• cümə axşamı, 28 mart, 20:48
  • Baku Bakı 13°C

Çətinliklərin bərkitdiyi Ailə

08.05.15 06:40 1743
Çətinliklərin bərkitdiyi Ailə
Ramil Osmanlı:“Kişi ailəni idarə etməklə yanaşı, xanımının idarəçiliyini qəbul etməyi də bacarmalıdır”
Səbinə Osmanova: “Ailəni qorumaq üçün qadın yeri gəldiyində mələk, şeytan, qulluqçu, şahzadə olmalıdır”

12 ildir ailəlidirlər. Bu illər ərzində pis günləri də, yaxşı günləri də olub. Hətta çörək almağa pul tapa bilmədikləri vaxt da olub. Amma səbr ediblər. Səbrin müqabilində hər şey yoluna düşüb, Allah onlara gözəl günlər bəxş edib. Müsahiblərimiz Osmanlılar ailəsidir. Əmlak bazarı üzrə ekspert Ramil və xanımı Səbinə. İki övladları var. Böyük övladları Aysu 10, oğlanları Yusif 3 yaşındadır.
Həmişə olduğu kimi, həmsöhbətlərimizin tanışlıq tarixçəsindən başlayaq...
“Gördüyüm andan o qıza aşiq oldum”
Səbinənin çalışdığı qəzet bağlananda, o, Ramilin işlədiyi “Üç nöqtə” qəzetinə dəvət alır. Dekabrın 29-da baş redaktorla görüşməyə gedir. Bu, qəzetin kollektivinin Yeni il şənliyi keçirməyə hazırlaşdığı vaxta təsadüf edir. Redaksiyaya ilk gedişi olmasına baxmayaraq, Ramil Səbinəyə yaxınlaşır və onu da şənliyə dəvət edir. Səbinə heç kimi tanımadığını deyib dəvətdən imtina edəndə, qarşı tərəf bunun tanışlıq üçün gözəl fürsət olacağını bildirir. Amma Səbinə şənliyə getmir və yeni ildən – 2003-cü ildən işə başlayır.
Ramilin ilk baxışdan onda xüsusi təəssürat oyatmadığını deyən Səbinə bildirir ki, Ramil yadında yalnız uzun kiprikli oğlan kimi qalır. Səbinə isə Ramili ilk baxışdan cəlb edir: “Səbinənin qapıdan içəri girişi diqqətdən yayına bilməzdi və yayınmadı. Məndə ilk baxışdan sevgi oldu. Gördüyüm andan o qıza aşiq oldum. Səbinə ilə iş yoldaşı olmağımızın 4-cü ayında artıq ürəyimi ona açdım. Amma o vaxta qədər müəyyən siqnallar oldu, jestlərlə, bəzən bəlkə kobud görünən hərəkətlərlə, bəzənsə yumşaq görünən zarafatlarla hisslərimi artıq ona çatdırmışdım”.
Səbinənin sözlərinə görə, Ramilin ona isti münasibəti olsa da, uzun müddət qarşılıq ala bilməyib: “Mən Ramili tanıyanda, o, nişanlı idi. Buna görə təbii ki, Ramilə “yox” cavabı verdim. Amma o, əl çəkmək bilmirdi və buzlar yavaş-yavaş əriməyə başladı. Mənim avtomobil qəzası keçirməyim və Ramilin mənə diqqət göstərməsi də münasibətlərin gerçəkləşməsinə təkan verdi”.
“Bütün qızlara Ramil kimi oğlan arzulayıram”
Ramil etiraf edir ki, əvvəlcə Səbinəylə sadəcə tanış olmaq istəyir: “Etiraf edək ki, azəbaycanlı oğlanların əksəriyyyətinin psixologiyasında istənilən gözəl xanımın ilk yaratdığı təəssürat heç də ailə qurmaq fikri olmur. Təbii ki, bu münasibətlərdə qızın davranışı, onun əxlaqı, digər xüsusiyyətləri, ailəsi oğlanın daxili tələblərinə cavab verirsə, bu münasibət evliliyə çevrilir”.
