düşündüm ki, əgər mən ailədə sevgi görməmişəmsə, özüm ailə qurum, o sevgini özüm qazanım. Doğulduğum ailəyə verə bilmədiyim o sevgimi öz ailəmə verim. Həm sevgi verməyə, həm də görməyə ehtiyacım var idi. Ailə qurdum. İnternat yataqxanasından bəy kimi çıxdım. İllərlə həsrətini çəkdiyim sevgini indi ailəmdən alıram. Həyat yoldaşım mənim hədiyyəmdir. İndi qarşımda bir prinsip var – həyatımı bundan sonra elə yaşamalıyam ki, övladım bunu hiss etməsin, məndən utanmasın. Ona özüm yaşamadığım, istədiyim həyatı verməliyəm”.

"Onun düşüncələrinə vuruldum”

Onların tanışlığı "İnternat Məzunlarının Sosial İnteqrasiyası” təşkilatının səfərində olub. Seymur da həmin səfərdə Mahirəni görüb bəyənib: "Biz öz təşkilatımızla səfər edirdik. Səfərdə 2 nəfər xanım çatmırdı. Üzvlərimizdən biri düşərgəyə Mahirəni də gətirdi və mən onun düşüncələrinə vuruldum. Hiss etdim ki, duymadığım ailənin istiliyini bu qadında tapacağam. Qərarımız da gec olmadı. Bir-birimizi tanıdıq və ailə qurduq. Evlənmə təklifinə qədər isə dost kimi danışırdıq”.
Mahirə deyir ki, Seymur onu sevsə də, adını uzun müddət yadında saxlaya bilməyib, ona başqa qadın adı ilə müraciət edib: "Seymur heç vaxt adımı düz demirdi. Düşərgədən qabaq yazışdığımız ortaq qrupumuz var idi və mənə həmişə Mehparə deyirdi. Bu da məndə qıcıq yaradırdı. Seymuru seçməyimin səbəbi isə o idi ki, onun yanında darıxmırdıq. O qədər nazımla oynayırdı ki... Hər ikimiz gəzməyi sevirik və Seymur mənə sərbəstlik, güvən verdi. Bu səbəbdən Seymurla ailə qurmaq istədim”.
Seymura görə, ailədə ideal qadın özünü idarə edə bilən qadındır. Deyir ki, elə qadın seçməli idi ki, özündə olmayanları qadınında tapsın və bir-birlərini tamamlasınlar: "Mənə görə, qadın elə olmalıdır ki, "bu gün bunu etmək istəyirəm” deyəndə vəziyyəti tam anlasın. Düzdür, həyatda ideal insan yoxdur. Amma insan özündə görmədiyini qarşısındakı insanda görəndə birbaşa ona aşiq olur. Mən ata-ana qayğısı görməmişdim və buna möhtac idim. Mahirədə o qayğını tapdım”.

"Seymuru yarı yolda qoyacaqsansa...”

Məlumat üçün bildirək ki, Seymur internat məzunu olsa da, Mahirə normal ailə mühitində böyüyüb və evin tək qızıdır. Məhz bu fərq ilk vaxtlar onların ailə qurmasına problem yaradıb: "Bir dəfə Seymur mənə dedi ki, mənim üçün həyatda ən böyük itki anamı itirməyim oldu. Səni də itirsəm eyni hissləri keçirəcəyəm. Bizim aramızda pul, maddiyat, var-dövlət söhbətləri problem olmayıb. Mənim bir məqsədim olub, qarşımdakı məni başa düşsün və istədiklərimiz ortaq olsun. Valideyinlərim ilk günlər ailə qurmağımıza etiraz etdi, amma mənim sevdiyimi görüb razılaşdılar. Ailəm mənə dedi ki, "getdiyin yolu bilirsən, qarşına çox çətinliklər çıxacaq, razısansa, bu yolu get. Amma çətinliklərə dözə bilməyib, Seymuru yarı yolda qoyacaqsansa, getmə”. Sənin seçdiyin yolda kasıblıq, çətinlik də olacaq. Düzdür, anamın dedikləri ilə qarşılaşdım, amma əl-ələ verib hər çətinliyin öhdəsindən gəldik. Hər çətinlikdə də bir pillə güclü olduq. Biz hər şeyi bir yerdə həll edir, bir-birimizə yol göstərir, məsləhət alırıq. Bizim ailədə "qadınsan otur yerində söhbəti” yoxdur. Hərə öz hüdudlarını özü bilir”.
Seymur isə deyir ki, Mahirəni seçəndə ailəsinin razı olmayacağını düşünməyib: "O vaxtlar Mahirədən başqa heç nə düşünmürdüm. Təbii, bilirdim ki, əksər ailələr internat məzunlarına qız verməkdən çəkinir. Amma ailəmizi quracağımıza inanırdım”.

"Həyatda tək xanım yox, həm də ata, ana qazanmışam”

Seymur deyir ki, Mahirənin ailəsinə o qədər bağlıdır ki, onlara qayınata, qaynana kimi yox, ana, ata kimi baxır: "Ailədə səmimiyyəti çox sevirəm. Bunlar mənə ailə bəxş edirlər. Düzdür, qəlbimdəki boşluğu doldura bilməzlər, amma o nöqtəni tamamlayırlar. O evdə mənə övlad kimi baxırlarsa, rahat deyə bilərəm ki, həyatda tək xanım yox, həm də ata, ana qazanmışam. Mahirənin ailəsi məni kürəkən kimi yox, oğul kimi qəbul etdi. Mən də onlara övlad oldum. O doğmalıq, dəstək, köməklik çox gözəl hiss idi. Təkcə Mahirəni yox, Mahirənin timsalında bir ailə qazandım. Allahıma min dəfə şükür edirəm ki, Mahirəni qarşıma çıxarıb”.

"Yıxıldımsa, gözləmirəm ki, kimsə mənə əl uzadacaq”

Hər şeyi sıfırdan quran ailə ilk günlər çox çətinliklərlə üzləşib. Seymur deyir ki, subay vaxtı bu qədər çətinliklə qarşılaşacağını hesablamayıb: "Ailə qurduqdan sonra kirayədə yaşayırdıq. İndi dövlət bizi evlə təmin edib. Subay vaxtı düşünürdüm ki, tək özümü saxlayıram, əlavə bir nəfəri də saxlamağa nə var ki... Maddi tərəfdən çox çətinliklərimiz oldu. Amma mən çətinliklərə də, onlardan tək çıxmağa da öyrənən insanam. Həyatda yıxıldımsa, gözləmirəm ki, kimsə mənə əl uzadacaq. Özüm öz gücümə qalxmağı sevirəm. Çətinlik də həyatın qanunudur”.
Mahirə deyir ki, Seymurdan fərqli olaraq, ailə mühitində böyüsə də, kasıbçılıq və çətin günlər yaşayıb: "Düzdür, ailənin dəstəyi başqadır. Seymurun yaşadığı çətinliklərlə üzləşdiyimi deyə bilmərəm. Bizim də ailədə çətinliklər olub. Ancaq Seymurdan fərqli olaraq mənim dəstəkçim - anam olub. Anam deyirdi ki, yaman günün ömrü az olar. Bu, həqiqətən belədir. Mən anamın məsləhətləri ilə bütün çətinliklərin öhdəsindən gəldim”.

"Problem o vaxt problem olur ki, sən ona köklənirsən”

Seymur deyir ki, Mahirə problemlərdən çox qorxur və həyəcan keçirir: "Mənim üçün heç nə problem deyil. Mahirə adi bir məsələyə görə sıxılır. Mən deyirəm ki, problem yoxdur. Problem o vaxt problem olur ki, sən həqiqətən ona köklənirsən. Əgər problemlərin həlli varsa, problem deyil. Min kilometrlik yollar bir addımla başlayır. Eybi yox, gec çataq, amma bunu həll edə biləcəyiksə, niyə çox düşünək ki...”.
Cütlüyümüz düşünür ki, bu gün boşanmaların sayının artmasının səbəbi gənclərin bir-birlərini tanımadan evlənmələridir. Seymur deyir ki, kişi gözəl qadını yox, həyatını gözəlləşdirən qadını tapıb sevməlidir: "Bu gün boşanmalar artıb. Bir oğlan bir qızı, yaxud da qız bir oğlanı ya gözəlliyinə görə, ya da puluna görə sevir. Gözəllikləri bəyənirlər amma sonrasını düşünmürlər. Nə qədər imkanlı olsaq da, düşüncələrinə dəyər verib, düşüncələrimizi bəyənməliyik. Var-dövlət bir yerə qədərdir. Düşüncəsi normal olmayan xanım dünya gözəli olsa da, bu, mənə maraqlı deyil. Kişi dünyanın ən gözəl qadınını yox, dünyasını gözəlləşdirən qadını sevməlidir. Bəylər də, xanımlar da seçim edərkən düşüncəyə önəm versinlər. İnsanın düşüncəsi böyük maliyyə mənbəyidir. Ac qalsaq da, normal düşüncəli insan olub vəziyyətdən çıxa bilərik. Mahirə ilə həyatda hər çətinliyə dözmüşük, dözürük, söz vermişik, dözəcəyik də”.