İş yoldaşlarının fasilələrdə tez-tez yığışıb müxtəlif mövzularda müzakirələr aparması Ramilin Səbinəyə olan münasibətinin ciddiləşməsinə gətirib çıxarır: “Ən müxtəlif mövzularda, siyasətdən tutmuş ailə məsələlərinə qədər bir çox məsələlərdə müzakirələr aparardıq. Müzakirələrin birində ailəli iş yoldaşlarım gəlin-qayınana münasibətlərindən çox sərt şəkildə danışdılar. O zaman Səbinənin reaksiyası belə oldu ki, “burada, sadəcə, insan faktoru məsələsi var. Ananız sizi heç döyməyib? Ana qızı döyür də, tənqid də, bəzən təhqir də edir. Bunu necə qəbul edirsinizsə, o şəkildə də qayınananın addımlarını qəbul edin. O da bir anadır”. Ümumi yanaşmalar məni bir kişi olaraq qane etdi və fikirləşdim ki, bu qadın ailə qurmaq üçün yararlıdır. Ailə qurmaq ərəfəsində olan bir kişi üçün xanımın onun valideynlərinə, ətrafındakı insanlara münasibəti bizim cəmiyyətdə həlledicidir”.
Səbinə, nəhayət Ramilə “hə” desə də, tərəddüdlərinin olduğunu etiraf edir: “Əslində bir xanımın başını gicəlləndirən qarşısındakı insanın ona olan məftunluğudur. Bəlkə mənim daxili eqomdan irəli gələrək Ramilin mənə vurğunluğu təsirsiz ötüşmədi. Təbii ki, Ramilə qarşı hisslərim də yox deyildi. Onun həyata baxışı, müasir dünyagörüşü, ciddiliyi məni cəlb etdi. Şükürlər olsun ki, həyat məni yanıltmadı. Qohumlarımızda, yaxınlarımızda olan gənc qızlara alqış edəndə həmişə qarşılarına Ramil kimi insanın çıxmağını arzulayıram”.
Futbol üstündə mübahisə
Tərəflər bir-birindən razılıq etsə də, təbii ki, mübahisə onların ailəsindən də yan keçmir. Ən böyük mübahisə isə Ramilin futbola baxması üstündə olur: “Mən futbolu heç sevmirəm, Ramil isə çox sevir. Həftədə bir neçə dəfə televiziyalarda yayımlanan futbol oyunları bizim ailədə mübahisəyə səbəb olur. Burada bir az qadın ərköyünlüyü də var. Diqqətin özümdən, uşaqlardan futbola yayınmasını heç cür həzm edə bilmirəm. Etiraf edim ki, bir az diqqət sevənəm. Bundan başqa, evdə nəsə qırılanda Ramil onu gec düzəltdiyinə görə mübahisələrimiz ola bilər. Amma şükürlər olsun ki, böyük masştablı ailə problemlərimiz olmayıb. Mən sakit görünsəm də, təlatümlüyəm. Ramil təlatümllərimi çox həlimliklə dəf edə bilir. Eyni zamanda, mən də onun əsəbi vaxtlarında susmağı bacarıram”.
“Yaxşı şəraitdə yaxşı oğlan, yaxşı qız olmaq asandır”
Səbinə düşünür ki, ailənin ailə olması üçün yaxşı günlərdən daha çox pis günlərin mövcudluğu vacibdir: “Yaxşı şəraitdə yaxşı oğlan, yaxşı qız olmaq çox asandır. Hünər odur ki, çox pis, kritik, dava-şavalı bir şəraitdə yaxşı oğlan, yaxşı qız olmağı bacarasan. Bizdə də təbii ki, hər şey həmişə yağ kimi getməyib. Maddi sıxıntılardan, ev problemindən əziyyət çəkmişik. Mənim də çalışdığım vaxtlar hətta elə günümüz olub ki, evdə çörək almağa pul tapmamışıq. Amma mən heç vaxt maddi sıxıntını böyük bir dərd kimi qabartmamışam. Yaxud bizim elə böyük məbləğdə borcumuz olub ki, hətta bu gün üçün o məbləğ başgicəlləndiricidir. Amma mən və Ramil bunu o qədər səbrlə qarşılamışıq ki, Allah da o səbrin müqabilində işimizi yoluna qoyub. Hər ikimiz bir-birimizə dayaq olmuşuq. Ramildə bir gözəl xüsusiyyəti də qeyd edim. Cibində 10 manat olanda ondan bahalı bir şey istəmişəmsə, deyib ki, “bir az səbr elə, alacam”. İndiyə kimi bu insanın dilindən “yox” sözünü eşitməmişəm.