"Xanımları anlamaq çətindir”

Müsahiblərimiz ailədə problemlərini danışaraq həll edirlər. Mahirə deyir ki, əvvəlcə od olur, söhbətin ciddiləşdiyini görəndə tez suya çevrilir: "Küsən tərəf günahkar olub-olmamağından asılı olmayaraq, həmişə qadın olur. Hələ qadın günahkar da çıxarır (Gülür-A.Ə). Məndə ərkəsöyünlük həddindən artıq çoxdur. Bu, Seymuru incidir. Seymurda əsəb 3 dəqiqə çəkir. Çox naz edəndə, görürəm ki, vəziyyət gərginləşir. Tez su oluram”.
Seymur: "Mahirə ilə hansısa mövzunu bölüşə bilməyəndə beynimdə fikirləşirəm ki, əsəbi soyusun, başa salaram, amma o bir az da düşür üstümə. Gedirəm həyətə ki, sakitləşək. Gələndə görürəm ki, eyni adamdır. Xanımların 100 sirri varsa, onun 99-nu kişi bilir, amma o 100-cünü heç şeytan da bilmir. Xanımları anlamaq çətindir”.


"Ən böyük xoşbəxtliklər səbirdən keçir”

Xoşbəxtliyin sirrinə gəldikdə isə Mahirə düşünür ki, ən böyük xoşbəxtliklər səbirdən keçir: "Səbir edib, çətinliyə dözsəniz inanın ki, sabah günəşli gün sizi gözləyir. Qadın kişinin dostu olmalı, onunla dərdləşməyi bacarmalıdır”.
Seymur isə deyir ki, xoşbəxtlik onun həyat devizi, məqsədidir: "Həyatda ən böyük məqsədim xoşbəxtlik olub. Uşaqlıqda bunun acı olmuşam və onu arzulamışam. Mənə elə gəlir ki, xoşbəxtliyi insan özü qazanmalıdır. O sənə gəlmir, sən ona getməlisən. Mən uşaq evində böyüyərkən anlamışdım ki, həyat əzilənləri sevmir. Xoşbəxtliyimi özüm qazanmalı idim. Çünki xoşbəxt olmaq mənim də haqqım idi. Mən öz haqqımı, xoşbəxtliyimi axtararaq bu ailəyə sahib olmuşam. İnam o qədər güclü hissdir ki... Nəyəsə inanırsansa, mütləq çatacaqsan. Xoşbəxtliyə doğru getməsəydim, xoşbəxt ola bilməzdim. Hər şey qaranlıq deyil, hər qaranlığın arxasında ağ günlər mütləq var. Biz həyatı hər üzü ilə qəbul edə biliriksə, deməli xoşbəxtik”.

"Valideynlər ilk olaraq özlərini tərbiyə etməlidirlər”

Tərbiyə məsələsinə gəldikdə isə Mahirə deyir ki, qızının tərbiyəsində ağırlığı Seymurun üzərinə yükləyib: "Çünki onu valideynlər yox, cəmiyyət tərbiyə edib. Mənə elə gəlir ki, Seymurun verdiyi tərbiyə daha güclü olar”.
Seymur: "Valideynlər övladlarına tərbiyə verməzdən öncə, birinci özlərinə tərbiyə verməlidirlər. Mən qızımı evimin yox, cəmiyyətin iradlarının düzgün formalaşdırdığı insanlarının psixologiyası ilə öyrətmək istəyirəm. Sabah onun 20 yaşı olanda hər bir addımını düşünüb atsın və yanılmış insanlardan olmasın. Qızım mütləq təhsilli olmalıdır. Çünki bir kişiyə təhsil vermiş olsan, bir nəfərə, amma bir xanıma təhsil versən, bəşəriyyətə təhsil vermiş olursan”.
Aygün ƏZİZ


banner

Oxşar Xəbərlər