“Allah bizi mükafatlandırdı”
Ramilin fikrincə, hər iki tərəfin anlayışı müqabilində Allah onları mükafatlandırıb: “Biz maddi sıxıntılarımızın olduğu vaxt üsyan etmədik. Hətta bizim ağır vaxtlarımızda ətrafda heç kəs çətinliklərin içərisində olduğumuzu bilmədi. Bizi toya çağıranda elə getdik ki, hamı elə bildi, biz yüksək səviyyədə yaşayırıq. Bir dəfə də kiminsə xeyrindən-şərindən qalmadıq, valideynlərlə münasibətdə problemlərimizi maksimum drəcədə hiss etdirməməyə çalışdıq. Bunların müqabilində Allah bizi mükafatlandırdı. Bu günümüzə şükürlər olsun”.
“Qayınanalar sülhməramlı olmalıdır”
Müsahiblərimiz ailələrinin möhkəm olmasının sirlərindən də danışdı. Səbinənin sözlərinə görə, qadın ailəsini qorumaq üçün əxlaq çərçivəsində hər bir çətinliyə hazır olmalıdır: “Düzdür, çox qürurluyam. Amma hesab edirəm ki, qadın ailədə yeri gəldiyində mələk, şeytan, qulluqçu, şahzadə olmalıdır. Bundan başqa, ailədə sülhün olması, gəlin-qayınana, cütlüklər arasında münasibətlərin yaxşı getməsi üçün evin xanımının məsələlərə yanaşmada yetərincə dünyagörüşü olmalıdır. Atam çox radikal, ailə məsələlərində kifayət qədər köklü düşüncəyə, ailəni tam formada əlində saxlamağa qadir insan olub. Anam da atam kimi kişinin tələblərinə cavab verə bilib. Mən onların hər ikisindən görüb götürərək böyümüşəm. Təbii ki, burda mənim oxuduğum kitablar, baxdığım filmlərin də rolu az deyil. Amma ən əsası, insanlara yanaşmadır. Əgər qarşındakı insana kimliyindən asılı olmayaraq, yad gözlə yanaşacaqsansa, heç vaxt ona doğma ola bilməzsən. İnsan sevgi verməlidir ki, qarşılığında sevgi alsın. Bu, həyatın qanunudur. Mən öz yaxınlarıma göstərdiyim münasibəti həyat yoldaşımın da yaxınlarına maksimum dərəcədə göstərməyə çalışmışam. Şükürlər olsun ki, qarşılığını görmüşəm. Məndə belə bir xüsusiyyət var ki, qarşımdakı insan kimi düşünməyi bacarıram. Əgər insan ağ rəngə başqa rəng kimi baxırsa, mən də o tərəfdən baxıram, özümü o insanın yerinə qoyuram. Düşünürəm ki, bir az anlayışlı olsaq, yaşamaq daha rahat olar”.
Müsahibimiz valideynlərinin də onların ailəsinin möhkəm olmasında rollarının az olmadığını deyir: “Təzə evlənəndə Ramil hədsiz dərəcədə qısqanc idi. Bu, hətta xəstəlik həddinə çtmışdı. O ərəfələrdə mənim anam mənə dəstək oldu, başa saldı ki, bunlar keçici hisslərdir. Bu baxımdan qızın da, oğlanın da anası daha çox sülhməramlı olmalıdır”.
“Əsas yük kişinin üzərindədir”
Ramil ailənin möhkəm olması üçün kişinin üzərinə düşən vəzifələrdən söz açdı: “Təkcə maddiyyatı nəzərə almasaq, həm ailənin qorunub saxlanması, həm də ailənin digər ailələrlə olan qarşılıqlı münasibətləri baxımından əsas yük kişinin üzərinə düşür. Qohumlarla münasibəti balanslı şəkildə saxlamalısan. Balansı qoruya bilməsən, ailədə kişiyə olan münasibət dəyişəcək. Əgər ailənin düzgün idarə olunmasını, qorunub saxlanmasını istəyiriksə, mütləq şəkildə tərəf müqabilimizə qaşı anlayışlı və diqqətli olmalıyıq”.
Evdə kimin sözünün keçməyinə gəlincə, Ramilin fikrincə, üzdə görünməsə də, bütün ailələrdə alt qatda bu problem var. həmsöhbətimiz onu da etiraf edir ki, ailədə yalnız onun sözü keçmir: “Elə məsələlər var ki, orada mənim sözüm keçməlidir və keçir. Amma elə məsələlər var ki, orada Səbinənin sözünün keçməsi bizə uğur gətirir. Mən əksər addımlarımda xanımımla məsləhətləşirəm. Bir neçə dəfə olub ki, məsləhətləşməməyimin “altını” çəkmişəm. Onun intuisiyası çox güclüdür. Bizim ailəmiz üçün strateji əhəmiyyət daşıyan hər hansı bir addım atanda mütləq Səbinəylə məsləhətləşib onun fikirlərini öyrənirəm”.
“Qadınlar kişilərin həyatda görünməyən suflyorlarıdır”
Söhbətimizin bu əsnasında Səbinə xalq şairi Fikrət Qocadan maraqlı bir sitat gətirdi: “Qadınlar kişilərin həyatda görünməyən suflyorlarıdır. Həqiqətən də ta qədimdən indiyə kimi bu, belə olub. Sadəcə, qadın arxa plandadır, amma son sözü kişi deyir. Nəticə etibarilə kişi qadının dediyi sözü deyir. Ağıllı qadın öz fikrini elə həyata keçirir, elə bir siyasət aparır ki, kişi gerçəkləşənin öz fikri olduğunu düşünür. Kişi biləndə ki həyata keçirdiyi onun xanımının fkridir, yavaş-yavaş özünə verdiyi qiymət, inam aşağı düşür. Qadın kişiyə şüuraltı təsir etməli, öz fikirlərini kişinin fikriləri kimi təqdim etməlidir. Ailənin güclü, hörmətli olması üçün kişinin cəmiyyətdə hörmətinin olması çox vacidir. Bizim cəmiyyətdə son sözü qadının deməsi qəbul olunmur. Buna görə ağıllı qadın həyat yoldaşının cəmiyyətdə hörmətini saxlamaq üçün elə etməlidir ki, onun sözü, planı həyata keçsə də, cəmiyyət bunu kişinin fikri kimi qəbul etsin. Yəni qadının fikri olsa da, son sözü kişi desin”.
Ramil qeyd edir ki, idarə etmə məsələsi hər yerdə ən ciddi problemdir: “Cəmiyyətdə, iş və digər kollektivlərdə idarəetmədə xırda nüanslar problem yaratdığı kimi, ailədə də bu, belədir. Hansı müəssisə rəhbəri, müdir öz işçisinə qarşı anlayışlıdırsa, onun qurduğu müəssisə daha uzunömürlü və iqtisadi baxımdan daha gəlirli, dayanıqlı olur. Ailə münasibətlərində də idarəetmə çox həssas məsələdir. İnsan idarə etməklə yanaşı, idarə olunmağı da qəbul etməlidir. İşdə ola bilər, sən müdirsən, amma sənin yanında olan elə insanlar var ki, onların fikriləri daha mütərəqqidir. Onların fikrini qəbul etməklə sən yalnız uğur qazana bilərsən. Ailədə də bu, belədir. Əgər həyat yoldaşının idarəçiliyi, onun sənə verdiyi məsləhətlər daha keyfiyyətli, münasibətlərdə daha praktikdirsə, ətrafda daha yaxşı qəbul olunursa, mütləq qulaq asmalı, onun tərəfindən idarə olunmağı qəbul etməlisən. Çünki bu, ailənin rifahı üçün vacibdir”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər